Məhkəmə qərarları › İş №e-2-2(113)-10305/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-10305/2025

09.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10305/2025 09.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədova Gülnarə Malik qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndan yaranmış 25919,67 (iyirmi beş min doqquz yüz on doqquz manat, altmış yeddi qəpik) manat əsas borcun və dövlət rüsumu kimi ödənilmiş 167.76 (yüz altmış yeddi manat yetmiş altı qəpik) manat pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdehilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 388a saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı Əlavə olan Spesifikasiya aktında adları qeyd olunan malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 9.1-ci bəndinə əsasən, bu Müqavilə bağlandığı andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Tərəfimizdən üzərimizə götürdüyümüz öhdəliklər tamamilə icra olunsa da, Cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən, ödəmə bank köçürməsi və ya nağd hesablaşma yolu ilə Malların Alıcıya təhvil verildiyi gündən 30 gün ərzində Alıcı tərəfindən həyata keçirilir. Lakin Alıcı müqavilənin şərtlərini kobud şəkildə pozaraq aldığı malların dəyərini bu günədək ödəməmişdir Müqaviləyə uyğun olaraq cavabdehin sifarişi ilə müəyyən olunan mallar vaxtında və tam şəkildə ona təhvil verilmişdir. Alqısatqı münasibətlərinin yekununda müştərinin qalıq debitor borcunun müəyyənləşdirilməsi məqsədilə Cavabdehnun və iddiaçının səlahiyyətli nümayəndələrinin iştirakı ilə “üzləşdirmə aktı” tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli “üzləşdirmə aktı”na əsasən, Cavabdeh MMC-nin "xxxx" MMC-yə 25919,67 (iyirmi beş min doqquz yüz on doqquz manat, altmış yeddi qəpik) manat məbləğində qalıq borcunun olduğunu etiraf edərək, tərəflərin imzası ilə təsdiqlənmişdir. Müqavilənin 8.1-ci maddəsinə uyğun olaraq məsələni həll etmək məqsədilə dəfələrlə tərəfimizdən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Eyni zamanda xx.xx.2025-ci il tarixində cavabdehə pretenziya məktubu göndərilərək qalıq borcun ödənilməsi tələb olunsa da, münasibətlərin qaydaya salınması məqsədilə heç bir addım atılmamışdır. Beləliklə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Cavabdeh müəssisədən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə "xxxx" MMC-ə 25919,67 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Eyni zamanda, xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin adı dəyişdirilərək, İddiaçı adlandırılmışdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) müvafiq maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır. II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Bundan əlavə bildirmişdir ki, iddiaçı istehsal etdiyi tikinti materiallarını cavabdehə satmışdır.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

7. Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 388a nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən satıcı müqaviləyə 1 saylı əlavədə adları göstərilən malları satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Satıcı öncədən daxil olmuş sifarişlərə uyğun olaraq, 3-5 təqvim günü ərzində razılaşdırılmış çeşiddə və miqdarda malı alıcının özünə və səlahiyyətli nümayəndəsinə təhvil verməli idi. Malların təhvil-təslimi satıcının anbarında həyata keçirilməli, malların alıcıya təhvil verilməsi üzləşdirmə aktı, qaimə-faktura və ya elektron qaimə-faktura ilə təsdiq edilməli, bu sənədlərin hər biri ayrı-ayrılıqda bərabər hüquqi qüvvəyə malik olmaqla öhdəliyin icrasını təsdiq edən sənəd kimi çıxış etməli idi. Mallar alıcıya təhvil verildiyi gündən 30 gün ərzində bank köçürməsi və ya nəğd qaydada hesablaşma aparılmalı idi. Alıcı malların dəyərini müəyyən edilmiş müddət ərzində ödəmədiyi halda hər gecikdirilən gün üçün, malların ödənilməyən dəyərinin 0.1 faizi məbləğində cərimə ödəməli idi.

8. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin reyestr məlumatından və MMC-nin Nizamnaməsindən müəyyən edilir ki, "xxxx" MMC kimi xx.xx.2004-cü ildə qeydiyyata alınmış qurumun əvvəlki adı "xxxx", hazırki adı isə təsisçinin xx.xx.2025-ci il tarixli qərarına əsasən İddiaçı adlandırılmışdır.

9. "xxxx" MMC ilə Cavabdeh MMC arasında hər iki tərəfin möhürü ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli hesablaşmaların qarşılıqlı üzləşdirmə haqqında AKT-na görə alıcı borcunun 25919.67 manat olduğunu təsdiq etmişdir. Daha sonra İddiaçı MMC ilə də xx.xx.2025-ci il tarixdə eyni məzmunlu Üzləşdirmə AKT-ı tərtib edilmiş, xx.xx.2023-cü ilxx.xx.2025-ci il dövrü üzrə cəmi 25919.67 manat borcu olduğunu alıcı bir daha təsdiq etmişdir. IV.Tətbiq edilən maddi hüquq normaları:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

11. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

12. 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

13. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

14. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

15. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. V. Tətbiq edilən prosessual normalar:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

17. 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

18. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

20. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

22. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

27. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. VI. Məhkəmənin əsaslandırması:

28. Tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Lakin satıcı müqavilə üzrə öhdəliyini icra etsə də, alıcı öhdəliyini pozmuşdur. Hansı ki, tərəflər arasında bağlanmış üzləşdirmə aktlarına görə alıcı öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış borc məbləğini qəbul edir. Odur ki, iddiaçının Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının tələbi baxımından müqavilədən irəli gələn öhdəliyin icra edilməsini tələb etmək hüququ əsaslıdır və sübutlarla təsdiq edilən 25919.67 manat vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri ilə bağlı

29. İddianın verilməsi üçün iddiaçı tərəfindən 167,76 manat dövlət rüsumu ödənilmişdir və iddia tam təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. VII. Nəticə:

30. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, 25919,67 manat məbləğində borc və 167,76 manat dövlət rüsumunun əvəzi Cavabdehndən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2023-cü tarixli, 388a saylı alqı-satqı müqaviləsi üzrə 25919,67 (iyirmi beş min doqquz yüz on doqquz manat altmış yeddi qəpik) manat məbləğində borc və 167,76 (yüz altmış yeddi manat yetmiş altı qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar