Məhkəmə qərarları › İş №e-2-2(113)-1051/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1051/2023

06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1051/2023 06.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC - dən 9504,10 manat (ƏDV daxil olmaqla) məbləğində əsas pulun, hər gecikdirilmiş gün üçün 0,1 % olmaqla, cəmi 5059,22 manat məbləğində dəbbə pulunun, həmçinin iddiaçı tərəfindən mediasiyaya çəkilmiş 200 manat və vəkilə ödənilmiş 110 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ümumilikdə 14873,32 məbləğində pul vəsaitinin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin direktoru X2 ilə İddiaçı MMC-nin direktoru Almaz-zadə Əfqan Fərman oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, satıcı müqavilə predmeti olan sementləri alıcıya verməyi, alıcı isə bunun müqabilində müvafiq pul ödəməyi öhdəsinə götürmüşdür. Alıcının satıcıya olan borcun ümumi məbləği 9504,1 manat (Malların ümumi dəyəri və ƏDV də daxil olmaqla) olmuşdur. Müqavilənin 3.2.1-ci və 3.2.2-ci bəndinə əsasən, ödəniş - alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla 30 gün ərzində satıcının bank hesabına ödəmə yolu ilə həyata keçirilir. Və alıcı satıcının razılığı ilə alınacaq malın dəyərini vergilər daxil olmaqla 30 gün ərzində satıcının bank hesabına ödəyir. Həmçinin müqavilənin 7.2-ci bəndinə əsasən, alıcı bu müqavilənin 3.2.1-ci maddəsində göstərilən müddətdən gecikdirildiyi hər bir günə əsas borcdan 0,1 % qədər cərimə və bundan yarana biləcək administrativ xərcləri ödəməyi öhdəsinə götürmüşdür. Bildirirəm ki, müqavilə üzrə mallar alıcıya təhvil verilmiş və bu barədə elektron qaimələr də tərtib edilmişdir. Malların ümumi dəyəri və ƏDV də daxil olmaqla,cəmi 9504,1 manat (Malların ümumi dəyəri və ƏDV də daxil olmaqla) təşkil edir. Müqavilə tərəflərinin xx.xx.2022-ci il tarixdə tərtib edib imzaladıqları üzləşmə aktı da alıcının qeyd olunan borcunun mövcudluğunu təsdiq edir (Üzləşmə aktı qoşmaya əlavə edilir). Həmçinin hər gecikdirilmiş gün üçün 0,1 % olmaqla, 5059,22 manat məbləğində cərimə, bundan əlavə vəkilin göstərdiyi xidmətə görə 110 manat, mediasiya rüsumu olaraq ödənilmiş 200 manat alıcı tərəfindən satıcının xeyrinə ödənilməlidir. Məlumat üçün bildirirəm ki, mübahisənin məhkəməyə qədər nizama salınması üçün Cavabdeh MMC - yə pul məbləğinin 10 gün ərzində ödənilməsi üçün xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərilmişdir. Həmçinin Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununa uyğun olaraq mediatorun təyin edilməsi üçün Mediasiya Şurasına müraciət edilmiş və mediator X1 təyin edilmişdir. Bundan sonra, ilkin mediasiya sessiyası keçirilmişdir. Mediator tərəfindən xx.xx.2022-ci il tarixli arayış tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və məhkəmədə qeyd olunanları nəzərə alaraq iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Ayxan Səmədov MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli, İddiaçı MMC ilə cavabdeh Ayxan Səmədov MMC arasında bağlanmış 67T/21 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC sement növünü Ayxan Səmədov MMC-yə satır, Ayxan Səmədov MMC isə malı alır və dəyərini ödəyir. Həmin müqavilənin 6.2-ci maddəsinin 3-cü bəndindən görünür ki, bu müqavilənin 3.2.1 və 3.2.2-ci maddələrində göstərilmiş ödəniş şərtlərinin əməl olunmadığı halda satıcının hər bir gecikdirilmiş günə 0,1 % qədər cərimə və bundan yarana biləcək adminstrativ xərclər tətbiq və tələb etmək hüququ var. xx.xx.2021-ci il tarixli EBBF seriyalı 903352 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC "xxxx" MMC-yə 2159,98 manat məbləğində mal satmışdır. xx.xx.2021-ci tarixli EBBH seriyalı 127523 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC "xxxx" MMC-yə 2111,99 manat məbləğində mal satmışdır. xx.xx.2021-ci tarixli EBBJ seriyalı 529399 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC "xxxx" MMC-yə 1583,99 manat məbləğində mal satmışdır. xx.xx.2021-ci tarixli EBBL seriyalı 357188 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC "xxxx" MMC-yə 2111,99 manat məbləğində mal satmışdır. xx.xx.2021-ci tarixli EBBM seriyalı 457086 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC "xxxx" MMC-yə 1583,99 manat məbləğində mal satmışdır. 14 iyul 2022-ci il tarixli İddiaçı MMC-nin direktoru Almaz-zadə Əfqan Fərman oğlu ilə cavabdeh "xxxx" MMC-nin direktoru X3 arasında bağlanmış üzləşdirmə aktından görünür ki, cavabdehin iddiaçıya 9504,10 manat (ƏDV daxil) məbləğində borcu vardır. 28 dekabr 2022-ci il tarixli MŞB/11-0027 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC-nin nümayəndəsi Vəkil 200 manat məbləğində ilkin mediasiya sessiyasının keçirilməsi üçün müəyyən olunmuş mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsi bağlanmış, tərəflərin arasında davamlı münasibətlər olmuş, Ayxan Səmədov MMC-yə 9551,94 manat məbləğində mal satılmış, həmin malların dəyərinin bir qismi ödənilmiş, 14 iyul 2022-ci il tarixli üzləşmə aktına əsasən 9504,10 manat məbləğində ödənilməmiş qalıq borcu qalmışdır. Yəni iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh alınan mallara görə 9504,10 manat (ƏDV daxil) məbləğində vəsaiti ödəməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia 9504,10 manat əsas borc (ƏDV daxil) və 200 manat mediasiya xərci hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı isə qeyd edir ki, tənasübsüz sürətdə yüksək hesablanmış borc azaldılaraq 495,90 manat hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin vəkilə ödənilmiş 110 manat pul vəsaiti hissəsi ilə bağlı isə qeyd edir ki, vəkilə 110 manat pul ödənilməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilmədiyi üçün iddia həmin hissədə təmin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 9504,10 manat əsas borc (ƏDV daxil) və 495,90 manat dəbbə pulu, cəmi 10000 manat, həmçinin 200 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia digər hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 9504,10 manat əsas borc (ƏDV daxil) və 495,90 manat dəbbə pulu cəmi 10000 manat, həmçinin 200 manat mediasiya xərci pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar