Məhkəmə qərarları › İş №e-2-2(113)-102/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-102/2020

03.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-102/2020 03.12.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil2, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 cavabdeh “xxxx” ASC-yə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddiası üzrə mübahisəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC cavabdeh “xxxx” ASC-yə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən iddiaçı "xxxx" Mehdud Məsuliyyetli Cəmiyyətinin xeyrinə 90280 (doxsan min iki yüz səksən) manat sığorta məbləğinin, 32952,2 (otuz iki min doqquz yüz əlli iki) manat dəbbə pulunun, yekun olaraq 123232.2 (yüz iyirmi üç min iki yüz otuz iki manat iyirmi qəpik) manat pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı-sığortalı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti onun direktoru X4 şəxsində və cavabdeh-sığortaçı “xxxx” ASC arasında bir il müddətinə, yəni 22.10..2017-xx.xx.2018-ci illər üzrə, ********** saylı sığorta şəhadətnaməsinə əsasən 250 manat sığorta haqqı ödənilməklə 90280 manat sığorta məbləği həddində əmlaka vurulmuş zərərə görə xx xxxxxxx 2017-ci il tarixində müqavilə bağlanmışdır. xx xxxxx 2018-ci il tarixində saat 10 radələrində sığorta hadisəsi baş vermiş, yəni ünvan 2 43A ünvanında “xxxx” MMC-yə məxsus ofisdə, binanın içərisində olan şirniyyat və çörək sexi yerləşən bir mərtəbəli binada yanğın hadisəsi baş vermiş və nəticədə bina və içərisindəki avadanlıqlar tam yanmışdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat–İstintaq idarəsində 0462 saylı araşdırılma materialları toplanmış, o cümlədən iş üzrə ekspertizalar təyin edilmiş, yanğın hadisəsinin binanın ofis və mühasibatlıq sahəsinin soyutma otağındakı elektrik naqillərində yaranmış qısaqapanmadan baş verdiyi müəyyən edilmiş və bu səbəbdən xx xxxx 2019-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat–İstintaq idarəsində aparılmış təhqiqat materialları üzrə məhkəmə-tikinti ekspertizası keçirilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli 10437 nömrəli məhkəmə– tikinti ekspertizasının rəyinə əsasən ünvan 2 43A ünvanında “xxxx” MMCyə məxsus binada baş vermiş yanğın nəticəsində tikinti üzrə dəymiş ziyanın təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 75541 manat, binanın daxilində yerləşən şirniyyat və çörək sexinə dəymiş ziyanın məbləği isə 114606 manat təşkil etmişdir. Yəni, bütövlükdə (75541+ 114606)= 190147 (yüz doxsan min yüz qırx yeddi) manat maddi ziyan vurulması təsdiq edilmişdir. Təhqiqat dövründə ünvan 2 43A ünvanında “xxxx” MMC-yə məxsus binada baş vermiş yanğın nəticəsində binanın sökülüb yenidən bərpa edilməsi üçün smeta tərtib edilmiş və 75541 manat bərpa dəyərinin olduğu müəyyən edilmişdir. Sığorta hadisəsi baş verdikdən sonra sığortaçıya məlumat verilmiş və “xxxx” ASC özünün xx.xx.2018-ci il tarixili məktubu ilə bildimişdir ki, xx xxx 2018-ci il tarixində sığorta tələbinə baxılmışdır və 15000 AZN sığorta ödənişini ödəməyə hazır olduqlarını bldirmişlər. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Maliyyə X7 müraciət edilmiş bu Palata özünün xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli məktubları ilə sığorta təşkilatına müraciət edilməsini tövsiyyə etmiş, cavabdeh “xxxx” ASC özünün xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, 06 02.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019cu il tarixli məktubları ilə bildirmişdir ki, yanğın nəticəsində əmlaka dəymiş zərər ekspert tərəfindən qiymətləndirilmiş və hesablanmış 15100 (on beş min yüz manat) təklif olunur. Cavabdeh “xxxx” ASC özünün dəvət etdiyi ekspertini göndərmiş, ekspert hadisə yerinə baxmış, hər şeyin qaydasında olduğunu bildirmiş, lakin yazdığı rəylə iddiaçını tanış etməmiş və ya onun surətini verməmişdir. Tərəflər arasında bağlanılmış xx xxxxxxx 2017ci il tarixli müqavilədə sığorta məbləğinin həddi 90280 (doxsan min iki yüz səksən) manat müəyyən edilmiş, bu məbləğə müqavilə bağlanmışdır. Baxmayaraq ki, faktiki vurulan ziyan sığorta məbləği həddindən qat-qat çoxdur. Yəni, (75541+ 114606)= 190147 (yüz doxsan min yüz qırx yeddi) manatdır. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 20.1-ci maddəsinə əsasən, əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. Lakin iddiaçı faktiki zərər məbləğini də yox, müqavilə üzrə razılaşdırılmış 90280 (doxsan min iki yüz səksən manat) sığorta məbləğini tələb etmişlər. Sığortaçı isə heç bir əsaslandırma olmadan ancaq 15000 (on beş min) manat təklif etmişdir. Sığortaçı xx xxxx 2018-ci il tarixində bildiriş göndərmiş, lakin xx xxxxxxx 2017-ci il tarixli müqavilədə göstərilən sığorta məbləği olan 90280 (doxsan min iki yüz səksən) manat pulu ödəməmişdir, ona görə də xx xxxx 2018-ci ildən xx xxxx 2019-cu il tarixinədək (365 gün) 90280 manatın gecikdirilmiş hər günü üçün 0,1 faizi, yəni (90,28 x 365) = 32952,2 manat dəbbə pulunu da ödəməlidir. xx xxxxxx 2019-cu il tarixdə iddiaçı “xxxx” MMC əsl iddiaçı X10 ilə əvəz edilmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(81)-1042/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 3491 nömrəli ekspert rəyi Bakı Kommersiya Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, tərəflər arasında sığorta müqaviləsi bağlanıb, obyekt sığorta təminatı alıb. Yanğın istehsal sahəsində baş verib. Sığorta təminatına istehsal sahəsi daxil deyil. Ekspert rəyində göstərilən zərərlə razı deyildirlər. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şəhadətnamənin təfsilatından görünür ki, şəhadətnamənin qüvvəyə minmə tarixi və vaxtı: xx.xx.2017, bitmə tarixi isə xx.xx.2018-ci il, əmlak Vidadi küçəsi, “xxxx” MMC Ticarət. Sığorta məbləği 90280 manat, azadolma məbləği 100 manat, yekun sığorta haqqı 250 manat, sığortalı X5r. -********** nömrəli (sığortalı tərəfindən imzalanmamış) Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi üzrə Sazişdən görünür ki, ********** nömrəli sığorta şəhadətnaməsi üzrə sığorta məbləği sığortalının istəyinə əsasən 90280 manat olaraq təyin edilir. Bu halda “Qismən sığorta” şərti tətbiq edilir və sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişləri qismən sığorta şərtinə əsasən həyata keçiriləcəkdir. Qismən sığorta şərtinin tərifi: Əgər sığorta məbləği əmlakın sığorta dəyərindən sığorta müqaviləsi bağlandığı gün onun yerləşdiyi yerdəki həqiqi dəyəri az müəyyən olunmuşdursa, Sığortaçı vurulmuş zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan eyni nisbəti əsasında ödəyir. - Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizasının xx.xx.2020-ci il tarixli 522 nömrəli rəyindən görünür ki, ünvan 2 47A ünvanında yerləşən yanğın baş vermiş mübahisələndirilən obyekt X3 “Çörək və Şirniyyat Sexi” kimi qeyd olunmuşdur. Baxış zamanı mübahisələndirilən yanğın baş vermiş obyekt istehsalat sahəsi şirniyyat sexi kimi fəaliyyət göstərir. Baxış zamanı verilən məlumatlara eləcə də, ekspertə təqdim edilmiş sənədlərə əsasən ünvan 2 47A ünvanında yerləşən obyektin baş plan layihəsində göstərilən ticarət obyektlərinə yanğın baş verən zaman ziyan dəyməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 3491 nömrəli ekspertiza rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən, tədqiq olunan bina üzrə yanğından sonra təmirtikinti işləri aparıldığını, tikililərin tam bərpa olunduğunu nəzərə alaraq, ünvan 2 43A ünvanda yerləşən ticarət obyektinin hansı hissələrinin yanğın nəticəsində zədələndiyini, eləcə də ticarət obyektinə dəymiş zərərin aradan qaldırılması üçün yerinə yetirilmiş təmirbərpa işlərinin dəyərini müəyyən etmək mümkün olmamışdır. - Ağsu şəhər X17 üzrə Nümayəndəliyinin 1599 nömrəli xx.xx.2020-ci il tarixli arayışından görünür ki, “xxxx” MMC-nin direktoru X6 ünvan 1 A ünvanında fəaliyyət göstərən bazarı, yəni əmlak kompleksi mövcuddur. Söüzgedən əmlak kompleksi (bazar) mürəkkəb əmlak sayılmaqla topdan və pərakəndə ticarət (sahibkarlıq fəaliyyəti) təyinatı üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradır. Bazarın ərazisində yerləşən idarəetmə mərkəzi (direktor mühasibatlıq ofisi) çörək-bulka və qənnadı məmulatlarının istehsalı və satışı həyata keçirilən ticarət sahələri(otaqlar) əmlak kompleksinin tərkib hissəsidir. - Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin Mülkiyyət hüququ haqqında şəhadətnaməsindən görünür ki, X2 rayonu, Vidadi küçəsində yerləşən Kolxoz bazarının Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisidir. - Azərbaycan Respublikasının Dövlət X13 üzrə Dövlət Komitəsinin özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamədən görünür ki, X10 həqiqətən ünvan 2 ünvanında yerləşən Kolxoz bazarının yerləşdiyi 30.000 kv.m olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2018-ci il tarixli 10437 nömrəli ekspertiza rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən təhqiqat tərəfindən təqdim olunmuş sənədləri nəzərə alaraq, ünvan 2, 43A saylı ünvandakı “xxxx” MMC-yə məxsus olan ofis otaqlarının və şirniyyat sexinin yerləşdiyi birmərtəbəli binada baş vermiş yanğın nəticəsində, tikinti üzrə dəymiş ziyanın təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 75541,72 manat məbləğində müəyyən edilmişdir. - Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsinin xx xxxx 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, xx xxxxx 2018-ci il tarixdə saat 10 radələrində ünvan 2 43A ünvanda “xxxx” MMC-yə məxsus ofis otaqları və şirniyyat sexi yerləşən birmərtəbəli binada yanğın baş vermiş, nəticədə bina və içərisindəki avadanlıqlar yanğına məruz qalmışdır. Yanğın nəticəsində bina və içərisindəki avadanlıqlar tamamilə yanaraq yararsız hala düşmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2018-ci il tarixli 10437 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən, ünvan 2 43A ünvanında “xxxx” MMC-yə məxsus binada baş vermiş yanğın nəticəsində, tikinti üzrə dəymiş ziyanın təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 75541 manat məbləğində müəyyən edilmişdir. Baş vermiş yanğında cinayət tərkibi müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. “xxxx” ASC-nin xx.xx.2018-ci il tarixli dəymiş zərərin hesabatından görünür ki, Mustafayev Sabirə sığorta hadisəsi nəticəsində 15100 manat məbləğində ziyan dəymişdir. “xxxx” ASC-nin xx.xx.2018-ci il tarixli bildirişindən görünür ki, X8 hadisə ilə əlaqədar hesablanmış 15000 manat sığorta ödənişi edilməsi təklif edilmişdir. - xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sığorta qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Qanundan və onun əsasında qəbul edilən normativ hüquqi aktlardan, icbari sığorta qanunlarından, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələrdən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 886.1-ci və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.13-cü maddələrində göstərilib ki, sığorta obyekti - sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir. İşin mübahisəsiz halıdır ki, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin Mülkiyyət hüququ haqqında şəhadətnaməsinə və Azərbaycan Respublikasının Dövlət X13 üzrə Dövlət Komitəsinin şəhadətnaməsinə əsasən X4 ünvan 3 ünvanında yerləşən kolxoz bazarına aid əmlak mənafeləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 884.4-cü maddəsinə əsasən Sabir Mustafayev - sığortalı olmaqla sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.1 və 35.2-ci maddələrinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Bu Fəslin məqsədləri üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə əsasən Bu Məcəllənin 469.2-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 verdiyi izahatdan belə müəyyən edildi ki, icbari sığorta qanunlarına əsasən, yanğın və s. riskləri icbari (məcburi) qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş X10 mülkiyyətində olan bazarı qanunamüvafiq sığorta etdirmişdir. Sığortalıya RAZ********** saylı icbari sığorta şəhadətnaməsi verilmiş və o, hər hansı bir inzibati məsuliyyətə cəlb edilməmişdir. Bununla bağlı Məhkəmə hesab edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya verilməsi yolu ilə qanunamüvafiq icbari sığorta müqaviləsi bağlanılmışdır. Məhkəmə, cavabdeh sığorta şirkətinin nümayəndəsinin istehsal sahəsinin, yəni bazarın ərazisində yerləşən inzibati bina (ofis), çörək və şirniyyat sexinin sığorta edilməməsi, mövcud sığorta müqaviləsinin digər sahələrə şamil edilməsinə dair mövqeyinə əsasən bildirir ki, RAZ********** saylı daşınmaz əmlakın sığorta şəhadətnaməsinin təfsilatında: ünvan 3, “xxxx” MMC, Ticarət, sığortalı X9 göstərilmişdir. Məlum olduğu kimi, tərəflər arasında “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununda ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan standart şərtlər daxilində icbari sığorta müqaviləsi bağllanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 419.2-ci maddəsinin tələbinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. İş materiallarında olan hüquqmüəyyənedici sənədlərdən görünür ki, X2 rayonu, Vidadi küçəsi ünvanında yerləşən bazarın mülkiyyətçisi, “xxxx” MMC-nin isə sahibidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət” Qaydalarının 2.1.4-1-ci hissəsində göstərilib ki, bazar – müəyyən ərazidə daimi fəaliyyət göstərən, malların satışı və xidmətlərin göstərilməsi üçün ayrılmış ticarət yerlərinə malik əmlak kompleksidir. İş materiallarında olan Ağsu şəhər X17 üzrə Nümayəndəliyinin 1599 nömrəli xx.xx.2020-ci il tarixli arayışından görünür ki, “xxxx” MMC-nin direktoru X6 ünvan 2 43 A ünvanında fəaliyyət göstərən bazarı, yəni əmlak kompleksi mövcuddur. Sözügedən əmlak kompleksi (bazar) mürəkkəb əmlak sayılmaqla topdan və pərakəndə ticarət (sahibkarlıq fəaliyyəti) təyinatı üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradır. Bazarın ərazisində yerləşən idarəetmə mərkəzi (direktor mühasibatlıq ofisi), çörək-bulka və qənnadı məmulatlarının istehsalı və satışı həyata keçirilən ticarət sahələri (otaqlar) əmlak kompleksinin tərkib hissəsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.9-ci maddəsinə əsasən əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. Yəni cavabdeh tərəfindən mübahisələndirilən, yanğın zamanı və hazırda bazarın ərazisində yerləşən idarəetmə mərkəzi (direktor və mühasibatlıq ofisi), çörək-bulka və qənnadı məmulatlarının istehsalı və satışı həyata keçirilən ticarət sahələri (otaqlar) əmlak kompleksinin tərkib hissəsidir. Tərəflər arasında bağlanılan RAZ********** saylı icbari sığorta şəhadətnaməsində isə bazarın hissələrlə sığortalanmasına dair hər hansı qayda nəzərdə tutulmamışdır. Cavabdeh sığorta şirkəti isə etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Ona görə cavabdeh sığorta şirkətinin bildirdiyi qeyrimüəyyənliklər, onun ziyanına (əleyhinə) təfsir edilməlidir. Yuxarıda təsbit olunmuş qanunvericilik normalarını rəhbər tutan məhkəmə qeyd edir ki, sığorta müqaviləsinin məzmunundan göründüyü kimi sığortaçının sığorta ödənişi ödəmək öhdəliyi sığorta müqaviləsi ilə sığorta riski kimi müəyyən edilmiş hadisələrin baş verməsi ilə şərtləndirilmişdir, yəni, sığortalı yalnız sığorta müqaviləsi ilə nəzərdə tutulmuş sığorta hadisələrinin baş verəcəyi təqdirdə sığorta şirkətindən sığorta ödənişini tələb edə bilər. Sığortalı X4 mülkiyyətində ünvan 1 A ünvanında fəaliyyət göstərən bazarı, yəni əmlak kompleksi mövcuddur. Bu əmlak kompleksi (bazar) mürəkkəb əmlak sayılmaqla topdan və pərakəndə ticarət (sahibkarlıq fəaliyyəti) təyinatı üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradır. İşin mübahisəsiz hallarından görünür ki, RAZ********** saylı icbari sığorta müqaviləsi qüvvədə olan zaman, yəni xx xxxxx 2018-ci il tarixdə ünvan 2 43A ünvanında Sabir Mustafayevin sahibi olduğu bazarın bir mərtəbəli binasında yanğın hadisəsi baş vermiş, nəticədə bina və içərisindəki avadanlıqlar tam yanmışdır. İş materiallarında mövcud olan sübutlarla müəyyən edilir ki, sözügedən ticarət sahələri əmlak kompleksinin tərkib hissəsidir. Sabir Mustafayevin də ümumi bazara (əmlak kompleksinə) aid əmlak mənafeləri mövcuddur. Bu mənafelər də RAZ********** saylı icbari sığorta müqaviləsi ilə cavabdeh “xxxx” ASC tərəfindən sığorta olunmuşdur. Ona görə RAZ********** saylı icbari sığorta müqaviləsinə əsasən cavabdeh sığorta şirkəti tərəfindən iddiaçı Sabir Mustafayevin daşınmaz əmlakına yanğın hadisəsi nəticəsində dəymiş zərər üzrə sığorta ödənişi verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, dəymiş zərərin məbləği müəyyən edilərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2018-ci il tarixli 10437 nömrəli ekspert rəyi əsas götürülməli və 75.541,72 manat məbləğində sığorta ödənişi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, məhkəmə qeyd edilən rəyin sığorta hadisəsinin baş verməsindən az müddət keçdikdən sonra verildiyini, rəyin kifayət qədər əsaslandırıldığını, dəymiş ziyanın təqribi dəyərinin baş vermiş hadisənin tarixinə və mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edildiyini nəzərə alır və qeyd edilən rəyin hazırki işin həqiqi hallarına uyğun gəldiyini diqqətə alır. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 32952,2 manat cərimənin 276 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh “xxxx” ASC-dən 75541,72 (yetmiş beş min beş yüz qırx bir manat yetmiş iki qəpik) manat sığorta məbləği, 276 (iki yüz yetmiş altı) manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 75847,72 (yetmiş beş min səkkiz yüz qırx yeddi manat yetmiş iki qəpik) manat məbləğində pul tutularaq X1 xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “xxxx” ASC-dən 75541,72 (yetmiş beş min beş yüz qırx bir manat yetmiş iki qəpik) manat sığorta məbləği, 276 (iki yüz yetmiş altı) manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 75847,72 (yetmiş beş min səkkiz yüz qırx yeddi manat yetmiş iki qəpik) manat məbləğində pul tutularaq X1 xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh “xxxx” ASC-dən 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********00000003944 SWİFT BİK CTREAZ 22) ödənilsin Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar