Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1041/2022 04.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh "ATEF ŞİRKƏTLƏR QRUPU” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı tərəflər arasında bağlanılmış 18.02.2020-ci il tarixli nəqliyyat vasitələrinə servis xidmətinin göstərilməsi ilə əlaqədar mülki hüquqi müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə 3162.27 manat əsas borcun, gecikdirilmiş dövr üzrə 284.58 manat cərimə borcunun, cəmi 3446.85 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 54 manat 40 qəpik məbləğində pul vəsaitinin tutulması barədə kiçik iddiaya dair kommersiya işinə sadələşdirilmiş qaydada baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı tərəflər arasında bağlanılmış 18.02.2020-ci il tarixli nəqliyyat vasitələrinə servis xidmətinin göstərilməsi ilə əlaqədar mülki hüquqi müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə 3162.27 manat əsas borcun, gecikdirilmiş dövr üzrə 284.58 manat cərimə borcunun, cəmi 3446.85 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 54 manat 40 qəpik məbləğində pul vəsaitinin tutulması barədə ərizəylə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı (İcraçı) ilə cavabdeh (sifarişçi) arasında 18.02.2020-ci il tarixində nəqliyyat vasitələrinə servis xidmətinin göstərilməsi ilə əlaqədar mülki hüquqi müqavilə imzalanmışdır. Müqavilə üzrə İcraçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, Sifarişçi tərəf öhdəliklərini tam olaraq yerinə yetirməmiş, belə ki, müqavilənin 2.3-cü maddəsinin tələblərinə riayət etməmişdir. Müqavilənin 2.3-cü maddəsinin tələbinə əsasən ödəniş invoys (hesab) təqdim edildiyi tarixdən sonra Sifarişçi tərəfindən 5 (beş) bank günü ərzində nağd qaydada və ya icraçının invoysunda göstərilmiş bank hesabına köçürülməklə həyata keçirilir. Bundan başqa müqavilənin 2.4cü maddəsinə əsasən ödəniş vaxtında edilmədikdə Sifarişçi İcraçıya ötürülmüş hər bir gün üçün bu müqavilə üzrə ödənişə təqdim edilmiş hesabın ödənilməmiş məbləğinin 0.05 %-i miqdarında cərimə ödəyir. Sifarişçi tərəf olaraq artıq 6 aydan çox müddətdir ki, avtomobillərə göstərilmiş servis xidmətləri üzrə xidmət haqlarını ödəməmişdir. Beləliklə, müqavilə üzrə cəmiyyət qarşısında yaranmış əsas borcunun məbləği (müqavilənin 2.1-ci maddəsinə əsasən xidmətlərin və xidmətlər göstərilərkən istifadə edilən ehtiyat hissələrinin qiymətlərinə ƏDV əlavə olunur) 3162.27 manat, gecikdirilmiş dövr üzrə cərimə məbləği 284.58 manat təşkil edir. Mübahisənin pretenziya və mediasiya vasitəsilə həlli mümkün olmamışdır. Göstərilən səbəblərdən məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: 18.02.2020-ci il tarixli Nəqliyyat vasitələrinə servis xidməti haqqında müqavilənin surətindən görünür ki, cavabdeh onun nəqliyyat vasitələrin təminatlı istismar müddətindən sonrakı dövrdə servis xidmətlərinin göstərilməsini tapşırmağı, iddiaçı isə bu xidmətlərin göstərilməsini öhdələrinə götürmüşlər. 15 ədəd elektron qaimənin surətlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 3664,97 manat dəyərində xidmətlər göstərilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71- 1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. 02.02.2021-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən elektron qaiməfaktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt verilir. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 18.02.2020-ci il tarixli Nəqliyyat vasitələrinə servis xidməti haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən, cavabdeh onun nəqliyyat vasitələrin təminatlı istismar müddətindən sonrakı dövrdə servis xidmətlərinin göstərilməsini tapşırmağı, iddiaçı isə bu xidmətlərin göstərilməsini öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə 3664,97 manat dəyərində xidmətlər göstərilmiş, xidmətlərin dəyərindən cavabdehin 3162.27 manat borcu qalmışdır. 18.02.2020-ci il tarixli Nəqliyyat vasitələrinə servis xidməti haqqında müqavilə üzrə tələbə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında xidmət müqaviləsi bağlansa da, həmin müqavilənin məzmunundan müəyyən edilən şərtlər baxımından məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri podrat müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, göstəriləcək xidməti göstərmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə bu müqavilə üzrə də öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəmə tədqiqatı zamanı tədqiq olunan işin materiallarında olan sənədlərlə cavabdehin 18.02.2020-ci il tarixli Nəqliyyat vasitələrinə servis xidməti haqqında müqaviləyə və elektron qaimələrə əsasən iddiaçıya olan borcu təsdiq olunduğundan 3162.27 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 2.4-cü maddəsinə əsasən ödəniş vaxtında edilmədikdə Sifarişçi İcraçıya ötürülmüş hər bir gün üçün bu müqavilə üzrə ödənişə təqdim edilmiş hesabın ödənilməmiş məbləğinin 0.05 %-i miqdarında cərimə ödəyir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 284,58 manat dəbbə pulu məbləği yaranmış 3162.27 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 100 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Qeyd olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanılmış Nəqliyyat vasitələrinə servis xidməti haqqında müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə 3162.27 manat əsas borc, 100 manat cərimə, cəmi 3262,27 manat məbləğində pul vəsaiti tutulmalı və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 94,64 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş dövlət rüsumunun 51,48 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 2,92 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə "ATEF ŞİRKƏTLƏR QRUPU” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış Nəqliyyat vasitələrinə servis xidməti haqqında müqavilə üzrə "ATEF ŞİRKƏTLƏR QRUPU” Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə 3162.27 manat əsas borc, 100 manat cərimə, cəmi 3262,27 manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun 51,48 manat məbləği "ATEF ŞİRKƏTLƏR QRUPU” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin, qalan 2,92 manat məbləği tutularaq İddiaçınə aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1041/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1041/2022
04.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver