Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10243/2025 27.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, alqı-satqı ) Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İ.İşin halları:
1. "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 14 may 2025-ci il tarixli, AZL 200-25 saylı “Yanacağın alqı-satqı” müqaviləsi üzrə yaranmış 9209.75 (doqquz min iki yüz doqquz manat yetmiş beş qəpik) manat məbləğində pulun və 113,00 (bir yüz on üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 9322,75 (doqquz min üç yüz iyirmi iki manat yetmiş beş qəpik) manat pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında 14 may 2025-ci il tarixli, AZL 200-25 saylı “Yanacağın alqı-satqı” müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndində əsasən, Satıcı dövlət standartlarına cavab verən dizel yanacağın Alıcıya satışını, Alıcı isə yanacağın dəyərini satıcıya ödəməyi öz öhdələrinə götürürlər. Sözügedən müqavilə üzrə xx.xx.2025-ci il tarixində, Cavabdeh MMC-yə dəyəri 9209.75 (doqquz min iki yüz doqquz manat yetmiş beş qəpik) manat (ƏDV daxil) olan 9350 litr dizel yanacağı satılmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, dizel yanacağının qiyməti ƏDV, nəqliyyat və əməliyyat xərcləri daxil olmaqla hər 1000 (bir min) litr üçün Alıcının Quba rayonu, Qaraçay kəndində yerləşən ərazisinə çatdırıldığı təqdirdə - 985 (doqquz yüz səksən beş) manat təşkil edir. Tərəflər arasında imzalanmış 000001 saylı, xx.xx.2025-ci il tarixli X2 əsasən 9209.75 (doqquz min iki yüz doqquz manat yetmiş beş qəpik) manat (ƏDV daxil) olan 9350 litr dizel yanacağı Alıcıya təhvil verilmiş və yanacaq Alıcı tərəfindən təhvil alınmışdır. Lakin, həmin yanacağın dəyərini təşkil edən 9209.75 (doqquz min iki yüz doqquz manat yetmiş beş qəpik) manat (ƏDV daxil) Cavabdeh MMC tərəfindən Şirkətimizə ödənilməmiş və bununla da aramızda bağlanmış müqavilənin 3.2.1-ci bəndi kobud şəkildə pozulmuşdur. Həmin məsələ ilə bağlı cavabdeh şirkətlə müqavilənin 4.7-ci bəndinin tələblərinə uyğun olaraq danışıqlar aparılmış, cavabdeh şirkətin ünvanına xx.xx.2025-ci il tarixli, 11-2051 saylı pretenziya məktubu göndərilmiş, həmin pretenziya məktubu xx.xx.2025-ci il tarixində cavabdeh təşkilat tərəfindən qəbul edilmişdir. Həmçinin həmin pretenziya məktubu onlayn kargüzarlıq vasitəsi ilə cavabdehə göndərilmiş, elektron məhkəmə sistemi vasitəsi ilə cavabdeh təşkilata pretenziya göndərilməsi cəhdi uğursuz alınmış, belə ki müvafiq sistemdə cavabdeh təşkilata məxsus VÖEN – ********** aşkar edilməmişdir. İstər fiziki, istərsə də onlayn kargüzarlıqla pretenziya məktubları göndərilməsinə baxmayaraq müraciətlərimizə cavabdeh tərəfindən heç bir münasibət bildirilməmiş və borc pul ödənilməmişdir. Göründüyü kimi, cavabdeh təşkilat müqavilə üzrə öhdəliklərini yerinə yetirməməməklə bizə olan borcunu ödəməkdən yayınır. Bu səbəbdən də, "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 14 may 2025-ci il tarixli, AZL 200-25 saylı “Yanacağın alqı-satqı” müqaviləsinə əsasən yaranmış 9209.75 (doqquz min iki yüz doqquz manat yetmiş beş qəpik) manat məbləğində borcun məhkəmə qaydasında qaytarılmasını tələb etmək məcburiyyəti yaranmışdır. Belə ki, aramızda bağlanmış müqavilənin 4.7 -ci maddəsinə əsasən bütün mübahisələr tərəflər arasında aparılan danışıqlar yolu ilə həll olunur. Razılaşmanın əldə olunması mümkün olmadığı halda mübahisələr Azərbaycan Respublikasının aidiyyəti məhkəmə orqanları tərəfindən həll olunur. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron çıxarışdan görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 1ənzil 478-dir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə istinad olunmuşdur.
4. MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
5. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
6. MPM-nin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
7. Məhkəmə təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
İİ.Tədqiq olunan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki halları
8. İş materiallarında olan:
9. Müqaviləyə əsasən İddiaçı MMC “Satıcı”, Cavabdeh MMC “Alıcı” olmaqla tərəflər arasında AZL 200-25 nömrəli, 14 may 2025-ci il tarixli “Yanacağın alqı-satqı” müqaviləsi imzalanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” dövlət standartlarına cavab verən dizel yanacağının “Alıcı”ya satışını, “Alıcı” isə yanacağın dəyərini Satıcıya qabaqcadan ödəməyi öz öhdələrinə götürürlər. Müqavilənin 1.2-ci bəndinə əsasən yanacağın adı, ölçü vahidi, bir ölçü vahidinin qiyməti, miqdarı və məbləği bu müqavilənin ayrılmaz hissəsi olan hesab-fakturalarda göstərilir. Müqavilənin 2.1-ci bəndinə əsasən Dizel yanacağının qiyməti ƏDV, nəqliyyat və əməliyyat xərcləri daxil olmaqla hər 1000 (bir min) litr üçün: Alıcının Quba rayonu, Qaraçay kəndində yerləşən ərazisinə çatdırıldığı təqdirdə - 985 (doqquz yüz səksən beş) manat təşkil edir. Müqavilənin 2.2-ci bəndinə əsasən yanacağın satışı əvvəlcədən ödəniş qaydası ilə aparılır və Yanacağa mülkiyyət hüququ sonuncu Alıcı tərəfindən faktiki qəbul edilən an Alıcıya keçir. Yanacağın dəyəri Alıcının yanacağı faktiki qəbul etdiyi vaxt mövcud olan qiymətlər əsasında hesablanır. 2.3 və 2.4-cü bəndinə əsasən satıcı tərəfindən təqdim olunmuş hesab-fakturaya əsasən ödəniş Satıcının hesabına daxil olduqdan sonra Alıcının tələbi ilə sonuncuya Satıcının anbarında faktiki mövcud olan yanacağın həcmi imkan verdiyi miqdarda Yanacaq verilir. Yanacaq Satıcının neft bazasından Satıcının nəqliyyat vasitəsi ilə və Satıcının hesabına nəql edilir. 3.2.1-ci bəndinə əsasən Alıcı Yanacağın dəyərini tam şəkildə Satıcı tərəfindən təqdim edilmiş hesab - faktura əsasında əvvəlcədən ödəyir. 5.3-cü bəndinə əsasən Müqavilə imzalandığı tarixindən qüvvəyə minmək şərti ilə 31 dekabr 2025-ci il tarixinə qədər bağlanılır. Tərəflərin qarşılıqlı razılığı ilə qeyd olunan müddət uzadıla bilər. 10.Tərəflər arasında imzalanmış 000001 saylı, xx.xx.2025-ci il tarixli X1 görünür ki, 9209.75 (doqquz min iki yüz doqquz manat yetmiş beş qəpik) manat (ƏDV daxil) olan 9350 litr dizel yanacağı Alıcıya təhvil verilmiş və yanacaq Alıcı tərəfindən təhvil alınmışdır.
11. MT2505 seriyalı, 11609220 nömrəli, xx.xx.2025-ci il tarixli elektron qaiməyə əsasən 9209,75 manat dəyərində dizel yanacağı (Əməliyyat və nəqliyyat xərcləri daxil) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.
12. 26 noyabr 2025-ci il tarixli, 11-2051 saylı pretenziya məktubundan görünür ki, cavabdehdən 9209,75 manat borc məbləğinin 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
13. 05.12.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 113 manat dövlət rüsumu ödəmişdir. İİİ.Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
15. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
17. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
18. 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
20. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
21. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
23. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
24. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
İV.Məhkəmə baxışının hədləri
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
26. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
29. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
31. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V.Məhkəmənin mövqeyi
32. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə dizel yanacağınıı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş dizel yanacağının dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Bu fakt X3 ilə də öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir.
33. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etməyərək təhvil aldığı malın dəyərini, yəni 9209,75 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının satdığı malın dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini nəzərə alaraq hesab edirəm ki, iddia tələbi əsaslıdır, buna görə də 9209,75 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
34. Tədqiq edilən sübutlar əsasında müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə tərtib edilən X2 görə cavabdehin 9209,75 manat borcu yaranmışdır.
35. Odur ki, cavabdeh müqavilə üzrə malın dəyərini vaxtında ödəməyərək öhdəliyini lazımi qaydada icra etməmişdir və borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
36. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 113 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Vİ.Nəticə
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 357, 360-cı maddələrini rəhbər tutaraq,
QƏT ETDİM: İddia təmin edilsin. 14 may 2025-ci il tarixli, AZL 200-25 saylı “Yanacağın alqı-satqı” müqaviləsi üzrə yaranmış 9209,75 (doqquz min iki yüz doqquz manat yetmiş beş qəpik) manat məbləğində bоrc və ödənilmiş 113 (yüz on üç) manat dövlət rüsumunun əvəzi Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İlkin Əliyev