Məhkəmə qərarları › İş №e-2-2(113)-1040/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1040/2023

15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1040/2023 15.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiaya kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti Cavabdeh MMC-yə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 287.67 AZN (iki yüz səksən yeddi manat, altmış yeddi qəpik) məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 28.76 AZN (iyirmi səkkiz manat, yetmiş altı qəpik) məbləğində dəbbə pulu, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 30 (otuz) AZN məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixində 000388 HP20 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Əməkdaşlıq müddətində cavabdehin sifarişi əsasında, imzalanmış malların təhvil-qəbul aktlarına əsasən cavabdeh ayrı-ayrı tarixlərdə İddiaçı MMC-yə məxsus müxtəlif adlı, çeşidli məhsullar təhvil almışdır. Lakin cavabdeh malların təhvil-qəbul aktlarında qeyd olunan tarixlərdə təhvil aldığı mallara görə bu günə kimi tam ödəniş etməmişdir. Dəfələrlə cavabdehdən borcun ödənilməsini tələb etsə də hər dəfə bir bəhanə gətirərək cavabdeh şirkətə olan 287.67 AZN (iki yüz səksən yeddi manat, altmış yeddi qəpik) borcu ödəməkdən yayınır. Cavabdehlə bağlanan xx.xx.2020-ci il tarixində 000388 HP20 saylı alğı-satqı müqaviləsinin şərtlərinə əsasən, alıcı malı təhvil aldığı tarixdən ən geci 21 (iyirmi bir) gün ərzində ödəniş etməli idi. Buna baxmayaraq, ödəniş müddətlərinin keçməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq olunsa da, cavabdeh bu günə kimi İddiaçı MMC-yə olan 287.67 AZN (iki yüz səksən yeddi manat, altmış yeddi qəpik) borcunu ödəməmiş və bağlanmış alğı-satqı müqaviləsinin şərtlərini pozmuşdur. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən müqavilənin icrası üzrə yaranan mübahisələr qarşılıqlı razılıqla həll olunmalıdır. Qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll olunacaqdır. Alğı-satqı müqaviləsinin şərtlərinə əsasən, alıcı malı təhvil aldığı məhsullara görə ən geci 21 (iyirmi bir) gün ərzində ödəniş etməli idi. alğı-satqı müqaviləsinin 5.1-ci bəndində göstərildiyi kimi alıcı kreditlə aldığı malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində faiz tələb etmək hüququna malikdir. Müqavilənin 5.2-ci bəndində faizin maksimal həddi ödənişi gecikdirilmiş malın ümumi məbləğinin 10% müəyyən edilir. Belə ki, cavabdeh tərəfindən gecikdirilmiş məbləğin faizi ümumi malın məbləğinin 10%-dən çox olduğu üçün gecikdirilmiş malın ümumi məbləğinin 10%-ni təşkil edən 28.76 AZN (iyirmi səkkiz manat, yetmiş altı qəpik) məbləğində dəbbə pulu yaranmışdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Belə ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, eyni zamanda həmin müqavilədə öhdəliklərin icra edilməsini gecikdirmişdir. Nəticə etibarı ilə hazırda cavabdehin İddiaçı MMC-nə 287.67 AZN (iki yüz səksən yeddi manat, altmış yeddi qəpik) məbləğində əsas borcu və 28.76 AZN (iyirmisəkkiz manat, yetmiş altı qəpik) məbləğində dəbbə pulu borcu yaranmışdır. Məhkəmə işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və cavabdehə iddiaya qarşı əsaslandırılmış etirazının və ona əlavə edilmiş sənədlərin 10 iş günü ərzində məhkəməyə göndərilməsi barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı MMC “alıcı” Cavabdeh MMC “satıcı” olmaqla imzalanmış 000388 HP20 nömrəli 21 yanvar 2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcının sifarişi əsasında malları (bundan sonra “Mal” adlandırılacaq) alıcıya satır. Alıcı isə malların dəyərini nağd və ya hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 2 saylı Əlavənin şərtlərinə əsasən satıcıya ödəməyi öhdəsinə götürür. 2.3-cü bəndə əsasən sifariş verilən mallar 5 (beş) iş günü müddətində alıcının anbarına çatdırılması şərti ilə satıcı tərəfindən (satıcıya məxsus nəqliyyat vasitələri ilə) həyata keçirilməlidir. 2.4-cü bəndə əsasən mal təhvil verilərkən tərəflər təhvil-qəbul aktını və ya təhvilqəbulu təsdiq edən müvafiq qaiməni (qaimələri) imzalayırlar. Qaimə-faktura hər biri tərəflərdə olmaq şərtilə 2 (iki) nüsxədə tərtib edilir. 3.3-cü bəndə əsasən mallar sifariş olunduqdan sonra satıcı alıcıya elektron qaiınə təqdim edir. İddiaçı MMM (VÖEN **********) tərəfindən Cavabdeh MMC barəsində tərtib edilmiş, Eldar İbrahimov adlı şəxs tərəfindən təhvil alınmış, 424753 nömrəli xx.xx.2020-ci il tarixli malların təhvil-qəbul aktına əsasən 98.49106 manat məbləğində, İddiaçı MMM (VÖEN **********) tərəfindən Cavabdeh MMC barəsində tərtib edilmiş, Azər Bağırov adlı şəxs tərəfindən təhvil alınmış, 433876 nömrəli 5.02.2020-ci il tarixli malların təhvil-qəbul aktına əsasən 95.89034 manat məbləğində, İddiaçı MMM (VÖEN **********) tərəfindən Cavabdeh MMC barəsində tərtib edilmiş, Aslan adlı şəxs tərəfindən təhvil alınmış, 760935 nömrəli xx.xx.2020-ci il tarixli malların təhvil-qəbul aktına əsasən 48.78592 manat məbləğində, İddiaçı MMM (VÖEN **********) tərəfindən Cavabdeh MMC barəsində tərtib edilmiş, Anar adlı şəxs tərəfindən təhvil alınmış, 803818 nömrəli xx.xx.2020-ci il tarixli malların təhvilqəbul aktına əsasən 44.50370 manat məbləğində mallar təhvil verilmiş, sonuncu təhvilqəbul aktında 287,67 manat məbləğində borc qeyd edilmişdir. 2748236 nömrəli xx.xx.2022 tarixli ödəniş tapşırığına əsasən 30 manat Bakı 2 saylı Mediasiya Təşkilatının bank hesabına köçürülmüşdür. İddiaçı MMM tərəfindən Cavabdeh MMC-yə göndərilmiş 09 mart 2022-ci il tarixli 00012 nömrəli pretenziya məktubunda 287,67 manat məbləğində borcun 3 gün ərzində qaytarılması tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. EBAF seriyalı 809487 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 98,49 manat, EBAG seriyalı 158931 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 95,89 manat, EBAG seriyalı 616050 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 48,79 manat, EBAG seriyalı 723585 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 44,50 manat məbləğində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə uyğun olaraq, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, həmin Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdeh müqavilənin şərtlərinə əsasən malların dəyərini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 287,67 manat tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı iddia tələbini sübuta yetirilməsi ilə bağlı məhkəməyə təhvil-qəbul aktlarını eyni zamanda elekrton qaimələri təqdim etmişdir. Məhkəmə qeyd edir ki iş materiallarında olan və cavabdehə təqdim edilmiş elektron qaimələr həmçinin, tərəflər arasında imzalanmış müqaviləni malların təhvil-qəbul aktları ilə ümumi şəkildə nəzərə aldıqda iddia tələbinin əsaslı olması öz təsdiqini tapır. Qeyd edilənlərdən əlavə iddiaçı 28,76 manat məbləğində cərimə məbləğinin ödənilməsini də tələb etmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 5.1-ci bəndinə əsasən alıcı kreditlə aldığı malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində faiz tələb etmək hüququna malikdir. Müqavilənin 5.2-ci bəndində faizin maksimal həddi ödənişi gecikdirilmiş malın ümumi məbləğinin 10% müəyyən edilir. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə borcunu tam olaraq ödəməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə məbləği 14 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 287.67 manat (iki yüz səksən yeddi manat, altmış yeddi qəpik) məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 14 (on dörd manat) manat məbləğində dəbbə pulu, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində mediasiya xərci İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar