Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1045/2022 27.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı 02 sentyabr 2020-ci il tarixli SS-MP50/20 saylı müqavilə üzrə pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddianın hüquqi əsaslığının dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 9.698,42 manat əsas borcun, habelə borcun gecikdirilməsinə görə 970 manat cərimə borcunun və 100 manat mediasiya xərci olmaqla, cəmi 10.768,42 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 02 sentyabr 2020-ci il tarixdə SS-MP50/20 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən satıcı adı və sayı hazırki müqavilənin ayırlmaz tərkib hissəsini təşkil edən, tərəflərin razılığa gəldikləri qaimə-fakturalarda göstərilən malı alıcının mülkiyyətinə ötürməyi, alıcı isə malı müvafiq qaydada qəbul etməyi və haqqını ödəməyi öhdəsinə götürür. Həmçinin müqavilənin 1.1-ci bəndində də qeyd olunur ki, satıcı və alıcı malın qiyməti üçün razılığa gəlmək məqsədi ilə bu müqavilənin tərkib hissəsi sayılan e-qaimə təsdiqləyirlər. Göründüyü kimi, sözügedən müqavilə üzrə tərəflər alqı-satqı münasibətində olublar və alqı-satqının predmetini təşkil edən mallar, habelə onların qiymətləri 1.1-ci bəndə uyğun olaraq e-qaimə ilə müəyyən edilib. Beləliklə də, həmin müqavilə üzrə cavabdeh iddiaçıdan ayrı-ayrı vaxtlarda toplam dəyərləri 9.698,42 manat təşkil edən mal-material almış və həmin malların dəyərini bugünədək ödəməmişdir. Həmin müqavilə üzrə iddiaçı (satıcı) tərəfindən cavabdehə (alıcıya) ayrı-ayrı vaxtlarda toplam dəyərləri 9.698,42 manat təşkil edən mal-material satılmış, lakin cavabdeh müqavilə üzrə öhdəliklərinin icrasından yayınaraq bugünə kimi iddiaçıya olan borcunu ödəməmişdir. Halbu ki, həmin müqavilənin 3.1-ci bəndinə görə cavabdeh mallara dair müvafiq qaimə-fakturanı imzaladığı vaxtdan 30 iş günü ərzində onların dəyərini iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq 02 sentyabr 2020ci il tarixdə ümumi dəyəri 160,48 manat olan mal-material (02.09.2020 tarixli, 477509 saylı elektron qaimə), 07 sentyabr 2020-ci il tarixdə ümumi dəyəri 70,80 manat olan malmaterial (07.09.2020 tarixli, 630566 saylı elektron qaimə), 28 sentyabr 2020-ci il tarixdə ümumi dəyəri 112.10 manat olan mal-material (28.09.2020 tarixli, 535728 saylı elektron qaimə), 05 oktyabr 2020-ci il tarixdə ümumi dəyəri 377,60 manat olan mal-material (05.10.2020 tarixli, 815053 saylı elektron qaimə), 16 oktyabr 2020-ci il tarixdə ümumi dəyəri 263,14 manat olan mal-material (16.10.2020 tarixli, 373067 saylı elektron qaimə), 21 oktyabr 2020-ci il tarixdə ümumi dəyəri 118,00 manat olan mal-material (21.10.2020 tarixli, 549537 saylı elektron qaimə), 16 noyabr 2020-ci il tarixdə ümumi dəyəri 8.596,30 manat olan mal-material (16.11.2020 tarixli, 622641 saylı elektron qaimə) satılmışdır. Lakin indiyədək yuxarıda sadalanan e-qaimələr üzrə cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş edilməmişdir. Beləliklə, yuxarıda sadalanan e-qaimələr üzrə cavabdehin iddiaçıya 9.698,42 manat ödənilməmiş əsas borcu vardır. Dəfələrlə cavabdehdən həmin borc pul tələb edilsə də, cavabdeh borcun ödənilməsinə cəhd belə göstərməmiş və bununla bağlı cavabdehə edilmiş bütün xəbərdarlıqlar nəticəsiz qalmışdır. 31 avqust 2020-ci il tarixdə isə sonuncu dəfə cavabdehə borcun ödənilməsinə dair pretenziya məktubu göndərilərək borcunu ödəməsi tələb edilmiş, əks halda isə yaranmış mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət olunacağına dair ona xəbərdarlıq edilmişdir. Həmin məktub 02 sentyabr 2021-ci il tarixdə cavabdehə çatmışdır. Lakin cavabdeh nə həmin məktuba rəsmi cavab verməmiş, nə də ki, heç bir ödəniş etməmişdir. Bundan sonra iddiaçı mediasiya prosesinin tətbiqi ilə bağlı cavabdehə, sonra isə Mediasiya Şurasına məktublar göndərərək mübahisəni məhkəmədənkənar həll etmək üçün qarşı tərəfi mediasiya prosesinə dəvət etmişdir. Lakin cavabdeh mediasiya prosesində də iştirakdan yayınmışdır. 04 noyabr 2021-ci il tarixdə ilkin mediasiya sessiyası təşkil edilmiş və mediator tərəfindən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 5310 saylı, 04.11.2021-ci il tarixli arayış təqdim edilmişdir. Buna görə də iddiaçı borcun alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla yanaşı, cavabdeh tərəfindən pulun qanunsuz olaraq özündə saxlanılması iddiaçının əmlak hüquqlarının pozulmasına səbəb olmuşdur. Buna görə də müqavilə şərtlərinə uyğun olaraq, cavabdeh yuxarıda sadalanan qaimələr üzrə göstərilmiş pulu qanunsuz olaraq özündə saxladığına görə gecikdirilən müddət üçün cərimə faizləri də hesablanmalı, yəni həmin pulların gecikdirilməsinə görə hər gecikdirilmiş məbləğin həmin məbləğin ödənişi üçün müəyyənləşdirilmiş sonuncu günündən etibarən bugünədək (18 noyabr 2020- ci il tarixədək) 0,1%-i hesablanmaqla cərimə faizi də cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 02 sentyabr 2020-ci il tarixdə SS-MP50/20 saylı alqı-Satqı müqaviləsinin 4.4-cü bəndinə əsasən, alıcı tərəfindən bu müqavilə üzrə edəcəyi ödənişlər gecikdirildiyi halda satıcı tərəfindən ona müvafiq ödəniş üzrə gecikdirilən hər gün üçün ödənilməli məbləğin 0,1%-i, ümumilikdə isə alıcı tərəfindən ödəniləcək yekun məbləğin 10%-indən çox olmayaraq cərimə tətbiq edilə bilər. İndiki halda isə toplam cərimələrin məbləği ümumi ödənilməli olan borcun 10%-dən çox etdiyi üçün cərimə kimi tutulmalı məbləğ ümumi borcun, yəni 9.698,42 manatın 10%-i, yəni 970 manat həddində müəyyən edilir İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında 02 sentyabr 2020-ci il tarixli SS- MP 50/20 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı və alıcı malın qiyməti üçün razılığa gəlmək məqsədi ilə bu müqavilənin tərkib hissəsi sayılan e-qaimə təsdiqləyirlər. 1.2-ci bəndinə əsasən hazırki müqaviləyə müvafiq olaraq, satıcı adı və sayı hazırkı müqavilənin ayrılmaz hissəsini təşkil edən, tərəflərin razılığa gəldikləri qaimə-fakturalarda göstərilən malı alıcının mülkiyyətinə ötürməyi, alıcı isə malı müvafiq qaydada qəbul etməyi və haqqını ödəməyi öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən bu müqaviləyə görə, mallar üçün ödəniləcək məbləğ müqavilə əlavəsində (qaimə-fakturada, yaxud qiymətlərin razılaşdırma protokolunda) göstəriləcəkdir. Həmin məbləğ bu müqavilə üzrə müvafiq qaimə-faktura(lar) imzalandıqdan sonra alıcı tərəfindən satıcıya maksimum 30 (otuz) iş günü ərzində ödənilməlidir. 4.4-cü bəndinə əsasən alıcı tərəfindən bu Müqavilə üzrə edəcəyi ödənişlər gecikdirildiyi halda satıcı tərəfindən ona müvafiq ödəniş üzrə gecikdirilən hər gün üçün ödənilməli məbləğin 0,1%-i, ümumilikdə isə alıcı tərəfindən ödəniləcək yekun məbləğin 10%-indən çox olmayaraq cərimə tətbiq edilə bilər. 7.1-ci bəndində əsasən müqavilə tərəflərin imzalandığı an qüvvəyə minir və 1 il müddətində qüvvədə qalır. 7.2-ci bəndinə əsasən ödəniş bu müqavilədə və ya onun əlavəsində göstərilən müddətdən gecikdirildiyi hər bir günə görə əsas borcdan 0,1% qədər cərimə və bundan yarana biləcək administrativ xərcləri ödəmək. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdehnə ƏDV daxil 160,48 manat dəyərində malın verilməsinə dair 02.09.2020-ci il tarixli, EBAP seriyalı, 477509 saylı; ƏDV daxil 70,80 manat dəyərində malın verilməsinə dair 07.09.2020-ci il tarixli, EBAP seriyalı, 630566 saylı, ƏDV daxil 112,10 manat dəyərində malın verilməsinə dair 28.09.2020-ci il tarixli, EBAQ seriyalı, 535728 saylı, ƏDV daxil 377,60 manat dəyərində malın verilməsinə dair 05.10.2020-ci il tarixli, EBAQ seriyalı, 815053 saylı, ƏDV daxil 263,14 manat dəyərində malın verilməsinə dair 16.10.2020-ci il tarixli, EBAR seriyalı, 373067 saylı, ƏDV daxil 118 manat dəyərində malın verilməsinə dair 21.10.2020-ci il tarixli, EBAR seriyalı, 549537 saylı və ƏDV daxil 8596,30 manat dəyərində malın verilməsinə dair 16.11.2020-ci il tarixli, EBAS seriyalı, 622641 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. İddiaçı MMC pretenziya qaydasında məktubla Cavabdeh MMC-yə müraciət edərək, borcu öhdəliyini icra edilməsini tələb etmiş, əks halda qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 02 sentyabr 2020-ci il tarixli SS-MP 50/20 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehin sifarişi əsasında malları təqdim etmişdir. Cavabdeh MMC isə təqdim olunmuş malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 9.698,42 manat məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 9.698,42 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, əsas borcun tutulması hissəsində iddia təmin edilməli, Cavabdeh MMC-dən 9.698,42 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 970 manat dəbbə məbləğində pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Dəbbə pulunun ödənilməsinə dair iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 450 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 100 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 23 manat məbləğində dövlət rüsumu da ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 123 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən ödənilmiş 23 manat məbləğində dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 9.698,42 manat məbləğində əsas borc, 450 manat məbləğində dəbbə pulu, cəmi 10.148,42 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1045/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1045/2022
27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver