Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1038/2021 21.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı (MMC) Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05 dekabr 2017-ci il tarixli TBK-01 nömrəli təchizat müqaviləsi əsasında yaranmış öhdəliyin icra edilməsi və yaranmış 169786,33 manat məbləğində əsas borcun, 512991,60 manat məbləğində dəbbə pulun, cavabdehə ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə verərək 390780,35 manat məbləğində əsas borcun, 671165,37 manat məbləğində dəbbə pulunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, təchizatçı - “MZ Exclusive" MMC ilə cavabdeh alıcı Cavabdeh MMC arasında 05 dekabr 2017 il tarixdə JSİb TBK-01 nömrəli təchizat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “MZ Exclusive" MMC cavabdehə məxsus şirkətə məxsus “Burger King” restoranları üçün bütün zəruri malların təchizatını həyata keçirmişdir. Alıcının fəaliyyəti “Burger King” restoranlar şəbəkəsi olduğundan françayzinq müqaviləsi üzərindən qurulmuşdur və onun satdığı məhsullar mütləq qaydada regional Françayz verəni tərəfindən təsdiq olunmuş təchizatçı tərəfindən alınmalıdır. Bu o deməkdir ki, alıcı istədiyi şəxsi təchizatçı kimi seçə bilməz və yalnız təsdiq olunmuş təchizatçıdan məhsulu almalıdır ki, malın keyfiyyətinə və beynəlxalq standartlara uyğunluğuna dair regional partnerda şübhə olmasın. İddiaçı MMC Azərbaycan Respublikasında Regional “Burger King” tərəfindən təsdiq olunmuş təchizatçıdır. Malların sifarişi tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci maddəsinə əsasən alıcı tərəfindən təchizatçının email ünvanına excel formatında tərtib olunmuş faylın göndərilməsi ilə baş vermişdir. Sifariş olunan, lakin dəyəri ödənilməyən malların sifarişinə dair sübutlar (emaillar) iş materiallarına əlavə edilmişdir. Alıcı müqavilənin 5.4-cü bəndinə əsasən hər partiya mal üçün ödənişi təhvil aldığı gündən 30 gün ərzində həyata keçirməli olduğu halda nəinki gecikməyə yol vermiş, hətta aldığı və sifariş verdiyi məhsullara dair ödənişi həyata keçirilməmişdir. Bununla bağlı alıcıya dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, lakin ödənişlər olmamışdır. 2019-cu ilin mart ayından məhkəməyə iddia ərizəsi ilə müraciət edilənədək alıcıya rəsmi olaraq 6 dəfə pretenziya məktubu göndərilmişdir. Alıcının alınmış və təhvil verilmiş mallar üzrə 169786,33 manat, sifariş olunmuş və anbar qalığı üzrə malların dəyəri 139994,02 manat (21355.02 manatı ƏDV, 64998,54 manat məhv edilmiş mallar, 54640,46 manat məbləği hazırda anbarda saxlanılan malların dəyəri) dəyərində olmuşdur, yəni, ümumillikdə əsas borc 309780,35 təşkil edir. Müqavilənin 6.1-ci maddəsinə əsasən gecikdirilmiş ödənişə görə alıcı təchizatçıya hər gecikdirilmiş gün üçün 1 % məbləğində dəbbə pulu ödəməlidir”. Cavabdehin son ödəniş tarixindən (20.10.2020) 31 may 2021-ci ilə kimi ödənişi gecikdirilmiş günlərə görə dəbbə pulu 671165,37 manat təşkil edir. Tərəflər arasında bağlanmış və imzalanmış 27 aprel 2020-ci il tarixli silinmə aktına əsasən 1591 qutu və 7 ədəd olmaqla ümurni 34 çeşiddə olmaqla ümumi dəyəri 63998,54 manat məbləğində olan mallar istifadəyə yararsız olduğundan məhv edilmişdir. Qeyd olunan malların çeşidləri və dəyəri qarşı tərəfə göndərilən və iş materiallarına əlavə olunan e-qaimədə də öz əksini tapmışdır. Alıcının fəaliyyətinin spesifikliyini nəzərə alaraq onun sifariş verdiyi malların üzərində “Burger King” logo və əmtəə nişanından istifadə olunduğundan, təchizatçının anbarda saxlanılan malı digər alıcıya satmaq imkanından məhrum edir. Eyni zamanda müqavilənin 11.4-cü bəndinə əsasən alıcı tərəfindən formalaşmış sifarişlərə əsasən alınmış və sığorta ehtiyatlarında saxlanılmış əvvəlki malları alıcı təchizatçıdan almağa borcludur. Müqavilənin bu bəndi iddiaçıya əsas verir ki, iddia tələbi anbar qalığını ehtiva etsin. İddiaçının nümayəndəsi daha sonra izahatında göstərdi ki, müqavilə şərtlərində qeyd olunmuşdur ki, alıcı 30 gün ərzində yaranmış borcu ödəmirsə, təchazatçı malların verilməsindən imtina edə bilər. İddiaçı da bu hüququndan istifadə edərək malları verməkdən imtina etmişdir. Buna görə də anbar qalığı ilə məsuliyyət cavabdehin üzərinə düşür. Cavabdehin nümayəndəsi Vəkil iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, elektron qaimələrin bir hissəsi Cavabdeh MMC tərəfindən təsdiqlənmişdir və həmin qaimələr üzrə məbləğ təxminən 35414,42 manat təşkil edir. Buna görə də o, iddianı yalnız həmin hissədə qəbul edir. Cavabdeh MMC tərəfindən ona verilən məlumata görə digər elektron qaimələr üzrə mallar ona təhvil verilməmişdir. Müqaviləyə 2 №-li əlavədə qeyd olunmuşdur ki, alıcının təchizatçıya 200000 manat məbləğində borcu olarsa, təchizatçı sifarişi qəbul etməkdən imtina etmək və təchhizatı dayandırmaq hüququna malikdir. İddia tələbindən də görünür ki, borc həmin məbləğ həddində olmasa da, İddiaçı MMC Cavabdeh MMC-ni sifariş etdiyi mallarla təmin etməmişdir və buna görə də cavabdeh anbar qalığına görə məsuliyyət daşıya bilməz. Müqavilədə fors major halı nəzərdə tutulmuş, pandemiya şəraitində iaşə obyektlərində işləmək mümkün olmamışdır və yaranan borc da həmin dövrə təsadüf edir. İddiaçı bunu nəzərə alıb güzəştlər edə biləcəyi halda bunu etməmişdir. Bundan başqa, əsas borca görə dəbbə pulu da iddia tələbindən 2 dəfə artıq hesablanmışdır və cavabdeh iddianı həmin hissədə qəbul etmir. İş materiallarında olan: - İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 05 dekabr 2017-ci il tarixli, JSİb TBK-01 nömrəli təchizat müqaviləsinə əsasən təchizatçı müqavilənin 12-ci bəndində qeyd edilmiş təchizatın dayandırılması tarixinədək (05 dekabr 2018-ci il tarixədək) alıcıya mallar çatdırmağı, alıcı isə müqavilə və onun əlavələri ilə nəzərdə tutulmuş qaydada malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - 05 dekabr 2017-ci il tarixli, JSİb TBK-01 nömrəli təchizat müqaviləsinə 09 fevral 2018-ci il tarixli 1 №-li əlavə razılaşmada qeyd olunmuşdur ki, alıcının təchizatçıya olan ümumi borc limiti ƏDV daxil 150000 manatı keçməməlidir, alıcının ƏDV daxil 150000 manat məbləğində borcu olarsa, təchizatçı sifarişi qəbul etməkdən imtina etmək və təchhizatı dayandırmaq hüququna malikdir. - 05 dekabr 2017-ci il tarixli, JSİb TBK-01 nömrəli təchizat müqaviləsinə 24 oktyabr 2018-ci il tarixli 2 №-li əlavə razılaşmada qeyd olunmuşdur ki, alıcının təchizatçıya olan ümumi borc limiti ƏDV daxil 200000 manatı keçməməlidir, alıcının ƏDV daxil 200000 manat məbləğində borcu olarsa, təchizatçı sifarişi qəbul etməkdən imtina etmək və təchizatı dayandırmaq hüququna malikdir. - 05 dekabr 2017-ci il tarixli, JSİb TBK-01 nömrəli təchizat müqaviləsinə 05 dekabr 2018-ci il tarixli 3 №-li əlavə razılaşmada qeyd olunmuşdur ki, müqavilənin müddəti 31 dekabr 2020-ci il tarixədək müəyyən edilir. - İddiaçı MMC tərəfindən tərtib olunmuş anbar qalığına dair məlumatdan görünür ki, 31 mart 2021-ci il tarixə 118639 manat təşkil edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, tələb 3 hissədən ibarətdir: - 05 dekabr 2017-ci il tarixli, TBK-01 nömrəli təchizat müqaviləsi əsasında yaranmış 169786,33 manat məbləğində əsas borcun ödənilməsi; - 139994,02 manat məbləğində anbarda qalmış malların dəyərinin ödənilməsi; - 671165,37 manat məbləğində dəbbə pulunun ödənilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesabfakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesabfakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, mallar Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada - elektron qaimə-faktura əsasında əsasında təhvil verilmişdir. Cavabdehin nümayəndəsi iddianın bu hissəsinə qismən etirazını elektron qaimələrin bir hissəsinin sistem tərəfindən təsdiqlənməsi və həmin elektron qaimələr üzrə malların cavabdehə təhvil verilməməsi ilə əsaslandırmışdır. Məhkəmə cavabdehin iddianın bu hissəsinə etrazını əsassız hesab edir. Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən elektron qaimələr göndərildikdən sonra digər tərəfin həmin sənədlərə etirazı olduğu halda 5 gün müddətində bunu bildirməli olduğu halda cavabdeh bu hüququndan istifadə etməmiş, tərəflər arasında münasibətlər davam etdirilmişdir. Bundan başqa, cavabdeh tərəfindən malların təhvil verilməməsi, bu barədə hər hansı etirazının qarşı tərəfə bildirilməsi və digər xüsusatlarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Buna görə də məhkəmə hesab edir ki, iddianın əsas borcun ödənilməsi hissəsində təmin olunması üçün əsaslar mövcuddur. İddia tələbinin 2-ci hissəsi - 139994,02 manat məbləğində anbarda qalmış malların dəyərinin ödənilməsi ilə bağlı iddiaçı əsas olaraq 05 dekabr 2017-ci il tarixli, TBK-01 nömrəli təchizat müqaviləsinin 11.4-cü bəndinə istinad etmişdir. Müqavilənin həmin bəndində qeyd olunmuşdur ki, “Təchizatçıya bu müqavilə üzrə nəzərdə tutulmuş qaydada əvvəlcədən məlumat verilmədən malların çeşidi dəyişdirildiyi halda alıcı tərəfindən formalaşmış sifarişlərə əsasən alınmış və sığorta ehtiyatlarında saxlanmış əvvəlki malları alıcı təchizatçıdan almağa borcludur”. Həmin bəndin məzmunundan görünür ki, sığorta ehtiyatlarında saxlanmış əvvəlki mallara görə alıcının məsuliyyəti o vaxt yaranır ki, təchizatçıya bu müqavilə üzrə nəzərdə tutulmuş qaydada əvvəlcədən məlumat verilmədən malların çeşidi dəyişdirilsin. Lakin hazırkı mübahisənin predmetini təchizatçıya bu müqavilə üzrə nəzərdə tutulmuş qaydada əvvəlcədən məlumat verilmədən malların çeşidinin dəyişdirilməsi deyil, borc ödənilmədiyinə görə malların verilməsindən imtina olunduğundan anbar qalığının yaranması təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, müqavilənin 11.4-cü bəndi iddianın bu hissədə təmin olunması üçün əsas ola bilməz. İddiaçı MMC borc ödənilmədiyinə görə malların verilməsindən imtina olunmasını 5.4 və 5.6-cı bəndləri ilə əsaslandırır. Həmin bəndlərin məzmununa görə isə alıcı malı təhvil aldığı gündən təchizatçı ilə alıcı arasında təhvil – təslim aktı imzalandıqdan 30 gün ərzində həyata keçirmədikdə təchizatçı növbəti satışı həyata keçirməkdən imtina edə bilər. Lakin təchizat müqaviləsi 05 dekabr 2017-ci il tarixdə bağlansa da, bundan sonra həmin müqaviləyə 09 fevral 2018-ci il tarixdə 1 №-li əlavə, 24 oktyabr 2018-ci il tarixdə 2 №-li əlavə, 05 dekabr 2018-ci il tarixdə 3 №-li əlavələr bağlanmış və 2 №-li əlavədə qeyd olunmuşdur ki, alıcının təchizatçıya olan ümumi borc limiti ƏDV daxil 200000 manatı keçməməlidir, alıcının ƏDV daxil 200000 manat məbləğində borcu olarsa, təchizatçı sifarişi qəbul etməkdən imtina etmək və təchizatı dayandırmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 423.1-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər həmin Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. - 424.1-ci maddəsinə əsasən müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. - 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 05 dekabr 2017-ci il tarixli, TBK-01 nömrəli təchizat müqaviləsinin 13.2-ci bəndində də qeyd olunmuşdur ki, “Müqaviləyə hər hansı dəyişiklik və əlavələr hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imzalandıqdan və möhürləndikdən sonra hüquqi qüvvəyə malikdir və müqavilənin ayrılmaz tərkib hissəsidir.” Göründüyü kimi müqaviləyə 24 oktyabr 2018-ci il tarixli 2 №-li əlavə razılaşmada tərəflərin son iradə ifadəsi bundan ibarət olmuşdur ki, alıcının təchizatçıya olan ümumi borc limiti ƏDV daxil 200000 manatı keçməməlidir, alıcının ƏDV daxil 200000 manat məbləğində borcu olarsa, təchizatçı sifarişi qəbul etməkdən imtina etmək və təchizatı dayandırmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, borc məbləği 200000 manatı keçmədiyinə görə İddiaçı MMC-nin sifarişi qəbul etməkdən imtina etmək və təchizatı dayandırmaq hüququ olmamışdır və buna görə də anbar qalığına görə Cavabdeh MMC-nin məsuliyyəti yaranmadığından iddia həmin hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə hər gecikdirilmiş gün üçün 1% məbləğində dəbbə pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 169786,33 manat məbləğində əsas borca 671165,37 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Tərəflər arasında bağlanmış müqavilədə pandemiya fors major halı kimi nəzərə tutulmasa da, 2020-ci il ərzində ictimai iaşə obyektlərinin fəaliyyətinə məhdudiyyətlər tətbiq olunması da nəzərə alınaraq məhkəmə hesab edir ki, hesablanmış 671165,37 manat dəbbə pulunun miqdarı azaldılaraq 3000 manat miqdarında müəyyən edilməlidir. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 5 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 169786,33 manat məbləğində əsas borc, 3000 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 172786,33 manat məbləğində pul vəsaiti Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 5 manat məbləğində pul vəsaiti Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1038/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1038/2021
21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver