Məhkəmə qərarları › İş №e-2-2(113)-10219/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-10219/2025

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10219/2025 10.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC (sonradan "xxxx") ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1133- L/13 nömrəli müqavilənin ləğv edilməsi, Cavabdeh2 iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə xx.xx.2013cü il tarixli 1133-L/13 nömrəli müqavilə üzrə 5248 (beş min iki yüz qırx səkkiz) manat qalıq borc, 6845,15 manat (altı min səkkiz yüz qırx beş manat on beş qəpik) hesablanmış cərimə olmaqla, cəmi 12093,15 manat (on iki min doxsan üç manat on beş qəpik) borcun, hüquqi yardım üçün ödənilmiş 576,28 manat (beş yüz yetmiş altı manat iyirmi səkkiz qəpik) pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (sonradan "xxxx") ilə Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixli 1133-L/13 nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən lizinq verən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikaları lizinq alan Cavabdeh2 lizinqə vermişdir. Müqavilə şərtlərinə əsasən lizinq alan ödəniş qrafiki üzrə lizinq məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin lizinq alan - hazırkı cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq ödəniş qrafiki üzrə ödənişləri icra etməmişdir. Nəticədə Cavabdeh2 xx.xx.2013-cü il tarixli 1133-L/13 nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 5248 manat qalıq borc, 6845,15 manat hesablanmış cərimə olmaqla, cəmi 12093,15 manat borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uygun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli 1137 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) adlandırılmış, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (bundan sonra ‒ Agentlik) keçmişdir. Hazırkı iş üzrə hüquqi yardım göstərilməsi, iddia tələblərinin irəli sürülməsi və məhkəmədə müdafiə edilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə "xxxx" MMC arasında hüquq xidmətlərinin satınalınması müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən hər bir iş üzrə hüquqi yardım xidmətinin qiyməti 576,28 manat müəyyən edilmişdir. Həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 442, 445.1, 465.2, 747.1-ci maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “iddianın tələbinin həcminin azaldılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Bəhram oğlundan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə "xxxx" ASC ilə Cavabdeh2 Bəhram oğlu arasında bağlanmış 16 sentyabr 2013-cü il tarixli “1133-L/13” nömrəli müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə 3748 manat əsas borcun, 6845,15 manat cərimənin və hüquqi yardım üçün ödənilmiş 576,28 manat pul vəsaitinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. Lizinq verən qismində "xxxx" ASC ilə lizinq alan qismində Cavabdeh2 arasında "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 16 sentyabr 2013-cü il tarixli, 1133-L/13 nömrəli lizinq (güzəşt) müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən lizinq verən ümumi məbləği 41089,4 manat olan texnikanı dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir: (1 ədəd MTZ-1221 markalı traktor, qiyməti - 37500 manat, ödəmə müddəti – 9 il; 1 ədəd KR-14-(AG-14-5) markalı kotan, qiyməti - 3200 manat, ödəmə müddəti – 3 il; 1 ədəd fort-300 markalı GPS Terminal, qiyməti – 389,40 manat). Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən lizinq alan texnikanların dəyərindən 4070 + GPS Terminal 389,4 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən lizinq verənin lizinq alan tərəfindən texnikanın təyinatı üzrə istifadə olunmasına, dövlət qeydiyyatına alınmasına, texniki xidmətlərin keyfiyyətli aparılmasına, qorunub saxlanılmasına nəzarət etmək, texnika lizinqə verilərkən onun dəyərinin 10 faizinin ödənilməsini tələb etmək, qrafik üzrə lizinq alanın ödənişinə nəzarət etmək, lizinq alan müqavilənin şərtlərinə əməl etmədikdə, o cümlədən qrafik üzrə ödənişi bir dəfə aparmadıqda müqavilənin 5.2-5.5-ci bəndlərində göstərilən hərəkətləri etmək hüququ vardır. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən lizinq alanın texnikanın dəyərinə hesablanmış bütün xərcləri ödəmək, lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən lizinqə verilən texnika üzərində müstəsna mülkiyyət hüququ onun tam dəyəri lizinq alan tərəfindən ödənilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən lizinq alan texnikanın istifadəsinə görə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən texnikadan istifadə üçün 1 nömrəli əlavədə nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəməməsi müqavilənin şərtlərinin pozulması kimi qiymətləndirilir.

9. xx.xx.2013-cü il tarixli "xxxx" ASC-yə məxsus texnikaların təhvil-qəbulu barədə aktdan məlum olur ki, "xxxx" ASC tərəfindən Cavabdeh2 1 ədəd MTZ-1221 markalı traktor; 1 ədəd KR-14-(AG-14-5) markalı kotan; 1 ədəd fort-300 markalı GPS Terminal təhvil verilmiş, Cavabdeh2 tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.

10. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2013-cü il tarixli 1133-L/13 nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 5248 manat, hesablanmış cərimə 6845,15 manat olmaqla, ümumilikdə 12093,15 manat təşkil edir. Müqavilə üzrə edilmiş ümumi ödəniş 19172 manat təşkil edir.

11. İş materiallarına müqavilə üzrə tərəflər arasında razılaşdırılmış ödəniş qrafiki əlavə olunmuşdur. Həmin qrafikdən görünür ki, cavabdeh tərəfindən ödənişlər üçün son müddət 2022-ci ilin sonu müəyyən edilmişdir.

12. xx.xx.2025-ci il tarixli, MT2511 seriyalı, 11948153 nömrəli elektron qaimədən müəyyən edilir ki, Bakı şəhəri 22 saylı Vəkil Bürosu tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 300 manat təşkil edir.

13. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, 010XOH********** nömrəli ödəniş tapşrığından görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri 22 saylı Vəkil Bürosunun AZ26UBAZ**********0090AZN002 nömrəli hesabına 2100 manat məlbəğində pul vəsaiti köçürülmüşdür.

14. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh2 ünvanlanmış pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək əsas borcun və cərimənin ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmənin mövqeyi

17. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında lizinq müqaviləsi bağlanmış, lizinq verən tərəfindən lizinq predmeti cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafikinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilələr üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı borcun ödənilməsi ilə bağlı tələb hüququ yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir.

18. İddia tələbinin bir hissəsini iddiaçı "xxxx" ASC (sonradan "xxxx") ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1133-L/13 nömrəli müqavilənin ləğv edilməsi təşkil edir.

19. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin müddətinin bitməsini nəzərə alaraq hesb edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməməlidir.

20. İddia tələbinin digər hissəsini cavabdehdən 16 sentyabr 2013-cü il tarixli, 1133- L/13 nömrəli müqavilə üzrə 3748 manat gecikdirilmiş borcun tutulması təşkil edir.

21. Məhkəmə maddi hüquq normalarının tələblərini, müqavilə şərtlərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi göstərilən hissədə təmin edilməli, Cavabdeh2 16 sentyabr 2013-cü il tarixli “1133-L/13” nömrəli müqavilə üzrə ödənilməmiş 3748 (üç min yeddi yüz qırx səkkiz) manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

22. İddia tələbinin digər hissəsini hesablanmış 6845,15 manat cərimənin cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edir.

23. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir.

24. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

25. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tutulması tələb olunan cərimə məbləği azaldılaraq 250 (iki yüz əlli) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.

26. Eləcə də, iddiaçı vəkilə ödənilmiş 576,28 manat məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir.

27. Məhkəmə hesab edir ki, 300 (üç yüz) manat hüquqi yardım xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hazırkı qənaətə gələrkən iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MT2511 seriyalı, 11948153 nömrəli elektron qaiməni və ödəniş sənədini nəzərə almışdır.

28. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən işə baxılması ilə əlaqədar iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Belə nəticəyə gəlinir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğuna görə 59,98 manat (əlli doqquz manat doxsan səkkiz qəpik) məbləğində dövlət rüsumu dövlət mədaxilinə cavabdehdən alınmalıdır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 16 sentyabr 2013-cü il tarixli “1133-L/13” nömrəli müqavilə üzrə hesablanmış 3748 (üç min yeddi yüz qırx səkkiz) manat əsas borc, 250 (iki yüz əlli) manat cərimə və 300 (üç yüz) manat hüquqi yardım xərci olmaqla, ümumilikdə 4298 (dörd min iki yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh2 59,98 manat (əlli doqquz manat doxsan səkkiz qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar