Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1050/2021 05.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən yaranmış 29 600,30 manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 2 166,53 manat məbləğində faizin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (alıcı) ilə İddiaçı (əvvəlki adı “X4” MMC) (satıcı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 217 saylı alqı-satqı müqaviləsinə əsasən, müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə (Spesifikasiya aktı) adları göstərilən malları satıcı satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. İddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi tam yerinə yetirməmişdir. Belə ki, Cavabdeh MMC İddiaçı MMC-dən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 29 600,30 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Alqı-satqı müqaviləsi imzalandıqdan sonra alıcının sifariş verdiyi mallar tam və vaxtında ona təhvil verilmişdir. Alqı-satqı mübadiləsi başa çatdıqdan sonra tərəflər qalıq borcun dəqiqləşdirilməsi və təsdiqlənməsi məqsədilə yekun üzləşdirmə aktı imzalamışlar. xx.xx.2020-ci il tarixində imzalanmış üzləşdirmə aktına əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə əsas məbləğdən 25 085.80 manat, ƏDV məbləğindən isə 4.515,30 manat olmaqla, ümumilikdə 29.600,30 manat məbləğində borcunun olduğu müəyyən edilmiş və tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Cavabdehə borcun ödənilməsi məqsədilə bir neçə dəfə xəbərdarlıqlar və müraciətlər edilsə də öhdəliklərini bu günə kimi yerinə yetirməmiş, borcun ödənilməsindən qəsdən yayınmışdır. xx.xx.2020-ci il tarixində Cavabdeh MMC-nin ünvanına rəsmi qaydada pretenziya məktubu göndərilmiş və qalıq borcun 15 gün ərzində ödənilməsi tələb olunmuşdur. Lakin heç bir ödəniş edilməmiş, münasibatlərin qaydaya salınması məqsədilə heç bir addım atılmamışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx xxxx 2019-cu il tarixdə 217 saylı saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən müqavilənin ayrılmaz hissəsi sayılan spesifikasiyada adları göstərilən malları, satıcı satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyə öhdəsinə götürmüşdür. 4.1-ci bəndinə əsasən malların təhvil-təslimi alıcının sifarişindən 2 gün ərzində satıcının anbarında həyata keçirilir. 5.1-ci bəndinə əsasən ödəmə bank köçürməsi yolu ilə və yaxud nağd yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -Həmin müqaviləyə 1, 2 və 3 saylı əlavə ilə qiymət cədvəli tərtib edilmiş və tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. -xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 29.600,30 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Həmçinin xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək məhkəməyə müraciət edilən tarixədək əldən çıxmış faydaya görə cərimə faizinin ümumi miqdarı 2.166,53 manat təşkil edir. -İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il – xx.xx.2020-ci il dövrü üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli üzləşdirmə aktına əsasən xx.xx.2020-ci il tarixinə Cavabdeh MMC-nin İddiaçı MMC-yə əsas məbləğdən 25.085,00 borcu var, ƏDV məbləğindən isə 4.515,30 manat borcu var. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx xxxxxx 2020-ci il tarixli, 221 saylı pretenziya məktubu ilə müraciət edilərək, alqı-satqı müqaviləsi üzrə yaranmış 29.600,30 manat məbləğində borcun 15 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə lazımi instansiyalara müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 29.600,30 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini – 29.600,30 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia təmin edilməli, Cavabdeh MMC-dən 29.600,30 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 2.166,53 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Hazırkı işdə Cavabdeh MMC-nin alqı-satqı müqaviləsinə əsasən təqdim edilmiş malın dəyərinin ödənilməsini gecikdirməsi iş materiallarına əsasən öz təsdiqini tapdığından İddiaçı MMC gecikdirilmiş məbləğə MM-in 445.7-ci maddəsinə əsasən faiz hesablanmasını tələb etməkdə haqlıdır. Tələb olunan faizin məbləğinə münasibətdə isə qeyd edilməlidir ki, İddiaçı MMC mübahisəli borc məbləğinin yaranması üçün əsas olmuş malların cavabdehə təqdim edilməsi tarixlərini sübuta yetirən hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, borcun ödənilməsinin gecikdirilməsinə görə faizlər üzləşmə aktının tərtib edildiyi vaxtdan məhkəmə qətnaməsi qəbul edilənədək olan 9 aylıq müddət üçün hesablanmalıdır. Belə olan halda isə Cavabdeh MMC hesablanacaq faiz məbləği 29.600,30x5%x12x9=1.100 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 29.600,30 manat məbləğində əsas borc, 1.100 manat məbləğində faiz borcu, cəmi 30.700,30 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1050/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1050/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver