Məhkəmə qərarları › İş №e-2-2(113)-102/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-102/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-102/2023 26.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə3, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 9217,29 manat məbləğinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 112,18 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 9217,29 manat məbləğinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 112,18 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2019-cu il tarixli, 012/2019 saylı müqavilənin 1-ci bəndinə əsasən, iddiaçı cavabdehə ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 3 (üç) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh iddiaçının rəhbərliyinə yazdığı xx.xx.2019-cu il tarixli ərizədə borcunu etiraf etmiş və 3 ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya olan borcunun 9217.29 manat hissəsini bu günədək ödəməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsinin məzmunu ilə aydın olur ki, MMC-nin prezidenti C.Abbasovla H.Museyibov arasında bağlanmış «Məhsulların nisyə alqı-satqısı barədə» xx.xx.2019-cu il tarixli, 012/2019 saylı müqavilədə sonuncu MMC-nin işçisi kimi deyil, adi alıcı statusunda çıxış etmişdir. Belə olan halda sual yaranır, iddia ərizəsinə sübut kimi H.Museyibovla MMC arasında bağlanmış əmək müqaviləsi, işə qəbul və işdən azad edilmə barədə əmrlərin hansı sübut əhəmiyyəti ola bilər, onların əlavə edilməsi hansı zərurətdən yaranmışdır? İkincisi, həmin müqavilənin imzalandığı gün, yəni xx.xx.2019-cu il tarixdə H.Museyibovun MMC-yə məhz həmin gün 30000 manat borcu olduğunu etiraf etməsinə dair ərizəsinin mahiyyəti başa düşülən deyildir. Əgər təhvil-təslim edilən malların dəyəri və onun ödənilməsi müddəti müqavilədə nəzərdə tutulursa əlavə ərizə yazmaqla bu öhdəliyin üzərinə götürülməsi başa düşülən deyildir. Üçüncüsü, MMC-nin prezidenti C.Abbasovla alıcı qismində H.Museyibov arasında imzalanmış xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ciddi hesabat sənədi kimi qəbul edilə bilməz, MMC-nin prezidenti malmaterialın təhvil-təsliminə cavabdeh şəxs deyildir, əsl həqiqətdə onun hər hansı alıcıya məhsullar təhvil verməsi həqiqətə uyğun deyildir. Mal-materialın alıcıya təhvil verilməsi anbardan, ekspeditor və ya sair maddi-məsul şəxs tərəfindən qaimə-faktura əsasında aparılır ki, məhz iddia ərizəsinə təhvil-təslimi təsdiq edən hesabat sənədi kimi həmin qaimə-fakturalar əlavə olunmalı, məhkəməyə təqdim edilməlidir. Digər tərəfdən əgər həqiqətən də Cavabdeh faktik olaraq Ceyhun Abbasov tərəfindən deyil, MMC-nin digər əməkdaşı tərəfindən 30000 manatlıq məhsul təhvil verilmişdirsə, həmin şəxs müəyyən edilməli, məhkəməyə dəvət edilərək dindirilməlidir. Dördüncüsü, qeyd edilən təhvil-təslim aktından görünür ki, 30000 manat dəyərində yeddi adda məhsular H.Museyibova təhvil verilmişdirsə və sonuncu tərəfindən qəbul edilmişdirsə onun MMC-yə məxsus hansı nəqliyyat vasitəsi ilə daşınması, hansı satış nöqtələrinə və ya anbara boşaldılmasını təsdiq edən yol-nəqliyyat qaiməsi məhkəməyə təqdim olunmalıdır. Beşincisi, əgər həqiqətən də Cavabdeh xx.xx.2019-cu il tarixdə 30000 manat həcmində məhsul qəbul etmişdirsə və onun 9217.29 manatını ödəməyərək borclu qalmışdırsa, belə olan halda MMC onun xx.xx.2019-cu il tarixdən təşkilatın xəzinəsinə ödədiyi pulların məbləğinə dair çıxarışları sübut kimi təqdim etməlidir ki, həmin çıxarışlarla Cavabdeh 20782.71 manatı həqiqətən də ödəməsi təsdiq edilsin. Çünki, iddia ərizəsinin məzmunu ilə MMC özü də təsdiq edir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə və həmin tarixli təhvil-təslim aktı ilə 30000 manat dəyərində məhsul qəbul etmiş, onun 20782.71 manatını ödəmiş, 9217.29 manatını borclu qalmışdır. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 012/2019 nömrəli “Məhsulların nisyə alqı-satqısı barədə” Müqavilədən görünür ki, iddiaçı cavabdehə nisyə (borc) olaraq ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları (və ya taranı) satmağı, cavabdeh isə iddiaçıdan ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları nisyə (borc) olaraq qəbul etməyi və iddiaçıya 30000 manat məbləğində olan borcunu 03 ay ərzində pul şəklində ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2019-cu il tarixli Təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən 30000 manat dəyərində müxtəlif adda və çeşiddə mallar cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən həmin mallar təhvil alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, iddiaçı ilə cavabdeh arasında yaranmış “Məhsulların nisyə alqı-satqısı barədə” Müqaviləyə əsasən 30000 manat borcu yaranmış, iddiaçıya olan borcunu etiraf etmiş və 3 aya qədər tam şəkildə ödəyəcəyini öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli ƏİA/3 seriyalı 811867 saylı və xx.xx.2020-ci il tarixli ƏİA/3 seriyalı 811873 saylı mədaxil qəbzinin kötüylərindən görünür ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, 012/2019 nömrəli “Məhsulların nisyə alqı-satqısı barədə” Müqavilə üzrə xx.xx.2019-cu il tarixdə 10500 manat və xx.xx.2020-ci il tarixdə 10282,71 manat, cəmi 20782,71 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1631 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, işin 18-ci vərəqəsində olan İddiaçı ilə Cavabdeh aralarında olan 012/2019 nömrəli xx.xx.2019-cu il tarixli məhsulların nisyə alqı-satqısı barədə olan müqavilənin aşağı sağ tərəfində “Alıcı” qrafasında imza, i/v 17-də olan 29 iyul 2019-cu il tarixli təhviltəslim aktının sağ tərəfində “Təhvil aldı Alıcı” qrafasında imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, işin 16-cı vərəqəsində olan Cavabdeh adından İddiaçınə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizənin sol aşağı küncündə olan “xx.xx.2019” rəqəmləri - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin, cavabdehin, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 012/2019 nömrəli “Məhsulların nisyə alqı-satqısı barədə” Müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehə nisyə (borc) olaraq ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları (və ya taranı) satmağı, cavabdeh isə iddiaçıdan ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları nisyə (borc) olaraq qəbul etməyi və iddiaçıya 30000 manat məbləğində olan borcunu 03 ay ərzində pul şəklində ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən 30000 manat dəyərində müxtəlif adda və çeşiddə mallar cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən həmin mallar təhvil alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixdə 10500 manat və xx.xx.2020-ci il tarixdə 10282,71 manat, cəmi 20782,71 manat məbləğində ödəniş edilmiş, qalan 9217,29 manat borc iddiaçıya ödənilməmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, malları cavabdehə satmış, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 012/2019 nömrəli “Məhsulların nisyə alqı-satqısı barədə” Müqaviləyə əsasən ödənilməmiş 9217,29 manat borc iş materialları ilə təsdiq olunduğundan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 110 manat məbləğində ekspertiza xərcləri cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 9217,29 manat məbləğ və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 112,18 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçınə ödənilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 110 manat məbləğində ekspertiza xərcləri Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar