Məhkəmə qərarları › İş №e-2-2(113)-1055/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1055/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1055/2021 22.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «İddiaçı” MMC-nin Cavabdeh MTK-ya qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «İddiaçı” MMC Cavabdeh MTK-ya qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MTK-dan 98 122,66 (doxsan səkkiz min yüz iyirmi iki manat altmış altı qəpik) manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 7 604.33 manat cərimə faizinin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 AZN dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə (bundan sonra Alıcı) iddiaçı «İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti (əvvəlki adı "X3" MMC) (bundan sonra Satıcı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 159 saylı alqı-satqı müqaviləsinə əsasən, müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə (Spesifikasiya aktı) adları göstərilən malları "Satıcı" satmağı, "Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. İddiaçı tərəfindən üzərinə götürülmüş öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi tam yerinə yetirməmişdir. Belə ki, "Cavabdeh" MTK «İddiaçı” MMC-dən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 98 122,66 (doxsan səkkiz min yüz iyirmi iki manat altmış altı qəpik) manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Alqı-satqı Müqaviləsi imzalandıqdan sonra "Alıcı"nın sifariş verdiyi mallar tam və vaxtında ona təhvil verilmişdir. Alqı-satqı mübadiləsi başa çatdıqdan sonra tərəflər qalıq borcun dəqiqləşdirilməsi və təsdiqlənməsi məqsədilə yekun "üzləşdirmə akt"ı imzalamışlar. xx.xx.2020-ci il tarixində imzalanmış "üzləşdirmə akt"ına əsasən, "Cavabdeh"MTK-nin «İddiaçı” MMC-yə əsas məbləğdən 83 154.80 AZN, ƏDV məbləğindən isə 14 967.86 AZN olmaqla, ümumilikdə 98 122.66 AZN məbləğində borcunun olduğu müəyyən edilmiş və tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Cavabdehə borcun ödənilməsi məqsədilə bir neçə dəfə xəbərdarlıqlar və müraciətlər edilsə də öhdəliklərini bu günə kimi yerinə yetirməmiş, borcun ödənilməsindən qəsdən yayınmışdır. xx.xx.2020-ci il tarixində "Cavabdeh" MTK-nin ünvanına rəsmi qaydada pretenziya məktubu göndərilmiş və qalıq borcun 15 gün ərzində ödənilməsi tələb olunmuşdur. Lakin dəfələrlə müraciət edilməsinə baxmayaraq heç bir ödəniş edilməmiş, münasibətlərin qaydaya salınması məqsədilə heç bir addım atılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Satıcı «İddiaçı” MMC ilə alıcı Cavabdeh MTK arasında imzalanmış xx.xx.2019-cu il tarixli, 159 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə (Spesifikasiya aktı) adları göstərilən malları "Satıcı" satmağı, "Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən, malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan (müqaviləyə 1 saylı əlavədə) Spesifikasiyada göstərilir. xx xxxxxxxx 2020-ci il tarixdə tərtib olunmuş üzləşmə aktından görünür ki, Cavabdeh MTK-nın «İddiaçı” MMC-yə xx.xx.2020-ci il tarixə olan ümumi borc məbləği 98 122,66 (doxsan səkkiz min yüz iyirmi iki manat altmış altı qəpik) manat (əsas məbləğ 83154,80 manat, ƏDV-14967,86 manat) təşkil edir. «İddiaçı” MMC tərəfindən Cavabdeh MTK-ya ünvanlanan 192 saylı xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, «İddiaçı” MMC-yə 98122,90 manat məbləğində borcu olduğu bildirilmişdir. Eyni zamanda 15 gün ərzində borcun ödənilməsi təmin edilmədikdə məhkəməyə müraciət ediləcəyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş müqaviləyə 1 saylı əlavələrdən görünür ki, müxtəlif çeşid və dəyərli malların siyahısına dair qiymət cədvəlləri tərəflərin imza və möhürləri təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MTK-nın əsas 98 122,66 məbləğinin vaxtında ödənilməməsi səbəbindən ona xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətə görə əldən çıxmış faydaya görə cərimə faizinin ümumi miqdarı 7604,33 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, satıcı «İddiaçı” MMC ilə alıcı Cavabdeh MTK arasında xx.xx.2019-cu il tarixli, 159 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən "Satıcı" müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə (Spesifikasiya aktı) adları göstərilən malları satmağı, "Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Göründüyü kimi tərəflər arasında müqavilədən irəli gələn hüquq və vəzifələri yaranmışdır. Satıcı müqavilə üzrə öhdəliyini tam yerinə yetirmiş və malı alıcıya təhvil vermişdir. Alıcı isə malın dəyərinin ödənilməsinə dair öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə satıcıya borcu yaranmışdır. Mövcud olan borc məbləğinin mqidarı tərəflər arasında bağlanmış üzləşmə aktı ilə öz təsdiqini tapmışdır. Belə ki, «İddiaçı” MMC və Cavabdeh MTK xx.xx.2020-ci il tarixdə üzləşmə aktı tərtib edərək alıcının satıcıya xx.xx.2020-ci il tarixə olan ümumi borc məbləğinin 98122,66 manat (əsas məbləğ 83154,8 manat, ƏDV-14967,86 manat) olmasını müəyyən etmişlər. Həmin üzləşmə aktı ilə cavabdeh iddiaçı qarşısında yaranmış öhdəliyini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2019-cu il tarixli, 159 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh MTK-dən 98122,66 manat əsas borcun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin əldən çıxmış faydaya görə əsas borcun illik 5 %-i miqdarında 7604.33 manat ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki: Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Plenum qərarında müraciətlə bağlı qeyd edilmişdir ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir.Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İddia tələbinin “Müqavilə müddəti bitdikdən sonrakı dövr üçün kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 faiz olmaqla hesablanmış 7604,33 manat cərimə faizin tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 7604,33 manat cərimənin hesablanması hissəsindən iddia tələbini əsassız hesab edir. Belə ki, iddiaçı tərəfindən müqavilə üzrə cavabdehin öhdəliyi gecikdirdiyi müddətin müəyyən edilməsinə dair sübutları məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019cu il tarixli, 159 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh MTK-dən 98122,66 manat əsas borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 98152,66 manat məbləğində pul tutularaq iddiaçı «İddiaçı” MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MTK-dan 98122,66 (doxsan səkkiz min yüz iyirmi iki manat altmış altı qəpik) manat əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi 98152,66 (doxsan səkkiz min yüz əlli iki manat altmış altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı «İddiaçı” MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar