Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10545/2025 23.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədova Gülnarə Malik qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 13 fevral 2014-cü il tarixli "188-L/14" nömrəli müqavilə üzrə 820 (səkkiz yüz iyirmi) manat qalıq borc, 861,82 (səkkiz yüz altmış bir manat 82 qəpik) manat cərimə borcu olmaqla, cəmi 1 681,82 (bir min altı yüz səksən bir manat 82 qəpik) manat pul vəsaitinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının (bundan sonra - texnika) lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 13 fevral 2014-cü il tarixli "188-L/14" nömrəli müqaviləyə əsasən, borclu (lizinq alan) texnikanı ilkin ödəniş məbləği nəzərə alınmaqla qalıq məbləğini ödəniş qrafikinə uyğun ödəmək şərtilə lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə,cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2025-ci il tarixə 13 fevral 2014-cü il tarixli "188-L/14" nömrəli müqavilə üzrə 820 (səkkiz yüz iyirmi) manat qalıq borc, o cümlədən 820 (səkkiz yüz iyirmi) manat gecikdirilmiş borc, 861,82 (səkkiz yüz altmış bir manat 82 qəpik) manat cərimə borcu olmaqla, cəmi 1 681,82 (bir min altı yüz səksən bir manat 82 qəpik) manat maliyyə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan RespublikasıMülki Məcəlləsinin (bundan sonra – Məcəllə) 427.3-cü, 442-ci və 445.2.1- ci maddələrinin tələblərini pozmuşdur. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 748-1.12.4-ci maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Müqavilənin 4.2-ci bəndinə görə, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Müqavilənin 8-ci bəndinə əsasən, tərəflər razılığa gələ bilmədikdə müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqları lizinq verənin olduğu yer üzrə məhkəmədə baxılmalı və həll edilməlidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanının 2.2-ci və 3.1-ci bəndlərinə uyğun olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (bundan sonra-Agentlik) ötürüldüyündən sözügedən müqavilələr üzrə borcun tələb edilməsi hüququnu Agentlik həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2015-ci il tarixli 571 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndində qeyd edilmişdir ki, Agentlik bu Əsasnaməyə uyğun olaraq, kənd təsərrüfatına dəstək layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar subsidiyaların verilməsi, kənd təsərrüfatı istehsal vasitələrinə güzəştlər verilməsi, regionların aqrar inkişafına investisiyaların cəlb edilməsi, güzəştli kreditlərin, təminatların verilməsi və innovasiyaların tətbiqisahəsində fəaliyyət göstərən icra hakimiyyəti orqanıdır. “Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə”nin 1.5-ci bəndinə görə, Agentliyin saxlanılması xərcləri və fəaliyyətiAzərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, qanunvericilikdə müəyyən edilən digər mənbələr hesabına maliyyələşdirilir.
3. Sonradan iddiaçı iddia tələbini azaldaraq, “Cavabdeh yalnız 861,82 (səkkiz yüz altmış bir manat 82 qəpik) manat cərimə borcunun iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
4. İddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir.
5. Sonuncu məhkəmə iclasında iştirak etməsə də, əvvəlki məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, əsas borcu ödəsə də, cərimə borcu barədə məlumatı olmamışdır, cərimə borcunu ödəməyə imkanı yoxdur.
Tədqiq olunan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları
6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 188-L/14 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 29.000 manat olan (1 ədədinin ilkin qiyməti 29.000 manat olan Traktor MTZ-89.2) kənd təsərrüfatı texnikasını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən 2.900 manat məbləği əvvəlcədən Lizing verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən ödənişlər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir.
7. Müqavilə lizinq verənin imzası və möhürü, lizinq alanın isə imzası ilə təsdiq edilmişdir.
8. xx.xx.2014-cü il tarixli 188-L/14 saylı lizinq müqaviləsinə 01 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən Traktor MTZ-89.2 texnikası üzrə 2015-ci ilin İ rübündə 550 manat, digər rüblərində 825 manat, 2016-2020-ci illərdə hər rübdə 825 manat, 2021-ci ilin İ, İİ və İİİ rübündə 825 manat, İV rübündə 820 manat, 2022-ci ilin hər rübündə 820 manat lizinq ödənişləri ödənilməlidir. Əlavə lizinq verənin imzası və möhürü, lizinq alanın isə imzası ilə təsdiq edilmişdir.
9. 28 fevral 2014-cü il tarixli təhvil-təslim aktından görünür ki, Traktor MTZ-89.2 texnikası lizing alana təhvil verilmişdir. Təhvil-təslim aktı lizinq verənin imzası və möhürü, lizinq alanın isə imzası ilə təsdiq edilmişdir.
10. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixli, 188-L/14 saylı lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh gecikdirilmiş borcu 820 manat, cərimə borcu 861,82 manat olmaqla, cəmi 1.681,82 manat təşkil edir.
11. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehə lizinq müqaviləsi üzrə gecikdirilmiş borcu 820 manat, cərimə borcu 861,82 manat olmaqla, cəmi 1.681,82 manat borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
12. 28.01.2026-cı il tarixdə iddiaçının nümayəndəsi və vəkili tərəfindən elektron məhkəmə sisteminə əlavə edilmiş 27 yanvar 2026-cı il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixli 188-L/14 saylı lizinq müqaviləsi üzrə Cavabdeh tərəfindən Agentlik qarşısında əsas borc tam olaraq ödənilmişdir. Onun yalnız 861,82 manat cərimə borcu vardır.
13. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
14. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
15. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 188-L/14 saylı lizinq müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibəti yaranmışdır. "xxxx" ASC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etsə də, Cavabdeh lizinq ödənişlərini ödəniş qrafikinə uyğun olaraq həyata keçirməməklə lizinq müqaviləsi üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh xx.xx.2014-cü il tarixli 188-L/14 saylı lizinq müqaviləsi üzrə 820 manat məbləğində gecikdirilmiş əsas borcu yaranmışdır. Lakin, xx.xx.2026-cı il tarixli maliyyə arayışına görə cavabdeh 820 manat məbləğində əsas borcunu ödəmişdir və iddiaçı əsas borcun gecikdirilməsinə görə hesablanmış 861,82 manat cərimə məbləğinin tutulmasını xahiş edir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
17. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir.
18. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
20. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
21. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini və lizinq müqaviləsində öhdəliyin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsinin nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən sözügedən lizinq müqavilələri üzrə "xxxx" ASC-nin bütün hüquq və öhdəliklərinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
22. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
23. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu xx.xx.2014-cü il tarixli 188-L/14 saylı müqavilə üzrə 41 manat məbləğində müəyyən edilməlidir.
24. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2014-cü il tarixli 188-L/14 saylı müqavilə üzrə 41 manat məbləğində dəbbə pulu (cərimə) tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.
25. Məhkəmə xərclərinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsumunu ödəməkdən azad edildiyi və iddianın təmin edilən hissəsi nəzərə alınaraq, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır.
26. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli, 188-L/14 nömrəli müqavilə üzrə 41 (qırx bir) manat məbləğində dəbbə pulu tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən İlkin Əliyev