Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1037/2023 10.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh X2 qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 22 fevral 2020-ci il tarixli, 49/20 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 1158,80 manat borc, mediasiya sessiyasına ödənilmiş 60 manat, cəmi 1218,80 manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh X4 ilə arasında alkoqollu və alkoqolsuz içki məhsullarının alqı-satqısına dair 22 fevral 2020-ci il tarixli, 49/20 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1.-ci bəndinə görə “satıcı” özünün idxal etdiyi və ya rəsmi distributoru olduğu sular, spirtli, spirtsiz içkilər və s. məhsullarını, “alıcı”nın sifarişi nəzərə alınmaqla, qaimə-faktura əsasında alıcıya satmağı öz öhdəsinə götürür. Lakin, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə borcu yaranmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə görə “alıcı”ya verdiyi məhsulların bir vahidinin qiymətini və ümumi dəyərini, həmçinin qanunvericiliyə müvafiq olaraq hesablanmış, ƏDV, faktura ilə müəyyən edilir və nağdsız qaydada 30 gün müddətinə ödənilməsini “Alıcı” təmin etməlidir. Müqavilənin 3.1-ci bəndinə görə alıcı müqavilə üzrə öhdəliyini icra və ya lazımi qaydada icra edə bilmədiyi təqdirdə satıcıya dəymiş zərəri ödəməlidir. Həmin Müqavilənin 3.2-cü bəndinə əsasən alıcı son istifadə müddətinə 30 gün qalmış bütün malları satıcıya rəsmi (qaimə-faktura əsasında) təhvil verməlidir. Qeyd edilən müddət keçdikdən sonra mallar satıcı tərəfindən qəbul edilmir və bu müqavilənin alıcısı həmin malların tam dəyərini ödəyir. Müqavilənin 4.2-ci bəndinə görə tərəflər qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının Qanunvericiliyi əsasında həll olunur. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixdə elektron qaimədən görünür ki, cavabdeh X4 ilə müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə onun 1158,80 manat borcu yaranmışdır. Həmin borcun 10 gün müddətində ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh həmin məktubu alsa da, borcu ödəməkdən imtina etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfə mediasiya prosesinin tədbiqi barədə təklif göndərilmişdir. Lakin cavabdeh həmin mediasiya təklifinə heç bir cavab verməmişdir. Bununla bağlı xx.xx.2022-ci il tarixdə 12 saylı Mediasiya Təşkilatına mediatorun təyin olunması ilə bağlı ərizə ilə müraciət olunmuş və xx.xx.2022-ci il tarixdə İlkin mediasiya sessiyasının arayışı qəbul olundu. Hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna habelə fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. İddiaçının nümayəndəsi X5 iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı MMC ilə X4 arasında bağlanmış 22 fevral 2020-ci il tarixli, 49/20 saylı müqaviləyə əsasən: 1.1. Bu müqaviləyə əsasən satıcı özünün idxal etdiyi və ya rəsmi distributoru olduğu sular, spirtli, spirtsiz içkilər və s. məhsullarını, alıcının sifarişi nəzərə alınmaqla, qaiməfaktura əsasında alıcıya satmağı öhdəsinə götürür. 1.2. Bu müqaviləyə əsasən satılan məhsulların hər birinin miqdarı faktura ilə müəyyən edilir. 2.1. Bu müqaviləyə görə satıcı öz anbarından realizə edilmək üçün alıcıya verdiyi məhsulların bir vahidinin qiymətini və ümumi dəyərini, həmçinin qanunvericiliyə müvafiq olaraq hesablanmış ƏDV, faktura ilə müəyyən edilir və nağdsız qaydada 30 gün müddətinə ödənilməsini alıcı təmin edir. 2.3. Alıcı tərəfindən məhsulların faktura ilə müəyyən olunmuş dəyəri köçürmə yolu ilə satıcıya ödənildikdə alıcı müvəkkil banka verdiyi ödəniş tapşırığının surətini, təqdim etməklə bu barədə satıcını dərhal xəbərdar etməlidir 2.4. Alıcı satıcının hesabına ödəməli olduğu vəsaiti nağd formada yalnız səlahiyyətli nümayəndəsindən mədaxil qəbzi almaqla ödəyir. 3.1. Bu müqavilə şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir birinə vurduğu zərərə görə mülki hüquqi məsuliyyət daşıyırlar. Tərəflər fors major hallarında bu müqavilə şərtlərini icra və ya lazımi qaydada icra edilməsinə görə məsuliyyətdən azad edilirlər. - 13 iyul 2022-ci il tarixli, 0103-4183 saylı satış fakturasına əsasən 235 manat dəyərində mal satışı həyata keçirildiyi və 1390,80 manat müştərinin cari qalıq borcunun qalması qeyd olunmuşdur. - İddiaçı MMC tərəfindən müqavilə əsasında ümumilikdə 1158,80 manat məbləğində müxtəlif adda malların (**********-Efes 0.33 L alk-suz, **********-Efes 30 L, **********- Hoegaarden 20 L) təqdim edilməsinə dair 543012 nömrəli, 26 sentyabr 2022-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə X2 göndərilmişdir. - 29 dekabr 2022-ci il tarixli, 226846 saylı elektron qaiməyə və 30 dekabr 2022-ci il tarixli **********99 saylı ödəniş qəbzinə əsasən İddiaçı MMC tərəfindən 60 manat məblğində pul vəsaiti Bakı 12 saylı Mediasiya Təşkilatının hesabına köçürülmüşdür. Əsaslandırıcı hissə: Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə X4 arasında 22 fevral 2020-ci il tarixli, 49/20 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehin sifarişi əsasında malları təqdim etmişdir. Cavabdeh X4 isə təqdim olunmuş malların dəyərini ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 1158,80 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 598.1 və 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” Göründüyü kimi iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla da təsdiq olunur ki, mallar iddiaçı tərəfindən X2 təhvil verilmiş, lakin 1158,80 manat məbləğində borc cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. Plenum qərarında qeyd olunan mövqeyi nəzərə alaraq məhkəmə hesab edir ki, borcun ödənilməsi barədə iddianın əsaslı olması yalnız elektron vergi-hesab fakturası ilə deyil, həmçinin qarşılıqlı təsdiq olunmuş satış fakturası ilə də öz təsdiqini tapır. Buna görə də iddiaçı 1158,80 manat məbləğində borcun irəli sürülməsində haqlıdır. Məhkəmə xərcləri ilə bağlı iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh X1 22 fevral 2020-ci il tarixli, 49/20 saylı alqı-satqı müqaviləsinə əsasən 1158,80 manat (bir min yüz əlli səkkiz manat, səksən qəpik) borc məbləği, çəkilmiş mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul vəsaiti, cəmi 1218,80 (bir min iki yüz on səkkiz manat, səksən qəpik) manat pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1037/2023
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1037/2023
10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver