Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-106/2021 26.01.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X1 Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "Cavabdeh" məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" məhdud məsuliyyətli cəmiyyətinə qarşı cavabdehin xx xxx 2019-cu il tarixli AF-0531/19 saylı Yükdaşıma müqaviləsi üzrə iddiaçıya borclu olduğu 5940 ABŞ dolları və 3520 Avro həcmində əsas borc məbləğinin, 1258 ABŞ dolları və 3220 Avro məbləğində olan cərimə məbləğlərini, o cümlədən, 1000 manat həcmində göstərilmiş hüquqi xidmətə görə və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehin xx xxx 2019-cu il tarixli AF-0531/19 saylı Yükdaşıma müqaviləsi üzrə iddiaçıya borclu olduğu 5940 ABŞ dolları və 3520 Avro həcmində əsas borc məbləğinin, 1258 ABŞ dolları və 3220 Avro məbləğində olan cərimə məbləğlərini, o cümlədən, 1000 manat həcmində göstərilmiş hüquqi xidmətə görə və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında yük daşınmasına dair xx xxx 2019-cu il tarixli AF0531/19 saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə iddiaçı Daşıyıcı-İcraçı, cavabdeh isə Sifarişçi qismində çıxış etmişdir. Müqaviləyə əsasən Daşıyıcı-İcaçı Sifarişçinin sifarişi və göstərişi üzrə müvafiq yüklərin təyinat ünvanına çatdırılması və təhvil verilməsini, Sifarişçi isə öz növbəsində göstərilmiş xidmət müqabilində tərəflər arasında razılaşdırılmış ödənişi etməyi öhdəsinə götürmüşdür. Hazırda mübahisə predmetini də müqavilə tərəfi olaraq iddiaçının xx xxx 2019-cu il tarixli AF-0531/19 saylı müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməsinə baxmayaraq cavabdeh tərəfindən göstərilmiş xidmətin dəyərini təşkil edən 5940 ABŞ dolları və 3520 avro həcmində əsas borcun ödənilməməsindən yaranan iddia tələbi, o cümlədən, əsas borcdan yaranmış cərimə məbləğinin ödənilməsinin tələbi təşkil edir. Belə ki, tərəflər arasında olan müqavilənin 3.1-ci bəndinə əsasən Sifarişçi Ekspeditor xidmətlərinin qarşılığı olan ödənişi əvvəlcədən təqdim olunmuş elektron qaimə və hesabfaktura əsasında yüklərin Sifarişçiyə təhvil verilməsindən sonra 45 bank günü ərzində köçürmə yolu ilə ödəməlidir. İddiaçı tərəfindən yüklərin təhvil tarixinin xx xxxxxx 2019-cu il tarixində (3 yük); xx xxxxxx 2019-cu il tarixində; xx xxxxxxxx 2019-cu il tarixində; xx xxxxxxx 2019-cu il tarixində (2 yük); xx xxxxxxx 2019-cu il tarixində; xx xxxxxxx 2019-cu il tarixində (2 yük); xx xxxxxxx 2019-cu il tarixində olan yüklər üzrə çatdırılma həyata keçirilməsinə baxmayaraq, cavabdeh tərəfindən ödəmə həmin tarixlərdən maksimum 45 bank günü ərzində həyata keçirməli idi. Lakin, göründüyü kimi öhdəliklərin icra tarixi yəni ödənişlərin tarixi müqavilə ilə nəzərdə tutulmuş vaxtda həyata keçirilməmiş və ödənişlər gecikdirilmişdir. Müqavilənin tərkib hissəsini təşkil edən spesifikasiyalar iddiaçı tərəfindən dəfələrlə cavabdehə müvafiq imzanın atılması üçün göndərilsə də və hətta iddiaçının nümayəndəsi bütöv bir günü qarşı tərəfin ofisində həmin spesifikasiyaların imza və möhürlənərək iddiaçıya qaytarılmasını gözləsə də, cavabdeh hər dəfəsində həmin sənədlərin sonra veriləcəyini vəd edərək iddiaçıya aid olan nüsxələrin qaytarılmasından yayınmışdır. Bu günə qədər hələ də iddiaçıya çatası nüsxələri cavabdehdən əldə edə bilmir. İddiaçı ilə cavabdeh aralarında qüvvədə olan müqavilənin 5.19-cu bəndində qeyd edilmişdir ki, Sifarişçinin birbaşa günahı ucbatından Daşıyıcı İcraçının təqdim etdiyi hesabfaktura vaxtında ödənilmədikdə, ödənişin gecikdirildiyi hər gün üçün Sifarişçi hesab – faktura məbləğinin 3%-i həcmində dəbbə pulu ödəməlidir, lakin, bu dəbbə pulu məbləği hesab-faktura dəyərinin 20%-dən artıq olmamalıdır. Bu maddəni və cavabdehin iddiaçı qarşısında müqavilə üzrə götürmüş olduğu öhdəliklərin icra edilməsi vəziyyətini qiymətləndirərək, həm vaxtından gec ödənilmiş həm də ümumiyyətlə ödənilməmiş ABŞ dollar valyutasında olan məbləğin vaxtında ödənilmədiyi üçün 20% həcmində dəbbə pulunu təşkil edən 1258 ABŞ dolları, o cümlədən, həm vaxtından gec ödənilmiş həmdə ümumiyyətlə ödənilməmiş AVRO valyutasında olan məbləğin vaxtında ödənilmədiyi üçün 20% həcmində dəbbə pulunu təşkil edən 3220 avro məbləğində olan cərimə məbləğlərini tələb edirlər. Sözügedən müqavilənin 5.1-ci bəndində qeyd edilmişdir ki, tərəflər Müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımı qaydada yerinəyetirmədikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Həmin müqavilənin 5.2.-ci bəndində isə qeyd edilmişdir ki, müqavilə üzrə öz öhdəliklərini pozmuş tərəf qısa müddətdə öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün tədbirlər görməlidir. Bununla belə, Daşıyıcı-İcraçı tərəfindən xx xxxxxx 2020-ci il tarixində cavabdehə 2020/001 saylı pretenziya məktubu göndərilmiş və müqavilə üzrə borclu olduğu məbləğin ödənilməsi tələb edilmişdir. Lakin, hələ də cavabdeh qurum hərəkətsizlik nümayiş etdirdiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında imzalanmış xx xxx 2019-cu il tarixli AF-0531/19 saylı müqavilənin 5-ci maddəsində nəzərdə tutulmuşdur ki, mübahisələrin həlli qaydası zamanı tətbiq edilən qanunvericilik Azərbaycan Respublikasının qanunvericiliyi olmaqla müqavilədən irəli gələn bütün münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə həyata keçiriləcəkdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qismən qəbul edərək, izahatında bildirdi ki, iddianı qəbul etdiyi hissə 3500 Avro olan hissəsidir. Tərəflər arasında xx.xx.2019-cu il tarixdə yükdaşıma xidməti ilə bağlı müqavilə bağlanılmışdır. Belə müqavilələrdə yükün çəkisi, daşıma və sair ilə bağlı tərəflər spesifikasiya tərtib edirlər ki, belə razılaşdırma da yoxdur. Tərəflər arasında cavabdehin mallarının Gürcüstan Respublikasına daşınıb toplandıqdan sonra oradan bir ədəd yük avtomobili ilə Azərbaycan Respublikasına gətiriləcəyinə dair razılaşdırma yoxdur. Tərəflər arasında razılaşma olmuşdur ki, cavabdehin Avropada və Türkiyədə olan yükləri bir ədəd yük maşını ilə Avropadan Azərbaycana gətiriləcəkdir. Bu daşımanın dəyəri də xərclər daxil tərəflər arasında 3500 Avroya razılaşdırılmışdır. Sonda cavabdehin nümayəndəsi iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən çıxarışın və Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin surətlərindən görünür ki, İddiaçı xx xxxxx 2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kommersiya qurumlarının dövlət reyestri məlumatından görünür ki, "Cavabdeh" məhdud məsuliyyətli cəmiyyəti xx xxxxxx 1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx xxx 2019-cu il tarixli AF0531/19 saylı Yükdaşınma xidmətlərində dair Müqavilənin surətindən görünür ki, iddiaçı cavabdehin sifarişi və göstərişi üzrə müvafiq yüklərin təyinat ünvanına çatdırmağı və təhvil verməyi, cavabdeh isə öz növbəsində göstərilmiş xidmət müqabilində tərəflər arasında razılaşdırılmış ödənişi etməyi öhdələrinə götürmüşlər. 2020-0028 saylı İnvoysdan görünür ki, iddiaçı tərəfindən cavabdeh üçün göstərdiyi yüşdaşıma xidmətinin dəyəri 3220 Avro təşkil etmişdir. 2020-0029 saylı İnvoysdan görünür ki, iddiaçı tərəfindən cavabdeh üçün göstərdiyi yüşdaşıma xidmətinin dəyəri 1258 ABŞ dolları təşkil etmişdir. 12 ədəd gömrük bəyannaməsindən görünür ki, cavabdehin adına 2019-cu ilin dekabr ayında müxtəlif adda mallar idxal edilmişdir. İddiaçının işçiləri ilə cavabdehin işçiləri arasında olan e-mail və whatsapp yazışmalarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh bir tam maşınla və bütün xərclər daxil olmaqla malların yükdaşınması üçün 3500 avro məbləğində razılaşmışlar. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxx 2019-cu il tarixli AF0531/19 saylı Yükdaşınma xidmətlərində dair Müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehin sifarişi və göstərişi üzrə müvafiq yüklərin təyinat ünvanına çatdırmağı və təhvil verməyi, cavabdeh isə öz növbəsində göstərilmiş xidmət müqabilində tərəflər arasında razılaşdırılmış ödənişi etməyi öhdələrinə götürmüşlər. Tərəflər bir tam maşınla və bütün xərclər daxil olmaqla malların yükdaşınması üçün 3500 avro məbləğində razılaşmışlar. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya xx xxx 2019-cu il tarixli AF0531/19 saylı Yükdaşınma xidmətlərində dair Müqavilə üzrə yükdaşınmasının dəyərinin 3500 Avro məbləğində olması iş materiallarında olan e-mail və whatsapp yazışmaları, habelə cavabdehin nümayəndəsinin izahatı ilə təsdiq olunduğundan, həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yükdaşınma üzrə tələb olunan digər məbləğlərə münasibətdə məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı tərəfindən həmin borcu təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi 5940 ABŞ dolları və 20 Avro hissələrində təmin oluna bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, 5940 ABŞ dolları məbləğində borc məhkəmə tədqiqatı zamanı təsdiq olunmadığından həmin borca görə tələb olunan cərimə məbləği də cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 5.19cu bəndinə əsasən cavabdeh dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan 3220 Avro Avro dəbbə pulu məbləği yaranmış 3500 Avro borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 300 Avro həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli Ödəniş tapşırığının və xx xxxxx 2020-ci il tarixli qəbzin surətlərindən göründüyü kimi iddiaçı tərəfindən hüquqi xidmətə görə 19 saylı vəkil bürosunun hesabına ümumilikdə 1000 manat ödənilmişdir. Məhkəmə iddianın təmin edilmiş hissəsini nəzərə alaraq, hüquqi xidmətə görə ödənilmiş 1000 manat məbləğin 300 manat məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx xxx 2019-cu il tarixli AF-0531/19 saylı Yükdaşıma müqaviləsi üzrə 3500 Avro həcmində əsas borc məbləği, 200 Avro məbləğində cərimə məbləği, hüquqi xidmətə görə 300 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 26,55 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 8 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 22 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxx 2019-cu il tarixli AF-0531/19 saylı Yükdaşıma müqaviləsi üzrə 3500 Avro həcmində əsas borc məbləği, 200 Avro məbləğində cərimə məbləği, hüquqi xidmətə görə 300 manat tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 8 manat məbləği cavabdeh "Cavabdeh" məhdud məsuliyyətli cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin, qalan 22 manat məbləği isə İddiaçınə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-106/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-106/2021
26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver