Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10351/2025 09.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, hüquqi yardım xərcinin ağlabatanlığı) Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədova Gülnarə Malik qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 15.248 manat pul vəsaitinin, 135,74 manat dövlət rüsumunun və 320,0 manat vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 10 sentyabr ET/xx/xx/2025 alqı satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 15248,0 manat nməbləğində müxtəlif mallar təqdim edilmişdir. Təqdim edilmiş mallara görə Cavabdeh MMC-nin 15248 manat borcu yaranmışdır.
3. Borclu hüquqi şəxsin öz borcunu ödəməsi üçün xx.xx.2025-ci il tarixində pretenziya məktubu elektron kargüzarlıq qaydasında göndərilmişdir.
4. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) müvafiq maddələri göstərilmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi məhkəməyə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ünvanlayaraq, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin poçt ünvanına göndərilməsinə, nümayəndəsinin mobil telefon nömrəsinə “SMS” bildirişlər göndərilməklə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 10 sentyabr 2025-ci tarixli, ET/xx/xx/2025 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən malları cavabdehə satmağı və cavabdeh isə öz növbəsində həmin mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə xx.xx.2025-ci tarixli 01 nömrəli aktla 3 müxtəlif adda mallar cavabdehə təhvil verilmiş və aktlar hər iki hüquqi şəxsin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, HF- ET001/25 saylı hesab fakturaya əsasən cavabdehin iddiaçıya olan borcu 15248 manatdır.
13. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Qiymətlərin Razılaşdırılması protokolundan görünür ki, 3 müxtəlif adda malların qiyməti ƏDV daxil 15248 manat dəyərində müəyyən edilir və protokol hər iki hüquqi şəxsin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. Həmçinin, iş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən 15.248 manat borcun pretenziya məktubu alındığı tarixdən 2 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə pul vəsaitinin tutulması məqsədilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
15. İddiaçı 10 sentyabr 2025-ci tarixli, ET/xx/xx/2025 nömrəli alqı-satqı müqaviləsi üzrə 15248 manat məbləğində pulun tutulmasını tələb edir.
16. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
17. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
19. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
20. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
21. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
22. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
23. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
25. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
26. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
27. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
28. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
29. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
30. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
31. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
32. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
33. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
34. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, 10 sentyabr 2025-ci tarixli ET/xx/xx/2025 nömrəli alqı-satqı müqaviləsi üzrə 15248 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
35. İddiaçı ödənilmiş 135,74 manat dövlət rüsumunun, 320 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
36. İş materiallarında olan ödəniş qəbzinə əsasən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixli ödəniş qəbzi ilə 135,74 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
37. Hüquqi yardımın göstərilməsi haqqında EM-1920VK-53748/25 nömrəli, xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, iddiaçıya göstəriləcək hüquqi yardıma görə haqq 320 manat razılaşdırılmışdır.
38. İş materiallarında olan MT2509 seriyalı, 12298118 nömrəli, xx.xx.2025-ci il tarixli elektron qaiməyə əsasən 320 manat dəyərində hüquqi xidmət ödəniş üçün iddiaçıya təqdim edilmişdir.
39. Məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, ümumilikdə üç elektron qaimə üzrə (MT2509 seriyalı, 12298118 nömrəli e-qaimə daxil olmaqla) 960 manat məbləğində pul Bakı şəhəri 1 saylı Vəkil Bürosuna ödənilmişdir.
40. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
41. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
42. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
44. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
45. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin sadəliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 320 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.
46. Digər tərəfdən, iş materialları ilə müəyyən olunur ki, malların dəyərinin lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuş, iddia tələbini təşkil edən borc məbləğini isə ödəməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehdən tutulmalıdır.
47. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 320 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135,74 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir. V. Nəticə:
48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 sentyabr 2025-ci tarixli, ET/xx/xx/2025 saylı alqı-satqı müqaviləsi üzrə 15248 (on beş min iki yüz qırx səkkiz) manat pul vəsaiti, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat və ödənilmiş 135,74 (yüz otuz beş manat yetmiş dörd qəpik) manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən İlkin Əliyev