Məhkəmə qərarları › İş №e-2-2(113)-10481/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-10481/2025

16.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10481/2025 16.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı İB-in Cavabdeh KƏNDLİ FERMER TƏSƏRRÜFATİ” MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: təbii qaz sərfiyyatına görə borcun tutulması) Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədova Gülnarə Malik qızının katibliyi ilə İddiaçı İB-in Cavabdeh KƏNDLİ FERMER TƏSƏRRÜFATİ” MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İ.İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X1 MMC-dən (VÖEN:**********) təbii qazdan istifadəyə görə yaranmış 29552.53 manat məbləğində əsas borcun və 178.66 manat ödənilmiş rüsum xərcləri, ümumilikdə 29731.19 manat (iyirmi doqquz min yeddi yüz otuz bir manat 19 qəpik) borcun (pulun) məcburi qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı xeyrinə (hesabına) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB məlumat üçün bildirir ki, Cavabdeh X1 MMC-nin (VÖEN:**********) ödəyicisi olduğu Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən qeyri yaşayış sahəsi müvafiq qaydada qazlaşdırılmaqla **********00000 saylı qaz hesabı açılmışdır. Sözügedən müəssisənin təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə istehlakçı arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. Cavabdeh KFT MMC-nin ödəyicisi olduğu Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən qeyri yaşayış sahəsində uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri tam ödənilmədiyindən istehlakçının **********00000 saylı qaz hesabında 29552.53 manat həcmində debitor borc vardır. Belə ki, **********00000 saylı qaz hesabı üzrə göstərilən borc Elestr G-100 TRZ EK-230markalı 80073061 nömrəli sayğacın ******* m mexaniki və ******* m elektron göstəricisi ilə yaranmışdır. Borclunun qaz hesabında tələb olunan borc qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktları ilə təsdiqlənmiş və mübahisələndirilmir. Tələb olunan borc yalnız sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmışdır. Cavabdeh KFT MMC-nin borcun könüllü ödənilməsi tələbi ilə müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilsədə tələb olunan tam ödəniş edilməmişdir. Bundan əlavə Cavabdeh KFT MMC-yəsonuncu dəfə borcun könüllü ödənilməsi üçün onlayn kargüzarlıq vasitəsilə elektron pretenziya qaydasında məktub göndərilsədə, həmin pretenziyalar rəsmi qəbul edilsə də keçən dövr ərzində tam ödəniş edilməmişdir və ona görə də iddiaçı tərəf hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin və digər hüquqi aktların müvafiq maddələrinə istinad olunmuşdur.

Tərəflərin izahatları:

4. İddiaçının nümayəndəsi elektron məhkəmə sisteminə ərizə əlavə edərək, iddia tələbini 27033,03 manat hissədə müdafiə etdiyini bildirmiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclaslarında iştirak edən cavabdehin qanuni təmsilçisi izahatında bildirmişdir ki, təxminən 6-7 il olaraq demək olar ki, fəaliyyət göstərə bilmirlər. İddiaçı İB –lə danışıqlar aparmışlar, aparılan danışığa əsasən ayda ***-**** manat məbləğində ödənişlər edilir. Ödənişlər təxminən hər ayın 6-sı və 15-i aralığında edilir. Borcları qəbul edirlər, bunu qarşı tərəfə də etiraf etmişdir. Borcu tam ödəmək imkanları yoxdur, lakin borcu hissə-hissə ödəməyə hazırdır. Yaranan borc hissəhissə yaranıb. Belə ki, 2024-cü ilin sentyabr ayına kimi hər hansı bir borcları olmayıb. 2024-cü ilin sentyabrına kimi ödənişlər vaxtı vaxtında ödənilib. Hal hazırda kütləvi şəkildə fəaliyyət göstərə bilmirlər. Ancaq bəzən özləri üçün kiçik əkin işləri həyata keçirirlər. 2025-ci ilin iyun ayından qazın verilməsi dayandırılıb. Demək olar ki, fəaliyyətlərini faktiki olaraq dayandırmışdır. İddiaçı İB ilə aparılan danışıqlara əsasən ayda ***-**** manat məbləğində ödəniş edilməsi ilə razılaşmışlar. Aralarında belə bir razılaşma olduğu halda işin məhkməyə verilmə səbəbi barədə məlumatı yoxdur.

İİ.Tədqiq olunan sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

6. İş materiallarından görünür ki:

7. 27 oktyabr 2020-ci il tarixli, AMX-4509/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, iddiaçı, cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3.1-ci bəndinə əsasən “istehlakçı” qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Həmin müqavilənin 2.3.5-ci bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir.

8. Abonentin saldosundan görünür ki, 2025-cü ilin avqust ayına ümumilikdə sayğac oxunması üzrə cavabdehin iddiaçıya olan ayın sonuna borcu 29552.53 manat təşkil edir.

9. Yeni Abonent saldosundan görünür ki, cavabdeh tərəfindən 2026-cı ilin fevral ayı üzrə ödənişlər edilmiş və cavabdehin qətnamə çıxarılan tarixə iddiaçıya olan borcu 27.033,03 manat təşkil edir.

10. xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, 29552.53 manat yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

11. Beləliklə, işin faktiki hallarından göründüyü kimi, tərəflər arasında 27 oktyabr 2020-ci il tarixli, AMX-4509/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehi qazla təmin etməyi, cavabdeh isə istehlak etdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə görə istehlakçı sayğac göstəriciləri əsasında hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməli, habelə müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. İş materiallarında olan abonent saldosundan görünür ki, 2025-ci ilin avqust ayının sonuna cavabdehin iddiaçı qarşısında sayğac göstəriciləri üzrə 29.552,53 manat borcu yaranmışdır. Tərəflər arasında mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün xx.xx.2025-ci il tarixdə pretenziya məktubu göndərilsə də, mübahisənin məhkəmədən kənar həll edilməsi mümkün olmamışdır. Sonradan cavabdeh tərəfindən müəyyən ödənişlər həyata keçirilmiş və iş materiallarında olan yeni abonent saldosuna əsasən qətnamə çıxarılan tarixə cavabdehin iddiaçıya olan borcu 27.033,03 manat təşkil edir.

İİİ.Tətbiq edilən maddi hüquq normaları:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

13. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:

17. 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

18. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

İV. Tətbiq edilən prosessual hüquq normaları:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

20. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 22.80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

23. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 25.114.1 və 114.1.1-ci maddələrinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır.

26. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 28.217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 29.217.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 30.217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

31. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

V.Məhkəmənin əsaslandırması:

32. Beləliklə, tərəflər arasında 27 oktyabr 2020-ci il tarixli, AMX-4509/20 saylı təbii qazın alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqavilə üzrə iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçının hesabına ödəmək öhdəliyini üzərinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehi təbii qazla təmin etsə də, cavabdeh öhdəliyini lazımınca icra etməmiş, aldığı qazın dəyərini tam ödəməmiş və onun iddiaçıya qətnamə çıxarılan tarixə 27.033,03 manat borcu yaranmışdır. Habelə öhdəliyin icra edilmədiyi təqdirdə, onun yerinə yetirilməməsinin hər hansı bir üzrlü səbəbləri göstərilməmiş, cavabdeh iddiaya etiraz etməmiş, əksinə məhkəmə iclasında borc məbləğini qəbul etdiyini və borcun müəyyən hissəsini ödədiyini bildirmişdir.

33. Eyni zamanda cavabdeh məhkəmə iclasında borcu hissə-hissə ödəməyə hazır olduğunu bildirərək, məhkəmədən bu halın nəzərə alınmasını xahiş etmişdir.

34. Bununla bağlı məhkəmə qeyd edir ki, qətnamənin hissə-hissə icrası ilə bağlı məsələ MPM-nin 231-ci maddəsinə əsasən yalnız icra icraatı qaydasında həll edildiyindən, bu məsələyə iddia icraatı qaydasında baxıla bilməz.

35. Bundan başqa, iddiaçının nümayəndəsi elektron məhkəmə sisteminə əlavə etdiyi ərizədə iddia tələbini 27.033,03 manat həddində müdafiə etdiyini bildirsə də, bununla bağlı iddia tələbinin azaldılması barədə ayrıca ərizəni məhkəməyə təqdim etməmişdir.

36. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, lakin qismən təmin edilməli və 27.033,03 manat ödənilməmiş borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

37. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 171,1 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Vİ.Nəticə

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh KƏNDLİ FERMER TƏSƏRRÜFATİ” MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 27.033,03 (iyirmi yeddi min otuz üç manat, üç qəpik) manat borc və ödənilmiş 171.1 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı İB-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar