Məhkəmə qərarları › İş №e-2-2(113)-1041/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1041/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1041/2025 28.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh MMC-nin qanuni nümayəndəsi (direktoru) X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc üzrə 103.107,93 manat, illik gecikdirilmiş vaxt üçün 5% məbləği hesablanmaqla 4.340 manat, 397 manat dövlət rüsumu, hüquqi yardım üçün ödənilm iş 320 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra “Satıcı”) ilə "xxxx" (bundan sonra “Alıcı”) arasında 25 dekabr 2023-cü ildə malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə müqaviləsi bağlanmışdır. Müqavilə üzrə nəzərdə tutulan öhdəliklərini satıcı razılaşdırılmış qaydada və müddətdə yerinə yetirmiş, alıcı isə malları təhvil almasına baxmayaraq öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, satıcı tərəfindən xx.xx.2023-cu il tarixli 150851 və 153397 nömrəli e-qaimələr üzrə **********-Minik avtomobilləri üçün təkərlər 265/65R17, **********-Minik avtomobilləri üçün təkərlər 215/50ZR17, **********-Minik avtomobilləri üçün təkərlər 235/45ZR17, **********-Minik avtomobilləri üçün təkərlər 225/45ZR17, **********-Minik avtomobilləri üçün təkərlər 215/45ZR17, **********-Minik avtomobilləri üçün təkərlər 235/60R16, **********-Minik avtomobilləri üçün təkərlər 195/65R15, **********-Minik avtomobilləri üçün təkərlər 275/40ZR20, **********-Minik avtomobilləri üçün təkərlər 245/50ZR20, **********-Minik avtomobilləri üçün təkərlər 295/40ZR21, **********-Minik avtomobilləri üçün təkərlər 275/40ZR22, **********-Minik avtomobilləri üçün təkərlər 245/35ZR20, **********-Minik avtomobilləri üçün təkərlər 185/65R15, **********-Minik avtomobilləriüçün təkərlər195/60R14, **********-Minik avtomobilləri üçün təkərlər 205/65R15, **********-Minik avtomobilləri üçün təkərlər 195/55ZR16, **********-Minik avtomobilləri üçün təkərlər 205/55ZR16, **********-Minik avtomobilləri üçün təkərlər 205/60R16, **********-Minik avtomobilləri üçün təkərlər 215/55ZR16, **********-Minik avtomobilləri üçün təkərlər 215/60R16, **********-Minik avtomobilləri üçün təkərlər 215/65R16, **********-Minik avtomobilləri üçün təkərlər 215/70R16, **********-Minik avtomobilləri üçün təkərlər 225/55ZR 16 mallar alıcıya tam təhvil verilməsinə baxmayaraq, bugünədək alıcı tərəfindən göstərilən malların cəmi qiyməti 103 107 manat 93 qəpik məbləğ satıcıya ödənilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə və qanuni nümayəndəsi X2 iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. - 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir.

8. İddiaçı MMC iddiasında, Cavabdeh MMC ilə aralarında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlandığını, müqavilə əsasında cavabdehə mal verildiyini, bununla bağlı qarşı tərəfə elektron qaimələr göndərildiyini, lakin cavabdeh tərəfindən ödənişlərin həyata keçirilmədiyini bildirərək, ödənilməyən malların dəyərinin cavabdehdən tutulmasını xahiş edir.

9. Cavabdeh MMC isə iddiaya etiraz edərək, İddiaçı MMC ilə Cavabdeh MMC, onun faktiki sahibi Ağalarov Natiqlə əvvəllər ortaq biznes fəaliyyəti ilə məşğul olduqlarını, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad edilən xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmadığını, onun qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının imzalanmadığını, elektron qaimənin isə səhvən işçi tərəfindən təsdiq edildiyini bildirir.

10. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam, tərəflər arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanılıbbağlanmaması və qeyd edilmiş “müqavilə” üzrə malların cavabdehə verilib-verilməməsidir.

11. İddiaçı tərəfindən işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə, qeyd edilmiş müqavilə üzrə qiymət razılaşma protokollarına, təhvil-təslim aktlarına nəzər yetirildikdə görünür ki, qeyd edilmiş sənədlər Cavabdeh MMC tərəfindən imzalanmamış və hətta hüquqi şəxsin möhürü ilə də, təsdiq edilməmişdir.

12. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDW 150851 saylı dəyəri 54.699,61 manat olan, xx.xx.2023-cü il tarixli EBDW 153397 saylı dəyəri 48.408,32 manat olan elektron qaimələr göndərilmişdir.

13. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərarında sərgiləmiş olduğu mövqe ondan ibarətdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

14. Qeyd edilmiş hüquqi mövqeyə uyğun olaraq Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə təqdim edilmiş sübutlara komplek şəkildə qiymət verilməklə mübahisə həll edilməlidir.

15. İş materiallarına əlavə edilmiş Kapital Bank tərəfindən verilmiş hesabdan çıxarış və ödəniş sənədllərindən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixdə köçürülmüş 127.500 manat məbləğində pul, xx.xx.2024-cü il tarixində Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə 127.309 manat həcmində geri qaytarılmışdır.

16. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə 127.500 manat məbləğində pulun köçürülməsi barədə xx.xx.2024-cü il tarixli ödəniş sənədindən görünür ki, xx.xx.2024-cü il tarixli 06/24 saylı müqaviləyə istinad olunmuşdur.

17. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş sənədindən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə 127.309 manat məbləğində pul qaytarılarkən, “səhv göndərilən vəsaitin geri qaytarılması” qeydi aparılmışdır.

18. İş materiallarından həmçinin görünür ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli 06/24 saylı alqı-satqı müqaviləsi, 236.000,47 manat dəyərində mallar barədə qiymət razılaşma protokolu imzalanmışdır.

19. İddiaçı tərəf, məhkəmə iclasında qeyd edilmiş pulun ödəniş təyinatı səhv göstərildiyi üçün geri qaytarıldğını bildirmişdir.

20. Cavabdeh tərəf isə xx.xx.2024-cü il tarixli 06/24 saylı alqı-satqı müqaviləsi üzrə mallar verilmədiyindən qeyd edilmiş pulun geri qaytarıldığını bildirmişdir.

21. Məhkəmə iclasında iddiaçı tərəfdən əgər tərəflər arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış və xx.xx.2023-cü il tarixli EBDW 150851 saylı dəyəri 54.699,61 manat olan, xx.xx.2023-cü il tarixli EBDW 153397 saylı dəyəri 48.408,32 manat olan elektron qaimələr üzrə mallar verilmişdirsə, nəyə görə qeyd edilmiş tarixdən sonra cavabdeh tərəfindən ödənilmiş olan 127.309 manat pul geri qaytarılmışdır, həmçinin də, nəyə görə əgər xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə mallar üzrə pulu verilmədiyi təqdirdə sonradan başqa alqı-satqı müqaviləsi bağlanmışdır suallarına cavab olaraq, iddiaçı tərəf qeyd edilmiş pulun ödənilməsində xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə istinad olunmadığından geri qaytarıldığını bildirmiş, digər məsələni isə izah edə bilməmişdir.

22. Məhkəmə bu xüsusda qeyd edir ki, iddiaçının dəlilləri əsassızdır. Belə ki, əgər xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə mallar (indiki halda avtomobil təkərləri) cavabdehə verilmiş olsa idi və iddiaçı tərəf ona xx.xx.2024-cü il tarixdə ödənilmiş olan 127.500 manat pulu geri qaytarmaz, ancaq indi tələb etmiş olduğu 103.107,93 manatı çıxdıqdan sonra artıq məbləği geri qaytarardı.

23. Bundan başqa da, Məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış olsa və qeyd edilmiş müqavilə üzrə mallar verilib, ödənilməmiş olsa idi, iddiaçı tərəf, sonrakı tarixdə yəni xx.xx.2024-cü ildə 06/24 saylı alqısatqı müqaviləsini bağlamaz və ödənilmiş pulu qaytarmaz idi.

24. Məhkəmə həmçinin iddiaçının təqdim etdiyi cavabdehin direktoru olan X1 əks olunduğu fotoşəkillərə münasibətdə qeyd edir ki, təkərlərin sayılması prosesində X1 iştirakı, tərəflər arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanması və qeyd edilmiş müqavilə üzrə malların verilməsi anlamına gəlmir.

25. Belə ki, cavabdeh tərəf məhkəmə iclasında özünü təkər satışı biznesi ilə məşğul olduğunu, əvvəllər iddiaçı şirkət və onun faktiki rəhbəri Ağalarov Natiqlə, həmçinin sonuncunun digər şirkəti olan "xxxx" MMC ilə ortaq bizneslərinin olduğunu, sonradan isə ortaqlığın pozulduğunu, şəkillərin də, o zaman çəkildiyini bildirmişdir.

26. Məhkəmə tərəfindən qeyd edilmiş fotoşəkillərin və videonun nə zaman və kim tərəfindən çəkilməsi barədə sübut təqdim edilməsi iddiaçı tərəfə təklif edilsə də, iddiaçı tərəf bu barədə sübutu Məhkəməyə təqdim etməmişdir.

27. Ona görə də, Məhkəmə hesab edir ki, qeyd edilmiş foto və video çəkilişin xx.xx.2023-cü il tarixli “alqı-satqı müqaviləsi” və 2 ədəd elektron qaimədə qeyd edilmiş malların verilməsi ilə heç bir əlaqəsi yoxdur.

28. Belə ki, əlaqəsi olmuş olsa idi, Məhkəməyə təqdim edilən foto və videonun hansı tarixdə çəkilməsi barədə mobil cihazda dəyişdirilməsi mümkün olmayan, çəkilişdə hansı tarixdə aparılması barədə “ekran şəklini” məhkəməyə təqdim edərdi.

29. Ancaq iddiaçı tərəf nəinki qeyd edilmiş “ekran şəklini” məhkəməyə təqdim etməmiş, hətta foto və video təqdim etsə də, onun kim tərəfindən aparılmasını belə konkret cavablandıra bilməmişdir.

30. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilmiş və şahid kimi dindirilmiş Şahid1, əvvəllər "xxxx" MMC-nin anbarında işlədiyi, "xxxx" MMC-nin direktoru Elşənin, Asiflə dost və şərik olduqlarını, X1 mallar götürdüyünü, ancaq hansı tarixdə olması barədə dəqiq yadında qalmadığını bildirmişdir.

31. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilmiş və şahid kimi dindirilmiş Şahid2, əvvəllər "xxxx" MMC-də anbardar işlədiyini, X1 mallar götürdüyünü ancaq hansı tarixdə olmasının barədə dəqiq yadında qalmadığını, özünün Natiq Ağalarovun əmisi oğlu olduğunu, dekabr ayında videonun çəkilib-çəkilmədiyini bilmədiyini bildirdi.

32. Məhkəmə qeyd edir ki, hər iki şahid əvvəllər iddiaçının işçisi olmuşdur və onların da, vermiş olduğu ifadələrdə, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlandığı və qeyd edilmiş müqavilə üzrə 103.107,93 manat dəyərində təkərlərin verilməsi halı öz təsdiqini tapmır.

33. Məhkəmə həmçinin qeyd edir ki, 103.107,93 manat dəyərində təkər kifayət qədər iri həcmli bir yükdür. Qeyd edilmiş yükün də, daşınması üçün iri nəqliyyat vasitələri tələb olunur. Ancaq iddiaçı tərəf heç olmasa bu barədə də, hər hansı bir sübutu Məhkəməyə təqdim edə bilməmişdir.

34. Ona görə də, Məhkəmə hesab edir ki, tərəflər arasında ümumiyətlə xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmamış və ancaq göndərilmiş 2 ədəd elektron qaimə isə, 103.107,93 manat dəyərində malların verilməsini təsdiq etmir.

35. Beləliklə, iddiaçının irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

36. Beləliklə, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

37. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

"xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar