Məhkəmə qərarları › İş №e-2-2(113)-10231/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-10231/2025

02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10231/2025 02.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: yük daşıma müqaviləsi, dəbbə pulu, illik 5%) Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədova Gülnarə Malik qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, 01/23 saylı Müqavilə üzrə 11600 (on bir min altı yüz) manat məbləğində əsas borcun, 2320 (iki min üç yüz iyirmi) manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 1387.06 (bir min üç yüz səksən yeddi manat, altı qəpik) manat pulun, ümumilikdə 15307.06 (on beş min üç yüz yeddi manat, altı qəpik) manat pul məbləğinin və 149.51 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 01/23 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İcraçı İddiaçı MMC Sifarişçi CavabdehMMC-nin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri tam yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli, 01/23 saylı müqavilə üzrə 11600 (on bir min altı yüz) manat məbləğində borc cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, borc məbləği iddia ərizəsinə əlavə edilmiş müqavilə, tərəflər arasında tərtib edilmiş qaimələr və xidmətin göstərilməsinə dair olan aktlar ilə təsdiq edilir. Bu əsasla tərəfimizdən cavabdehə xx.xx.2025-ci il tarixində internet vergi idarəsi sistemi vasitəsilə, xx.xx.2025-ci il tarixdə isə məhkəmə kabineti vasitəsilə 3 iş günü müddətində borc məbləğini tələb etməyimiz barədə Pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Əlavə olaraq bildirək ki, xx.xx.2023-cü il tarixli, 01/23 saylı Müqavilənin 5.5-ci bəndinə əsasən hər gecikən gün üçün qalıq borcun 1% (bir) miqdarında dəbbə pulu hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən cərimə məbləği 101255.6 (yüz bir min iki yüz əlli beş manat, altmış qəpik) manat təşkil etsə də, tərəfimizdən güzəşt faizi tətbiq edilərək əsas məbləğin ≈20 %-i həcmində, yəni cəmi 2320 (iki min üç yüz iyirmi) manat dəbbə pulu tələb edilməkdədir. Beləliklə, göründüyü kimi cavabdehin ödənişdən yayınmaq üçün müxtəlif üsulara əl atmağı səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcə ləsinin 385.1-ci maddəsinə görə “Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.” Həmin Məcələnin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, ma larda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” Məcələnin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Əlavə olaraq AR Mülki Məcələsinin 850.1-ci maddəsi üzrə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Göründüyü kimi cavabdeh tərəfindən göstərilən maddənin tələbləri pozulmuş, müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etməmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcə ləsinin 445.7-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə ilik beş faizin ödənilməsini tələb edə bilər. Belə ki, Mülki Məcəlləsinin sözügedən maddəsinə əsasən gecikdirilmiş vaxt üçün ilik 5% məbləğində hesablanmaqla 1387.06 (bir min üç yüz səksən yeddi manat, altı qəpik) pul hesablanmışdır. Həmçinin məhkəmə xərci olaraq dövlət rüsumu 149.51 manat (iddia ərizəsinin verilməsinə görə 135.92 manat + müvəqqəti təminat tədbirinə dair ərizənin verilməsinə görə 13.59 manat =149.51 manat dövlət rüsumu) təşkil edir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 445.7-ci maddələrinə istinad olunmuşdur.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd edilənləri müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları

6. İş materiallarında olan:

7. Cavabdeh MMC (Sifarişçi) ilə İddiaçı MMC (İcraçı) arasında bağlanmış xx.xx.2023-ci il tarixli, 01/23 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqaviləsinə əsasən icraçı daşıyıcı xidmət haqqı müqabilində Sifarişçinin sərancamında olan yükləri (bundan sonra “Yük” adlandırılacaq) Sifarişçidən və ya Sifarişçinin təyin etdiyi digər şəxsdən qəbul etməyi, göstərilən təyinat yerinə yükün həcmindən asılı olaraq müxtəlif ölçülü yük avtomobili nəqliyyatı ilə daşımağı və Sifariçinin özünə və ya onun təyin etdiyi digər yük alana çatdırmağı (bundan sonra “Xidmət” və ya “Xidmətlər” adlandırılacaq) öhdəsinə götürür, Sifarişçi isə bunun müqabilində Daşıyıcıya xidmət haqqını bu Müqavilə və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı Əlavəsinə (bundan sonra “Əlavə 01” adlandırılacaq) uyğun olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən Daşıyıcı Sifarişçinin sifarişi əsasında Sifarişçiyə həmçinin Evakuasiya xidməti, fəhlə xidməti; usta xidməti; təmizlik xidməti; anbar xidməti; dezinfeksiya xidmətləri də təqdim edə bilər. Müqavilənin 5.1-ci bəndinə əsasən hər bir daşımanın və ya əlavə xidmətin dəyəri daşıma məsafəsindən və daşıma obyektinin növündən, ölçülərindən, əlavə xidmətin xüsusiyyətlərindən asılı olaraq, bu Müqavilənin tərkib hissəsi olan Tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskurantı (Əlavə 01) ilə müəyyən edilir. Müvafiq qiymətlərin sifarişi qəbul edilməmiş xidmətlər üzrə Daşıyıcı tərəfindən 15 gün öncədən bildiriş verməklə birtərəfli qaydada dəyişdirilməsi halı istisna olmaqla, sifarişi qəbul edilmiş xidmət üzrə qətidir və birtərəfli qaydada dəyişdirilə bilməz. Tərəflər razılaşır ki, icra edilmiş xidmətlərə görə ödəniş zamanı Manatın 10%-i ötən devalvasiyası müşahidə edilərsə, hesablanmış həmin fərq məbləği Sifarişçi tərəfindən Daşıyıcıya əlavə olaraq ödəniləcəkdir. Müqavilənin 5.4-cü bəndinə əsasən Sifarişçi tərəfindən ödəmədə gecikmə olarsa, xidmətin icra olunduğu gündən etibarən hər gecikən gün üçün qalıq borcun 1%-i (bir) miqdarında dəbbə pulu hesablanacaqdır.

8. Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023cü il tarixli aktlardan görünür ki, müvafiq olaraq 5920, 2100 və 4200 manat dəyərində yük iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və təhvil aktları tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. EBDK seriyalı, 102033 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 5920 manat EBDK seriyalı, 259540 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2100 manat EBDK seriyalı, 417616 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 4200 manat məbləğində göstərilmiş yükdaşıma xidmətinin dəyəri İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmiş, eyni zamanda xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 4200 manatdan 620 manat ödənilmiş və 3580 manat borc qalmışdır.

10. İddiaçı MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin əsas borcu 11600 manat, cərimə borcu 101255,60 manat, illik 5% hesablanmış məbləğ 1387,06 manat təşkil edir.

11. Müşayiət məktubundan görünür ki, xx.xx.2025-ci il tarixədək iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 42550 manat xidmət göstərilmiş və cavabdeh tərəfindən 30950 manat xidmət haqqı ödənilmişdir. Qalıq borc isə 11600 manat təşkil edir.

12. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, 11600 manat borcun 3 iş günü ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

13. 10.12.2025-ci il tarixli **********73 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə 136 manat dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

15. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

16. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

18. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

19. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır.

20. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

21. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

22. 850-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.

23. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.

24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

Məhkəmə baxışının hədləri

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

29. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

32. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında daşıma müqaviləsi üzrə öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-ci il tarixli, 01/23 saylı yükdaşıma müqaviləsi imzalanmışdır. Müqaviləyə və müqavilə üzrə sifarişçinin verdiyi sifarişlərə əsasən daşıyıcı sifarişçiyə daşıma xidmətləri təqdim etmiş, sifarişçi isə bu xidmətlərin müqabilində müvafiq ödənişləri ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı cavabdehin sifarişləri əsasında müvafiq daşınma xidmətlərini həyata keçirsə də, cavabdeh daşınmanın haqqını iddiaçıya tam ödəməmişdir. Cavabdehin iddiaçıya daşınmaya görə borcunun olması iş materiallarına əlavə edilmiş, təhvil-təslim aktları, elektron qaimələr, eyni zamanda xx.xx.2023-cü il tarixli elekton qaimə üzrə edilmiş qismən ödənişlə (620 manat) öz təsdiqini tapır. Çünki mübahisə yaranan dövr və ondan sonrakı müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmışdır ki, iddiaçı tərəfindən daşınma xidməti ilə bağlı verilmiş e-qaimələr əsasında cavabdeh tərəfindən müxtəlif ödənişlər edilmişdir. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının MM-in 850-ci maddəsinə əsasən cavabdehdən müqavilə üzrə daşımanın haqqını tələb etmək hüququ vardır və onun tələbi haqlıdır.

33. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, daşınma haqqı olaraq 11600 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, tələbin haqlı olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 11600 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

34. Bununla yanaşı iddiaçı tələbində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehdən əsas borca hesablanmış 2320 manat dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür.

35. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

36. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq alqı-satqı müqaviləsi üzrə 580 manat müəyyən olunmalıdır.

37. Həmçinin iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 1387.06 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir.

38. Bununla bağlı məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildəşərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir.

39. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıdakı mövqeyindən aydın olur ki, borclu müqavilə üzrə pul məbləğinin ödənilməsini gecikdirdikdə, kreditor qanundan irəli gələrək minimum təminat kimi illik 5% əldən çıxmış faydanın ödənilməsini tələb edə bilər.

40. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini 2 ildən artıq gecikdirdiyinə görə(elektron qaimənin verildiyi tarixdən maliyyə arayışının təqdim edildiyi tarixədək) iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır və onun həmin tələbi haqlıdır. Məhkəmə iddiaçının maliyyə arayışında göstərdiyi əsaslandırma ilə razılaşaraq hesab edir ki, iddia tələbi həmin hissədə də təmin olunmalı və əldən çıxmış fayda formasında zərərə görə 1387,06 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

41. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 136 manat dövlət rüsumunun 120,50 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-ci il tarixli müqavilə üzrə 11600 (on bir min altı yüz) manat əsas borc, 580 (beş yüz səksən) manat cərimə borcu, illik 5 faiz məbləğində əldən çıxmış fayda qismində zərərə görə 1387.06 (min üç yüz səksən yeddi manat altı qəpik) manat pul vəsaiti olmaqla, ümumilikdə 13567,06 (on üç min beş yüz altmış yeddi manat altı qəpik) manat pul vəsaiti və ödənilmiş 120,50 (yüz iyirmi manat əlli qəpik) dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar