Məhkəmə qərarları › İş №e-2-2(113)-1053/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1053/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1053/2025 21.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh “Total" MMC-nin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə qarşı pul tələbinə dair ilk,qarşılıqlı iddiaçı "xxxx" MMC-nin qarşılıqlı cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X7 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 Əlaslan qızının, İlkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh “Total" MMC-nin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə qarşı pul tələbinə dair ilk,qarşılıqlı iddiaçı "xxxx" MMC-nin qarşılıqlı cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti: a)İddia tələbi və iddia tələbinin dəlilləri

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 061,58 manat müqavilə üzrə ümumi borcun, iddiaçı tərəfindən ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumu və 1020 manat vəkil ödənişinin, ümumilikdə 20 231,58 manat məhkəmə xərcinin cavabdeh "xxxx"MMC-dən tutularaq İddiaçı MMC-ninxeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində İddiaçı MMC (bundan sonra Satıcı) ilə "xxxx" MMC (bundan sonra Alıcı) arasında №0109 nömrəli alğı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilənin predmetinə uyğun olaraq Alıcı sifariş verir, Satıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə, Alıcının sifarişi əsasında Alıcını tibbi avadanlıqlarla (bundan sonra mal) təmin edir. xx.xx.2023-cü il tarixli № 0109 nömrəli alğı-satqı müqaviləsinin 2.1.-ci maddəsinə uyğun olaraq Satıcı Alıcının sifarişi əsasında və müqavilə çərçivəsində ehtiyacı olan malları vaxtında təhvil verir. Həmçinin, həmin müqavilənin 2.2.-ci maddəsinə əsasən, sifariş edilən malları Alıcının təklif istək formasına Satıcı tərəfindən verilən cavabda qeyd olunan müddət ərzində Alıcıya və ya onun səlahiyyətli nümayəndəsinə təhvil verilir. Satıcı öhdəliyini tam yerinə yetirmiş və malı Alıcıya təhvil vermişdir. Həmin müqavilənin 4.1.-ci maddəsinə əsasən, ödəniş Satıcı tərəfindən faktura təqdim edildikdən sonra 3 (üç) gün müddətində həyata keçirir. Həmin maddədən görünür ki, Flexsavision Rentgen aparatının (malın) ümumi məbləği 53 100 (əlli üç min yüz) manat ƏDV daxil, ilkin olaraq 11 800 (on bir min səkkiz yüz) manat ilkin ödəniş, qalan hissəsinin, yəni 41 300 (qırx bir min üç yüz) manat 13 (on üç) ay ərzində aylıq 3 176,93 ( üç min yüz yetmiş altı manat doxsan üç qəpik) manat aylıq ödəniləcək. Müqaviləyə uyğun olaraq Satıcı tərəfindən Alıcıya EBDQ080396 saylı xx.xx.2023-cü il tarixli elektron qaimə göndərilmişdir. Tərəflərin razılığına uyğun olaraq Alıcı tərəfindən ilkin ödəniş 11 800 (on bir min səkkiz yüz) manat xx.xx.2023-cü il tarixində ödənilmişdir, müqavilədə qeyd edilmiş qalan məbləğin 13 ayın ödənişindən 7 ayın ödənişi Alıcı tərəfindən ödənilmiş olsa da, qalan ödənişlər xx.xx.2024-cü il tarixindən dayandırılmışdır. Aşağıda qeyd edilmiş qrafiklə ödənilməli olan ödənişlər Alıcı tərəfindən indiyədək ödənilməmişdir. Lakin Alıcı uzun müddət keçməsinə baxmayaraq, dəfələrlə İddiaçı MMC tərəfindən edilmiş şifahi və yazılı xəbərdarlıqları nəzərə almayaraq bugünədək ödəniş öhdəliyini həyata keçirməmişdir. "xxxx" MMC əlavə müddət ərzində də ödənişi həyata keçirmədiyi üçün ona pretenziya məktubu ünvanlansa da, indiyə qədər hər hansı ödəniş həyata keçirməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixində İddiaçının elektron poçt ünvanına məktub ünvanlayaraq satılan cihazın mart ayından etibarən yararsız vəziyyətdə olduğunu və bağlanmış müqavilənin 5.2-ci maddəsinin a bəndinin Satıcı tərəfindən pozulduğunu iddia etmiş, bununla da borcu ödəməyəcəyini açıq-aşkar bəyan etmişdir. Həmin müqavilənin 2.3.-cü maddəsinə uyğun olaraq Alıcının sifariş əsasında hazırladığı malların keyfiyyətinə təminat verir. Həmçinin, həmin müqavilənin 2.6.-cı maddəsinə əsasən, Satıcı malların istehsalçı-zavod tərəfindən verilmiş keyfiyyət sertifikatları və pasportları ilə Alıcını təmin edir. Müqaviləyə uyğun olaraq Satıcı öhdəliklərini tam icra etmiş və göstərilən sənədləri malla birgə Alıcıya təqdim etmişdir. Həmin müqavilənin 3.1.-ci maddəsinə əsasən, Alıcı mallar ilə əlaqədar ortaya çıxan çatışmamazlıqlar barədə onları aşkar etdikdən sonra 7 (yeddi) gün ərzində Satıcını xəbərdar edir. Həmin müqavilənin 3.3.-cü maddəsinə əsasən, müqavilə üzrə alınan mallar nəzərdə tutulan xüsusiyyətə malik olmaması hallarında heç bir ödəniş həyata keçirmədən Satıcıya geri qaytarır. Həmin müqavilənin 5.1.-ci maddəsinə əsasən, Satıcı və Alıcı hazırki müqavilə üzrə öz öhdəliklərini yerinə yetirilməməsi, yaxud səhlənkar yerinə yetirilməsi Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır. Həmin müqavilənin 5.2.-ci maddəsinə əsasən, Satıcı aşağıda göstərilən səbəblərə görə məsuliyyət daşıyır a) Mallar keyfiyyətsiz olduqda b) Sifariş edilən malları vaxtında təqdim etmədikdə. Müqailənin yuxarıda göstərilən şərtlərindən göründüyü kimi, mallarda hər hansı bir qüsur olduğu təqdirdə Alıcı bu barədə onları aşkar etdikdən sonra 7 (yeddi) gün ərzində Satıcını xəbərdar etməli, həmçinin, müqavilə üzrə alınan mallar nəzərdə tutulan xüsusiyyətə malik olmaması hallarında heç bir ödəniş həyata keçirmədən Satıcıya geri qaytarmalı idi. X8 tərəfindən qeyd edilən müddət ərzində belə bir məlumat daxil olmamış, həmçinin, mallar da qaytarılmamışdır. Bununla yanaşı, cavabdeh öz məktubunda avadanlığın mart ayından etibarən yararsız vəziyyətdə olduğunu bildirmişdir, lakin cavabdeh mart ayına qədər olan 4 ayın (xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024- cü il, xx.xx.2024-cü il ) ödənişlərini də etməmişdir. Belə olan halda Alıcının Müqavilənin 5.2.-ci maddəyə istinad edərək Satıcını öhdəliklərini icra etməməkdə ittiham etməsi və bu səbəbdən də ödənişləri etməməsi tamamilə əsassızdır. Hesab edirik ki, cavabdehin bu hərəkətləri öz öhdəliklərini icra edilməməsi, yəni onların pozulması kimi qeyd edilməlidir. Həmçinin, qeyd etmək istərdik ki, həmin müqavilənin 6.2.-ci maddəsinə əsasən, mübahisələr məhkəmələrdə həll olunan zaman məhkəmə məsrəfləri, vəkil xərcləri və digər bu kimi xərclər təqsirkar tərəfin hesabına ödənilməlidir. Belə ki, İddiaçı tərəfindən 150 (yüz əlli) manat dövlət rüsumu və 1020 (min iyirmi) manat vəkil ödənişi, ümumilikdə, 1170 (min yüz yetmiş) manat məhkəmə xərcləri ödənilmişdir. (Təsdiq edici sənədlər ərizəyə əlavə olunur) Beləliklə, "xxxx"MMC-nin müqavilə öhdəliklərindən irəli gələnxx.xx.2023-cü il tarixindən ödənilməli olan 3176. 93 AZN, xx.xx.2023-cü il tarixindən ödənilməli olan 3176. 93 AZN, xx.xx.2024- cü il tarixindən ödənilməli olan 3176. 93 AZN, xx.xx.2024-cü il tarixindən ödənilməli olan 3176. 93 AZN, xx.xx.2024cü il tarixindən ödənilməli olan 3176. 93 AZN, xx.xx.2024-cü il tarixindən ödənilməli olan 3176. 93 AZN , toplam olaraq 19 061,58 (on doqquz min altmış bir manat əlli səkkiz qəpik) AZN borcu vardır.

b)Qarşılıqlı iddia tələbi və qarşılıqlı iddia tələbinin dəlilləri

3. 11.12.2024-cü il tarixdə cavabdeh "xxxx" MMC “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı MMC-dən müqavilənin predmeti olan rentgen aparatının təmrinə xərclənmiş 14 300 manat ödənişin, əldən çıxmış fayda qismində 14 700 manatın, 4000 manat mənəvi zərərin, 320 manat hüquqi yardım üçün vəkil ödənişinin, 190 manat məhkəməyə iddia verilməsi üçün ödənilmiş dövlət rüsumunun tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 0109 saylı alğı-satğı müqaviləsinə əsasən İddiaçı MMC ümumi məbləği ƏDV daxil olmaqla 53 100 manat olan Flexsavision Rentgen aparatını Cavabdeh MMC-yə təhvil verməyi, Cavabdeh MMC isə öz növbəsində 11800 manat ilkin ödəniş olmaqla 13 ay ərzində 3176.93 manat olmaqla aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Cavabdehin nümayəndəsi kimi özünü təqdim edən X1 şifahi təklifinə əsasən vergi ödənişlərini az ödəməsi üçün müqavilədən kənar 21 avqust 2023-cü il tarixdə Samir Allahverdiyevə tərəfimizdən 20000 (iyirmi min) manat ödəniş edildikdən sonra Flexsavision Rentgen aparatı İddiaçı MMC-nin nümayəndəsi Samir Allahverdiyev tərəfindən 01 sentyabr tarixində Cavabdeh MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova 178 ünvanında yerləşən binasına gətirilərək quraşdırılmışdır. Lakin, rentgen aparatı quraşdırıldan sonra onun təhvil verilməsinə dair hansısa akt bağlanmamaış, hər-hansı keyfiyyət sertifikatları, cihazın proqram təminatına və lisenziyasına aid olan disklər klinikaya təqdim edilməmişdir. Cavabdeh tərəfindən quraşdırılmış Flexsavision Rentgen aparatı Cavabdeh MMC-nin istifadəsində olduğu ilk 6 ay müddətində normal qaydada işləmiş, onun istifadəsi ilə bağlı hər hansı problem olmamışdır. Lakin 2024-cü ilin 10 mart tarixində rentgen aparatının proqram təminatında problemlər yaranmış, bununla da rentgen aparatının fəaliyyəti birmənalı olaraq dayanmışdır. xx.xx.2023-cü il tarixli, 0109 saylı alğı-satğı müqaviləsinin 3.1-ci bəndinə əsasən quraşdırılmış Flexsavision Rentgen aparatında ortaya çıxan çatışmazlıqlar barədə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi X2 xəbərdar edilmişdir Bundan sonra İddiaçı MMC-nin nümayəndəsi Samir Allahverdiyev tərəfindən cihazın təmiri ilə bağlı təchizatçı-usta cəlb edilmişdir. Lakin mart ayından etibarən İddiaçı MMC tərəfindən rentgen aparatının fəaiyyəti heç bir formada bərpa edilməmişdir, həmçinin, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq İddiaçı MMC tərəfindən heç bir adekvat cavab alınmamış və bir müddət sonra Cavabdeh MMC-nin nümayəndəsinin telefon zənglərinə cavab verilməmişdir. Beləliklə, "MEDAURA KLİNİKASİ” MMC rentgen aparatının təmiri ilə özü məşğul olmuşdur və bu təmir müqabilində “X5” MMC-yə 14 300 manat məbləğində ödəniş etmişdir. Belə ki, rentgen aparatının bir dəfəlik istifadəsinin qiyməti 40 manatdır. Klinikada aparatın günlük minumum istifadə edilmə sayı 3 dəfədir. Hər xidmət göstərilən pasiyentin ödənişindən 30 faiz xidmət göstərən həkimə ödənilir. Ümumilikdə rentgen aparatı 9 aylıq fəaliyyətsiz olduğu dövrdə cəmi 175 iş günü (mart ayında 10 gün, aprel ayında 20 gün, may ayında 21 gün, iyun ayında 16 gün, iyul ayında 23 gün, avqust ayında 22 gün, sentyabr ayında 21, oktyabr ayında 23 gün, noyabr ayında 19 gün) klinika rentgen aparatından istifadə edə bilməmişdir. Beləliklə klinikada 14 700 manat məbləğ əldən çıxmış fayda olaraq hesablanmalıdır. Rentgen aparatının işləmədiyinə görə Cavabdeh MMC-nin fəaliyyətinin davamlılığı məhdudlaşmış, həmçinin klinikada fəaliyyət göstərən həkim kollektivi bu məhdudiyyətlər səbəbindən klinikadakı fəaliyyətlərinə son vermişdir. Bununla da, klinikanın işgüzar nüfuzuna xələl gəlmişdir və klinikaya ən azı 4000 manat məbləğində mənəvi zərər dəymişdir. Habelə, iddiaçı öz iddiasında qeyd etmişdir xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 tarixində ödənişlər edilməmişdir. Lakin buna münasibətdə bildirmək istəyirik ki, 2023cü ilin sentyabr ayından 2024-cü ilin may ayınadək (sonuncu ay aprel ayı olmaqla) aylıq 3176.93 manat ödənişlər tam və vaxtında ödənilmişdir. Hətta bildiririk ki, sonuncu aprel ayının ödənişi qarşı tərəfin qeyd etdiyi kimi xx.xx.2024 tarixində rentgen aparatının işlək olmadığı dövrdə həyata keçirilmişdir. Çünki sonuncu ödənişin olduğu dövrdə İddiaçı MMC-nin nümayəndəsi kimi özünü qələmə vermiş Samir Allahverdiyev adlı şəxs aparatı təmir edəcəyinə dair vəd vermişdir. "xxxx" MMC-nin göstərdiyi 6 aylıq ödəniş qrafiki tam həqiqəti əks etdirmir. Rentgen aparatının dekabr ayı üçün ödənişi qarşı tərəfin iddiasında qeyd edilməmişdir. Lakin həmin ay üçün ödəniş Cavabdeh MMCnin bank hesablarında sərəncam olduğu üçün nağd formada kassa çeki ilə 2692.31 manat şəxsən Allahverdiyev Samirə ödənilmişdir. Bunu sübut edəcək Allahverdiyev Samirin imzası və İddiaçı MMC – nin möhürü vurulmuş məxaric orderinin surəti sənədlərə əlavə edilmişdir. Bununla da qarşı tərəfin yalan və qərəzli mövqeyi öz təsdiqini tapmışdır.

5. İddiaçı MMC nümayəndəsi qarşılıqlı iddia ərizəsinə etiraz verərək, Cavabdeh MMC tərəfindən qaldırılmış qarşılıqlı iddianın ləğv edilməsi, İddiaçı MMC tərəfindən qaldırılmış ilkin iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh öz ərizəsində bildirir ki, X1 şifahi təklifinə əsasən vergi ödənişlərini az ödəməsi üçün müqavilədən kənar 21 avqust 2023-cü il tarixdə Samir Allahverdiyevə tərəfimizdən 20000 (iyirmi min) manat ödəniş edildikdən sonra Flexsavision Rentgen aparatı İddiaçı MMC-nin nümayəndəsi Samir Allahverdiyev tərəfindən 01 sentyabr tarixində "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova 178 ünvanında yerləşən binasına gətirilərək quraşdırılmışdır. İddiaçı 20 000 manat ödəniş edildiyini qəbul edir, lakin Cavabdeh məsələni təhrif edərək göstərmişdir. Bildirmək istərdik ki, ödənişin bu hissəsinin nağd qaydada ödənilməsi cavabdehin öz təklifi əsasında olmuşdur, çünki həmin məbləğ Alıcı tərəfindən ödənilməli idi, həmçinin, vergiləri də Alıcı tərəfindən ödənilir. Belə olan halda, vergidən yayınmaq məqsədini daşıyan tərəf İddiaçı MMC-nin nümayəndəsi yox, məhz "xxxx" MMC olmuşdur. Həmçinin, cavabdeh bildirir ki, rentgen aparatı quraşdırıldan sonra onun təhvil verilməsinə dair hansısa akt bağlanmamış, hər-hansı keyfiyyət sertifikatları, cihazın proqram təminatına və lisenziyasına aid olan disklər klinikaya təqdim edilməmişdir. Lakin qeyd etmək istərdik ki, Mülki Məcəllənin 570.1-ci maddəsinə görə, əgər alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır. Yəni, təhviltəslim aktının olmaması hazırda heçnəyi dəyişmir, cavabdeh öz ərizəsində aparatın quraşdırıldığını təsdiq edir. Bundan əlavə, xx.xx.2023-cü il tarixli, 0109 saylı alğı-satğı müqaviləsinin 3.1-ci bəndinə əsasən quraşdırılmış Flexsavision Rentgen aparatında ortaya çıxan çatışmazlıqlar barədə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi X2 xəbərdar edildiyi, buna cavab olaraq da Samir Allahverdiyev tərəfindən cihazın təmiri ilə bağlı təchizatçı-usta cəlb edildiyi ərizədə göstərilmişdir. Əlavə olaraq cavabdeh bildirir ki, rentgen aparatının fəaiyyəti heç bir formada bərpa edilməmişdir, bununla bağlı isə güya dəfələrlə xəbərdarlıq edilmiş, lakin İddiaçı MMC tərəfindən heç bir adekvat cavab alınmamış, buna görə də, cavabdeh başqa şirkətlə danışaraq “təmir etdirmişdir”. Həmçinin, bu təmir müqabilində “X5” MMC-yə 14 300 manat məbləğində ödəniş etdiyini iddia edir. Qeyd etmək istərdik ki, cavabdeh bu iddiaları irəli sürməklə qərəzli olaraq əsas iddiadan yayınmaq məqsədi daşıyır. Belə ki, aparatda nasazlıqların olduğunu və bununla bağlı iddiaçıya bir dəfə müraciət etdiyini və nasazlığı aradan qaldırmaq üçün iddiaçı tərəfindən təchizatçı-usta cəlb edildiyini etiraf edir. Bu da bir daha iddiaçının öhdəliklərini tam icra etməsinin sübutudur. Qeyd edək ki, bundan sonra cavabdeh tərəfindən iddiaçıya hər hansı bir müracət daxil olmamışdır. Əgər cavabdehin müraciət etdiyinə dair sübutu varsa, yaxşı olardı ki, qarşılıqlı iddia verərkən yükləyərdi. Lakin cavabdeh tərəfindən iddiaçıya belə bir müraciət olmadığından bu tip sübutlar da mövcud deyildir. Bütün bunlar cavabdehin öhdəliyini icra etməkdən boyun qaçırmaq münasibətilə irəlin sürdüyü uydurma tələblərdir. Belə ki, aparatın fəaliyyətində hər hansı qüsur və ya nasazlıq olsaydı, ilk müraciətində olduğu kimi iddiaçı tərəfindən usta cəlb edilərək təmir olunacaqdı. Çünki aparatın ödənişi tam yekunlaşmamışdı, bu səbəbdən də, iddiaçı ödənişin davam etdirilməsi üçün aparatın işləməsini təmin etməkdə maraqlı idi. Bundan başqa, cavabdeh aparatı təmir etdirmək üçün “X5” MMC-yə 14 300 manat məbləğində ödəniş etdiyini iddia edir, bunu sübut etmək üçünsə müxtəlif uydurma sübutlar əlavə etmişdfir. Hesab edirik ki, iş materiallarına əlavə edilmiş elektron qaimə və qaimə-faktura borcun olduğunu təsdiq etmək üçün kifayət deyildir. Belə ki, həqiqətən bu xərcləri çəkdiyini göstərmək üçün bank çıxarışı əlavə etməlidir. Lakin hesab edirik ki, bu xərclər uydurma xərclərdi və belə bir xidmət göstərilməmiş, həmçinin, ödəniş də edilməmişdir. Əlavə olaraq qaimələrə münasibətdə bildirmək istərdik ki, cavabdehin bildirdiyinə görə, 2024-cü ilin 10 mart tarixində rentgen aparatının proqram təminatında “problemlər yaranmış, bununla da rentgen aparatının fəaliyyəti birmənalı olaraq dayanmışdır”. Əgər həqiqətən də cavabdehin aparatda qüsur olduğuna görə təmir etmək məqsədi vardısa, o zaman, bunu əvvəlcədən niyə etməməsi sual doğurur. Həmçinin, onu da qeyd edək ki, iddiaçı tərəfindən 2024-cü ilin noyabr ayında məhkəməyə müraciət olunmuşdur, qaimələr isə 2024-cü ilin dekabr ayında vurulmuşdur. Bundan əlavə cavabdeh tərəfindən əlavə olunmuş №0004053 saylı 04 dekabr 2024-cü il tarixli qaimə fakturadan da görünür ki, "xxxx" MMC tərəfindən təsdiqlənməmişdir, qaiməfakturada yalnız “xidmət göstərən” tərəfin möhür və imzası vardır. Əlavə olaraq bildirmək istərdik ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H. Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Bundan əlavə, cavabdeh qarşılıqlı iddia verərkən əldən çıxmış fayda qismində 14 700 manat məbləğin ona ödənilməsi ilə bağlı tələb irəli sürmüşdür. Buna münasibətdə bildirmək istərdik ki, bu tələb əsassız və uydurma olmaqla yanaşı əsas iddianı dolayı yolla pərdələmək məqsədi daşıyır. Qarşı tərəf rentgen aparatının işləmədiyinə görə Cavabdeh MMC-nin fəaliyyətinin davamlılığı məhdudlaşmış, həmçinin klinikada fəaliyyət göstərən həkim kollektivi bu məhdudiyyətlər səbəbindən klinikadakı fəaliyyətlərinə son verdiyini, bununla da, klinikanın işgüzar nüfuzuna xələl gəldiyini və klinikaya ən azı 4000 manat məbləğində mənəvi zərər dəydiyini göstərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Belə ki, göstərilənlərə əsasən qeyd etmək istərdik ki, cavabdehin hüquqi şəxs üçün mənəvi zərər tələb etməsi hüquqi cəhətdən mümkün deyildir.

II. Tərəflərin mövqeləri:

7. İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 Əlaslan qızı ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.

8. İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil3 ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi). IV. Sübutların tədqiqi:

11. İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2023-cü tarixli 0109 saylı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən "alıcı” sifariş verir, “satıcı” isə hazır ki, müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə,’ Alıcı nın sifarişi əsasında “alıcı”nın tibbi avadanliqlarla (bundan sonra mal adlandıracaq) təmin edir. - 2.1-ci bəndinə əsasən satıcı Alıcının sifarişi əsasında və müqavilə çərçivəsində ehtiyacı olan malları vaxtında təhvil verir. - 2.2 –ci bəndinə əsasən sifariş edilən malları Alıcının təklif istək formasına Satıcı tərəfindən verilən cavabda qeyd olunan müddət ərzində Alıcıya və ya onun səlahiyyətli nümayəndəsinə təhvil verilir. - 3.1-ci bəndinə əsasən, Alıcı mallar ilə əlaqədar ortaya çıxan çatışmamazlıqlar barədə onları aşkar etdikdən sonra 7 (yeddi) gün ərzində Satıcını xəbərdar edir. -4.1-ci bəndinə əsasən 4ödəniş Satıcı tərəfindən faktura təqdim edildikdən sonra 3 (üç) gün müddətində həyata keçirir. - 5.1.-ci bəndinə əsasən, Satıcı və Alıcı hazırki müqavilə üzrə öz öhdəliklərini yerinə yetirilməməsi, yaxud səhlənkar yerinə yetirilməsi Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır. - 6.2.-ci bəndinə əsasən, mübahisələr məhkəmələrdə həll olunan zaman məhkəmə məsrəfləri, vəkil xərcləri və digər bu kimi xərclər təqsirkar tərəfin hesabına ödənilməlidir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. iddiaçı tərədindən cavabdehə EBDQ 080396 nömrəli xx.xx.2023-cü il tarixli 53100 manat məbləğində elektron qaimə göndərilmişdir.

13. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli kassa məxaric orderi ilə təsdiq edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 2692.31 manat məbləğində ödəniş edilmişdir.

14. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli kassa məxaric orderi ilə təsdiq edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 2000 manat məbləğində ödəniş edilmişdir.

15. “X5” MMC tərəfindən "xxxx" MMC-yə MT2412 seriyalı 10712368 nömrəli xx.xx.2024cü il tarixli 14300 mana məbləğində electron qaimə göndərilmişdir.

16. 28.08.2023-cü il tarixli gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, bəyannaməç/təmsilçi qismində "xxxx" MMC iştirak etməklə) göndərən (ixracatçı) “X9.LTD” “Med and Labor Trading and Co LLC” tərəfindən malı qəbul edən (idxalatçı) İddiaçı MMC-yə ünvanlanmış ümumi gömrük dəyəri 21063 ABŞ dolları olan cəmi 1 ədəd avadanlıq (FD Flexavisinon ) AR-in gömrük sərhədindən keçirilmişdir.

17. "xxxx" MMC tərəfindən verilmiş əsas vəsaitlərin və qeyri-maddi nemətlərin 04 saylı 10 dekabr 2024-cü il tarixli istismara qəbul aktına əsasən 14300 manat məbləğində Shimadzu Flexavision markalı rentgen cihazının proqram təminatı “X5” MMC tərəfindən istismara verilmişdir.

18. "xxxx" MMC tərəfindən verilmiş əsas vəsaitlərin və qeyri-maddi nemətlərin 05 saylı 11 oktyabr 2023-cü il tarixli istismara qəbul aktına əsasən 14300 manat məbləğində Flexavision markalı rentgen cihazının proqram təminatı İddiaçı MMC tərəfindən istismara verilmişdir.

19. Şahid X2 verdiyi ifadəsində qeyd etmişdir ki, idddiaçı İddiaçı MMC-nin direktoru onun həyat yoldaşıdır, etibarnasi var, onun MMC adından bütün işlərin təşkilini həyata keçirir, cavabdeh ilə Medaura klinikasının direktoru ilə danışdığını və qiymətlə bağlı 53100 manatla bağlı olan müqavilə imzalasalar, cavabdehin endirim istədiyindən biz də ona bildirdik ki, bu ancaq bir halda mümkün ola bilər. O halda ki, həmin avadanlığın yol xərci, gömrük xərcləri, quraşdırma xərci və s.kimi xərclər əvvəlcədən Medaura tərəfindən ödənilməlidir. Biz razılaşdıq ki, 53100 manat rəsmi ödənilir, 20000 manatı da mənə əlbəəl veriləcəkdir. Məbləği 12 aya böldük və əvvəllər hər ay ödənişlər qaydasında edilirdi.20000 manat nağd şəkildə mənə ödənilmişdir. Bununla əlaqədar mən 20000 manatı almağımla bağlı imza etdim. Amma şirkətin yox, öz adımdan imzaladım sənədi.Həmin avadanlığın qiyməti 53100 manat ola bilməz.

20. Şahid verdiyi ifadəsində cihazı sentyabr ayında təhvil verdiklərimi, lakin cihazın ölkəyə avqust ayında idxal olunduğunubundan əlavə ona 5000 manat malın gömrükdən çıxarılması üçün pul verildiyini qeyd etdi. Əlavə olaraq bildirdi ki, nə ödənişlərin edilməsi, nə də müqavilənin bağlanılması mərhələsində iştirakı olmamış,cihazın təhviltəslimində program təminatı qarşı tərəfə təqdim edilmişdir.

V. Tətbiq edilən hüquq:

21. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

23. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X4rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

24. Məhkəmə materialları araşdıraraq hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi rədd edilməlidir.

25. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tərəflərin izahatları ilə təqdiq olunmuş işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında rentgen aparatının alqı-satqısına dair müqavilə imzalanmış, və həmin aparat iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, aparata dair müqavilədə malın qiymət olaraq 53100 manat müəyyən edilmiş, ilkin iddia üzrə cavabdeh tərəfindən iddiaçıya 54038 manat ödənilmiş, bu məbləğdən 20000manatı 21 avqust 2023-cü il tarixdə Samir Allahverdiyevə, qalan məbləi isə hissə-hissə ödənilmişdir. Tərəflə arasında işin mübahisəli halı, ilkin iddia üzrə iddiaçı tərəflər arasında şifahi razılığa əsasən əslində malın qiyməti 53100 manat göstərilsə də dəyərin 73100 manata razılaşdığını qeyd edir, şahid kimi dindirilən Samir Allahverdiyev isə həmn 20000 manat məbləği alıcıdan rentgen aparatıın gətirilməsi və gömrük xərcləri üçün aldığını qeyd edir, ilkin iddia üzrə cavabdeh isə tərəflərindən rentgen aparatı üçün müqavilə üzrə müəyyən edilən dəyər tərəflərindən ödənildiyindən ilkin iddianın rədd edilməsini xahiş edir, qarşılıqlı iddia üzrə tələbə dair tərəflər arasında mübahisələndirilməyən hal, mal təhvil verildikdən sonra 6 ay ərzində aparatda qüsur yaranması, tərəflər arasında mübahisəli hal, qarşııqlı iddia üzrə iddiaçı satıcı tərəfindən aparatın proqram təminatı təqdim edilməməsi səbəbindən bu süqurun yaranmasını iddia edir, və qüsurun aradan qaldırılması üçün tərəflərindən çəkilmiş xərci iddiaçıdan satıcıdan tələb edir, İddiaçı MMC isə qarşılıqlı iddianı qəbul etməyərək, aparatın təhvil təslim aktı ilə, proqram təminatı ilə birlikdə təhvil verildiyini qeyd edərək, qeyd edilən qüsurun alıcı tərəfindən aparatı təyiatı üzrə düzgün istifadə etməməsi nətcisində yaranması səbəbindən qarşılıqlı iddianın rədd edilməsini xahiş edir.

26. Hazırda ilkin İddiaçı MMC tərəfindən göstərilmiş xidmətlərin və təqdim edilmiş malların dəyərinin ilkin cavabdeh tərəfindən tam şəkildə ödənilmədiyini əsas göstərərək həmin müqavilələr üzrə cəmi ƏDV daxil 19061.58 manat məbləğində borcun ödənilməsini tələb edir.

27. İlkin cavabdeh isə iddiaya qarşı etiraz edərək mübahisəli müqavilə üzrə cavabdeh tərəfindən göstərilmiş xidmətlərin, təqdim edilmiş malların dəyərinin ödənildiyini, və ilkin iddianın rədd edilməsini tələb edir.

28. Qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab edir ki, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh “Total" MMC-nin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə müqavilə üzrə 54038 manat ödənilmiş, bu məbləğdən 20000manatı 21 avqust 2023-cü il tarixdə Samir Allahverdiyevə, qalan məbləğ isə hissə-hissə ödənilmişdir. Şahid Samir Allahverdiyev məhkəmədə verdiyi ifadədə "xxxx" MMC-dən 20000 AZN məbləğdə pulun müqavilədənkənar, nağd formada alındığını bildirmişdir. Bununla bağlı kasa-məxaric orderi iş materiallarına əlavə olunmuşdur. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 0109 saylı alqı-satqı müqaviləsində müvafiq cihazın dəyəri 53100 AZN müəyyənləşdirilmişdir. Həmin 20000 AZN-lə bağlı heç bir notarial və ya daxili müqavilə bağlanmamışdır. İlkin iddia üzrə iddiaçı cihazin qiymətinin əzlində 73100 manat müəyən edildiyini, onun 20000 manatının əvvəldən ödənildiyini, qalan hissəsinin isə müqavilə üzrə rəsmiləşdirildiyini qeyd etsə də, qeyd edilən halı məhkəmədə sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh tərəfindən müqavilə üzrə məbləğ tam ödənildiyindən ilkin iddia rədd edilməlidir.

29. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd edir ki, ilk,qarşılıqlı iddiaçı "xxxx" MMCnin qarşılıqlı cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı MMC-dən müqavilənin predmeti olan rentgen aparatının təmrinə xərclənmiş 14 300 manat ödənişin tutulmasını xahiş etmişdir.

30. Məhkəmə əvvəla qeyd edir ki, həmin tələbin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 21-ci maddələsinin məzmunundan da göründüyü kimi mülki hüquq pozuntusundan və ya müqavilə öhdəliklərinin pozulmasından(hazırkı halda qarşılıqlı iddiaçı hər iki əsasa istinad etmişdir) irəli gələn maddi zərərin ödənilməsi tələblərinə baxılarkən məhkəmə tərəfindən ilk növbədə maddi zərərin yaranması üçün əsas olmuş əməlin, yəni deliktin (müqavilədən irəli gələn tələblərdə isə ya müqavilə öhdəliklərinin pozuntusunun) mövcudluğu müəyyən edilməlidir.

31. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən proqram təminatının məhsulla birgə alıcıya təqdim edilməməsi məhkəmə iclasında sübuta yetirilmədiyidən, həmçinin məhsullda yaranan qüsurun satıcının təqsiri səbəbindən yaranması sübuta yetirilmədiyindən, qarşılıqlı iddia əsassız olmaqla rədd edilməlidir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən göründüyü kimi, alıcı malı təhvil aldıqdan sonra 7 gün ərzində malın qüsuru barədə heç bir müraciət etməmiş, həmçinin iş materiallarından göründüyü kimi, cihazda qüsur alıcı tərəfindən təhvil alındıqdan 6 ay sonra yaranmış və Mülki Məcəllənin 588.1-ci maddəsinsə əsasən alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirə bilməmişdir. Həmçinin malı təhvil aldıqdan sonra satıcı tərəfindən malın proqram təminatının onlara verilməməsi barədə heç bir müraciət olmamış, bu hal da məhkəmədə sübuta yetirilə bilməmişdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir.

32. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur.

33. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

34. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür.

35. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir.

36. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır

37. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

38. Məhkəmə xərclərinə gəldikdə məhkəmə qeyd edirki, ilkin və qarşılıqlı iddia ərizələri rədd olunduğundan ödənilmiş dövlət rüsumuları tərəflərin özünə aid edilməlidir.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair ilkin iddia rədd edilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar