Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1017/2025 23.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: maddi zərər, yük daşınması müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11000 ABŞ dolları dəymiş maddi zərərin, 750 manat vəkilə ödənilən haqqın, 150 manat dövlət rüsumunun və müqavilə üzrə müəyyən edilmiş çatdırılma müddətinin 30 (otuz) gündən artıq gecikdirilmiş hər günü üçün yükün hər 1 kubu (1 kiloqramı) üçün razılaşdırılmış məbləğin 0,5% məbləğində dəbbə pulunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış 03 iyun 2024-cü il tarixli, AZ 503/0251 saylı “Yüklərin daşıması xidməti üzrə” müqaviləyə əsasən daşıyıcı qismində çıxış edən Cavabdeh MMC sifarişçi İddiaçı MMC-nin adından və onun tapşırığı ilə müəyyən haqq müqabilində nəqliyyat vasitəsilə beynəlxalq yükdaşımanı həyata keçirmək öhdəliyini götürmüşdür. Həmin Müqaviləyə əsasən İddiaçı MMC dəyəri 11000 (on bir min) ABŞ dolları olan yüklərin Çin Xalq Respublikasından Azərbaycan Respublikasına daşınması üçün sifariş verilmiş, sifariş Cavabdeh MMC tərəfindən icraata götürülmüş, lakin 07 sentyabr 2024-cü il tarixdə 08KG810AJX/05KG344PD dövlət nömrə nişanlı nəqliyyat vasitəsində baş vermiş yanğın nəticəsində bizə məxsus 11000 (on bir min) ABŞ dolları dəyərində olan mallar tam yararsız hala düşmüşdür. Nəticədə İddiaçı MMC-yə külli miqdarda maddi zərər dəymişdir. Həm müqavilə şərtlərinə, həm də Azərbaycan Respublikasının qanunvericilik aktlarının tələblərinə görə daşıyıcı malın itirilməsi və məhv olmasına görə məsuliyyət daşıyır. Həmçinin, tərəflər arasında bağlanmış “Yüklərin daşıması xidməti üzrə” müqavilənin 2.2.7ci bəndinə əsasən sifarişçi tərəfindən aparılan ödənişin müqabilində yükün tam sığortalanmasını təmin etmək öhdəliyi daşıyıcıya, müqavilənin 2.4.15-ci bəndinə əsasən isə yükün tam sığortalanması ilə bağlı xərclərin ödənilməsi öhdəliyi sifarişçiyə aid edilmişdir. Müqavilənin 1 saylı əlavəsinin “g” bəndinə əsasən yüklərin sığortalanması üçün invoys dəyərinin 2% tələb olunur. Göründüyü kimi, tərəflər yükün sığortası üçün konkret kimin məsuliyyət daşımalı olduğunu əvvəlcədən müəyyən etmişlər, lakin buna baxmayaraq daşıyıcı yükün tam sığortalanması üçün lazımi tədbirlər görməmiş, bu barədə daşıyıcıya heç bir məlumat verməmişdir. Sözügedən Müqavilənin 4.2.1-ci bəndinə əsasən daşıyıcı yükün Sifarişçidən qəbul edildiyi gündən yük alana təhvil verildiyi ana qədər yükün itirilməsinə və ya zədələnməsinə və yaxud plombun nasazlığına görə daşıyıcının təqsiri hərəkət və hərəkətsizliyi səbəbindən dəymiş zərər həcmində məsuliyyət daşıyır. Müqavilənin 4.2.3-cü bəndinə əsasən isə daşıyıcı hazırki müqavilə üzrə müəyyən edilmiş çatdırılma müddətinin 30 (otuz) gündən artıq gecikdirilmiş hər günü üçün yükün hər 1 kubu (1 kiloqramı) üçün razılaşdırılmış məbləğin 0,5% məbləğində dəbbə pulu ödəməlidir. Azərbaycan Respublikasının 11 fevral 2000-ci il tarixdə 812-İQ nömrəli Qanunla qoşulduğu “Beynəlxalq yük daşınması müqaviləsi haqqında” 1956-cı il 19 may tarixli Konvensiyanın (BYDM) 1-ci maddəsinə əsasən, bu Konvensiya malların yükləndiyi yerin və müqavilədə göstərilən malların çatdırılma yerinin iki müxtəlif ölkənin ərazisində yerləşdiyi nəqliyyat vasitələri ilə haqqı ödənilməklə yüklərin avtomobil yolu ilə daşınmasına dair istənilən müqaviləyə şamil edilir. Bu halda tərəflərdən ən azı birinin Konvensiyanın iştirakçısı olması kifayət edir. Konvensiyanın tətbiqi müqavilə bağlayan tərəflərin yaşayış yerindən və vətəndaşlığından asılı deyildir. Konvensiyanın 17.1-ci bəndinə əsasən daşıyıcı yükün tam və ya qismən itirilməsinə və ya yükün daşınmaya qəbulu ilə çatdırılması arasındakı müddət ərzində baş vermiş zədəyə, habelə gec çatdırılmaya görə məsuliyyət daşıyır. Konvensiyanın 17.2-ci bəndinə görə isə daşıyıcı yalnız o halda məsuliyyətdən azad edilir ki, yükün itirilməsi və ya zədələnməsim müqavilə üzrə səlahiyyətli şəxsin təqsiri üzündən və onun göstərişi nəticəsində və ya daşıyıcının qarşısını ala bilmədiyi hallar səbəbindən baş versin. 17.3-cü bənddə isə qeyd edilir ki, daşıyıcı daşınma üçün istifadə etdiyi nəqliyyat vasitəsinin qüsurlarına və ya avtomobili icarəyə götürdüyü şəxsin və ya onun agentlərinin təqsiri ilə məsuliyyətdən boyun qaçıra bilməz.
3. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək 11000 ABŞ dolları maddi zərərin, 1280 manat daşıma haqqının, 750 manat vəkilə ödənilən haqqın, 150 manat dövlət rüsumunun və 252 ABŞ dolları məbləğində dəbbə pulunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə bamayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (sifarişçi) ilə cavabdeh (daşıyıcı) arasında bağlanmış yüklərin daşınması xidməti üzrə xx.xx.2024-cü il tarixli, AZ 503/0251 nömrəli müqavilənin 1.1-ci bəndinə görə müqavilə sifarişçinin adından və sifarişçinin tapşırığı ilə müəyyən haqq müqabilində daşıyıcı tərəfindən nəqliyyat vasitəsi ilə (avtomobil, dəmir yolu və dəniz) beynəlxalq yükdaşıma həyata keçirməsi ilə bağlıdır.
9. Müqavilənin 2.2.6-cı bəndinə görə yükün Çin Xalq Respublikasından çıxdığı andan 20-25 gün müddətində təyinat yerinə çatdırılmasını təmin etmək daşıyıcının öhdəliyidir.
10. Müqavilənin 4.1.2-ci bəndinə görə qarşı tərəfin təqsiri ilə bir tərəfə zərər vurulduqda, təqsirkar tərəf qarşı tərəfə dəymiş zərərin əvəzini tam həcmdə ödəməyə borcludur.
11. Müqavilənin 4.1.3-cü bəndinə görə tərəflər fors major halları (təbii fəlakətlər, sərt hava şəraiti, hərbi münaqişələr, yanğın, epidemiya, pandemiya, tətillə) səbəbindən və ya bu müqavilənin yerinə yetirilməsi imkanlarına bilavasitə təsir göstərən hakimiyyət orqanlarının hərəkətləri səbəbindən öhdəliklərin tam və ya qismən yerinə yetirilməməsinə görə məsuliyyət daşımırlar.
12. Müqavilənin 4.2.3-cü bəndinə əsasən daşıyıcı hazırkı müqavilə üzrə müəyyən edilmiş çatdırılma müddətinin 30 (otuz) gündən artıq gecikdirilmiş hər günü üçün yükün hər 1 kubu (1 kiloqramı) üçün razılaşdırılmış məbləğin 0,5% məbləğində dəbbə pulu ödəyəcəkdir.
13. Yüklərin daşınması xidməti üzrə xx.xx.2024-cü il tarixli, AZ 503/0251 nömrəli müqaviləyə xx.xx.2024-cü il tarixli Əlavə 1 ilə tərəflər müqavilənin 3.1-ci bəndinin icrası ilə əlaqədar xidmətlərin dəyərini razılaşdırmışlar.
14. X1 Nazirliyi Marı Vilayətinin X2 Polis Bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 35/5-2690 nömrəli arayışa əsasən Türkmənistan Respublikasından Azərbaycan Respublikasına gətirmək üçün Bayramalı, Mari vilayəti, 07 sentyabr 2024-cü il tarixdə saat 14:40 radələrində Tilrkmenbat-Mnry şossesi boyunca Oçajı heyvandarlıq fermalarından keçərkən 2014-cü il istehsalı, yaşıl rəngli, Volvo-FH 13.500 markalı yük maşını və onun “Schmitz-S01” tipli 05KG344PD qeydiyyat nişanlı qoşqusunda yanğın baş vermiş və 21 ton müxtəlif növlü malların tamamilə yandığı müəyyən edilmişdir. Yanğının baş verməsinin səbəbi təhlükəli yüklərin daşınması qaydalarının pozulması, üst-üstə yığılan malların qığılcım çıxması olmuşdur. Həmin hadisə ilə əlaqədar cinayət işinin başlanmasından imtina edilmiş, istintaq dayandırılmışdır.
15. İddiaçı tərəfindən X3 Equipment Şirkətinə xx.xx.2024-cü il tarixdə 3300 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 7700 ABŞ doları məbləğində vəsait ödənilmişdir.
16. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli 969 nömrəli 990 manat məbləğində, xx.xx.2024-cü il tarixli 969 nömrəli 290 manat məbləğində daşıma haqqının qabaqcadan ödənilməsi ilə əlaqədar hesab-fakturalar təqdim olunmuş, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə 990 manat, xx.xx.2024-cü il tarixdə 290 manat həmin fakturalar üzrə ödənişlər edilmişdir.
17. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
18. Hazırki iddia ərizəsi bir neçə hissədən ibarətdir: 1. Dəymiş zərərin ödənilməsi; 2. Dəbbə pulunun tutulması; 3. Avans olaraq ödənilmiş daşıma haqqının geri qaytarılması.
19. Məhkəmə hesab edir ki, iddia ərizəsi birinci hissədə təmin edilməlidir.
20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, AZ 503/0251 nömrəli yük daşınması müqaviləsi bağlanmış, iddiaçı X3 Equipment Şirkətinə 11000 ABŞ dolları ödəməklə əldə etdiyi malların daşınmasını cavabdehə həvalə etmiş, cavabdeh tərəfindən həmin mallar daşınan zaman yüklərin olduğu nəqliyyat vasitəsində yanğın baş verməsi səbəbindən iddiaçıya məxsus həmin mallar yanaraq tam yararsız hala düşmüş, bununla da iddiaçıya 11000 ABŞ dolları zərər dəymişdir.
21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
22. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.
23. Həmin Məcəllənin 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır.
24. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
25. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
26. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
27. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
28. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
29. Göründüyü kimi hazırkı iş üzrə iddiaçıya məxsus olan əmlaka cavabdeh tərəfindən yüklərin daşınması zamanı ziyan vurulmuş, cavabdehin əməli ilə iddiaçıya dəymiş maddi zərər arasında səbəbli əlaqə məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmış, bununla da cavabdehin iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı müvafiq öhdəliyi yaranmışdır.
30. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, 11000 ABŞ dolları məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
31. Məhkəmə iddia tələbini ikinci hissədə də əsaslı hesab edir.
32. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
33. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliyini lazımınca icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
34. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının bu tələbi də əsaslıdır, cavabdehdən 252 ABŞ dolları məbləğində dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.
35. Məhkəmə iddia ərizəsini üçüncü hissədə də əsaslı hesab edir.
36. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli 969 nömrəli 990 manat məbləğində, xx.xx.2024cü il tarixli 969 nömrəli 290 manat məbləğində daşıma haqqının qabaqcadan ödənilməsi ilə əlaqədar hesab-fakturalar təqdim olunmuş, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə 990 manat, xx.xx.2024-cü il tarixdə 290 manat həmin fakturalar üzrə ödənişlər edilmişdir.
37. Cavabdeh tərəfindən məhkəməyə tələb edilən avansın müqabilində hər hansı işin icra edildiyini, habelə həmin vəsaitin iddiaçıya geri qaytarıldığını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
38. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə avans olaraq ödədiyi 1280 manat daşıma haqqını geri tələb etməklə haqlıdır.
39. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir (maddə 491.1). Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır (maddə 491.2). Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır (maddə 491.3).
40. Məhkəmə qeyd edir ki, avans digər tərəfin qarşılıqlı öhdəliyin icra edilməsi üçün aparılan ödənişdir. Öhdəlik icra edilmədikdə bütün hallarda avans geri qaytarılmalıdır. Avansın öhdəliyi icra etməyən tərəfdə qalması əsassız varlanma kimi qiymətləndirilir.
41. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehə ödədiyi 1280 manat avansın geri qaytarılmalı olması barədə tələbi də əsaslıdır və iddia həmin hissədə də təmin edilməlidir.
42. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 11000 ABŞ dolları zərər, 1280 manat daşıma haqqı, 252 ABŞ dolları dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.
43. Bundan başqa iddia ərizəsində 750 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hüquqi yardımla bağlı yaranmış xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
44. Belə ki, xx.xx.2024-cü il tarixli, EM-665VK-9589/24 nömrəli hüquqi yardımın göstərilməsi haqqinda müqavilədən görünür ki, iddiaçı tərəfindən fərdi qaydada fəaliyyət göstərən Vəkil 750 manat məbləğində ödəniş edilmişdir.
45. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 150 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 11000 ABŞ dolları maddi zərər, 252 ABŞ dolları dəbbə pulu (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə), 1280 manat daşıma haqqı, 750 manat hüquqi yardıma görə xərc, 150 manat dövlət rüsumu, ümumilikdə 11252 (on bir min iki yüz əlli iki) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və 2180 (iki min bir yüz səksən) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova