Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1048/2024 18.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, mediasiya xərci, vəkil xərci, cərimə pulu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən xx.xx.2020-ci il tarixli AL/ML/1875 saylı 06 aprel 2022-ci il tarixli Maliyyə lizinq müqaviləsinə əsasən 10124.49 manat əsas pul, 2429 manat cərimə məbləği, hüquqi yardımın göstərilməsi üçün Bakı şəhəri, 18 saylı Vəkil Bürosuna ödənilmiş 800 manat pulun, mediasiya xərcinin əvəzi kimi Bakı 3 saylı Mediasiya Təşkilatına ödənilmiş 400 manat pulun, ümumilkdə 13753.49 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında AL/ML/1875 saylı maliyyə kredit müqaviləsi mövcuddur ki, həmin müqavilə əsasında bir sıra kənd təsərüffatında istifadə edilən texnikalar cavabdehə lizinq şərtləri ilə satılmışdır. Müqaviləyə əsasən 36 ay müddətində 3 ədəd texnikanın dəyəri hissə-hissə ödənilməli idi və cavabdeh öhdəliyi tam yerinə yetirmədiyi üçün 10124.49 manat borcu yaranmışdır. Müqavilənin 1.3-cü bəndinə əsasən Lizinq obyektinin ümumi qiyməti 23.770 manat təşkil etmişdir. Müqavilənin 2.2.2-ci bəndinə əsasən AKİA tərəfindən 7623.51 manat güzəşt məbləği, 2.2.3 maddəsinə əsasən 11392. 49 manat lizinq məbləği, 2.2.4 bəndinə əsasən 951 manat lizinq şirkətinin komisiyası, 2.2.1 bəndinə əsasən, 4754 manat avans məbləği nəzərdə tutulmuşdur. Müqavilənin 2.2 bəndinə əsasən 17097.49 manat lizinq ödənişlərinin ümumi məbləği etmişdir. Cavabdeh tərəfindən müqavilə şərtləri üzrə cəmi 1268 manat ödəniş edilmiş, ödənişlər dayandırılmış və hazırda Maliyyə Lizinq müqaviləsinə əsasən, şirkətə 10124.49 manat əsas borcu vardır. Cavabdeh 479 gün müddətinə ödənişləri gecikdirmiş və 2429 manat cərimə borcu hesablanmışdır. Cavabdehlə dəfələrlə əlaqə saxlayıb müqavilə üzrə öhdəliyin yerinə yetirilməsini tələb edilməsinə baxmayaraq cavabdeh öhdəliyi yerinə yetirməkdən qərəzli olraq yayınmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada dəfələrlə pretenziya ünvanlanmış mübahisənin həlli üçün ünvan 1bdeh İlkin Mediasiya Sessiyasında iştirak etmədiyindən MŞB/3/2023-01260 saylı xx.xx.2023 tarixli arayış təqdim edilmişdir. Mediasiya xərci olan 400 manat şirkət ərəfindən ödənilmişdir. Əlavə olaraq hüquqi yardımın göstərilməsi məqsədi ilə İddiaçı MMC ilə Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndəla xx.xx.2023-cü il tarixli 2096 saylı müqavilə imzalanmış və 800 yüz manat hüquqi yardıma görə məbləğ Bakı şəhər 18 saylı Vəkil Bürosuna köçürülmüşdür. Bundan başqa cavabdehə pretenziya elektron hökumət və rəsmi poçt vasitəsi ilə göndərilmiş, cavabdeh tərəfindən borcun ödənilməsində heç bir təşəbbüs irəli sürülməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, həqiqətən də texnikanı götürüb, 20% dəyərini ödəyib. Texnika işləməyib, dəfələrlə iddiaçı şirkətə zəng ediblər ki, xarab olub usta göndərin. Heç bir xidmət göstərməyiblər, elə də qalıb. 400 gün gözləyib məhkəməyə verməkləri cərimənin artmasına səbəb olub. Cərimə məbləği ilə qəti razı deyil, əsas borca isə heç bir etirazı yoxdur, ödəyəcək.
III.Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AL/ML/1875 saylı maliyyə lizinqi müqaviləsinə əsasən:
7. Müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş 1 ədəd Dırmıx 4-lü UM-HR 4, 1 ədəd Pres bağlayan PPT-041 (04) və 1 ədəd otbiçən UM-RM 195 öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür.
8. Müqavilənin 1.3-cü bəndinə əsasən lizinq obyektinin alış qiyməti: 23770 manat
9. Müqavilənin 2.2-ci bəndinə əsasən lizinq ödənişlərinin ümumi məbləği: 17097,49 manat
10. Müqavilənin 2.2.1-ci bəndinə əsasən avans məbləği 4754 manat
11. Müqavilənin 2.2.2-ci bəndinə əsasən AKİA tərəfindən ödənilən güzəşt məbləği 7623,51 manat
12. Müqavilənin 2.2.3-cü bəndinə əsasən lizinq məbləği 11392,49 manat
13. Müqavilənin 2.2.4-cü bəndinə əsasən lizinq şirkətinin komissiya faizi 951 manat
14. Müqavilənin 9.3.1-ci bəndinə əsasən lizinq obyektinin faktki istifadə edilməsindən asılı olmayaraq, habelə texniki xidmət, təmir və ya lizinq obyektinin itirilməsi dövrqndə lizinq alan lizinq müddəti ərzində və ya müqavilənin vaxtından əvvəl ləğv edilməsi anına qədər lizinq verən tərəfindən hesab təqdim edilmədən lizinq ödənişlərini ödəməlidir.
15. Müqavilənin 15.3-cü bəndinə əsasən u müqavilə üzrə gecikdirilmiş və ya vaxtı keçmiş lizinq öhdəliyinə görə hər gecikdirilən gün üçün qalıq əsas borc məbləğinə gündəlik 0.1% məbləğində faiz hesablanır və bu faiz borcalan tərəfindən tam həcmdə ödənilməlidir.
16. xx.xx.2022-ci il tarixli, AL/ML/1875 saylı maliyyə lizinqi müqaviləsinə 1 saylı əlavəyə əsasən maliyyələşmə məbəği 11392,49 manat və lizinq müddəti 36 ay nəzərdə tutulmuşdur.
17. xx.xx.2022-ci il tarixli, AL/ML/1875 saylı maliyyə lizinqi müqaviləsinə 2 saylı əlavəyə əsasən lizinq obyektinin yekun alış qiyməti 23770 manat müəyyən edilmişdir.
18. İddiaçı MMC-nin maliyyə arayışına əsasən İddiaçı MMC ilə Natural T MMC arasında 06 04.2022-ci il tarixdə bağlanmış AL/ML/1875 saylı maliyyə lizinqi müqaviləsinə əsasən dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq 36 ay müddətinə aylıq ödənişlər yerinə yetirmək şərti ilə ümümi dəyəri 23770 manat olan 3 ədəd müxtəlif markalı kənd təsərrüfatı texnikasını lizinqə verilmişdir. Həmin texnikalara görə xx.xx.2023-cü il tarixədək 6023 manat ödənilməli olduğu halda 1268 manat ödəniş edilmiş və qrafik üzrə 4755 manat borc yaranmışdır. Bağlanmış müvafiq müqavilənin 15.2-ci və 15.3-cü bəndlərinə əsasən ödəniş qrafiki üzrə 30 təqvim günündən artıq ödənişləri gecikdirdiyinizə görə gecikdirilən hər bir gün üçün qalıq əsas borc məbləğinə gündəlik 0,1% (984.04 manat) məbləğində faiz hesablanmışdır.
19. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AL/ML/1875 saylı maliyyə lizinqi müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, Cavabdeh MMC lizinq ödənişlərini ödəniş qrafiklərinə uyğun olaraq həyata keçirməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh MMC-nin lizinq müqaviləsi üzrə cəmi 10124,49 manat məbləğində gecikdirilmiş borcu yaranmışdır.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanılmalı olduğunu müəyyən edir.
22. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
24. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
25. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh MMC-nin mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə lizinq ödənişləri onun lizinq müqaviləsi üzrə cəmi 10124,49 manat məbləğində borcunun yarandığını, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
26. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
27. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan 2429 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 06 aprel 2022-ci il tarixli, AL/ML/1875 nömrəli müqavilə üzrə 506 manat məbləğində müəyyən edilməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 06 aprel 2022-ci il tarixli AL/ML/1875 nömrəli Maliyyə lizinq müqaviləsi üzrə 10124,49 manat məbləğində əsas borc, 506 manat məbləğində dəbbə (cərimə borcu) olmaqla, cəmi 10630,49 (on min altı yüz otuz manat, 49 qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.
29. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri və 800 manat məbləğində vəkil xərci ödənilmişdir.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
31. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 500 manat, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində təmin edilən borc məbləğinə münasibətdə 125 manat (dövlət rüsumun hesablanması kalkülyatorun göstəriciləri nəzərə alınmaqla) məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 06 aprel 2022-ci il tarixli AL/ML/1875 nömrəli Maliyyə lizinq müqaviləsi üzrə 10124,49 manat məbləğində əsas borc, 506 manat məbləğində dəbbə (cərimə borcu) olmaqla, cəmi 10630,49 (on min altı yüz otuz manat, 49 qəpik) manat, hüquqi yardımla bağlı çəkilmiş xərclərin əvəzi olaraq 500 (beş yüz) manat və mediasiya xərclərinin əvəzi olaraq 125 (yüz iyirmi beş) manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova