Məhkəmə qərarları › İş №e-2-2(113)-1048/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1048/2023

31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1048/2023 31.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 3984,88 manat (üç min doqquz yüz səksən dörd manat səksən səkkiz qəpik) məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 398,48 manat (üç yüz doxsan səkkiz manat qırx səkkiz qəpik) məbləğində dəbbə pulu, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 70 (yetmiş) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixdə 815 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Əməkdaşlıq müddətində cavabdehin sifarişi əsasında, aralarında imzalanmış malların təhvil-qəbul aktlarına əsasən cavabdeh ayrı-ayrı tarixlərdə İddiaçı MMC-yə məxsus müxtəlif adlı, çeşidli məhsullar təhvil almışdır. Lakin cavabdeh malların təhvil-qəbul aktlarında qeyd olunan tarixlərdə təhvil aldığı mallara görə bu günə kimi tam ödəniş etməmişdir. Dəfələrlə borcun ödənilməsi tələb edilsə də, cavabdeh hər dəfə bir bəhanə gətirərək, şirkətə olan 3984,88 manat (üç min doqquz yüz səksən dörd manat səksən səkkiz qəpik) borcu ödəməkdən yayınır. Cavabdehlə aralarında bağlanan xx.xx.2021-ci il tarixli 815 saylı alqısatqı müqaviləsinin şərtlərinə əsasən alıcı malı təhvil aldığı tarixdən ən geci 35 (otuz beş) gün ərzində ödəniş etməli idi. Buna baxmayaraq, ödəniş müddətlərinin keçməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq olunsa da, cavabdeh bu günə kimi İddiaçı MMC-yə olan 3984,88 manat (üç min doqquz yüz səksən dörd manat səksən səkkiz qəpik) borcunu ödəməmiş və aralarında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərini pozmuşdur. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən müqavilənin icrası üzrə yaranan mübahisələr qarşılıqlı razılıqla həll olunmalıdır. Qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll olunacaqdır. Belə olduğu təqdirdə, həmin alqı-satqı müqaviləsinin 8.1-ci bəndinə əsaslanaraq, məsələnin məhkəmə tərəfindən həll olunması qərara alınmışdır. Borc məbləği cavabdeh tərəfindən bu günə kimi qaytarılmamışdır. xx.xx.2021-ci il tarixli 815 saylı müqavilənin 5.4-cü bəndinə əsasən alıcı malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəmədikdə, gecikdirilmiş borc yaranır və həmin gündən etibarən gecikdirilmiş hər gün üçün satıcı alıcıdan məhsulların ödənilməmiş dəyərinin 0,2% miqdarında dəbbə pulu tələb etmək hüququna malikdir. Müqavilənin 5.5-ci bəndində dəbbə pulunun maksimal həddi ödənişi gecikdirilmiş məhsulların ümumi məbləğinin 10%-i kimi müəyyən edilir. Belə ki, cavabdeh tərəfindən gecikdirilmiş dəbbə pulu məhsulların ümumi məbləğinin 10%-dən çox olduğu üçün gecikdirilmiş malın ümumi məbləğinin 10%-ni təşkil edən 398,48 manat (üç yüz doxsan səkkiz manat qırx səkkiz qəpik) məbləğində dəbbə pulu yaranmışdır. Belə ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, eyni zamanda həmin müqavilədə öhdəliklərin icra edilməsini gecikdirmişdir. Nəticə etibarı ilə hazırda cavabdehin İddiaçı MMC-yə 3984,88 manat (üç min doqquz yüz səksən dörd manat səksən səkkiz qəpik) məbləğində əsas borcu və 398,48 manat (üç yüz doxsan səkkiz manat qırx səkkiz qəpik) məbləğində dəbbə pulu yaranmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, 815 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcının sifarişi əsasında malları alıcıya satır, alıcı isə məhsulların dəyərini nağd və ya hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən X1 şərtlərinə əsasən satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən təchiz olunmuş məhsullarla aparılmış ödənişlər arasında uyğunluğun yoxlanılması məqsədilə tərəflərin hər birinin tələbi ilə qarşılıqlı hesablaşmaların tutuşdurulmasına dair üzləşmə aktı tərtib oluna bilər. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən məhsulların adları, çeşidinə müvafiq olaraq standart qiymətləri, müqavilə üzrə ödəniş və digər kommersiya şərtləri X2 göstərilir. Satıcı X2 göstərilən qiymətləri birtərəfli qaydada dəyişə bilər və alıcı belə dəyişikliyi qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən məhsulların alqı-satqısı satış günü qüvvədə olan qiymət üzrə aparılır. Məhsulların qiymətinin sonradan azalması və ya artması yenidən hesablaşmaya səbəb olmur. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən tərəflər arasında razılaşdırılmış əlavə şərtlər hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab ediləcək əlavələrdə göstərilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən məhsullar alıcının sorğularına (sifarişlərinə) əsasən və satıcı tərəfdən təsdiq edildikdən sonra satıcı tərəfindən ayrı-ayrı partiyalarla təchiz edilir. Alıcı məhsulları tələb olunan çeşid və miqdarda ən azı 5 (beş) iş günü müddətində qabaqcadan satıcıya yazılı və ya elektron formada sifariş edir. Sifariş olunan məhsullar mövcüd olmadıqda, satıcı belə sifarişdən imtina edə bilər. Tərəflər razılaşır və qəbul edir ki, sifariş yalnız satıcı tərəfindən təsdiq edildikdən sonra satıcının məhsulları satmaq və təhvil vermək öhdəliyi yaranır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən hazırkı müqavilə ilə ayrı-ayrı partiyalarla təchiz olunan məhsulların adı, miqdarı, çeşid və dəyəri tərəflərin təsdiq etdiyi təhvil-qəbul aktları və elektron qaimə fakturaya əsasən tənzimlənir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifariş verilən məhsullar sifariş satıcı tərəfdən təsdiq edildikdən sonra 5 (beş) iş günü müddətində alıcının anbarına çatdırılması şərti ilə satıcı tərəfindən (satıcıya məxsus nəqliyyat vasitələri ilə) həyata keçirilməlidir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən məhsullar təhvil verilərkən tərəflər təhvil-qəbul aktını və ya təhvil-qəbulu təsdiq edən müvafiq sənədi imzalayırlar. Akt 2 (iki) nüsxədə tərtib edilir və hər tərəfə 1 (bir) nüsxədə təqdim edilir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən məhsulların təsadüfən məhv olması və ya zədələnməsi riski məhsulların alıcıya akt ilə təhvil verilməsi anından alıcıya keçir. Həmin müqavilənin 2.6-cı bəndinə əsasən məhsulların təhvil tarixi alıcının anbarında məhsulların satıcı tərəfindən alıcıya təqdim edildiyi gün hesab edilir. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən məhsullar alıcıya keyfiyyət və kəmiyyətə uyğun olaraq müşayətedici sənədlərlə təhvil verilir. Akt imzalandıqdan sonra satıcı alıcıya elektron qaimə fakturanı təqdim etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən alıcı müvafiq X3 və ya bu müqavilənin müvafiq əlavələri ilə müəyyənləşdirilmiş müddətdə üzərinə düşən ödəniş öhdəliklərini icra etmədikdə gecikdirilmiş borc yaranır və həmin gündən etibarən hər gecikdirilırıiş gün üçün satıcı alıcıdan məhsulların ödənilməmiş dəyərinin 0,2%-i miqdarında dəbbə pulu tələb etmək hüququna malikdir. - Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 815 nömrəli alqı-satqı müqaviləsinə X3 adlı 1 nömrəli Əlavədən görünür ki, tərəflər aralarında bağladığı alqısatqı müqaviləsi üzrə protokolda göstərilmiş məhsulların çeşidi və qiyməti barədə razılığa gəlmişlər. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx.xx.2022-ci il tarixli, EBBU seriyalı, 686621 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3984,94 (ƏDV daxil) manat təşkil edir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə qeyd olunan məbləğdə malların təhvil verilməsinə dair təhvil-qəbul aktı təqdim olunmuşdur. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 5 (beş) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. İddia tələbinin bir hissəsini cavabdehdən 3984,88 manat məbləğində əsas borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə tam təmin edilməli, cavabdehdən əsas borca görə 3984,88 manat (üç min doqquz yüz səksən dörd manat səksən səkkiz qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini cavabdehdən 398,48 manat (üç yüz doxsan səkkiz manat qırx səkkiz qəpik) dəbbə pulunun tutulması təşkil edir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 815 nömrəli alqı-satqı müqaviləsinin 5.4-cü bəndinə əsasən alıcı müvafiq X3 və ya bu müqavilənin müvafiq əlavələri ilə müəyyənləşdirilmiş müddətdə üzərinə düşən ödəniş öhdəliklərini icra etmədikdə gecikdirilmiş borc yaranır və həmin gündən etibarən hər gecikdirilırıiş gün üçün satıcı alıcıdan məhsulların ödənilməmiş dəyərinin 0,2%-i miqdarında dəbbə pulu tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 250 (iki yüz əlli) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia tələbinin digər hissələrini ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 70 (yetmiş) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 3984,88 manat (üç min doqquz yüz səksən dörd manat səksən səkkiz qəpik) borc, 250 (iki yüz əlli) manat cərimə və 70 (yetmiş) manat mediasiya xərci olmaqla, cəmi 4304,88 manat (dörd min üç yüz dörd manat səksən səkkiz qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar