Məhkəmə qərarları › İş №e-2-2(113)-1052/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1052/2020

27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1052/2020 27.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilədən irəli gələn öhdəliyinin icra edilməsi tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxx 2018-ci il tarixli xidmət müqaviləsinə əsasən 4840,36 AZN (dörd min səkkiz yüz qırx manat, otuz altı qəpik) xidmət haqqının və öhdəliyin vaxtında icra edilməməsi səbəbi ilə (vəkil xərci və gecikdirmə faizi olaraq) dəymiş zərərin əvəzi olaraq 700 (yeddi yüz) manat, cəmi 5540,36 (beş min beş yüz qırx manat otuz altı qəpik) məbləğin Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC xx.xx.2018-ci il tarixində xidmət müqaviləsi bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı cavabdehin əməkdaşlarını yemək xidməti ilə təmin etməli, cavabdeh isə Müqavilənin 2.1-ci bəndində qeyd olunduğu kimi bir nəfər üçün ƏDV xaric 3.50 (üç manat əlli qəpik) AZN məbləğində xidmət haqqı ödəməli idi. İddiaçı MMC həmin müqaviləyə əsasən 2018-ci il mart ayından avqust ayınadək Cavabdeh MMC-nin əməkdaşlarını yemək (catering) xidməti ilə təmin etmişdir. İddiaçı MMC-nin xidmət göstərilən dövrdə öhdəliklərini lazımı səviyyədə yerinə yetirməyinə və göstərilən xidmətlə bağlı cavabdeh tərəfindən hər hansı şikayət və iradın bildirilməməsinə baxmayaraq, cavabdeh tərəfindən bu günədək ƏDV daxil olmaqla 4840,36 AZN (dörd min səkkiz yüz qırx manat, 36 qəpik) ödənilməmiş borc məbləği qalmışdır. Müqavilənin 2.2-ci bəndinə görə xidmətlərin dəyəri Cavabdeh MMC tərəfindən növbəti ayın ilk 10 (on) günü ərzində ödənilməli idi. Tərəfindən cavabdehə xx xxxx 2019-cu il tarixində 17 №-li pretenziya məktubu göndərilərək yaranmış qalıq borcunun müqavilə öhdəliklərinə uyğun olaraq növbəti 15 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda mövcud qanunvericiliyə əsasən müvafiq məhkəmə orqanlarına müraciət ediləcəyi qeyd edilmişdir. Buna baxmayaraq göndərilmiş pretenziya məktubuna heç bir cavab verilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçınınnümayəndəsinidinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan satıcı İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli Xidmət Müqaviləsinin 1.1-ci bəndinə əsasən iddiaçı cavabdehin əməkdaşlarını yemək xidməti ilə təmin etməli, cavabdeh isə Müqavilənin 2.1-ci bəndində qeyd olunduğu kimi bir nəfər üçün ƏDV xaric 3.50 (üç manat əlli qəpik) AZN məbləğində xidmət haqqı ödəməlidir. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək bağlanır və imzalandığı andan qüvvəyə minir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli Maliyyə arayışına əsasən xx.xx.2018-ci il tarixli xidmət müqaviləsinə əsasən 2018-ci ilin mart-avqust aylarında Cavabdeh MMC catering (yemək) xidməti ilə təmin edilmişdir, həmin dövrdə ƏDV daxil olmaqla cəmi 17085,81 AZN dəyərində xidmət göstərilmişdir, göstərilən xidmətə görə sifarişçi tərəfindən xx.xx.2018-ci il tarixdə ƏDV daxil 8016,33 AZN və xx.xx.2019-cu il tarixdə ƏDV daxil 4229,12 AZN olmaqla cəmi ƏDV daxil 12245,45 AZN ödənilmişdir. xx.xx.2020-ci il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə ƏDV daxil olmaqla 4840,36 AZN ödənilməmiş borc məbləği qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə uyğun olaraq, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, həmin Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən, əgər həmin Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 439.1-ci maddəsinə uyğun olaraq pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.6-cı maddəsinə əsasən əgər ödənişin aparılmalı olduğu yerdə və ya ölkədə kreditorun pul köçürülməsi üçün nəzərdə tutulan bank hesabı varsa, borclu öz pul öhdəliyini, kreditorun etiraz etdiyi hallardan başqa, həmin hesaba köçürmə yolu ilə yerinə yetirə bilər. Qeyd olunan Məcəllənin 441.4-cü maddəsinə uyğun olaraq, əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya göstərilən xidmətin dəyərinin ödənilməməsi məhkəmə tədqiqatı dövründə öz təsdiqini tapmadığına görə, cavabdehdin iddiaçının qarşısında hər hansı bir öhdəliyinin qalması sübüta yetirilməmişdir. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməmişdir. Məhkəmə iddia tələbinin öhdəliyin vaxtında icra edilməməsi səbəbi ilə (vəkil xərci və gecikdirmə faizi olaraq) dəymiş zərərin əvəzi olaraq 700 (yeddi yüz) manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçıya cavabdeh tərəfindən bu mübahisə üzrə zərər dəyməsi sübuta yetirilmədiyindən, o cümlədən iddia həmin hissədə təmin edilmədiyindən, vəkil xərci və gecikdirmə faizi ilə bağlı hissədə də təmin edilməməlidir. Beləliklə də işdə olan materiallardan və işin faktiki hallarından görünür ki, xidmət müqaviləsi ilə cavabehin iddiaçı qarşısında hər hansı bir öhdəliyi qalmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi əsassız olduğundan rədd edilməli və iddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia rədd edilsin. İddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar