Məhkəmə qərarları › İş №e-2-2(113)-10275/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-10275/2025

06.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10275/2025 06.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 25 yanvar 2023-cü il tarixli müqavilə üzrə borc qismində 5.314 manat 63 qəpik məbləğində pul vəsaitinin, həmçinin ərizənin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 73 manat 15 qəpik məbləğində pul vəsaitinin tutularaq iddiaçı “X1” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, “X1” MMC ilə Cavabdeh QSC arasında bağlanmış 25 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən sonuncuya elektron qaimələr üzrə 26.739 manat 66 qəpik dəyərində mal təqdim olunmuşdur. Müqavilə öhdəlikləri üzrə 2024-cü il ərzində Cavabdeh QSC tərəfindən “X1” MMC-nin bank hesabına 16.438 manat 69 qəpik, ƏDV depozit hesabına isə 2.958 manat 97 qəpik və 27 manat 37 qəpik avans olmaqla cəmi 19.425 manat 03 qəpik ödəniş edilmiş və nəticədə 11 avqust 2025-ci il tarixə Cavabdeh MMC-niniddiaçı “X1” MMC-yə 7.314 manat 63 qəpik borcu yaranmışdır. Yaranmış borcunu ödəməsinə dair dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Buna görə də Azərbaycan Respublikası MPMnin tələbləri baxımından mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsi məqsədilə cavabdehə borc məbləğini 21 avqust 2025-ci il tarixinədək ödəməsi təklif olunmuşdur. Bundan sonra cavabdeh 12 və 21 avqust 2025-ci il tarixlərində iddiaçının bank hesabına müvafiq olaraq hər dəfə 1.000 manat ödəməklə, müqavilə üzrə yaranmış borc məbləğindən cəmi 2.000 manat ödəniş etmiş və bununla da həmin tarixə borcu 5.314 manat 63 qəpik təşkil etmişdir. Sonradan cavabdeh yenə də öhdəliyini icra etməkdən yayındığından görə 11 oktyabr 2025-ci il tarixdə ikinci dəfə ona pretenziya qaydasında xəbərdarlıq məktubu göndərilərək yuxarıda qeyd edilən 5.314 manat 63 qəpik məbləğində borcunu 11 noyabr 2025- ci il tarixədək ödəməsi təklif olunmuş, lakin cavabdeh öhədliyini icra etməmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(4-11)-10275/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair kommersiya işinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır

II. Tərəflərin mövqeləri:

4. Tərəflərə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər.

5. İddiaçı məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini, təqdim edilmiş üzləşmə aktına əsasən iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MMC (satıcı) Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti (alıcı) arasında 25 yanvar 2023-cü il tarixli 02/23 saylı müqavilə bağlanmışdır.

11. Müqavilənin 1.1-ci bəndinə əsasən bundan sonra mallar adlandırılacaq avadanlığı, materialları və/və yaxud xidmətləri bu müqavilənin tərkib hissələri sayılan əlavələrdə göstərilmiş texniki xarakteristikalara, miqdarlara və qiymətlərə uyğun satıcı alıcıya təchiz etməyi, alıcı isə onları qəbul edib, qiymətini satıcıya ödəməyi öz öhdəsinə götürür.

12. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

14. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan "xxxx" MMC-nin üzərinə düşür.

15. İş materiallarından görünür ki, iddiaçı tərəfindən malların verilməsinə dair göndərilmiş elektron qaimələr cavabdeh tərəfindən təsdiq edilərək, ödənişlər edilmişdir.

16. Hazırda iddiaçı cavabdehin 5.314,63 manat məbləğində borcunu qaldığını bildirərək, iddiaçını xeyrinə tutulmasını xahiş edir.

17. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq mallar verilmiş, cavabdehin də, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.

18. Məhkəmənin hazırlıq iclasında (xx.xx.2026-cı il tarixli) iştirak edən cavabdehin nümayəndəsi iddianın 4.954,76 manat hissəsi ilə razı olduğunu bildirmişdir.

19. Belə ki, cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli üzləşmə aktına əsasən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin İddiaçınə 4.954,76 manat məbləğində borcu olduğunu tərəflər öz imza və möhürləri ilə təsdiq etmişlər.

20. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində qismən təmin olunmalı, 4.954,76 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

21. Bundan başqa məhkəmə hesab edir ki,iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69,55 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

22. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. VI. Nəticə:

23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 4.954 (dörd min doqquz yüz əlli dörd) manat 76 (yetmiş altı) qəpik məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 69 (altmış doqquz) manat 55 (əlli beş) qəpik məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar