Məhkəmə qərarları › İş №e-2-2(113)-10211/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-10211/2025

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10211/2025 17.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədov Fərid Elçin oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi, sonradan iddia tələbinin həcminin azaltdılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC (sonradan "xxxx") ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1104- L/13 nömrəli müqavilələrin ləğv edilməsi, Cavabdeh2 iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə 7784 (yeddi min yeddi yüz səksən dörd manat 00 qəpik) manat hesablanmış cərimə borcunun, hüquqi yardım üçün ödənilmiş 576,28 (beş yüz yetmiş altı manat 28 qəpik) pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (sonradan "xxxx") ilə Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixli 1104-L/13 nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilələr bağlanmışdır. Müqavilələrə əsasən lizinq verən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikaları Lizinq alan Cavabdeh2 lizinqə vermişdir. Müqavilə şərtlərinə əsasən Lizinq alan ödəniş qrafiki üzrə lizinq məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin lizinq alan - hazırkı cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq ödəniş qrafiki üzrə ödənişləri icra etməmişdir. Nəticədə Cavabdeh2 xx.xx.2013-cü il tarixli 1104-L/13 nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 5 500 (beş min beş yüz) manat qalıq borc, 7 784 (yeddi min yeddi yüz səksən dörd) manat hesablanmış cərimə olmaqla, cəmi 13 284 (on üç min iki yüz səksən dörd) manat borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uygun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir.

II. Tərəflərin mövqeləri:

3. Əvvəlki məhkəmə iclasında iştirak edıb iddiaçının nümayəndəsi (vəkili) X2 cavabdeihn 5500 manat məbləğində əsas borcu tam ödədiyini, ona görə də həmin hissədə iddia tələbinin azaldılmalı olduğunu bildirmiş, bununla belə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini göstərib, məhkəmə iclasının onun iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1104-L/13 nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilədən görünür ki, lizinq verən "xxxx" ASC kənd təsərrüfatı texnikalarını lizinq alan Cavabdeh2 mülkiyyətinə verilməsi şərtilə lizinqə vermiş və müqavilənin şərtlərinə əsasən lizinq alan ödəniş qrafiki üzrə lizinq məbləğini ödəməyi öhdəsinə götürmüşdür.

7. Həmin müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uygun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir.

8. xx.xx.2013-cü il tarixli, 1104-L/13 nömrəli lizinq müqaviləsinə dair ödəniş qrafikindən görünür ki, Cavabdeh2 hər ay texnikaya görə 2014-2015-ci illər üçün 900 manat, 2016-cı il üçün 850 manat, 2017-2018-ci illər üçün 800 manat, 2019-2020-ci illər üçün 750 manat və 2020-2021-ci illər üçün isə 700 manat ödəməsini (ümumilikdə 29000 manat) öhdəsinə götürmüşdür.

9. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli 1137 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinintabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adıdəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) adlandırılmış, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə(bundan sonra ‒ Agentlik) keçmişdir

10. 04 fevral 2026-cı il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2013-cü il tarixli, 1104-L/13 nömrəli lizinq müqaviləsi üzrə Cavabdeh2 qalıq borcu 0 manat, cərimə borcu 7784 manat təşkil edir.

11. 04 dekabr 2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir.

12. İddiaçının nümayəndəsi (vəkili) X1 xx.xx.2026-cı il tarixli (məhkəmə iclasında verilmiş dəqiqləşdirmə barədə) ərizəsindən görünür ki, iş üzrə cavabdeh ondan tələb edilən qalıq (əsas) borcunu tam olaraq ödəmişdir.

13. Beləliklə, məhkəmə araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixli 1104-L/13 nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən lizinq verən "xxxx" ASC kənd təsərrüfatı texnikalarını Lizinq alan Cavabdeh2 mülkiyyətinə verilmə şərtilə lizinqə vermişdir. Müqavilə şərtlərinə əsasən Lizinq alan ödəniş qrafiki üzrə lizinq məbləğini ödəməyi öhdəsinə götürmüşdür.

14. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2 əsas borc kimi ondan tələb edilən 5500 manat məbləğində borcunu tam olaraq ödəmiş və hazırda onun xx.xx.2013-cü il tarixli 1104-L/13 nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqaviləsi üzrə əsas borcu qalmamışdır.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

16. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

18. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

19. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur;

20. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır;

21. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir;

22. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü Qərarında vurğulamışdır ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir.

23. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda şərh edilən qərarında gəldiyi nəticəyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

24. Ona görə də məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçı hər nə qədər iddia tələbində lizinq müqaviləsinin ləğv edilməsini xahiş etsə də, məhkəmə belə qənaətə gəlir ki, həmin tələb “müqavilənin ləğv edilməsi” kimi deyil, “...ləğv edilmiş hesab edilməsi” kimi qiymətləndirilməlidir. Məhkəmənin qənaətinə görə bu xüsusat heç də iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz.

25. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 421.2-ci maddənin mənasına görə müqaviləyə tərəfin birinin tələbi ilə 3 halda birtərəfli qaydada xitam verilə bilər: a. müqavilənin əhəmiyyətli dərəcədə pozulması; b. müqavilədə göstərilən xüsusi hal; c. MMdə göstərilən xüsusi hal.

26. Hazırki işdə iddiaçının sözügedən tələbi müqavilənin əhəmiyyətli dərəcədə pozulması halına əsaslanır. Müqavilənin əhəmiyyətli dərəcədə pozulmasının nədən ibarət olmasını sözügedən maddənin 2-ci hissəsi izah edir. Mülki Məcəlləyə görə, “əhəmiyyətli dərəcədə pozuntu” dedikdə elə bir pozuntunu nəzərdə tutulur ki, həmin pozuntu nəticəsində zərər dəyən tərəf müqaviləni bağlayarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olsun. Bu halın özünün təsbiti də (nədən ibarət olması da) hər müqaviləyə, müqavilə tərəflərinə, mövcud şərtlərə münasibətdə fərdi şəkildə təhlil olunmalıdır. Müqavilə tərəfi kimi lizinq verənin müqaviləni bağlayan zaman başlıca gözləntisi (ümid etməyə haqqı çatan şey) lizinq ödənişlərini tam almaq olmuşdur.

27. Cavabdehin lizinq müqaviləsi üzrə lizinq ödənişlərini tam şəkildə ödəmiş olduğu hazırki işin mübahisəsiz halıdır. Bu halı iddiaçının nümayəndəsi də təsdiq etmiş və məhz bu səbəbdən iddia tələbinin həcminin azaltdılması barədə ərizə təqdim etmişdir.

28. Göründüyü kimi, cavabdeh tərəfindən lizinq ödənişlərinin aparılmasında gecikmələrə yol verilsə də, o, lizinq ödənişlərini tam həyata keçirmişdir. Bu baxımdan məhkəmə, cavabdehin müqavilə tərəfi kimi “əhəmiyyətli dərəcədə pozuntu”ya yol verməsini qəbul etməyərək, qeyd edilən hissədə iddianı əsassız hesab edir.

29. Bununla belə məhkəmə “cərimə borcunun tutulması hissəsində iddianı qismən əsaslı hesab edir.

30. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

31. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

32. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər.

33. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

34. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan lizinq müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh dəbbə pulunu ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin lizinq müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı lizinq müqaviləsi üzrə maliyyə öhdəliklərinin gecikdirilməsi səbəbindən cavabdehdən 7784 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir.

35. Məhkəmə işin hallarını nəzərə alıb belə qənaətə gəlir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış dəbbə pulu hissəsində iddia tələbi qismən təmin edilərək, 275 (sonradan ödənilmiş əsas borcun 5% həddində) manat məbləğində müəyyən edilməli və iddia qalan hissədə təmin edilməməlidir.

36. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Məhkəmə iddiaçının “hüquqi yardıma görə 576,28 manat xərcin tutulması” tələbi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsində nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin xeyrinə qətnamə çıxarılan tərəfə verilməsi nəzərdə tutulsa da, bunun konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla müəyyənləşdirildiyi göstərilmişdir.

38. İşə əlavə edilmiş hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2025-ci il tarixli, 2291 nömrəli müqavilədən görünür ki, Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən müqavilə üzrə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğində ödəniş edilmişdir.

39. Seriya MT2511, 11948048 nömrəli, xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən "xxxx" MMC tərəfindən Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğində ödəniş edilmişdir.

40. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi hüquqi yardımın göstərilməsi hissəsində də qismən təmin edilərək cəmi 300 manat pul məbləği Cavabdeh2 tutulub iddiaçıya verilməlidir.

41. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2013-cü il tarixli 1104-L/13 nömrəli lizinq müqaviləsi üzrə Cavabdeh2 275 (iki yüz yetmiş beş) manat cərimə borcu, o cümlədən hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 300 manat pul məbləği iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

42. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

44. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddianın qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu tutulur.

45. İddia tələbi cərimənin tutulması hissəsində (əsas borcun 5% həddində, yəni 275 manat) qismən təmin edildiyindən və iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. V. Nəticə:

1. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2013-cü il tarixli 1104-L/13 nömrəli lizinq müqaviləsi üzrə 275 (iki yüz yetmiş beş) manat cərimə borcu və hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat olmaqla, ümumilikdə 575 (beş yüz yetmiş beş) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh2 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar