Məhkəmə qərarları › İş №e-2-2(113)-10337/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-10337/2025

25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10337/2025 25.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ (açar sözlər: lizinq müqaviləsi, pul tələbi, dəbbə pulu, vəkil xərcinın ağlabatanlığı) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədova Gülnarə Malik qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC (sonradan "xxxx") ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli “152-L/13” nömrəli müqavilənin ləğv edilməsi, Cavabdeh2 iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə xx.xx.2013-cü il tarixli “152-L/13” nömrəli müqavilə üzrə 4 727 (dörd min yeddi yüz iyirmi yeddi manat 00 qəpik) manat qalıq borc, 7 870,49 (yeddi min səkkiz yüz yetmiş manat 49 qəpik) manat cərimə borcu olmaqla, cəmi 12 597,49 (on iki min beş yüz doxsan yeddi manat 49 qəpik) manat borcun və hüquqi yardım üçün ödənilmiş 576,28 manat (beş yüz yetmiş altı manat 28 qəpik) pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC (sonradan "xxxx") iləCavabdeh2 arasında xx.xx.2013-cü il tarixli “152-L/13” nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Müqavilələrə əsasən lizinq verən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikaları Lizinq alan Cavabdeh2 lizinqə vermişdir. Müqavilə şərtlərinə əsasən Lizinq alan ödəniş qrafiki üzrə lizinq məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin lizinq alan - hazırkı cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq ödəniş qrafiki üzrə ödənişləri icra etməmişdir. Nəticədə Cavabdeh2 xx.xx.2013-cü il tarixli “152-L/13” nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 4 727 (dörd min yeddi yüz iyirmi yeddi manat 00 qəpik) manat qalıq borc, 7 870,49 (yeddi min səkkiz yüz yetmiş manat 49 qəpik) manat cərimə borcu olmaqla, cəmi 12 597,49 (on iki min beş yüz doxsan yeddi manat 49 qəpik) manat borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uygun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarında saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 8-ci bəndinə əsasən müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqlarının həlli danışıqlar yolu ilə mümkün olmadıqda tərəflər Lizinq verənin yerləşdiyi ərazi üzrə aidiyyatı məhkəmələrə müraciət edə bilərlər. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli 1137 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) adlandırılmış, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanındaAqrar Kredit və İnkişaf Agentliyinə(bundan sonra ‒ Agentlik) keçmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumunu ödəməkdən azaddır. Hazırkı iş üzrə hüquqi yardım göstərilməsi, iddia tələblərinin irəli sürülməsi və məhkəmədə müdafiə edilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə "xxxx" MMC arasında hüquq xidmətlərinin satınalınması müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən hər bir iş üzrə hüquqi yardım xidmətinin qiyməti 576,28 manat müəyyən edilmişdir. Həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli “152-L/13” nömrəli müqavilə üzrə 4 301 (dörd min üş yüz bir manat 00 qəpik) manat qalıq borcun, 7 870,49 (yeddi min səkkiz yüz yetmiş manat 49 qəpik) manat cərimə borcunun və hüquqi yardım üçün ödənilmiş 576,28 (beş yüz yetmiş altı manat 28 qəpik) manat pul vəsaitinin Cavabdeh2 iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, bütün sübutları məhkəməyə elektron qaydada təqdim etdiyini və məhkəmə baxışının iştirakı olmadan keçirilib iş üzrə yekun qərarın qəbul edilməsini xahiş etmş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları

6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh2 arasında bağlanmış xx.xx.2013 il tarixli 152-L/13 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 31.600 manat olan (1 ədədinin ilkin qiyməti 29.000 manat olan Traktor MTZ-89.2 və 1 ədədinin ilkin qiyməti 2.600 manat olan Kotan KR-14(AG-14-4)) kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən 3.160 manat məbləği əvvəlcədən Lizing verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən ödənişlər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir.

7. Müqavilə lizinq verənin imzası və möhürü, lizinq alanın isə imzası ilə təsdiq edilmişdir.

8. xx.xx.2013 il tarixli 152-L/13 saylı lizinq müqaviləsinə 01 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən Traktor MTZ-89.2 texnikası üzrə 2014-cü ilin hər rübündə 1000 manat, 2015-ci ilin hər rübündə 950 manat, 2016-cı ilin hər rübündə 900 manat, 2017-ci ilin hər rübündə 850 manat, 2018-ci ilin hər rübündə 800 manat, 2019-cu ilin hər rübündə 700 manat, 2020-ci ilin hər rübündə 650 manat, 2021-ci ilin hər rübündə 675 manat lizinq ödənişləri edilməli, Kotan KR-14(AG-14-4) texnikası üzrə 2014-cü ilin hər rübündə 300 manat, 2015-ci ilin İ və İİ rüblərində 300 manat, İİİ rübündə 290 və İV rübündə 250 manat, ödənilməlidir. Ümumilikdə lizing alan ödəniş qrafiki üzrə 28440 manat (ilkin ödənilən 3160 manat nəzərə alınmaqla) ödəməlidir. Əlavə lizinq verənin imzası və möhürü, lizinq alanın isə imzası ilə təsdiq edilmişdir.

9. 19 mart 2013-cü il tarixli təhvil-təslim aktından görünür ki, Traktor MTZ-89.2 və Kotan KR- 14(AG-14-4) texnikaları lizing alana təhvil verilmişdir. Təhvil-təslim aktı lizinq verənin imzası və möhürü, lizinq alanın isə imzası ilə təsdiq edilmişdir.

10. 03.11.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2013 il tarixli, 152-L/13 saylı lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh2 gecikdirilmiş borcu 4.727 manat, cərimə borcu 7.870,49 manat olmaqla, cəmi 12.597,49 manat təşkil edir.

11. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehə lizinq müqavilələri üzrə gecikdirilmiş borcu 4.727 manat, cərimə borcu 7.870,49 manat olmaqla, cəmi 12.597,49 manat borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

12. Məhkəmə-hüquq xidmətlərinin satın alınması haqqında fəaliyyət cədvəlindən görünür ki, məhkəmədə təmsilçiliklə bağlı hüquqi yardım xərcləri üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə göstərilən hüquqi yardım haqqının məbləği 576,28 manat müəyyən edilmişdir.

13. 21.11.2025-ci il tarixli Vəkil Orderindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Vəkil ilə xx.xx.2025-ci il tarixdə hüquqi xidmət göstərilməsi barədə müqavilə bağlanmışdır.

14. MT2511 seriyalı, 11948625 nömrəli, xx.xx.2025-ci il tarixli elektron qaiməyə əsasən 300 manat dəyərində hüquqi xidmət ödəniş üçün Bakı şəhəri 22 saylı Vəkil Bürosu tərəfindən "xxxx" MMC-yə təqdim edilmişdir.

15. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən göstəriləcək hüquqi yardımlara görə 8 ədəd elektron qaimə üzrə (hər biri 300 manat olmaqla) 2400 manat məbləğində pul vəsaiti Bakı şəhəri 22 saylı Vəkil Bürosunun bank hesabına köçürülmüşdür.

16. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir.

17. İddiaçının nümayəndəsi və vəkilinin xx.xx.2026-cı il tarixdə elektron məhkəmə sisteminə əlavə etdiyi çıxarışdan görünür ki, cavabdeh əsas borcundan 426 manat ödəmiş və onun hazırki tarixə 4.301 manat əsas borcu vardır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

18. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

19. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2013 il tarixli, 152-L/13 saylı lizinq müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibəti yaranmışdır. "xxxx" ASC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etsə də, Cavabdeh2 lizinq ödənişlərini ödəniş qrafikinə uyğun olaraq həyata keçirməməklə lizinq müqaviləsi üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh2 xx.xx.2013 il tarixli 152-L/13 saylı saylı lizinq müqaviləsi üzrə 4.301 manat məbləğində gecikdirilmiş borcu yaranmışdır.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir.

22. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

24. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

25. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh2 mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə lizinq ödənişləri üzrə Cavabdeh2 xx.xx.2013 il tarixli 152-L/13 saylı lizinq müqaviləsi üzrə 4.301 manat borcunun yarandığını, lizinq müqaviləsində öhdəliyin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən sözügedən lizinq müqavilələri üzrə "xxxx" ASC-nin bütün hüquq və öhdəliklərinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

26. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

27. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan 7.870,49 manat dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu xx.xx.2013 il tarixli 152-L/13 saylı müqavilə üzrə 215,05 manat məbləğində müəyyən edilməlidir.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 xx.xx.2013 il tarixli 152-L/13 saylı müqavilə üzrə 215,05 manat məbləğində dəbbə pulu (cərimə) tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.

29. Vəkil yardımına görə çəkilmiş 576,28 manat xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

30. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini, mübahisənin sadəliyini, iclasların sayını nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə 576,28 manat məbləğin 320 manat olan hissəsinin cavabdehdən tutulmasını ağlabatan hesab edir.

31. Məhkəmə xərclərinə münasibətdə iddiaçının dövlət rüsumunu ödəməkdən azad edildiyini və iddianın qismən təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi üzrə 65,16 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir.

32. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. MPM-nin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

34. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən və iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən iddia ərizəsi üzrə ödənilməli olan 65,16 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2013 il tarixli 152-L/13 nömrəli müqavilə üzrə 4.301 (dörd min üç yüz bir) manat məbləğində əsas borc, 215,05 (iki yüz on beş manat beş qəpik) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 4.516,05 (dörd min beş yüz on altı manat beş qəpik) manat məbləğində pul vəsaiti, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat və dövlət rüsumunun əvəzi olaraq 65,16 (altmış beş manat on altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar