Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1051/2021 04.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16681 manat əsas borc, 6270,78 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydalarına müvafiq olaraq “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1943- GL/15 nömrəli, xx.xx.2018-ci il tarixli, 1641-GL/17 nömrəli və xx.xx.2018-ci il tarixli 1707- GL/17 nömrəli müqavilələrə əsasən borclu satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2015-ci il tarixli 1943- GL/15 nömrəli müqavilə üzrə 1041 (bir min qırx bir) manat, xx.xx.2018-ci il tarixli, 1641-GL/17 nömrəli müqavilə üzrə 7744 (yeddi min yeddi yüz qırx dörd) manat məbləğində gecikdirilmiş əsas borcu və hesablanmış 3020,16 (üç min iyirmi manat 16 qəpik) manat məbləöində cərimə borcu və xx.xx.2018-ci il tarixli, 1707-GL/17 nömrəli müqavilə üzrə isə 7896 (yeddi min səkkiz yüz doxsan altı) manat gecikdirilmiş əsas borcu və müvafiq olaraq hesablanmış 3250,62 (üç min iki yüz əlli manat 62 qəpik) manat məbləğində cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan (Cavabdeh) borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş: - xx.xx.2015-ci il tarixli, 1943-GL/15 nömrəli lizinq müqaviləsinə əsasən ümumi məbləği 2440 manat olan kənd təsərrüfatı texnikaları ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan 2 nömrəli əlavədə qeyd olunmuş ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Həmin qrafikə əsasən cavabdeh 2015-ci ilin 3-cü rübündən etibarən 2020-ci ilin 3-cü rübünə qədər cəmi 2440 manat pul ödəməlidir. - “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2015-ci il tarixli, 4551/ü nömrəli əmrindən görünür ki, xx.xx.2015-ci il tarixli, 1943-GL/15 nömrəli lizinq müqaviləsinə əsasən 1 ədəd AGHBM-N24 taxılsəpən gübrəsəpənlə Cavabdeh lizinqə verilmişdir. - xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli, 1943- GL/15 nömrəli lizinq müqaviləsinin məbləği 2440 manat olmuş və Cavabdeh tərəfindən cəmi 1399 manat qrafiklər üzrə ödəniş edilmişdir. Müqavilə üzrə Cavabdeh xx.xx.2020-ci il tarixə ümumi borcu 1041 manat təşkil edir. - xx.xx.2018-ci il tarixli, 1641-GL/17 nömrəli lizinq müqaviləsinə əsasən ümumi məbləği 31650 manat olan kənd təsərrüfatı texnikaları ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan 2 nömrəli əlavədə qeyd olunmuş ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Həmin qrafikə əsasən cavabdeh 2017-ci ilin 3-cü rübündən etibarən 2027-ci ilin 2-ci rübünə qədər cəmi 31650 manat pul ödəməlidir. - “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2018-ci il tarixli, 3732/ü nömrəli əmrindən görünür ki, xx.xx.2018-ci il tarixli, 1641-GL/17 nömrəli lizinq müqaviləsinə əsasən 1 ədəd Can-D.M.A.T-24 diskli mala 24-hidravlik və 1 ədəd traktor Belarus-1221 Cavabdeh lizinqə verilmişdir. - xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2018-ci il tarixli, 1641- GL/17 nömrəli lizinq müqaviləsinin məbləği 31650 manat olmuş və Cavabdeh tərəfindən cəmi 4199 manat qrafiklər üzrə ödəniş edilmişdir. Müqavilə üzrə Cavabdeh xx.xx.2020-ci il tarixə 7744 manat gecikdirilmiş borc və 3020,16 manat cərimə olmaqla ümumi borcu 10764 manat təşkil edir. - xx.xx.2018-ci il tarixli, 1641-GL/17 nömrəli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikinə əsasən 3020,16 manat məbləğində cərimə hesablanmışdır. - xx.xx.2018-ci il tarixli, 1707-GL/17 nömrəli lizinq müqaviləsinə əsasən ümumi məbləği 31950 manat olan kənd təsərrüfatı texnikaları ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan 2 nömrəli əlavədə qeyd olunmuş ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Həmin qrafikə əsasən cavabdeh 2017-ci ilin 3-cü rübündən etibarən 2027-ci ilin 2-ci rübünə qədər cəmi 31950 manat pul ödəməlidir. - “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2018-ci il tarixli, 3736/ü nömrəli əmrindən görünür ki, xx.xx.2018-ci il tarixli, 1707-GL/17 nömrəli lizinq müqaviləsinə əsasən 1 ədəd traktor Belarus-1221, 1 ədəd AGHBM-N24 taxılsəpən gübrəsəpənlə və kotan 5 gövdəli asma-AK-5-35 Cavabdeh lizinqə verilmişdir. - xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2018-ci il tarixli, 1707- GL/17 nömrəli lizinq müqaviləsinin məbləği 31950 manat olmuş və Cavabdeh tərəfindən cəmi 4883 manat qrafiklər üzrə ödəniş edilmişdir. Müqavilə üzrə Cavabdeh xx.xx.2020-ci il tarixə 7896 manat gecikdirilmiş borc və 3250,62 manat cərimə olmaqla ümumi borcu 11146,62 manat təşkil edir. - xx.xx.2018-ci il tarixli, 1707-GL/17 nömrəli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikinə əsasən 3250,62 manat məbləğində cərimə hesablanmışdır. - Cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək əsas borcun və cərimənin ödənilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə Kİ, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1943-GL/15 nömrəli lizinq müqaviləsinə əsasən ümumi məbləği 2440 manat olan, xx.xx.2018-ci il tarixli, 1641-GL/17 nömrəli lizinq müqaviləsinə əsasən ümumi məbləği 31650 manat olan və xx.xx.2018-ci il tarixli, 1707-GL/17 nömrəli lizinq müqaviləsinə əsasən ümumi məbləği 31950 manat olan kənd təsərrüfatı texnikaları Cavabdeh lizinqə verilmişdir. İddiaçı tərəfindən həmin texnikalar cavabdehə təhvil verilmiş və Cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafiklərinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh həmin məbləğlərdən cəmi 10481 manat ödəniş etmişdir. Cavabdeh lizinq müqavilələri üzrə xx.xx.2020-ci il tarixə ümumi borcu 22951,62 manat təşkil etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Belə müqavilədən birini Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə ( lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyi borcludur. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləgv etmək hüququ vardır (Mülki Məcəllənin 748-1.12.4. maddəsi). Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri (748- 11-ci maddə). Qeyd olunmalıdır ki, əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Bu baxımdan, tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunur. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (Mülki Məcəllənin 425.1. və 425.2. maddələri). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi iş materialları ilə də öz təsdiqini tapdığından, iddia tələbi 16681 manat əsas borcun ödənilməsi hissəsində tam təmin edilməlidir. İddia tələbinin bir hissəsini 6270,78 manat cərimənin cavabdehdən tutulması təşkil edir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafıkinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə pulu azaldılaraq 1000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 23 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 7 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 16681 (on altı min altı yüz səksən bir) manat əsas borc, 1000 (min) manat cərimə, ödənilmiş dövlət rüsumuna görə 23 (iyirmi üç) manat olmaqla, cəmi 17704 (on yeddi min yeddi yüz dörd) manat məbləğində pul tutularaq iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 7 (yeddi) manat hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1051/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1051/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver