Məhkəmə qərarları › İş №e-2-2(113)-1022/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1022/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1022/2025 12.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “İddiaçı” MMC-nin ("xxxx" MMC) -nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, əsas borc, dəbbə pulu və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı “İddiaçı” MMC-nin ("xxxx" MMC) Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun qaytarılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “İddiaçı” MMC-nin ("xxxx" MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 14 mart 2023-cü il tarixli 14/03 saylı X2 üzrə 44.000 ABŞ dolları əsas borcun və 15.092 ABŞ dolları cərimə borcunun Azərbaycan Respublikası Mərkəzi bankının xx.xx.2023-cü il tarixinə olan məzənnəsi ilə, o cümlədən ödənilmiş 391 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 14 mart 2023-cü il tarixli 14/03 saylı X2 (bundan sonra “Müqavilə” adlandırılır) imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinin tələblərinə əsasən Tədarükçü (МОЛОЧКА.ТОЧКА MMCt)əhvil verməyi, Alıcı (DƏNİZ CHOCOLATE MMC) isə Müqavilədə və ona əlavə müqavilələrdə nəzərdə tutulmuş qaydada və şərtlərlə məhsulları qəbul edib haqqını ödəməsi bu Müqavilənin predmetini təşkil edir. İddiaçı ilə cavabdeh arasında imzalanan Müqavilənin şərtlərinə əsasən təqdim olunmuş xx.xx.2023cü il tarixli, 2№-li spesifikasiyaya uyğun olaraq Cavabdehə 20.000 kq. həcmində, ümumilikdə 44.000 (qırx dörd min) ABŞ dolları dəyərində mallar təqdim edilmişdir. Mallar üzrə ödənişin müddəti malların Cavabdehə məxsus avtonəqliyyat vasitəsinə yüklənməsindən 20 (iyirmi) gün ərzində, yəni, xx.xx.2023-cü il tarixinə qədər ödənilməsi nəzərdə tutulsa da, Cavabdeh tərəfindən bu öhdəliyin yerinə yetirilməsi üçün hər hansı addım atılmamışdır. Yuxarıda da da qeyd edildiyi kimi, mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, fəqət alınmış malların dəyəri 1 (bir) ilə yaxın vaxtın keçməsinə baxmayaraq hal-hazır ki dövrə qədər hesablaşma hesabına ödənilməmişdir. Həmçinin yuxarıda qeyd olunan müqavilənin şərtlərinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilən mallara görə cavabdeh müəssisənin "xxxx" MMC-yə ümumilikdə 44.000 (qırx dörd min) ABŞ dolları təşkil edirdi. Borcun ödənilməsi ilə bağlı "xxxx" MMC tərəfindən cavabdeh müssəsisəyə 28 iyun 2023-cü il tarixində 28 saylı hesab-faktura göndərilmişdir. Yuxarıda da qeyd edildiyi kimi 1 ilə yaxın bir müddətdir ki, cavabdeh tərəfindən Müqavilə şərtlərinə əsasən təqdim edilmiş mallara və hesabfakturaya görə heç bir ödəniş aparılmamaqdadır. Bu səbəbdən cavabdeh müəssisə tərəfindən qeyd edilən ödənişin aparılmaması cavabdeh müəssisənin Müqavilə üzrə üzrə öhdəliklərinin pozulmasına gətirib çıxarmışdır. Alıcı ilə Tədarükçü arasında imzalanmış olan Müqavilənin 6.5-ci maddəsinin şərtlərinə əsasən mal partiyası üçün ödəniş gecikdirildikdə, Alıcı hər gecikdirilmiş gün üçün Tədarükçüyə bu Mal partiyasının dəyərinin 0.1% faiz miqdarında cərimə ödəməlidir. Bu maddənin tələblərinə əsasən Müqavilə üzrə yaranmış olan 44.000 (qırx dörd min) ABŞ dolları dəyərində əsas borc 1 ilə yaxın bir müddətdir ki, ödənilmədiyi üçün həmin borca hesablanmış 15.092 (on beş min doxsan iki) ABŞ dolları cərimə pulunun iddiaçı tərəfindən tələb edilməsi üçün də hüquqi əsaslar mövcuddur. Qeyd edilənləri nəzərə alaraq iddiaçı tərəfindən cavabdeh müəssisəyə 28 iyun 2024-cü il tarixində pretenziya məktubu göndərilmiş, cavabdeh müəssisənin 14 mart 2023-cü il tarixli 14/03 saylı X2 üzrə öhdəliklərinin yerinə yetirilməsi və müqavilə üzrə 44.000 (qırx dörd min) ABŞ dolları əsas borcun və cərimə borcunun ödənilməsi üçün 10 (on) təqvim günü müddətində vaxt verilmişdi. Bildirmək istəyirik ki, hal-hazırdakı dövrə qədər cavabdeh müəssisə tərəfindən borc tələbi üzrə hər hansı bir məbləğdə vəsait iddiaçının hesablaşma hesabına ödənilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi Qanuni nümayəndə İsmayil oğlu bildirmişdir ki, ilkin olaraq cavabdeh tərəfindən iddiaçıya 100.000 manat ödəniş edilmişdir. Sifariş isə 34%-lik quru süd olmuşdur. Lakin, göndərilən məhsulun % göstəricisi göstərilən olmamışdır, mal yararsız olmuşdur. İddiaçı tərəf isə güzəşt olaraq ikinci partiya malı göndərdi və bildirdi ki, birinci partiya malın keyfiyyətində qüsur olduğu üçün, ikinci partiya quru süd göndəriblər və ödənişi sonralar edilməsinə razılıq əldə olunmuşdur. Düzdür, iddiaçı tərəfindən cavabdehə iki dəfə (hər dəfə 44.000 ABŞ dolları məbləğində) mallar göndərilir və həmin malların cəmi birinci partiyasının dəyəri ödənilib. Hazırda isə ikinci partiya mala görə 44.000 ABŞ dollarlıq tələbi tam formada qəbul etmir, çünki hər iki partiyada zərər olmuşdur , malların səhv gəlməsidir. Hər iki malın gəlməsi zamanı ziyan olmuşdur. Malların müddəti ötmüşdür. İlkin hissədə ödənişlər edilmişdir. Lakin, ikinci partiya üzrə nisiyə verilən malların satışını edib ödəniş etməli idilər. İkinci hissədə də mallar qüsurlu gəldiyindən ödənişlər edilə bilmədi.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslasında iştirak etməmişdir.

6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.

9. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 14/03 saylı malların çatdırılma müqaviləsinə əsasən:

10. Müqavilənin 1.1-ci bəndinə əsasən rədarükçü təhvil verməyi, alıcı isə bu müqavilədə və ona əlavə müqavilələrdə nəzərdə tutullmuş qaydada və şərtlərlə məhsulları qəbul etməyi və haqqını ödəməyi öhdəsinə götürür.

11. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə üzrə malların miqdarı, çeşidi, dəyəri bu müqavilənin ayrılmaz hissəsi olan spesifikasiyalarda və yük qaimələrində göstərilir.

12. Müqavilənin 5.1-ci bəndinə əsasən malların qəbulu hesab-faktura əsasında həyata keçirilir. Mallar alıcının səlahiyyətli nümayəndəsi tərəfindən qaimə-fakturalar imzalandığı andan kəmiyyət və keyfiyyət baxımından alıcı tərəfindən qəbul edilmiş sayılır.

13. Müqavilənin 6.1-ci bəndinə əsasən malların qiyməti sərbəstdir, spesifikasiyada tərəflər tərəfindən razılaşdırılır və qanunla nəzərdə tutulmuş bütün vergi və rüsumları özündə əks etdirir və bu müqavilənin ayrılmaz hissəsi olan hesab-fakturalarda göstərilir, əgər müqaviləyə əlavə sazişdə digər şərtlər nəzərdə tutulmayıbsa.

14. Müqavilənin 6.2-ci bəndinə əsasən spesifikasiyada başqa hal nəzərdə tutulmayıbsa, alıcı təchizatçının hesablaşma hesbaına vəsait köçürməklə 100% ilkin ödəniş edir.

15. Müqavilənin 6.5-ci bəndinə əsasən mal partiyası üçün ödəniş gecikdirildikdə, alıcı hər gecikdirilmiş gün üçün tədarükçüyə bu Mal partiyasının dəyərinin 0.1% miqdarında cərimə ödəməlidir.

16. İddiaçı tərəfindən təqdim edilmiş 27 saylı xx.xx.2023-cü il tarixli əmtəə nəqliyyat qaiməsinə və eyni tarixli gömrük bəyannaməsinə əsasən cavabdeh MMC-yə 44.000 ABŞ dolları məbləğində mal çatdırılması edilmişdir.

17. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

18. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

19. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında malların alqı-satqısı haqqında müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə malları tədarük etmiş, cavabdeh isə həmin malların ödənişini həyata keçirməmişdir. Hazırda iddiaçı tərəfindən dəyəri tələb olunan malların cavabdehə göndərilməsi (cavabdehin nümayəndəsinin izahatına əsasən də) işin mübahisəsiz halıdır. Lakin, cavabdeh iddia tələbinə etirazının əsasını təşkil edən faktları (malların müddətinin ötməsi, yararsız olması və s.) təsdiq edən sübutları, məhkəmə tərəfindən dəfələrcə şərait yaradılmasına baxmayaraq, təqdim etməmişdir.

20. Göründüyü kimi iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə olan halda hazırkı iddia üzrə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 567-ci maddəsi nəzərdən keçirilə bilər.

21. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. Mülki Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

23. Mülki Məcəllənin 599.1-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

25. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

27. İşdən göründüyü kimi iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, lakin yaranmış borc məbləği müqavilənin 1.1-ci bəndləri pozularaq cavabdeh tərəfindən tam olaraq iddiaçıya ödənilməmişdir.

28. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, gömrük bəyannaməsi, cavabdehin nümayəndəsinin izahatı ilə təsdiqini tapdığı üçün iddia tələbinin 44.000 ABŞ dolları borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

29. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 14/03 saylı alqı-satqı müqaviləsi üzrə əsas borc tələbi üzrə iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir.

30. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tələb olunan borcun Azərbaycan Respublikası Mərkəzi bankının xx.xx.2023-cü il tarixinə olan məzənnəsi ilə tutulmasını xahiş etsə də, aşağıdakılara əsas həmin tələb əsassızdır və ABŞ dolları məbləğində tutulan borc məbləği tutulduğu anda mövcüd olan məzənnə ilə ödənilməlidir.

31. Belə ki, AR Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.

32. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.

33. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 6.5-ci bəndinə əsasən hesablanmış 15092 ABŞ dolları məbləğində cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

34. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

35. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

36. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

37. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (44000 ABŞ dolları) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, cavabdehdən tutulacaq dəbbə pulu 2200 ABŞ dolları məbləğində müəyyən edilməlidir.

38. Məhkəmə xərclərinə gəldikdə isə, məhkəmə aşağıdakıları qeyd edir.

39. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən 391 manat dövlət rüsumu ödənişi edilmişdir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, 326 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 14 mart 2023-cü il tarixli 14/03 saylı müqavilə üzrə 44.000 ABŞ dolları əsas borc məbləği, 2200 ABŞ dolları cərimə məbləği (tutulduğu anda ABŞ dollarının məzənnəsi ilə) və dövlət rüsumunun əvəzi olaraq 326 manat tutularaq iddiaçı “İddiaçı” MMC-yə ("xxxx" MMC) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar