Məhkəmə qərarları › İş №e-2-2(113)-10444/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-10444/2025

13.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10444/2025 13.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış Malların alqı-satqısı haqqında xx.xx.2024-cü il tarixli ATS FEED-109/24saylı müqaviləyə əsasən, 14.400 manat əsas borc, 500 manat gecikdirməyə görə dəbbə pulu olmaqla, cəmi 14.900 manat borcun və ödənilmiş 135 manat dövlət rüsumunun əvəzinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında Malların (heyvanlar üçün yem məhsullarının) alqı-satqısı haqqında xx.xx.2024-cü il tarixli ATS FEED-109/24 saylı Müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən, Satıcı Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrində və ya Qaimə-fakturalarda göstərilən malları razılaşdırılmış çeşiddə, miqdarda, müddətdə və qiymətlə Alıcıya satmağı, Alıcı isə həmin Malları təhvil alıb dəyərini Müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Alqı-satqı Müqaviləsinin müvafiq Əlavələrinə (X1na) əsasən, Alıcı, Malların dəyərinin ödənişini təhvil verilmiş Malların miqdarına uyğun olaraq, Mallar təhvil verildikdən sonra 45 (qırx beş) təqvim günü ərzində həyata keçirməli idi. Lakin,Cavabdeh MMC tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca icra edilməmiş, mütəmadi olaraq ödənişlərdə gecikdirmələrə yol verilmişdir. xx.xx.2025-ci il tarixdə aparılmış qarşılıqlı hesablaşmalara və tərəflər arasında təsdiqlənmiş eyni tarixli 1678 №-li Üzləşmə aktına əsasən, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 16400,00 manat məbləğində borcu olmuş, üzləşmədən sonra, xx.xx.2025-ci il tarixdə 1000,00 manat ödənişdən sonra qalıq borcun məbləği 15400,00 manat təşkil etmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılsa da, gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MMC (satıcı) "xxxx" MMC (alıcı) arasında xx.xx.2024-cü il tarixli 109/24 saylı alqı-satqı müqaviləsi bağlanmışdır.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrində və ya qaimə-fakturalarda göstərilən malları razılaşdırılmış çeşiddə, miqdarda, müddətdə və qiymətlə alıcıya satmağı, alıcı isə həmin malları təhvil alıb dəyərini bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür.

12. xx.xx.2024-cü il tarixli 109/24 saylı alqı-satqı müqaviləsinə 1 saylı Əlavə ilə təsdiq edilən saylı X1 ilə satıcı tərəfindən tədarük ediləcək malın satış qiyməti, ödəniş və çatdırılma şərtləri barədə tərəflər razılığa gəlmişlər.

13. Müqavilə və ona Əlavələr (X2) tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

15. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan "xxxx" MMC-nin üzərinə düşür.

16. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə MT2408 seriyalı, 11392966 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 13.720 manat, MT2408 seriyalı, 11931445 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 13.720 manat, MT2410 seriyalı, 10166932 saylı xx.xx.2024-cü il tarixli dəyəri 13.960 manat məbləğində olan elektron qaimələr göndərilmişdir.

17. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 1678 saylı Qarşılıqlı Üzləşmə aktı ilə Cavabdeh MMC-nin 30 sentyabr 2025-ci il üçün olan borcun 15.400 manat olduğunu tərəflər öz imza və möhürü ilə təsdiq etmişlər.

18. Hazırda da, iddiaçı tərəf üzləşmə aktı imzalandıqdan sonra 1.000 manat ödəniş edildiyini və cavabdehdən 14.400 manat məbləğində borcun qaldığını bildirir.

19. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq mallar verilmiş, cavabdehin də, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.

20. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.

21. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, 14.400 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

22. Məhkəmə 500 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

23. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 9.5-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən alıcı satıcı tərəfindən malları müqavilə şərtlərinə uyğun olaraq satıcıya təhvil verməsi və müvafiq sənədləşmələri aparmasına baxmayarq malların dəyərinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə 0,1% məbləğində dəbbə pulu ödəyəcək.

24. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

25. Hazırkı işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 500 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.

26. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

27. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 14.400 (on dörd min dörd yüz) manat, cərimə borcu üzrə 500 (beş yüz) manat olmaqla, ümumilikdə 14.900 (on dörd min doqquz yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 135 (bir yüz otuz beş) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar