Məhkəmə qərarları › İş №e-2-2(113)-10468/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-10468/2025

16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10468/2025 16.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1nə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, göndərmə müqaviləsi, borc tələbi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədova Gülnarə Malik qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh1nə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı MMC iddia ərizəsi, daha sonra isə iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 2.492,02 (iki min dörd yüz doxsan iki manat, 02 qəpik) AZN məbləğində əsas borc, 498.40 AZN (dörd yüz doxsan səkkiz manat, 40 qəpik) məbləğində dəbbə pulu, 51 (əlli bir manat) AZN məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında malların alqı-satqısına dair xx.xx.2024-cü il tarixli № 5201/24M nömrəli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə İddiaçı MMC satıcı, Cavabdeh1 MMC isə alıcı qismində çıxış etmişdir. Malar qəbul edilərkən alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı bağlamış olduğu müqavilənin bütün tələbləri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və malları tam şəkildə alıcıya təhvil vermişdir. Müqavilə şərtləri əsasında mallar alındıqdan sonra Alıcı müqavilə ilə şərtləşdirilmiş şəkildə malların dəyərini ödəməli idi. Elektron qaimələr və “Malların təhvil-qəbul” aktlarından aydın olur ki, xx.xx.2025-ci il tarixindən Satıcı tərəfindən 2.492,02 AZN (iki min dörd yüz doxsan iki manat, 02 qəpik) məbləğində mallar Alıcıya satılmışdır. Lakin qeyd edilən 2.492,02 (iki min dörd yüz doxsan iki manat, 02 qəpik) AZN (ƏDV daxil) məbləğində pul vəsaitinin bugünədək Alıcı tərəfindən ödənilməsi həyata keçirilməmişdir. Cavabdehin iddiaçıya olan əsas borcundan əlavə, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli № 5201/24M nömrəli müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malın dəyərinin 20 % dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Beləliklə, ödənilməmiş malların dəyərini 2.492,02 (iki min dörd yüz doxsan iki manat, 02 qəpik) AZN təşkil edir, həmin məbləğin 20 (iyirmi) faizi 498.40 AZN (dörd yüz doxsan səkkiz manat, 40 qəpik) təşkil edir və bu məbləği dəbbə pulu kimi əsas borca hesablasaq, ümumilikdə 2.492,02 + 498.40 = 2.990,42 AZN (iki min doqquz yüz doxsan manat, 42 qəpik) tələb məbləği yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən cərimə müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Cavabdeh1 MMC-yə xx.xx.2025-ci il tarixində, № 002490 saylı məktubla müqavilə üzrə borc məbləğinin ödənilməsinə dair pretenziya məktubu ünvanlanmış və həmin məktubla bildirilmişdir ki, borcun 10 (on) iş gün müddətində ödənilməyəcəyi təqdirdə iddiaçı tərəfindən məhkəməyə müraciət ediləcəkdir. Məktub cavabdeh tərəfindən qəbul edilsə də, nə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsinə yönəldilmiş hərəkətlər icra olunmuşdur, nə də ki məktuba bir cavab alınmışdır. xx.xx.2024-cü il tarixli № 5201/24M nömrəli müqavilənin 3.1.1-ci bəndi satıcının müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsinin alıcıdan tələb etmək hüququnu qeyd edir, 3.4.1-ci bəndi isə alıcının malı qəbul etdikdən sonra müəyyənləşdirilmiş pul məbləğinin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək öhdəliyini nəzərdə tutur. Lakin bugünədək cavabdeh tərəfindən alınmış malın dəyəri ödənilməmiş və alıcı faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliyi icra etməmişdir. Qeyd edilən müqavilə hər iki tərəfin qarşılıqlı iradə ifadəsi və razılaşdırılması ilə Azərbaycan Respublikasının mülki qanunvericiliyi əsasında bağlanmışdır. Satıcı tərəfindən müqavilə üzrə öhdəlik icra edilmiş, lakin Alıcı tərəfindən öhdəlik icra edilməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425, 442, 445, 448.1, 567, 598, 600.1-ci maddələrinə istinad olunmuşdur.

4. İddiaçının nümayəndəsi əvvəlki məhkəmə iclasında bildirmişdir ki, boru satışı ilə məşğul olurlar. Mallar təhvil verilən zaman qarşı tərəf onlarla əlaqə saxlayaraq, sürücünün yaxınlaşdığını və malları hazır etməli olduqlarını bildirdi. Malların təhvili bu qaydada həyata keçirilir və 166 daşıma xidməti vasitəsilə daşınmalar həyata keçirilir. Eyni zamanda menecerlər telefon vasitəsilə əlaqə saxlasalar da, borc yaranan andan qarşı tərəflə danışıqlar aparmaq mümkün olmamışdır. Borc 7 mart 2025-ci ildə yaranmışdır.

5. Sonuncu məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, üzləşmə aktı imzalanmasa da, onu elektron qaiməyə baxmaq üçün adi bir sənəd kimi tərtib etmişlər, üzləşmə aktı imzalanmalı olsa belə qarşı tərəflə əlaqə saxlamaq mümkün olmadığından üzləşmə aktının cavabdeh tərəfindən imzalanması mümkün olmamışdır.

6. Cavabdehin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları:

7. İş materiallarına əlavə edilmiş:

8. xx.xx.2024-cü il tarixli 5201/24M nömrəli alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “X1”nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, “Alıcı” isə bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə Malın dəyərini “Satıcı”ya ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürür. Malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X2”larında öz əksini tapacaqdır. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti, təhvil verilmə müddəti, ödəniş qaydası və ödəniş müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1” ilə müəyyən edilir. Müqavilənin 2.2-ci bəndinə əsasən Qiymətlərin razılaşdırılması barədə protokol Satıcı tərəfindən elektron şəkildə müvafiq QR kodu ilə tərtib edilərək informasiya texnologiyaları resursları vasitəsilə və ya kağız formatında olduqda isə imza və möhürlə təsdiqi formada Alıcıya göndəriləcəkdir. X3nun Alıcıya göndərildikdən sonra Alıcı tərəfindən onun cavablandırılması üçün 3 iş günü müəyyən edilir. Elektron sənəd dövriyyəsi halında Alıcı tərəfindən ya təsdiq, ya da imtina məzmunlu mail daxil olmalıdır. Təsdiq maili daxil olduqda Satıcı tərəfindən mal buraxılışı həyata keçiriləcək, imtina maili daxil olduqda isə Alıcı tərəf protokolda qeyd edilən hallarda dair öz mülahizəsini bildirə bilər. Bu halda tərəflər arasında təsdiq əldə edilənədək malların buraxılışı dayandırılacaqdır. X3 elektron qaydada göndərildiyi halda onun Satıcı və Alıcı tərəfindən əlavə olaraq canlı imza ilə imzalanmasına və möhürlənməsinə zərurət yoxdur. Müqavilənin 3.4.3-cü bəndinə əsasən Alıcı malı almamışdan və qəbul etməmişdən əvvəl onun kefiyyət, kəmiyyət və digər göstəriciləri ilə tanış olmalı, alacağı malı yoxlamalıdır. Malın yoxlanılması zamanı aşkar olunan keyfiyyət, miqdar, çeşid, əksiklik və çatışmazlıqları və digər qüsurları aktlaşdıraraq bu barədə dərhal Satıcıya xəbər verməlidir. Belə bir akt olmazsa mal Alıcı tərəfindən bəyənilmiş, keyfiyyətə uyğun hesab edilmiş sayılır. Müqavilənin 4.1-ci bəndinə əsasən Satıcı malın təhvil verilməsi ilə birlikdə zəruri olan sənədləri Alıcıya təqdim etməlidir. Müqavilənin 4.2ci bəndinə əsasən mal alıcıya onun müəyyən etdiyi səlahiyyətli şəxs və ya tərəflərin əlavə razılığı ilə çatdırılma vasitəsilə verilir. Çatdırılma vasitəsilə mal verildikdə bununla bağlı əlavə razılıq və onun şərtləri Əlavə № 1-də göstərilir. Müqavilənin 5.1-ci bəndinə əsasən müqaviləyə əsasən Alıcı tərəfindən Malın dəyərinin ödənilməsi hesab faktura təqdim olunduqdan sonra 100% öncədən avans şəklində Azərbaycan Respublikası milli valyutası olan manatla həyata keçirilir. Müqavilənin 5.4-cü bəndinə əsasən tərəflərin qarşılıqlı razılaşmasına əsasən, aralarındakı mal dövriyyəsi və borc qalıqları ilə bağlı aylıq, rüblük və illik “X4” tərtib edilə bilər. Müqavilənin 6.2-ci maddəsinə əsasən Alıcı tələb etdiyi tədirdə, alğı-satqını həyata keçirməmişdən və malı qəbul etməmişdən əvvəl, malın keyfiyyətinin yoxlanılması məqsədi ilə (laborator və s.) nümunələr götürə bilər və həmin nümunələri özünün müəyyən etdiyi laboratoriyalar və ya müvafiq ixtisaslaşdırılmış müəssisələrdə yoxlada bilər. Yoxlama (sınağın) nəticəsi təqdim edilmədən götürülən mal Alıcı tərəfindən bəyənilmiş və keyfiyyət tələblərinə uyğun hesab edilmiş sayılır. Müqavilənin 8.1-ci bəndinə əsasən Tərəflər bu müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiklərinə və ya lazımi şəkildə yerinə yetirmədiklərinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar və bunun nəticəsində digər Tərəfə dəymiş zərərin əvəzini ödəməlidirlər. Müqavilənin 8.4-ci bəndinə görə Malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1 faizi miqdarında (lakin Malın dəyərinin 20 faizindən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Müqavilənin 10.1-ci bəndin əsasən müqavilə tərəflər arasında xx.xx.2029-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək bağlanılmışdır.

9. 1082972 nömrəli xx.xx.2025-ci il tarixli malların təhvil-qəbul aktına əsasən 4 müxtəlif adda və müxtəlif miqdarda mallar İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-yə təhvil verilmişdir.

10. MT2503 seriyalı, 10522148 nömrəli, xx.xx.2025-ci il tarixli elektron qaiməyə əsasən 2490,69 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh1 MMCyə ödənilməsi üçün təqdim edilmişdir.

11. xx.xx.2025-ci il tarixli üzləşdirmə aktına əsasən, əvvəlki dövrdən qalan balans 1,32 manat, xx.xx.2025-ci il tarixli e-qaimə üzrə 2490,69 manat olmaqla, xx.xx.2025-ci il tarixinə Cavabdeh1 MMC-nin 2492,02 manat borcu vardır. Lakin üzləşmə aktı tərəflərin imzası ilə təsdiq edilməmişdir.

12. İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən 2492,02 manat əsas borcun və 498,40 manat dəbbə pulu borcunun 10 (on) iş günü ərzində ödənilməsini tələb edir, əks təqdirdə müvafiq məhkəməyə müraciət olunacağını bildirir.

13. 17.12.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC 51 manat dövlət rüsumu ödəmişdir.

Tətbiq edilən maddi hüquq normaları:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

15. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

17. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

18. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır.

19. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

20. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

21. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür.

23. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir.

24. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur.

25. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir.

26. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir.

27. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər.

Tətbiq edilən prosessual hüquq normaları:

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

29. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

32. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Məhkəmənin əsaslandırması:

34. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı üzrə malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq 2490.69 manat dəyərində malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müəyyən olunmuş müddətdə ödəməmişdir. İş materiallarında olan üzləşmə aktı imzalanmasa da, cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş digər sübutlarla (elektron qaimə, təhvil təslim aktı) öz təsdiqini tapmışdır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Cavabdeh isə iddiaya qarşı etiraz irəli sürməmişdir.

35. Məhkəmə tərəflərin münasibətini aydınlaşdırıb, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalıdır.

36. Belə ki, iddiaçı əsas borca münasibətdə tələbinin 2490.69 manatdan artıq olan hissəsinə dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Təqdim edilən üzləşdirmə aktı isə cavabdeh tərəfindən təsdiq edilməmiş və əvvəlki dövrə dair borcun mövcudluğu barədə hər hansı sübut təqdim edilməmişdir.

37. Odur ki, məhkəmə, qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, yəni aldığı malların dəyərini ödəmədiyini, belə olan halda isə iddiaçının satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təhvil-təslim aktı ilə sübut edilən, yəni əsas borca görə 2490,69 manat hissəsində təmin edilməlidir.

38. Bununla yanaşı iddiaçı tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehdən 498,40 manat məbləğində cərimə pulunun tutulması tələbini də irəli sürmüşdür.

39. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə də haqlıdır.

40. Lakin məhkəmə Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 124 manat məbləğində müəyyən edilməlidir.

41. Bundan başqa iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 51 manat dövlət rüsumunun 44,63 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə:

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən 2490.69 (iki min dörd yüz doxsan manat altmış doqquz qəpik) manat əsas borc, 124 (yüz iyirmi dörd) manat dəbbə pulu olmaqla, cəmi 2614.69 (iki min altı yüz on dörd manat altmış doqquz qəpik) manat və 44,63 (qırx dörd manat altmış üç qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar