Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10544/2025 06.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu) Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədova Gülnarə Malik qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçının xeyrinə 12,865.78 manat əsas borcun, 16,207.15 manat cərimə məbləğinin toplamda 29,072.93 AZN pul məbləğinin və 177.22 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra - İddiaçı) ilə "xxxx" MMC (bundan sonra - Cavabdeh) arasında 28 iyun 2018-ci il tarixli, № 20180628/ATL/028 saylı alqı-satqı müqaviləsi (bundan sonra- Müqavilə) bağlanmışdır. Bundan sonra müxtəlif tarixlərdə Cavabdeh tərəfindən sifarişlər olunmuş və İddiaçı tərəfindən mallar satış məqsədi ilə Cavabdehə e-qaimə əsasında təhvil verilmişdir. Müqavilənin 3.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər Əlavələrdə ayrı qayda nəzərdə tutulmayıbsa, ödəniləcək cəmi məbləğin 100%-i əvvəlcədən ödəniş (avans) şəklində, müqavilə və/və ya onun Əlavələri imzalandıqdan sonra 15 gün ərzində köçürmə yolu ilə “Satıcı”nın hesabına ödənilməlidir. Əlavələrdə ayrı qayda nəzərdə tutulduğu halda Əlavənin müvafiq maddəsi daha üstün qüvvəyə malikdir. Mallar təhvil verildiyi andan etibarən Cavabdehin İddiaçı qarşısında borcu yaranmışdır. Lakin həmin borcun ödənilməsi ilə bağlı dəfələrlə Cavabdehə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Bundan başqa, Müqavilənin 3.2-ci maddəsində qeyd olunmuşdur ki, bu Müqavilənin 3.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində “Satıcı”ya əvvəlcədən ödənişin (avans) gecikdirilməsi halında, həmin müddət bitdikdən sonra cəmi məbləğin 100%-i ödənilənədək “Alıcı” “Satıcı”ya hər gecikdirilən gün üçün cəmi məbləğin 0,5%-i miqdarında cərimə ödəməlidir. Müqavilə şərtlərini pozduğuna görə Cavabdehin İddiaçıya ödəməli olduğu pul məbləğləri aşağıdakı kimidir:- Əsas borc – 12,865.78 AZN;- xx.xx.2025-ci il tarixinə hesablanmış cərimə - 16,207.15 AZN;- Cəmi 29,072.93 AZN.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə istinad olunmuşdur.
4. Cavabdehin nümayəndəsi və vəkili yazılı etirazla məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı 28 iyun 2018-ci il tarixli, 20180628/ATL/028 saylı alqı-satqı müqaviləsinə əsasən pul tələbinə dair iddiasının 12,865.78 manat əsas borcun tutulması hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Yazılı etiraz belə əsaslandırılmışdır ki, "xxxx" MMC-yə irəli sürülmüş iddia tələbi qismən əsassızdır. Belə ki: İddia ərizəsinədə qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış 28 iyun 2018-ci il tarixli, 20180628/ATL/028 saylı alqı-satqı müqaviləsinə əsasən, cavabdeh "xxxx" MMC-nin 12,865.78 manat əsas borcu vardır. O hissədə iddia tələbini qəbul edirlər. Həmçinin, iddia ərizəsində göstərilmişdir ki, “Alıcı”nın “Satıcı”ya hər gecikdirilən gün üçün cəmi məbləğin 0,5%-i miqdarında cərimə, yəni, xx.xx.2025-ci il tarixinə hesablanmış cərimə - 16,207.15 manat məbləğdə borcu vardır. Həmin 16,207.15 manat cərimə məbləği hissəsində iddia tələbini qəbul etmirlər, cərimə məbləği həddən artıq şişirdilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir. AR MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi A.Həziyev əvvəlki məhkəmə iclaslarında bildirmişdir ki, tərəflər arasında 2018-ci ildən alqı-satqı müqaviləsi imzalanıb. Uzun müddətdir ki, əməkdaşlıqları var. Şirkət 3 istiqamətdə fəaliyyət göstərir. Polad boru, polietilen boru və texniki avadanlıqlar hazırlayır. Yağmur-2 MMC-yə isə polietilen məmulatlarından hazırlanmış boruların satışını həyata keçirirlər. Əlavələrin nömrələri qarşı tərəflə bağlanan əlavələrin sayına görə bağlanılır. Hazırda mübahisə etdikləri əlavələr 60-66 nömrəli əlavələrdi. Bundan əvvəl 59 əlavə bağlanılıb,onlara uyğun satış həyata keçirilib, heç bir problem olmayıb. Qiymətlər alqı satqı müqaviləsinə əlavələrlə müəyyən olunub. Mallar isə elektron qaimələrə uyğun olaraq təhvil verilib. Həmin elektron qaimələr də qarşı tərəfdən təsdiq edilib. Şirkətdə malların təhvil verilməsini təsdiq edən sənəd elektron qaimədir. Təhvil təslim sənədləri yoxdur. Mallar İddiaçı MMC-nin anbarından təhvil alınır. Malların İddiaçı MMC tərəfindən verilməsi yol vərəqəsinin imzalanması ilə rəsmiləşdirilir. Belə ki etibarnamə ilə qarşı tərəfin nümayəndəsi gəlib mallara baxış keçirir, əgər yol vərəqəsini imzalayarsa, mallar İddiaçı MMC-nin öhdəliklərindən çıxmış hesab olunur.
7. Cavabdehin nümayəndəsi və vəkili hazırki məhkəmə iclasında yazılı etirazın dəlillərinə uyğun izahat verərək, iddia tələbinin cərimə borcunun tutulması hissəsinə münasibətdə təmin olunmamasını xahiş etdi.
8. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tədqiq olunan sübutlar əsasında müəyyən edilən işin faktiki halları və məhkəmənin mövqeyi:
9. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış 28 iyun 2018-ci il tarixli, № 20180628/ATL/028 saylı alqı-satqı müqaviləsinə görə Müqavilənin predmeti, Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə(lər)də (Qiymət və X1, Sifarişnamə, Təklif, Spesifikasiya, Akt və sair) qeyd olunan əşya(lar)ın (bundan sonra “Mal(lar)”) Satıcı tərəfindən Alıcıya satılmasından, Alıcı tərəfindən isə bu Müqavilə və Əlavə(lər) ilə nəzərdə tutulmuş qaydada və məbləğdə Mal(lar)m dəyərinin Satıcıya ödənilməsindən ibarətdir.Müqavilənin 1.2 və 1.3-cü bəndlərinə görə Mal(lar)ın alqı-satqısı tərəflər arasında Əlavə(lər)in imzalanması və möhürlənməsi ilə razılaşdırılır və belə Əlavələr Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Əlavələrin bu və ya digər adla adlandırılması onların mahiyyətini dəyişdirmir və hər iki tərəfdən imza və möhürlə təsdiqləndikdən sonra qüvvəyə minir. Əlavələr qüvvəyə mindikdən sonra Tərəflər arasında göstərilən Mallar barədə tam razılaşmanı təşkil edir və bütün əvvəlki müzakirələri, layihələri, sənədləşmələri və razılaşmaları əvəz edir və onlara nisbətən üstün hüquqi qüvvəyə malikdirlər. Hər bir Malm adı, miqdarı, ölçüləri, qiyməti və digər texniki göstəriciləri Əlavə ilə müəyyən olunur. Müqavilənin 2.1-ci bəndinə görə Malın 1 ədədinin və ümumi toplamının qiyməti Əlavələr ilə müəyyən olunur. Müqavilənin 3.1-ci bəndinə əsasən əgər Əlavələrdə ayrı qayda nəzərdə tutulmayıbsa, ödəniləcək cəmi məbləğin 100%-i əvvəlcədən ödəniş (avans) şəklində, müqavilə və/və ya onun Əlavələri imzalandıqdan sonra 15 gün ərzində köçürmə yolu ilə “Satıcı”nın hesabına ödənilməlidir. Əlavələrdə ayrı qayda nəzərdə tutulduğu halda Əlavənin müvafiq maddəsi daha üstün qüvvəyə malikdir. Müqavilənin 3.2 və 3.3-cü bəndlərinə görə bu Müqavilənin 3.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində “Satıcı”ya əvvəlcədən ödənişin (avans) gecikdirilməsi halında, həmin müddət bitdikdən sonra cəmi məbləğin 100%-i ödənilənədək “Alıcı” “Satıcı”ya hər gecikdirilən gün üçün cəmi məbləğin 0,5%-i miqdarında cərimə ödəməlidir. Bu Müqavilənin 3.2.-ci maddəsində qeyd olunandan əlavə, “Alıcı” tərəfindən hər-hansı başqa ödənişin gecikdirilməsi halmda, gecikdirilmiş hər gün üçün “Satıcı” tərəfindən ona ödəniləcək məbləğinin 0,5% miqdarmda cərimə tətbiq ediləcəkdir. Müqavilənin 4.1 və 4.2-ci bəndlərinə görə Əgər Əlavələrdə ayrı qayda nəzərdə tutulmayıbsa, bu Müqavilənin 3.1. bəndi Alıcı tərəfindən yerinə yetirildikdən sonra Satıcı 20 gün müddətində Malı hazırlayaraq satışa hazır vəziyyətə gətirir və bu barədə Alıcıya məlumat verir. Əlavələrdə ayrı qayda nəzərdə tutulduğu halda Əlavənin müvafiq maddəsi daha üstün qüvvəyə malikdir.“Alıcı” isə bu barədə məlumat aldıqdan sonra 10 gün ərzində Malı və ona aid zəruri sənədləri Satıcının anbarından təhvil alır. Alıcı Malın səthi və zahiri keyfiyyəti və miqdarı barədə pretenziyalarını Malı təhvil alanadək “Satıcı”ya bildirə bilər. Təhvil alındıqdan sonra səthi və zahiri keyfiyyət və miqdarla bağlı irəli sürülən pretenziyalar nəzərə alınmayacaqdır və Mala aid bütün risklər Alıcıya keçəcəkdir. Müqavilənin 10.3-cü bəndinə əsasən müqavilə 3 il müddətinə, xx.xx.2021-ci il tarixinə qədər bağlanmışdır. Həmin müddətin bitməsinə 1 (bir) ay qalmış Tərəflərdən biri rəsmi qaydada müqaviləyə xitam vermək istəyini bildirməzsə, Müqavilə avtomatik olaraq növbəti 1 (bir) il müddətinə, eyni şərtlərlə uzadılmış hesab ediləcəkdir. Müqavilənin 10.4cü bəndinə əsasən Müqaviləyə aşağıdakı hallarda xitam verilə bilər: 10.4.1. Müqavilə qüvvədə olduğu istənilən müddət ərzində Tərəflərdən birinin 1 (bir) ay əvvəlcədən rəsmi müraciətinə əsasən, həmin tarixədək mövcud olan öhdəliklərin yerinə yetirilməsi şərti ilə; 10.4.2. Müqavilənin 2.3-cü maddəsi Alıcı tərəfindən pozulduqda; 10.4.3. Tərəflərdən biri öz öhdəliklərini pozduqda və edilmiş pretenziyaya baxmayaraq pozuntunu aradan qaldırmadıqda - 10 (on) gün əvvəlcədən rəsmi xəbərdar etməklə. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. Tərəflər arasında imzalanmış və möhürlə təsdiqlənmiş 08 yanvar 2025-ci il tarixdən 18 aprel 2025-ci il tarixədək olan qiymət və şərtlərin razılaşdırma protokollarına əsasən müxtəlif materialların 1 metr üçün qiyməti müxtəlif məbləğlərə razılaşdırılmışdır. Qiymətlərə ƏDV daxil deyildir.
11. 05.03.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan elektron qaimələrə əsasən ümumilikdə 12.865,78 manat dəyərində mallar iddiaçı tərəfindən cavabdehə ödəniş üçün təqdim edilmişdir.
12. xx.xx.2025-ci il tarixli pretenziya məktubuna əsasən cavabdehdən cəmi 29,072.93 manat borcu xx.xx.2025-ci il tarixədək ödəməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi və cərimə məbləğinin hesablanacağı bildirilmişdir.
13. İş materiallarında olan ödəniş qəbzinə əsasən ********** saylı qəbz üzrə iddiaçı 177,22 manat dövlət rüsumu ödəmişdir.
Tətbiq edilən maddi hüquq normaları:
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin
15. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
18. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
21. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
22. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
23. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
24. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Tətbiq edilən prosessual normalar:
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
26. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
30. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
37. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin əsaslandırması:
38. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satılmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında balanmış 28 iyun 2018-ci il tarixli, № 20180628/ATL/028 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. İddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumi dəyəri 12.865,78 manat manat olan malları (tikinti materialları) cavabdehə e-qaimə əsasında təhvil vermiş, cavabdeh isə malların dəyərini ödəməmişdir. Eyni zamanda cavabdeh tərəfin özü də iddia tələbini əsas borc hissəsində qəbul edir və mübahisələndirmir. Göründüyü kimi, cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqaviləyə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
39. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsində təmin edilməli, cavabdehdən 12.865,78 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
40. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 28 iyun 2018-ci il tarixli müqaviləyə əsasən hesablanmış 16.207,15 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili yazılı etirazla məhkəməyə müraciət edərək, cərimə məbləğinin şişirdildiyini qeyd etmiş və iddianın cərimə məbləği hissəsində təmin edilməməsini xahiş etmişdir.
41. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
42. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
43. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
44. Belə olan halda məhkəmə cavabdeh tərəfin yazılı etirazını qismən əsaslı sayır və tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 643,29 manat müəyyən edilməlidir.
45. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 12.865,78 manat əsas borc və 643,29 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 177,22 manat dövlət rüsumunun 82,23 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə:
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 12.865,78 (on iki min səkkiz yüz altmış beş manat yetmiş səkkiz qəpik) manat əsas borc və 643,29 (altı yüz qırx üç manat iyirmi doqquz qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 13.509,07 (on üç min beş yüz doqquz manat yeddi qəpik) manat pul vəsaiti və ödənilmiş 82,23 (səksən iki manat iyirmi üç qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İlkin Əliyev