Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1054/2025 13.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC Cavabdeh MMC-yə qarşı elektron qaimənin göndərilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: elektron qaimə, öhdəliyin qoyulması) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı MMC Cavabdeh MMC-yə qarşı elektron qaimənin göndərilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli “Məhsulların güzəştli alğı-satqı müqaviləsi”nə əlavə №1 üzrə onun tərəfindən Cavabdeh MMC-yə ödənilmiş 19000 manat məbləğin alınmasına dair elektron qaimənin "xxxx" MMCyə göndərilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı keçmiş "xxxx" MMC (indiki "xxxx" MMC) ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə “Məhsulların güzəştli alğısatqı” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq Satıcı istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə görə nisyə alğı-satqı zamanı alıcı faktura üzrə qəbul etdiyi malın dəyərinin fakturada göstərilən son ödəmə tarixinə qədər satıcıya ödənilməsini təmin etməlidir. Bundan başqa, xx.xx.2019-cu il tarixli müqaviləyə 1 №-li Əlavəyə əsasən alıcı və satıcı arasında razılaşdırılmış güzəştli şərtlər müəyyən olunmuşdur. Belə ki, sözügedən Əlavənin 8.2-ci bəndinə əsasən müqavilə müddəti ərzində satıcının məhsullarını satacağına görə satıcı alıcıya marketinq dəstəyi olaraq, əvvəlcədən 19000 AZN-lik ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə Əlavə № 1-in yuxarıda qeyd edilən şərtlərinə uyğun olaraq "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 19000 AZN-lik ödəniş edilmişdir. Lakin Cavabdeh MMC tərəfindən həmin ödənişin aparılması üçün "xxxx" MMC-yə elektron qaimə göndərilməmişdir. Bu hal isə hazırda "xxxx" MMC-nin mühasibat hesabatının aparılmasında müəyyən çətinliklər yaratmışdır. Müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki-hüquqi məsuliyyət daşıyırlar. Həmin müqavilənin şərtlərinə uyğun olaraq və yuxarıda göstərilənləri nəzərə alaraq, xx.xx.2019-cu il tarixli “Məhsulların güzəştli alğısatqı müqaviləsi”nə əlavə № 1 üzrə "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ödənilmiş 19000 AZN məbləğin alınmasına dair elektron qaimə iddiaçıya göndərilməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 427.2-ci maddələrinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13cü maddələrinə istinad olunmuşdur. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh MMC arasında imzalanmış 02 may 2019-cu il tarixli E1 nömrəli məhsulların güzəştli alqı-satqı müqaviləsindən görünür ki, bu müqaviləyə görə Satıcı özünün istehsal və satışını təşkil etdiyi sərinləşdirici spirtsiz içkiləri və çayları Alıcı ya satmağı, Alıcı isə öz növbəsində yalnız Satıcının istehsal və satışını təşkil etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri və çayları qəbul etməyi, həmin məhsulları öz mağazasında (satış nöqtəsi, restoran, otel, yemək xidməti sahəsi və.) Satıcının təklif etdiyi yerdə yerləşdirməyi, qəbul etdiyi məhsulun əvəzində müəyyənləşdirilmiş pul məbləğini Satıcıya ödəməyi öhdəsinə götürür (tərəflərin qarşılıqlı razılığı ilə müqavilənin 8-ci bəndində əlavə şərtlər də nəzərdə tutula bilər). Müqavilənin 2.1 və 2.2-ci bəndinə əsasən Bu müqaviləyə əsasən satılan məhsulların adı Satıcının istehsal və satışını təşkil etdiyi və gələcəkdə də istehsal və satışını təşkil edəcəyi məhsulların adı ilə eynilik təşkil edir və Satıcı bu müqaviləyə əsasən faktura üzrə məhsulları verdiyi zaman Alıcının ona verdiyi sifarişdə nəzərdə tutulmuş çeşiddə və ya çeşidlərdə verə bilər. Müqavilənin 3.2-ci bəndinə əsasən Alıcı faktura üzrə qəbul etdiyi məhsulun dəyərini nağd faktura ilə satış zamanı malın təslimi anında (və ya anmadək), nisyə (kredit) satış zamanı isə fakturada göstərilən son ödəmə tarixinə qədər göstərilən məbləğin Satıcıya ödənilməsini təmin etməlidir. Müqavilənin 3.6-cı bəndinə əsasən Alıcı tərəfindən məhsulların faktura ilə müəyyən olunmuş dəyəri köçürmə yolu ilə Satıcıya ödənilərsə Alıcı bu barədə Satıcını dərhal xəbərdar etməlidir. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə qüvvəyə mindikdən sonra Satıcı Alıcının müraciəti əsasında onun sifarişi əsasında onun sifarişini (və ya tələbatın) və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla ona satdığı məhsulları faktura əsasında verir. Müqavilənin 8.2-ci bəndinə əsasən Satıcı Alıcıya müqavilə müddəti ərzində Satıcının istehsalını və satışını təşkil etdiyi məhsullardan satacağına görə, ilk öncədən 19000 manat (ƏDV xaric) ödəniş etməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli 1 saylı hesab fakturadan görünür ki, xx.xx.2019-cu il tarixli E1 №-li müqavilənin 1 №-li əlavəsinin 8.2-ci bəndinə əsasən əvvəlcədən 19000 manat ödəniş üçün Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş və hər iki tərəf imzalayaraq möhürlə təsdiq etmişdir. xx.xx.2019-cu il tarixli **********84 saylı ödəmə qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-nin X1 hesabına 19000 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: 16-cı maddəsində vergi ödəyicilərinin vəzifələri qeyd edilmişdir: Maddə 16.1.11-6. aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək: 16.1.11-6.1. bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi; 16.1.11-6.2. dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi; 16.1.11-6.3. notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi; 16.1.11-6.4. lotereya biletlərinin, idman mərc oyunları biletlərinin və elektron mərc oyunu biletlərinin satışı, habelə lotereya biletlərinin agent qaydasında satışı ilə bağlı xidmətlərin göstərilməsi; 16.1.11-6.5. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına vəkillər və vəkil qurumları tərəfindən edilən ödənişlər üzrə; 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdan satış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 71-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda və müddətlərdə malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura təqdim etməlidir. 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 169.4-cü maddəsinə əsasən vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır. 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın: 1.2.-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaiməfaktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfakturanı hazırlayır və təsdiq edir. 2.5.3-cü bəndinə əsasən elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr, təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və ya saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məluat elektron qaimə-fakturanın “əsas” sətrində qeyd olunur. 3.4-cü bəndinə əsasən, bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı üzrə malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən iddiaçı cavabadehə, müqavilə müddəti ərzində özünün istehsal etdiyi və satışını təşkil etdiyi məhsullarından satacağına görə, ilk öncədən 19000 manat pul ödəmişdir. Lakin cavabdeh iddiaçıya hesab faktura təqdim etməsinə baxmayaraq, əvvəlcədən 19000 manat ödəniş barədə elektron qaimə göndərməmişdir. Halbuki vergi qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaiməfaktura vermək vergi ödəyicisinin vəzifəsidir. Həmçinin Vergi Məcəlləsi ilə müəyyən edilən hallarda və müddətlərdə malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura təqdim etməlidir. Məhkəmə qeyd edir ki, elektron qaimənin verilməsinin, vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilməsi təsadüfi deyil, məhz ölkə ərazisində malların verilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi sahəsində şəffaflığın artırılmasına yönəlmişdir. Həmçinin də, elektron qaimənin verilməsi gələcəkdə vergi orqanları ilə yaranacaq fikir ayrılıqlarının qarşısını almağa xidmət edir. Belə ki, Elektron qaimə-faktura olmadan bu ödənişi məsrəf kimi tanıtmaq çətin olur. Beləliklə, həmin məbləğ mənfəət vergisinin hesablanmasında nəzərə alınmaya bilər. Bu isə iddiaçı şirkətin daha çox vergi ödəməsinə səbəb olar. Həmçinin iddiaçı şirkət ödənişi bank yolu ilə etsə belə, qaimə-faktura olmadan bu ödənişi əsaslandırmaq çətin ola bilər. Bu, həm daxili audit, həm də vergi yoxlamaları zamanı problem yarada bilər. Beləliklə qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, həyata keçirilmiş 19000 manat ödəniş üzrə elektron qaiməni iddiaçıya təqdim etmək vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Həmçinin məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli “Məhsulların güzəştli alğı-satqı müqaviləsi”nə əlavə №1 üzrə "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ödənilmiş 19000 manat məbləğin alınmasına dair elektron qaimənin iddiaçı "xxxx" MMC-yə göndərilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1054/2025
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1054/2025
13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver