Məhkəmə qərarları › İş №e-2-2(113)-1042/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1042/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1042/2021 07.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 291.652 manat məbləğində əsas borc, 402.973,91 manat məbləğində cərimənin, cəmi 694.655,91 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş «xxxx» Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları»na müvafiq olaraq «xxxx» ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 13-LA/11 nömrəli müqaviləyə və xx.xx.2013-cü il tarixli 16-LA/13 nömrəli müqaviləyə əsasən borclu satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə texnoloji avadanlıqları lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.xx.xx.2011-ci il tarixli 13-LA/11 nömrəli müqavilə üzrə 104980 manat gecikdirilmiş əsas borcu, xx.xx.2013-cü il tarixli 16-LA/13 nömrəli müqavilə üzrə isə 186672 manat gecikdirilmiş əsas borcu qalmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Yenə həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. xx.xx.2011-ci il tarixli 13-LA/11 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borc 104.980 manat və həmin müqavilənin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə məbləği 157.671,88 manat təşkil etmişdir. xx.xx.2013-cü il tarixli 16- LA/13 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borc 186.672 manat və bu müqavilənin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə 245.302,03 manat təşkil etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: -Lizinq verən “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 13-LA/11 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən qiyməti 119.200 olan yem istehsalı və qurutma avadanlığının dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnoloji avadanlığın dəyərindən 11.920 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx.xx.2011-ci il tarixli 13-LA/11 nömrəli lizinq müqavilə üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikinə əsasən müəyyən edilir ki, həmin müqavilə üzr lizinq alana 2012-ci il üzrə 223,20 manat, 2013-cü il üzrə 4.033,80 manat, 2014-cü il üzrə 8.569,80 manat, 2015-ci il üzrə 13.105,80 manat, 2016-cı il üzrə 17.641,80 manat, 2017-ci il üçün 22.177,80 manat, 2018-ci il üçün 26.713,80 manat, 2019-cu il üçün 30.889,80 manat, 2020-ci il üçün 34.316,08 manat, yekun olaraq 157.671,88 manat məbləğində dəbbə pulu hesablanmışdır. - xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, xx.xx.2011-ci il tarixli 13-LA/11 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC-nin gecikdirilmiş əsas borcu 104.980 manat, hesablanmış dəbbə pulu 157.671,88 manat, ümumi borcu 262.651,88 manat təşkil edir. -Lizinq verən “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 13-LA/11 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən qiyməti 260.720 manat olan bu müqavilənin tərkib hissəsi sayılan 1-2 nömrəli əlavələrdə göstərilən 74.430 manat məbləğində yem istehsalı üçün separatorun və 186.290 manat məbləğində qranul hazırlayan avadanlığın quraşdırılması ilə birlikdə dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinədək lizinqə vermişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnoloji avadanlığın dəyərindən 4.000 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx.xx.2011-ci il tarixli 16-LA/11 nömrəli lizinq müqavilə üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikinə əsasən müəyyən edilir ki, 2013-cü il üzrə 720,00 manat, 2014-cü il üzrə 8.521,92 manat, 2015-ci il üzrə 16.117,92 manat, 2016-cı il üzrə 25.621,92 manat, 2017-ci il üzrə 35.125,92 manat, 2018-ci il üçün 44.629,92 manat, 2019-cu il üçün 53.539,92 manat, 2020-ci il üçün 61.024,51 manat, yekun olaraq 245.302,03 manat məbləğində dəbbə pulu nəzərdə tutulmuşdur. - xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, xx.xx.2013-cü il tarixli 16-LA/13 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC-nin gecikdirilmiş əsas borcu 186.672 manat, hesablanmış dəbbə pulu 245.302,03 manat, ümumi borcu 431.974 manat təşkil edir. - «xxxx» ASC tərəfindən xx.xx.2020-ci il tarixli pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehə lizinq müqavilələri üzrə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - Azərbaycan Respublikası Prezidentinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx xxxxxx 2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “xxxx” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMC arasında lizinq müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC həmin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, Cavabdeh MMC lizinq ödənişlərini ödəniş qrafikinə uyğun olaraq həyata keçirməməklə lizinq müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh MMC-nin İddiaçı ASC-yə iki lizinq müqaviləsi üzrə cəmi 291.652 (104.980+186.672 manat) manat məbləğində gecikdirilmiş əsas borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh MMC lizinq müqavilələrinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, hazırda lizinq ödənişləri üzrə Cavabdeh MMC-nin MMC borcunun cəmi 291.652 manat məbləğində olduğunu, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, əsas borcun tutulması tələbinə dair hissədə iddia təmin edilməli, Cavabdeh MMC-dən lizinq müqavilələri üzrə 291.652 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 4.2ci bəndinə əsasən hesablanmış 402.973,91 manat (xx.xx.2011-ci il tarixli 13-LA/11 nömrəli müqavilə üzrə 157.671,88 manat, xx.xx.2013-cü il tarixli 16-LA/13 saylı müqavilə üzrə 245.302,03 manat) məbləğində dəbbə pulunun Cavabdeh MMC-dən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən lizinq ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq xx.xx.2011-ci il tarixli 13- LA/11 saylı müqavilə üzrə dəbbə pulu 5.000 manat, xx.xx.2013-cü il tarixli 16-LA/13 saylı müqavilə üzrə dəbbə pulu 15.000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən xx.xx.2011-ci il tarixli 13-LA/11 saylı müqavilə üzrə 104.980 (yüz dörd min doqquz yüz səksən) manat manat məbləğində əsas borc və 5.000 (beş min) manat məbləğində dəbbə pulu, xx.xx.2013-cü il tarixli 16-LA/13 saylı müqavilə üzrə 186.672 (yüz səksən altı min altı yüz yetmiş iki) manat məbləğində əsas borc və 10.000 (on min) manat məbləğində dəbbə pulu, cəmi 306.652 (üç yüz altı min altı yüz əlli iki) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar