Məhkəmə qərarları › İş №e-2-2(113)-10291/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-10291/2025

19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10291/2025 19.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik mübahisələr üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 863.21 manat dəyərində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Sabirabad Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 14/22-111 saylı alğı-satqı müqaviləsinə əsasən Sabirabad rayonu, Azadkənd kəndi ərazisində yerləşən 1.75 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh, iddiaçıdan 2796.36 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında; 76.00 manat məbləğində 1-ci şum, 115.20 manat məbləğində 2-ci şum, 115.60 manat məbləğində mala, 60,20 manat məbləğində çiyid səpini, 123.20 manat məbləğində kultivasiya, 42.50 manat məbləğində gübrə ilə kultivasiya, 48.00 manat məbləğində boroza gübrə ilə, 150.00 manat məbləğində kombaynla 1-ci üz pambıq yığımı, 225.00 manat məbləğində 2-ci üz kombaynla pambıq yığımı, 819.00 manat məbləğində gübrə/dərman, 348.16 manat məbləğində çiyid toxumu, avans olaraq alaq təmizləmə, suvarmaya 550.00 manat, cəmi: 2796.36 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. “Cavabdeh” müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da 1933.15 manat məbləğində 2433.38 kq xam-pambıq təhvil vermiş, bununla “İddiaçıya” 863.21 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh, iddiaçıya olan borcunu tam ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması hər iki tərəfin imzası ilə təsdiq edilmiş iş və xidmətlərin görülməsi barədə xx.xx.2023-cü il tarixli akt (üzləşmə aktı), qaimə, ödəmə tapşırıqları və digər sənədlərlə təsdiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2025-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, materiallarında olan: Cavabdeh tərəfindən 28 noyabr 2021-ci il tarixdə İddiaçı MMC-nin Sabirabad filialının direktoru Xalid Məmmədova ünvanlanmış müraciətindən (ərizə) görünür ki, 2022ci ilin təsərrüfat ilində ona məxsus olan 1,75 ha pay torpağında pambıq əkmək üçün (icarə əsasında götürdüyü) bütün aqrotexniki tədbirləri və müqavilə öhdəlikləri yerinə yetirməklə, xam pambığın yayındırılmamasına və yalnız İddiaçı MMC-nin Sabirabad filialına təhvil verməklə aqrotexniki tədbirlər üçün nəzərdə tutulan vəsaitin təyinatı üzrə istifadə olunmasına, yığım mövsümü başa çatanadək aəkin sahələrin qorunub saxlanılmasına, pambıq əkini üçün nəzərdə tutulan tələblərin optimal müddətdə və keyfiyyətdə aparılmasını və xam pambığın keyfiyyətlə təhvil verilməsini həyata keçirmək məqsədi ilə onunla müqavilə bağlanılmasını xahiş etmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 14/22-111 saylı müqavilədən görünür ki, cavabdeh Kazımov X1 rayonu, Azadkənd kəndi ərazisində yerləşən 1.75 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu İddiaçı MMC-yə satmağı öhdəsinə götürmüşdür. İddiaçı MMC-nin Sabirabad filialının direktoru, baş mühasibi, mexanik-dispetçeri və (fermer) Cavabdeh tərəfindən imzalanmış iş və xidmətlərin yerinə yetirilməsi haqqında xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, müxtəlif vaxtlarda şum, mala, çiyid səpini və sair xidmətlərin göstərilməsi üçün, ümumilikdə 2796,36 manat məbləğin pul vəsaiti İddiaçı MMC tərəfindən (fermer) Cavabdeh ödənilmiş, fermerdən isə alınmış xam pambıq və fermer tərəfindən dərman və gübrə üçün ödənilmiş subsidiyanın məbləği 1933,15 manat təşkil etmiş, yekun olaraq isə 863,21 manat məbləğində pul vəsaiti fermer tərəfindən ödənilməmiş qalmışdır. xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avans ödənişləri cavabdehə vermiş, lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdeh müqavilənin şərtlərini pozaraq mövsümün başa çatmasına baxmayaraq 193,15 manat dəyərində 2433,38 kq xam-pambıq təhvil versə də, ödənilməmiş 863,21 manat məbləğində pul öhdəliyi yaranmışdır. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia təmin edilməli və Cavabdeh xx.xx.2021-ci il tarixli, 14/22-111 saylı müqavilə üzrə 863,21 (səkkiz yüz altmış üç manat 21 qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddianın qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu tutulur. İddia təmin edildiyindən hesab edirəm ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 14/22-111 saylı müqavilə üzrə 863,21 (səkkiz yüz altmış üç manat 21 qəpik) manat məbləğində əsas borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 893,21 (səkkiz yüz doxsan üç manat 21 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Şirkətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar