Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1055/2025 13.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, dəbbə pulunun azaldılması, sübutetmə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 16 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 24825,9 manat əsas borcun, 5623,2 manat cərimə məbləğinin və ödənilmiş 182,85 manat dövlət rüsumunun, 500 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki 2.1. iddiaçı ilə cavabdeh arasında 16 dekabr 2022-ci il tarixli AS22/199 nömrəli alqı-satqı müqaviləsi və həmin müqaviləyə uyğun olaraq 16 dekabr 2022-ci il tarixli 1 saylı əlavə razılaşma, 06 yanvar 2023-cü il tarixli 2 saylı əlavə razılaşma və 06 aprel 2024-cü il tarixli 3 saylı əlavə razılaşma imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı adı, çeşidi, sayı, miqdarı, çəkisi tərəflər arasında əlavə razılaşma ilə müəyyən edilmiş malları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə malların dəyərini müqavilə və əlavə razılaşma əsasında iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. 2.2. Müqavilə və müqavilənin 3 saylı əlavə razılaşmasına uyğun olaraq, 06 aprel 2024-ci il tarixli EBEB 572107 seriya və nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura cavabdehə təqdim edilmiş və elektron qaiməfaktura əsasında ƏDV daxil 24825,90 manat dəyərində mal 06 aprel 2024-cü il tarixli 008887 nömrəli təhvil-təslim aktına əsasən, cavabdehə təhvil verilmişdir. 3 saylı əlavə razılaşmanın 2-ci bəndinə əsasən, elektron qaimə-faktura təqdim edildiyi tarixdən 14 gün ərzində ödəniş cavabdeh tərəfindən həyata keçirilməlidir. Lakin 06 aprel 2024-ci il tarixli EBEB 572107 seriya və nömrəli elektron qaimə-faktura əsasında ödənilməli olan 24825,90 manat məbləğində ödəniş xx.xx.2024 tarixinədək icra edilməli olsa da, hazırkı tarixədək ödənilməmişdir. Həmin əlavənin 7-ci bəndinə əsasən, cavabdeh malların dəyərini nəzərdə tutulmuş müddət ərzində ödəmədiyi halda, gecikdirmənin hər günü üçün ödənilməmiş məbləğin 0,1% həcmində cərimə hesablanır. Bu bəndin tələblərini nəzərə alaraq, 24825,90 manat məbləğində ödənişin icrasının gecikdirilməsi səbəbi ilə iddia ərizəsinin təqdim edildiyi tarixədək müvafiq olaraq (24825,90*0,1%*210) 5213,4 manat cərimə hesablanmışdır. 2.3. Müqavilə və müqavilənin 2 saylı əlavə razılaşmasına uyğun olaraq, 06 yanvar 2023-cü il tarixli EBCM 547888 və EBCM 541958 seriya və nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar cavabdehə təqdim edilmiş və elektron qaimə-fakturalar əsasında ƏDV daxil cəmi 68295,09 manat dəyərində mal 06 yanvar 2024-cü il tarixli 5706 və 5707 nömrəli təhvil-təslim aktlarına əsasən cavabdehə təhvil verilmişdir. 2 saylı əlavə razılaşmanın 2-ci bəndinə əsasən, elektron qaimə-faktura təqdim edildiyi tarixdən 14 gün ərzində ödəniş cavabdeh tərəfindən həyata keçirilməlidir. Lakin 06 yanvar 2023-cü il tarixli EBCM 547888 və EBCM 541958 seriya və nömrəli elektron qaimə-fakturalar əsasında ödənilməli olan 68295,10 manat məbləğində ödəniş xx.xx.2024 tarixinədək icra edilməli olsa da, 6 gün gecikmə ilə xx.xx.2024-cü il tarixində icra edilmişdir. Həmin əlavənin 7-ci bəndinə əsasən, cavabdeh malların dəyərini nəzərdə tutulmuş müddət ərzində ödəmədiyi halda, gecikdirmənin hər günü üçün ödənilməmiş məbləğin 0,1% həcmində cərimə hesablanır. Bu bəndin tələblərini nəzərə alaraq, 68295,10 manat məbləğində ödənişin icrasının 6 gün gecikdirilməsi səbəbilə (68295,10*0,1%*6) 409,8 manat cərimə hesablanmışdır. 2.4. İddiaçı tərəfindən borc məbləğinin və həmin borc məbləğinə hesablanmış cərimə məbləğinin ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı tələb bildirilmişdir. Qeyd edilən tələblərə cavabdeh tərəfindən hər hansı münasibət bildirilməmişdir. Bu səbəblə iddiaçı tərəfindən cavabdehə 17 oktyabr 2024-cü il tarixində pretenziya məktubu təqdim edilmiş və müqavilə üzrə mal dəyərinin və mal dəyərinin ödənilməsinin gecikdirilməsi üçün hesablanmış cərimənin 3 iş günü ərzində ödənilməsi tələb edilmişdir. Qeyd edilən pretenziya məktubunun təqdim edilməsindən ötən müddət ərzində cavabdeh tərəfindən pretenziya məktubuna hər hansı yazılı və ya şifahi münasibət bildirilməmişdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 465.2, 1096, 1097-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili bildirdi ki, cavabdeh tərəfindən iddia ərizəsi verildikdən sonra hər hansı ödəniş edilməmişdir.
7. Məhkəmə bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına göndərilməklə, qanuni təmsilçisinin mobil telefon nömrəsinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə edilən iddiaçı (satıcı qismində) ilə cavabdeh (alıcı qismində) arasında 16 dekabr 2022-ci il tarixli AS22/199 nömrəli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, Satıcı adı, çeşidi, sayı, miqdarı, çəkisi tərəflər arasında Əlavə Razılaşma ilə müəyyən edilmiş malları Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin malların dəyərini bu müqavilə və Əlavə Razılaşma əsasında Satıcıya ödəməyi öhdəsinə götürür (1.1). Satıcı, Alıcıya üçüncü şəxslərin iddialarından və hüquqlarından azad olan malları verir (1.2). X5 Razılaşma imzalandığı tarixdən etibarən mallar Alıcı tərəfindən sifariş verilmiş hesab edilir (4.1). Malların vahidinin qiyməti, ümumi qiyməti, vergilər və s hər satış əməliyyatına uyğun olaraq Tərəflər arasında imzalanmış Əlavə Razılaşma ilə müəyyən ediləcək (4.2). Malların qiyməti Alıcı tərəfindən Satıcıya Azərbaycan manatı ilə ödəniləcək (4.3).
12. Həmin müqaviləyə 06 yanvar 2023-cü il tarixli 2 saylı əlavə razılaşmadan görünür ki, ƏDV daxil olmaqla 68295,1 manat dəyərində malın ölçüsü, markası, ölçü vahidi, miqdarı, qiyməti, məbləği razılaşdırılmışdır. Həmin əlavəyə əsasən şərtləşdirilmişdir: ödəniş şərtləri – 14 gün ərzində, malların təhvil yeri – EXW Dərnəgül, malların təhvil qaydası – təhvil-təslim aktı ilə, malların təhvil müddəti: 1 iş günü ərzində (sahənin məhsulları qəbul etməyə hazır olub-olmamağmdan asılı olaraq).
13. Adıçəkilən müqaviləyə 06 aprel 2024-cü il tarixli 3 saylı əlavə razılaşmadan görünür ki, ƏDV daxil olmaqla 24825,9 manat dəyərində malın ölçüsü, markası, ölçü vahidi, miqdarı, qiyməti, məbləği razılaşdırılmışdır. Həmin əlavəyə əsasən şərtləşdirilmişdir: ödəniş şərtləri – 14 gün ərzində, malların təhvil yeri – EXW, malların təhvil qaydası – təhvil-təslim aktı ilə, malların təhvil müddəti: 1 iş günü ərzində (sahənin məhsulları qəbul etməyə hazır olub-olmamağmdan asılı olaraq).
14. Məhkəməyə təqdim edilən təhvil-təslim aktlarından görünür ki, 06 yanvar 2023-cü il, 06 aprel 2024-cü il tarixli aktlarla ayrı-ayrı mallar təqdim edilmişdir.
15. İş materiallarında olan elektron qaimə-fakturalardan görünür ki, xx.xx.2023-cü il tarixli EBCM 541958 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 34619,78 manat, xx.xx.2023-cü il tarixli EBCM 547888 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 33675,31 manat, xx.xx.2024-cü il tarixli EBEB 572107 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 24825,9 manat məbləğində malın təqdim edilməsi üçün tərtib edilərək cavabdehə göndərilmişdir.
16. İş materiallarına əlavə edilən İnternet Vergi İdarəsinin “Elektron qaimə (e-qaimə)” altsistemindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli EBCM 541958, xx.xx.2023-cü il tarixli EBCM 547888, xx.xx.2024-cü il tarixli EBEB 572107 seriya və nömrəli elektron qaimələr sistem tərəfindən təsdiq edilmişdir.
17. Məhkəməyə təqdim edilən iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan AZ94PAHA40060AZNHC********** nömrəli hesabından çıxarışdan görünür ki, xx.xx.2023cü il tarixli EBCM 541958, xx.xx.2023-cü il tarixli EBCM 547888 seriya və nömrəli elektron qaimələrə istinad etməklə cavabdeh tərəfindən 57877,2 manat məbləğində ödəniş edilmişdir.
18. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 16 dekabr 2022-ci il tarixli AS22/199 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı adı, çeşidi, sayı, miqdarı, çəkisi tərəflər arasında əlavə razılaşma ilə müəyyən edilmiş malları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin malların dəyərini müqavilə və əlavə razılaşma əsasında iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Adlçəkilən müqaviləyə 06 yanvar 2023-cü il tarixli 2 saylı və 06 aprel 2024-cü il tarixli 3 saylı əlavə razılaşma imzalanaraq müvafiq olaraq ƏDV daxil olmaqla 68295,1 manat və ƏDV daxil olmaqla 24825,9 manat dəyərində malın ölçüsü, markası, ölçü vahidi, miqdarı, qiyməti, məbləği razılaşdırılmış, mallar 06 yanvar 2023-cü il, 06 aprel 2024-cü il tarixli aktlarla təhvil verilmiş və malların verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli EBCM 541958, xx.xx.2023-cü il tarixli EBCM 547888, xx.xx.2024-cü il tarixli EBEB 572107 seriya və nömrəli elektron qaimələr tərtib edilərək cavabdehə göndərilmişdir. Həmin elektron qaimələr sistem tərəfindən təsdiq edilmiş, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli EBCM 541958, xx.xx.2023-cü il tarixli EBCM 547888 seriya və nömrəli elektron qaimələrə istinad edilməklə 57877,2 manat məbləğində ödəniş edilmişdir.
19. İddiaçı 16 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 3 saylı əlavə razılaşmayə əsasən təqdim olunan malların dəyərini təşkil edən 24825,9 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.
20. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
21. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
23. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
24. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə təqdim edilmiş bütün sübutlarla tanış olmaqla imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
25. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
26. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
27. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
28. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
29. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
30. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqaviləyə əlavələrin ödəniş şərtləri nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
31. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
32. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
33. Məhkəmə qeyd edir ki, cavabdeh və qanuni təmsilçisi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim edilmiş bütün sübutlarla tanış olmaq imkanına malik olmuş, mübahisə ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə göstərir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir.
34. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
35. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
36. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
37. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
38. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
39. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borca münasibətdə təmin olunmalı, 16 dekabr 2022-ci il tarixli AS22/199 nömrəli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil olmaqla 24825,9 manat manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
40. İddia ərizəsində iddiaçı həmçinin 5623,2 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş edir.
41. 16 dekabr 2022-ci il tarixli AS22/199 nömrəli alqı-satqı müqaviləsinə 06 yanvar 2023-cü il tarixli 2 saylı və 06 aprel 2024-cü il tarixli 3 saylı əlavə razılaşmanın 7-ci bəndlərinə əsasən,ödənişin gecikdirilməsinə görə cərimə şərtləri: gecikmə 10 gündən çox olduğu halda, gecikdirmənin hər günü üçün ödənilməmiş məbləğin 0,1% (sıfr tam onda bir faizi) həcmində cərimə hesablanır.
42. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
43. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
44. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
45. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin 2 saylı əlavə razılaşma üzrə təqdim olunan malların dəyəri razılaşmada qeyd olunan müddətdə ödənmiş, 3 saylı əlavə razılaşma üzrə mallar 06 aprel 2024-cü il tarixdə təqdim olunmasına baxmayaraq, iddiaçı da uzun müddət sonra – xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
46. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 1240 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
47. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 1240 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
48. İddiaçı eyni zamanda ödənilmiş 182,85 manat dövlət rüsumunun və 500 manat hüquqi yardım xərcinin də tutulmasını tələb edir.
49. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 182,85 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
50. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı və icra qeydindən görünür ki, xx.xx.2024-cü il tarixli 346 saylı müqavilə (xx.xx.2024-cü il tarixli ******* nömrəli orderdə qeyd edilən müqavilə) 500 manat məbləğində pul “Xəzər Konsaltinq” vəkil bürosunun hesabına köçürülmüşdür.
51. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
52. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
53. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
54. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 300 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.
55. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 155 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
57. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 16 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 24825,9 manat əsas borc, 1240 manat məbləğində cərimə olmaqla ümumilikdə 26065,9 manat məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 155 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova