Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10375/2025 07.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı MMC-nin cavabdeh “X1” MMC-yə qarşı “pul” tələbinə dair kiçik mübahisələr üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC cavabdeh “X1” MMC-yə qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 718.48 (yeddi yüz on səkkiz manat, qırx səkkiz qəpik ) borc məbləği və dövlət rusumu 30 (otuz) manat, Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 600.48 (altı yüz manat, qırx səkkiz qəpik ) borc məbləği və dövlət rusumu 30 (otuz) manat, Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sifarişçi Cavabdeh MMC ilə icraçı İddiaçı MMC arasında xx.xx.2025-ci il tarixdə 520 saylı “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Bağlanmış xx.xx.2025-ci il tarixli 520 saylı “alqı-satqı” müqavilənin şərtlərinə uyğun olaraq malların alqı-satqısı həyata keçirilmişdir. Sifarişçi Cavabdeh MMC müqavilə şərtlərinə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Müqaviləyə əsasən tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 3.813.20 (üç min, səkkiz yüz on üç manat, iyirmi qəpik) məbləğində müxtəlif çeşiddə qaimə əsasında mallar verilmişdir. Verilmiş mallar müqabilində bu günə kimi qismən 3.094.72 (üç min, doxsan dörd manat, yetmiş iki qəpik) məbləğdə ödəniş olunub. Ümumi qaimələrə əsasən qalıq borc 718.48 (yeddi yüz on səkkiz manat, qırx səkkiz qəpik) vəsait bu günə kimi ödənilməmiş, qalıq borcu ödəməkdən imtina edirlər, bu səbəbdən İddiaçı MMC ziyanla qarşılaşıb. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinin tələbinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəlisürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. İmzalı iki tərəfdən üzləşmə aktımövcuddur. Tərəflər arasındakı münasibətlər müqavilədən irəli gələn öhdəliklər olduğundan, hazırkı iş üzrə cavabdeh sifarişçi tərəf olaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün,İddiaçı MMC xx.xx.2025-ci il tarixdə hazırkı iş üzrə cavabdeh tərəfə “Pretenziya məktubu” ilə müraciət etmişdir. Pretenziya məktubu əsasında müqavilə öhdəliyi üzrə yaranmış borc məbləğin ödənilməsi xahiş olunmuşdur. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC cavabdeh “X1” MMC-yə qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 718.48 (yeddi yüz on səkkiz manat, qırx səkkiz qəpik ) borc məbləği və dövlət rusumu 30 (otuz) manat, Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş məhkəmənin icraatında olduğu müddətdə cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə bank köçürmə əsasında 118 manat ödəniş edilmişdir. Ona görə də hazırda cavabdehin iddiaçıya olan borcu 600.48 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2025-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İddiaçı MMC ilə “X1” MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 520 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC alıcı “X1” MMC-yə müqavilədə göstərilən şərtlərlə malları alıcıya satmağı, alıcı isə həmin malları almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən “Alıcı” E-qaimə təqdim edildiyi tarixdən 15 gün müddətində ödənişi köçürməyi və ya nağd şəkildə həyata keçirilməlidir. Həmin Müqavilənin 4.3-cü bəndinə görə bu müqavilə üzrə ödənişlərin gecikdrilməsinə görə alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,2 %-i həcmində dəbbə ödəyir. Seriya MT2506 seriyalı, 10554761 nömrəli, xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən cəmi 300 manat, ƏDV daxil olmaqla 354 manat dəyərində “X1” MMC-yə müxtəlif növ malların satışı həyata keçirilmişdir. Seriya MT2506 seriyalı, 10554765 nömrəli, xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən cəmi 232,63 manat, ƏDV daxil olmaqla 274,50 manat dəyərində “X1” MMC-yə müxtəlif növ malların satışı həyata keçirilmişdir. Seriya MT2506 seriyalı, 11657159 nömrəli, xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən cəmi 76,27 manat, ƏDV daxil olmaqla 89,99 manat dəyərində “X1” MMC-yə müxtəlif növ malların satışı həyata keçirilmişdir. xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan malları cavabdehə satmış, lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında ödənilməmiş pul öhdəliyi yaranmışdır. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia təmin edilməli və “X1” MMC-dən xx.xx.2025-ci il tarixli 520 saylı alqı-satqı müqaviləsi üzrə 600,48 (altı yüz manat 48 qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddianın qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu tutulur. İddia təmin edildiyindən hesab edirəm ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh “X1” MMC-dən xx.xx.2025-ci il tarixli 520 saylı alqı-satqı müqaviləsi üzrə 600,48 (altı yüz manat 48 qəpik) manat məbləğində əsas və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2-2(113)-10375/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-10375/2025
07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver