Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10449/2025 23.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı müqavilənin ləğvi və borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli “620-L/12” nömrəli müqavilənin ləğv edilməsi, xx.xx.2012-ci il tarixli “620-L/12” nömrəli müqavilə üzrə yaranmış 3.467,07 manat cərimə məbləğinin və hüquqi yardım üçün ödənilmiş 576,28 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (sonradan “Aqroservis”) ilə Cavabdeh2 arasında xx.xx.2012-ci il tarixli “620- L/12” nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən lizinq verən "xxxx" AS Ctərəfindən kənd təsərrüfatı texnikaları Lizinq alan Cavabdeh2 lizinqə vermişdir. Müqavilə şərtlərinə əsasən Lizinq alan ödəniş qrafiki üzrə lizinq məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin lizinq alan - hazırkı cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq ödəniş qrafiki üzrə ödənişləri icra etməmişdir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 cərimə borcunu ödəyə bilməyəcəyini bildirərək, iddianın rədd edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2012-ci il tarixli 620-L/12 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən kənd təsərrüfatı texnikaları lizinq alana lizinqə verilmişdir.
9. Lizinq müqaviləsi və ödəniş qrafiki hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.
10. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir.
11. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun borcunu ödəmək vəzifəsi yaranmışdır.
12. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi müqavilə üzrə cavabdeh tərəfindən əsas borcun tam ödənildiyini bildirərək, cərimə borcunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
13. Məhkəmənin iclasında iştirak edən Cavabdeh2 iddia tələbi üzrə əsas borcu ödədiyini, cərimə borcunu ödəməyə imkanı olmadığını bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir.
14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ancaq cərimə borcunun tələb edilməsi ilə bağlıdır.
15. Məhkəmə qeyd edir ki, işdə olan ödəniş qrafiki və hesabdan çıxarışın müqayisəli təhlilindən görünür ki, Cavabdeh2 əsas borcun ödənilməsini gecikdirmiş və bununla da, iddiaçının müqavilə üzrə cərimə borcunu tələb etmək hüququ yaranmışdır.
16. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.
17. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
18. Məhkəmə hesab edir ki, xx.xx.2012-ci il tarixli 620-L/12 nömrəli lizinq müqaviləsi üzrə 50 manat cərimə borcunun tutulması daha ağlabatandır.
19. Məhkəmə, xx.xx.2012-ci il tarixli 620-L/12 nömrəli müqavilənin ləğv edilməsi ilə qeyd edir ki, qeyd edilmiş müqavilə üzrə öhdəliklərin icra edilməsi cavabdeh tərəfindən pozulduğundan xx.xx.2012-ci il tarixli 620-L/12 saylı lizinq müqaviləsi ləğv edilmiş hesab edilməlidir.
20. Məhkəmə 576,28 manat vəkil xərcinin tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
21. İş materiallarında olan xx.xx.2025-ci il tarixli elektron qaiməyə əsasən 300 manat məbləğində vəkil xərci ödənilmişdir.
22. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 300 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Bundan başqa, məhkəmə qeyd edir ki, iddianın təmin edilən hissəsinə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilməli rüsum məbləği 30 manat təşkil edir, lakin iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi “Dövlət rüsumu haqqında” Qanunun 9.1.14-cü bəndinə əsasən (məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar) dövlət rüsumu ödəməkdən azaddır.
24. Ona görə də, məhkəmə Mülki Prosessual Məcəllənin 119.2-ci bəndini əsas tutaraq hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənməlidir.
25. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 620-L/12 saylı lizinq müqaviləsi ləğv edilmiş hesab edilsin. xx.xx.2012-ci il tarixli 620-L/12 saylı müqaviləyə əsasən cərimə borcu üzrə 50 (əlli) manat məbləğində pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Hüquqi yardımın göstərilməsinə görə çəkilmiş xərcin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Kənan Hüseynov