Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1049/2023 06.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 130,47 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 13,04 manat məbləğində dəbbə pulu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC olaraq fərdi sahibkar kimi fəaliyyət göstərən Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə Alqı-Satqı müqaviləsi bağlayaraq əməkdaşlıq etməyə başlamışdır. Əməkdaşlıq müddətində cavabdeh ayrı-ayrı tarixlərdə İddiaçı MMC-nə məxsus müxtəlif adlı, çeşidli məhsullar sifariş vermiş və təhvil almışdır. Lakin, cavabdeh malların təhvil-qəbul aktlarında qeyd olunan tarixlərdə təhvil aldıqları mallara görə bu günə kimi tam ödəniş etməmişdir. Dəfələrlə xəbərdarlıq olunsa da, müxtəlif bəhanələr gətirərək bu günə kimi İddiaçı MMC-nə olan 130.47 AZN (yüz otuz manat, qırx yeddi qəpik) borcunu ödəməmiş və bağlanmış Alqı-Satqı müqaviləsinin şərtlərini pozmuşdur. Nəticə etibarilə, bağlanmış müqavilə şərtlərinə əməl etməyərək, müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Alqı-Satqı müqaviləsinin şərtlərinə əsasən, Alıcı malı təhvil aldığı məhsullara görə ən geci 30 (otuz) gün ərzində ödəniş etməli idi. Alqı-Satqı müqaviləsinin 5.1-ci bəndində göstərildiyi kimi Alıcı kreditlə aldığı malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəmədikdə Satıcı Alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində faiz tələb etmək hüququna malikdir. Müqavilənin 5.2-ci bəndində faizin maksimal həddi ödənişi gecikdirilmiş malın ümumi məbləğinin 10% müəyyən edilir. Belə ki, cavabdeh tərəfindən gecikdirilmiş məbləğin faizi ümumi malın məbləğinin 10%-dən çox olduğu üçün gecikdirilmiş malın ümumi məbləğinin 10%-ni təşkil edən 13.04 AZN (on üç manat, dörd qəpik) məbləğində dəbbə pulu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Həmin Məcəəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan tərəflər arasında bağlanmış və hər iki tərəfin imzası və X3 LTD” X1 möhürü ilə təsdiq edilmiş 03 yanvar 2020-ci il tarixli, 000731 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMM (satıcı) alıcının sifarişi əsasında malları alıcıya satır, Cavabdeh (alıcı) isə malların dəyərini nağd və ya hazırki müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 2 saylı Əlavənin şərtlərinə əsasən Satıcıya ödəməyi öhdəsinə götürmuşdür. Həmin müqavilənin: 3.1-ci bəndinə əsasən hazırki müqavilənin ümumi dəyərini elektron qaimə fakturaların cəmi təşkil edir. 3.3-cü bəndinə əsasən mallar sifariş olunduqdan sonra satıcı alıcıya elektron qaimə təqdim edir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası kimi, Mülki Məcəllənin 567 və 600.4-cü maddələri nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfli, konsensual və əvəzli müqavilədir. Belə olan halda alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür. Qeyd edilən xüsusatın araşdırılması üçün həm də, tərəflər arasında olan işgüzar münasibətlərin hansı qaydada formalaşmış olduğuna da diqqət yetirilməlidir. İşdə olan xx.xx.2021-ci il tarixli 959168, 959167 və 959166 saylı “Malların təhvilqəbul” aktı ilə 609,18 manat məbləğində, xx.xx.2021-ci il tarixli 959165, 959164 və 959163 saylı “Malların təhvil-qəbul” aktı ilə 609,18 manat məbləğində, xx.xx.2021-ci il tarixli 959171, 959170 və 959169 saylı “Malların təhvil-qəbul” aktı ilə 609,18 manat məbləğində, xx.xx.2021-ci il tarixli 966475 və 966474 saylı “Malların təhvil-qəbul” aktı ilə 659,99 manat məbləğində, xx.xx.2021-ci il tarixli 966246, 966244 və 966245 saylı “Malların təhvil-qəbul” aktı ilə 787,21 manat məbləğində, xx.xx.2021-ci il tarixli 948034 saylı “Malların təhvilqəbul” aktı ilə 913,92 manat məbləğində mallar İddiaçı X2 tərəfindən Cavabdeh təhvil verilmişdir. Təhvil-qəbul aktları hər iki tərəfin imzası və İddiaçı X1 möhürü ilə təsdiq edilmişdir. Həmçinin də, İddiaçı X2 tərəfindən xx.xx.2021-ci il tarixli EBAV seriyalı 947406 nömrəli 202,11 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBAV seriyalı 947407 nömrəli 282,30 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBAV seriyalı 947408 nömrəli 124,76 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBAW seriyalı 060847 nömrəli 50,81 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBAW seriyalı 170801 nömrəli 127,23 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBAW seriyalı 570763 nömrəli 126,71 manat, ümumilikdə 913,92 manat məbləğində malların İddiaçı X2 tərəfindən alıcı Cavabdeh təqdim edilməsi barədə elektron qaimlər göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Göründüyü kimi Cavabdeh müəyyən çeşid və miqdarda malların verillməsinə dair elektron qaimələr göndərilmiş, təhvil-qəbul aktları imzalanmış və sonuncu tərəfindən buna etiraz daxil olmadığı üçün iddia əsas borcun yəni 130,47 manat borcun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın 13,04 manat cərimə borcunun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndində öz əksini tapmışdır. Belə ki, həmin bəndə əsasən Alıcı kreditlə aldığı malın dəyərini bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 2 saylı Əlavədə müəyyən edilmiş müddət ərzində ödəmədikdə Satıcı Alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində faiz tələb etmək hüququna malikdir. Lakin faizin maksimal həddi ödənişi gecikdirilmiş malın ümumi məbləğinin 10% müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin 130,47 manat əsas borcuna münasibətdə 13,04 manat ağlabatan və ədalətlidir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 30 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 22748272 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı mediasiya xərci olaraq 30 manat məbləğində pul ödəmişdir. Belə olan halda, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 30 manat məbləğində pul cavadehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 03 yanvar 2020-ci il tarixli, 000731 nömrəli alqı-satqı müqaviləsi üzrə 130 (yüz otuz) manat 47 (qırx yeddi) qəpik əsas, 13 (on üç) manat 04 (dörd) qəpik cərimə borcu olmaqla, cəmi 143 (yüz qırx üç) manat 51 (əlli bir) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1049/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1049/2023
06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver