Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1048/2025 17.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X2 İnstitutuna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası cəlb edilməklə) qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, əsas borc, dəbbə pulu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Vəliyeva Nigar Rauf qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Cavabdehin və 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X2 İnstitutuna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası cəlb edilməklə) qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliy iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli 951- GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 3140 manat gecikdirilmiş borcun və hesablanmış 4509,74 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat cəmi: 8149,74 manat pul vəsaitinin cavabdeh Azərbaycan Milli Elmlər X1 tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə AMEA Zoologiya İnstitutu arasında bağlanmış xx.xx.2017-ci il tarixli 951-GL/17 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2017-ci il tarixli 951-GL/17 nömrəli müqavilə üzrə 3140 manat gecikdirilmiş borcu və hesablanmış 4509,74 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəlikləri vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır.
3. Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun baş meneceri ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, sözügedən avadanlıqla bağlı AMEA İşlər İdarəsi ilə müqavilə imzalanmış və həmin texnikanı AMEA İşlər İdarəsinə təhvil verilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 28 iyul 2022-ci il tarixli Fərmanına əsasən Zologiya İnstitutu AMEA-nın tərkibindən alınaraq, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərkibinə verilmişdir. Hazırda AMEA Zologiya İnstitutu adlı qurum yoxdur.
4. Daha sonra Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun baş meneceri ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin Zoologiya İnstitutuna ünvanladığı bildirişlərdə (xx.xx.2024 tarixlie-2-2(113)-8787/2024 nömrəli, xx.xx.2024-cü il tarixli e-2-2(113)-8787/2024 nömrəli, xx.xx.2025-ci il tarixli e-2-2(113)- 1048/2025 nömrəli) mübahisə mövzusu olan müqavilənin göstəricilər qeyd olunmadığına görə və iddia ərizəsi onlara təqdim edilmədiyindən mübahisə predmetinin AMEA İşləridarəsi ilə "xxxx" ASC arasında imzalanmış xx.xx.2018-ci il tarixli 2592-GL/16 nömrəli müqavilə ilə lizinqə götürülərək İnstitutun istifadəsinə verilmiş avadanlıqla olduğunu zənn etmişdir. AMEA-nın müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunması zamanı məhkəmədən əldə etdiyi iddia ərizəsi ilə tanış olduqdan sonra mübahisəli müqavilənin məhz AMEA Zoologiya İnstitutu ilə ‘Aqrolizinq”ASC arasında imzalanmış xx.xx.2017-ci il tarixli 951-GL/17 nömrəli müqavilə olduğunu başa düşüb. xx.xx.2017-ci il tarixli 951-GL/17 nömrəli müqavilə üzrə lizinqə götürülmüş 2 oxlu qoşqu (traktor üçün)-CAN-PA.R-4T hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun “Ağsu” X3 müvəqqəti istifadəsindədir. Sözügedən avadanlığa görə müqavilə üzrə bir neçə dəfə ödəniş olunmuşdur, sonradan bu ödəniş üçün “311250 - İstehsalat və nəqliyyat vasitələri” xərclər smetası üzrə vəsait ayrılmadığından ödəniş dayandırılmışdır. Xərclər smetasında nəzərdə tutulduğu halda ödənişinə hazır olduğuqlarını nəzərə alınmasını xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
7. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. "xxxx" ASC ilə AMEA Zologiya İnstitutu arasında bağlanmış xx.xx.2017-ci il tarixli 951-GL/17 nömrəli Lizinq müqaviləsinə əsasən qoşqu 2 oxlu (Traktor üçün)-CAN-PA.R-4T lizinqə verilmişdir.
10. "xxxx" ASC ilə AMEA Zologiya İnstitutu arasında bağlanmış xx.xx.2017-ci il tarixli 951-GL/17 nömrəli lizinq müqaviləsinə əsasən:
11. 1.1. Lizinq verən ümumi məbləği 5669 manat olan və Spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir;
12. 1.2. Lizinq alan Texnikanın qalıq məbləğini ödəniş qrafıkinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür.
13. 1.3. Texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur;
14. 1.4. Aşağıdakı sənədlər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur:
15. Kənd təsərrüfatı texnikasına güzəşt tətbiq edilməsi məqsədilə yaradılmış Xüsusi Komissiyanın xx.xx.2017-ci il tarixli protokolu;
16. Spesifikasiya (Əlavə № 1);
17. Lizinq ödəniş qrafiki (Əlavə № 2)
18. 2.2 Lizinq alan:
19. 2.2.1. Lizinq ödənişlərini qrafik üzrə (Əlavə № 2) vaxtında və tam həcmdə ödəyir.
20. 4.1. Lizinq alan Texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyata keçirir.
21. 4.2. Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.
22. xx.xx.2017-ci il tarixli 951-GL/17 nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikindən görünür ki, yekun ödənilməli məbləğ 5669 manat təşkil etmişdir.
23. "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 23 saylı xx.xx.2017-ci il tarixli aktda əsasən 2 oxlu qoşqu (traktor üçün) AMEA Zoologiya İnstitutuna təhvil verilmişdir.
24. İddiaçının xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən lizinq alanın (cavabdehin) gecikdirilmiş borcu – 3140 manat, hesablanmış cərimə 4509,74 manat, cəmi 7649,74 manat borc məbləği qeyd edilmişdir.
25. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
26. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" ASC ("xxxx" ASC) ilə AMEA Zologiya İnstitutu arasında bağlanmış xx.xx.2017-ci il tarixli 951-GL/17 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, cavabdehin xx.xx.2024-cü il tarixinə xx.xx.2017-ci il tarixli 951-GL/17 nömrəli müqavilə üzrə gecikdirilmiş borc 3140 manat və hesablanmış cərimə 4509,74 manat, ümumilikdə 7649,74 manat maliyyə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun baş meneceri ərizə ilə məhkəməyə müraciət edərək bildirsədə ki, Azərbaycan Respublikasının Prezidentinin 28 iyul 2022-ci il tarixli Fərmanına əsasən Zologiya İnstitutu AMEA-nın tərkibindən alınaraq, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərkibinə verilmişdir, hazırda AMEA Zologiya İnstitutu adlı qurum yoxdur, lakin həmin Fərmanın icrasına dair hər hansı sənəd məhkəməyə təqdim edilməmiş, əksinə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, ********** VÖEN-ni olan X2 İnstitutu adlı qurum bugün də mövcüddur.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
28. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanılmalı olduğunu müəyyən edir.
29. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
31. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
32. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh AMEA Zologiya İnstitutunun mübahisəli lizinq müqavilələrinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə onun xx.xx.2017-ci il tarixli 951-GL/17 nömrəli lizinq müqaviləsi üzrə 3140 manat məbləğində borcunun yarandığını, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən sözügedən lizinq müqavilələri üzrə "xxxx" ASC-nin bütün hüquq və öhdəliklərinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
33. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
34. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu xx.xx.2017-ci il tarixli 951-GL/17 nömrəli lizinq müqaviləsi üzrə 157 manat müəyyən edilməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, AMEA Zologiya İnstitutu xx.xx.2017-ci il tarixli 951-GL/17 nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixə hesablanmış 3140 manat əsas borc məbləği və 157 manat dəbbə pulu (cərimə) tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.
36. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 500 manat məbləğində vəkil xərci ödənilmişdir.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 500 manat cavabdehdən tutularaq iddiaçıya, iddia ərizənin verilməsinə görə ödənilməli olan 53 manat məbləğində dövlət rüsumu cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
V. Nəticə:
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh Elmlər X1 xx.xx.2017-ci il tarixli 951-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə 3140 manat əsas borc, 157 manat dəbbə pulu və vəkil xərcinin əvəzi olaraq 500 manat tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia ərizənin verilməsinə görə ödənilməli olan 53 manat məbləğində dövlət rüsumu cavabdeh Elmlər X1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova