Məhkəmə qərarları › İş №e-2-2(113)-10495/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-10495/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-10495/2025 25.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehdən alqı-satqı müqaviləsi üzrə 1610,95 manat əsas borcun və dövlət rüsumun əvəzi olaraq 36,11 manat pulun tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilən çıxarışdan görünür ki, Cavabdeh ünvan 1i ünvanında qeydiyyatdadır. Habelə, mübahisənin Bakı Kommersiya Məhkəməsində baxılmasına imkan verən digər qanuni əsaslar da mövcud deyil. Belə ki, məhkəmə qeyd edir ki, iddianın ümumi qaydada cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğu qanunla müəyyən edilsə də, AR Mülki Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, tərəflər öz aralarında yazılı saziş bağlayaraq ərazi üzrə mübahisəli işə baxan məhkəməni özləri əvvəlcədən müəyyən edə bilərlər. Lakin mübahisənin ərazi aidiyyətinin dəyişdirilməsinə dair tərəflər arasında bağlanmış hər hansı yazılı saziş iş materiallarına əlavə edilməmiş, yaxud mövcud müqavilədə hər hansı şərt nəzərdə tutumamışdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, alqı-satqı müqaviləsinin 6.1 və 6.2-ci bəndlərində qeyd edilir ki, bu müqavilənin icrası ilə bağlı yaranan mübahisələr qarşılıqlı razılıqla həll edilir. Razılıq əldə edilmədikdə mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq həll ediləcəkdir. Habelə, müqavilədə AR Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinin tətbiq edilməsinə imkan verən müqavilənin icra yerinə dair hər hansı bənd də nəzərdə tutulmamışdır. Buna görə də hazırkı mübahisəyə ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Həmçinin, iş materiallarına əlavə edilmiş ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 36,11 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun: 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 36,11 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ********** nömrəli qəbz üzrə ödənilmiş 36,11 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar