Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-106/2022 01.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh xxxx oğluna qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh xxxx oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 aprel 2020-ci il tarixli, KTA-KTT-20/0946 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi”nə əsasən 8782,51 manat əsas borc, 634,07 manat gecikdirilmiş günlərə görə cərimə borcu, o cümlədən 12313,16 manat məbləğində sığorta hadisəsi nəticəsində vurulmuş maddi ziyan, 69552 manat məbləğində lizinq obyektinin itirilmiş dəyəri, 150 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 91461,74 (doxsan bir min dörd yüz altmış bir manat yetmiş dörd qəpik) manat məbləğində pulun cavabdeh xxxx oğlundan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh xxxx oğlu ilə 18 aprel 2020-ci il tarixində KTA-KTT-20/0946 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi” bağlamış və bu müqaviləyə əsasən 1 ədəd “New Holland TC 4.90” markalı kombayn cavabdehə 5 il müddətinə lizinqə verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin qiyməti 193200 manat təşkil edir. Qeyd olunan texnika 30 aprel 2020-ci il tarixli, 024 nömrəli Akt əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 193200 manat təşkil etmişdir. Həmin məbləğin 75225,19 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi "xxxx" ASC tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən cavabdeh tərəfindən 38640 manat məbləğində ilkin ödəniş, 5313 manat məbləğində sığorta haqqı, 5 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası, 31 manat məbləğində lizinq obyektinin qeydiyyat xərcləri İddiaçı ASC-yə ödənilmişdir. Lakin cavabdeh ödənişləri qrafikə əsasən həyata keçirməmiş, bu isə öz növbəsində müqavilə öhdəliklərinin pozuntusu hesab olunur. Cavabdeh son ödəniş tarixi 30.06.2020-ci il olmaqla, cəmi 2586 manat ödəniş etmişdir, halbuki qrafik üzrə 14.01.2021-ci il tarixinə qədər 11195,05 manat ödəniş etməli idi. Beləliklə, cavabdehin müqavilə üzrə gecikdirilmiş əsas borcu 8782,51 manat təşkil edir. Qeyd olunan müqavilənin 11.3-cü bəndinə görə Lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin 14.01.2021-ci il tarixinə qədər 634,07 manat cərimə borcu mövcuddur. Bundan əlavə, daxili lizinq müqaviləsinin 12-ci bəndində lizinqə verilən texnikanın sığortalanması tələbi nəzərdə tutulmuşdur. Bu bəndin tələblərinə əsasən "xxxx" ASC (Sığortaçı), "xxxx" ASC (Sığortalı) və xxxx oğlu (Faydalanan şəxs) arasında 17.04.2020-ci il tarixli, CPMİ 00219- 20 saylı Sığorta şəhadətnaməsi imzalanmışdır. Sığorta şəhadətnaməsinə əsasən sığorta predmetini təşkil edən “New Holland TC 4.90” markalı taxılyığan kombaynın sığorta məbləği 193200 manat, şərtsiz azadolma məbləği 2898 manat, sığorta haqqı isə 5313 manat müəyyən edilmişdir. 24 may 2020-ci il tarixində “New Holland TC 4.90” markalı taxılyığan kombaynın Biləsuvar rayonu ərazisində baş vermiş hadisə nəticəsində sığorta hadisəsi baş vermişdir. Bununla bağlı Sığortaçı - "xxxx" ASC tərəfindən müvafiq sığorta araşdırması aparılmış və texnikaya texniki xidməti həyata keçirən "xxxx" MMC tərəfindən verilən qüsur aktına əsasən texnikaya 49973,78 manat məbləğində zərər dəydiyi müəyyən olunmuşdur. "xxxx" ASC tərəfindən kombayna dəymiş zərərin (hər bir itki və zərər üzrə şərtsiz azadolma məbləği olan 2898 manat çıxılmaqla) 47075,78 manat hissəsinin ödənişinə qərar verilmiş, lakin sığorta şərtlərinə əsasən sığorta şirkəti tərəfindən ödənilən vəsaitin faydalanan şəxsi kimi (20%) cavabdeh xxxx oğlu 9415,16 manat məbləğində sığorta ödənişinin kombaynın təmirinə yönəldilməsindən imtina etmişdir. Beləliklə də, cavabdehin təqsiri ucbatından baş vermiş qəzaya görə kombaynın təmiri ilə əlaqədar İddiaçı ASC-yə 12313,16 (2898 + 9415,16) manat maddi ziyan vurulmuşdur. Həmçinin kombaynın hazırkı bazar dəyərini müəyyən etmək üçün İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə müraciət olunmuş və təqdim olunmuş məlumatlara əsasən kombaynın qəzadan sonrakı bazar qiymətinin 123648 manat olması müəyyən olunmuşdur. Bunun nəticəsində isə lizinq müqaviləsinin obyekti olan və mülkiyyət hüququ ilə İddiaçı ASC-yə məxsus olan texnikanın dəyər itkisi 69552 manat təşkil edir (ilkin qiymət 193200 manat – təmirdən sonrakı bazar qiyməti 123648 manat). Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə tərəflərindən 01.10.2020-ci il tarixli, PLM-20/0151 nömrəli xəbərdarlıq (pretenziya) məktubu ilə cavabdehə rəsmi müraciət olunsa da, cavabdeh göstərilən məbləğdən heç bir ödəniş aparmamışdır. Beləliklə, cavabdeh xxxx oğlunun İddiaçı ASC qarşısında 18 aprel 2020-ci il tarixli, KTA-KTT-20/0946 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi”nə əsasən 14.01.2021-ci il tarixə qədər 8782,51 manat əsas borcu, 634,07 manat gecikdirilmiş günlərə görə cərimə borcu, o cümlədən 12313,16 manat məbləğində sığorta hadisəsi nəticəsində vurulmuş maddi ziyan və 69552 manat məbləğində lizinq obyektinin itirilmiş dəyəri məbləğində borcu yaransa da, cavabdeh həmin ödənişləri icra etməkdən yayınır. İddia tələbinə etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh iddianı qəbul etmir və onu qanunsuz və əsassız hesab edir. Belə ki, tərəflər arasında bağlanan, yuxarıda qeyd edilmiş müqavilənin 12.1-ci bəndinə əsasən lizinq obyekti 5 il müddətinə lizinq verən tərəfindən sığortalanır və lizinq obyektinin sığortalanması üçün lizinq verən tərəfindən çəkilmiş bütün xərclər və sığorta haqqı lizinq alan tərəfindən lizinq verənə ödənilir. Müqavilənin 12.2-ci bəndinə əsasən bütün risklər üzrə fayda götürən lizinq verən hesab olunur. 12.3-cü bəndinə əsasən lizinq obyekti zədələnmə (korlanma), məhv edilmə, itirilmə, talanma, oğurluq, dələduzluq və qaçırılma risklərindən sığortaçının sığorta qaydaları ilə nəzərdə tutulmuş bütün hallardan aşağıdakı qaydada sığortalanır: 1) sığortanın birinci ili üçün lizinq müqaviləsinin 1.4-cü bəndində göstərilən lizinq obyektinin qiymətinin 100%-dən aşağı olmayan məbləğdə. Tərəflər arasında bağlanmış həmin Müqavilənin 1.4-cü bəndinə əsasən lizinq obyektinin qiyməti 193200 manat müəyyən edilmiş və həmin Müqavilənin 12.3-cü bəndinin birinci yarımbəndinə əsasən lizinq obyektinin 100%-dən aşağı olmayan məbləğdə sığortalanmışdır. Başqa sözlə desək, sığorta hadisəsu baş verdikdə, lizinq obyektinə dəymiş zərər 100%-dən aşağı olmayan məbləğdə ödənilməlidir. İddia ərziəsində də göstərildiyi kimi, Q.xxxxə lizinqə verilmiş “New Holland TC 4.90” markalı taxılbiçən kombayn iddiaçı tərəfindən sığortalanmış və lizinq verən tərəfindən çəkilmiş bütün xərclər və sığorta haqqı Q.xxxx tərəfindən iddiaçı təşkilata ödənilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 12.2-ci maddəsinə əsasən bütün risklər üzrə fayda götürən lizinq verən, yəni İddiaçı ASC hesab olunur. Sığorta şəhadətnaməsində ilkin ödəniş nisbətində Qurban xxxx, güzəşt məbləği nisbətində AR Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi, maliyyələşmə məbləği nisbətində İddiaçı ASC faydalalan şəxs kimi göstərilmişdir. İddia ərizəsində göstərilsə də, sığota şəhadətnaməsinin özündən də məlum olur ki, Qurban xxxx sığorta şəhadətnaməsinə imza etməmişdir. Q.xxxxin sığorta şəhadətnaməsinə imza etməməsi qanunauyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Həmçinin, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Həmçinin, “Sığorta fəaliyyəti haqqında” AR Qanununun 1.1.6-cı maddəsinə əsasən faydalanan şəxs-icbari sığorta qanunalarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsin 935-ci maddəsində (Sığorta ödənişinin verilməsindən imtinanın əsasları), “İcbari Sığortalar haqqında” Qanunda, “Sığorta fəaliyyəti haqqında” Qanunda, “Sığorta haddında” Qanunda, o cümlədən tərəflər arasında bağlanmış müqavilə və Sığorta şəhadətnaməsində sığorta hadisəsi baş verdikdə, lizinq alan (faydalanan şəxs) kimi Qurban xxxxin sığorta ödənişinin yəni, 47075,78 manatın 20% həcmində 9415,16 manatın (2898 manat şərtsiz asadolma məbləği çıxılmaqla) onun tərəfindən kombaynın təmirinə yönəldilməsi nəzərdə tutulmamışdır. Bu baxımdan, iddia ərizəsinin Qurban xxxxdən 12313,16 manat məbləğində sığorta hadısəsi nəticəsində vurulmuş maddi ziyan tələbi barədə hissəsi həm qanunsuz, həm də əsassızdır. İddia ərizəsinin 18 aprel 2020-ci il tarixli, KTA-KTT-20/0946 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi”nə əsasən xxxx oğlundan 8782,51 manat əsas borcun, 634,07 manat gecikdirilmiş günlərə görə cərimə borcunun tutulması barədə iddiaçının tələbi tamamilə əsassızdır. Belə ki, kombayn 30 aprel 2020-ci il tarixdə Qurban xxxxə təhvil verilmiş, 24.05.2020-ci il tarixdə, yəni kombaynın ona təhvil verilməsindən 24 gün sonra sığorta hadisəsi baş vermişdir. Yəni, Qurban xxxxin güman və ehtimal etmədiyi qəza hadisəsi baş vermiş, hadisə barədə dərhal iddiaçı təşkilata və sığortaçıya məlumat vermişdir. İddiaçı təşkilat kombayını götürüb təmirlə əlaqədar aparmış və Qurban xxxxə yeni kombayn verəcəyini bildirmiş, lakin vədinə əməl etməmişdir. Mübahisəsiz qaydada təsdiq olunur ki, qəza, yəni sığorta hadisəsi baş vermiş, həmin qəzaya görə Q.xxxx cavabdehlik daşımır. Müqavilə bağlanarkən tərəflər bu halı görə bilməz və bu baxımdan da həmin nəticələrin aradan qaldırılmasını müqavilədə nəzərə ala bilməzdilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə o şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istsina edən və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. İddiaçının 18 aprel 2020-ci il tarixli, KTA- KTT-20/0946 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi”nə əsasən xxxx oğlundan 69.552,0 manat lizinq obyektinin itirilmiş dəyəri tələbi barədə hissədə də iddiası tamamilə əsassızdır. Belə ki, tərəflər arasında mövcud olan yuxarıda qeyd edilmiş müqavilədən, habelə iddia ərizəsindən mübahisəsiz qaydada məlum olur ki, lizinq predmeti olan taxılbiçən kombaynın dəyəri 193200 manatdır. “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiq edilmiş Qaydalara əsasən lizinq obyektinin dəyərinin 75225,19 manatı "xxxx" ASC tərəfindən ödənilmişdir. Yəni 75225,19 manat taxılbiçən kombayn lizinqə götürülərkən iddiaçı təşkilatın hesabına ödənilmişdir. Həmçinin "xxxx" MMC tərəfindən təqdim edilmiş qüsur aktından görünür ki, kombaynın 800-dən çox hissəsi dəyişdirilmişdir. Əgər kombaynın qeyd edilmiş sayda hissəsi dəyişdirilmişdirsə, deməli kombayn qəzayaqədərki, vəziyyətə gətirilmişdir. Onun qəzadan sonrakı bazar qiymətinin 123648 manat olması ağlabatan deyildir. Əgər hazırda kombaynın bazar qiymətində 69552 manat azalma varsa, buna görə məsuliyyəti Qurban xxxx daşımır. Əgər iddiaçı təşkilat tələbinin bu hissəsində israrlıdırsa, kombaynın bazar qiymətində əsassız sənədlə sübut etməyə çalşdığı 69552 manat lizinq obyektinin itirilmiş dəyərini sığorta şirkətindən almalıdır. Buna görə Q.xxxx maddi məsuliyyət daşımır. Əksinə Q.xxxx sığorta hadisəsi nəticəsində istifadəsinə verilmiş taxılbiçən kombayndan məhrum olmuş, bir mövsüm işləmədiyindən 100000 manata yaxın zərər çəkmişdir. İddiaçı təşkilat ötən taxıl biçini mövsümdə onu digər kombaynla təmin etməli idi. İndi isə ikinci taxıl biçini mövsümü yaxınlaşır, Q.xxxxə yenə də yeni taxılbiçən kombayn verilməmişdir. Əgər o, kombaynla təmin edilməmişdirsə, müqavilə üzrə ondan tələb olunan pulu ödəməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-6.1-ci maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əmlakı lizinq verənə verdiyi andan lizinq müqaviləsinin müddəti başa çatanadək lizinq obyektinin itirilmə,(məhv olma), çatışmazlıq və ya zədələnmə risklərindən sığortalamalıdır. Eyni zamanda, "xxxx" MMC tərəfindən verilmiş 25 dekabr 2020-ci il tarixli, 1705 nömrəli məktubdan məlum olur ki, kombayn bərpa edildikdən sonra satış dəyəri ilkin dəyər qiymətindən 36-38% dəyər itirəcəyi güman edilir. Həmin məktubun sübut kimi qəbul edilməsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. İddia ərizəsinin özündən də məlum olduğu kimi, Q.xxxx tərəfindən 38640 manat ilkin ödəniş, 5313 manat sığorta haqqı, 5 manat müqavilənin rəsmiləşdirilməsi komissiyası, 31 manat lizinq obyektinin qeydiyyat xərcləri olmaqla, cəmi 43989 manat iddiaçı təşkilatın hesabına ödənilmişdir. Əgər hesab olunarsa ki, iddiaçı təşkilata ziyan dəymişdir, onda Q.xxxxin ödədiyi 43989 manatı kimin hesabına ziyan yazmaq olar sualı yaranır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh xxxx oğlu məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh və nümayəndəsi əvvəlki məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - “Lizinq verən” İddiaçı ASC ilə “Lizinq alan” xxxx oğlu arasında 18.04.2020-ci il tarixli KTA-KTT-20/0946 saylı Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Lizinq verən Lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını (bundan sonra Lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu Lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. - Müqaviləyə edilən 2 nömrəli Əlavə - ödəniş cədvəlinə əsasən cavabdeh 30.04.2020-ci il tarixdə 617,04 manat, sonrakı aylarda isə (30.04.2025-ci ilədək) hər ay 1322,25 manat məbləğində ödənişlər etməliydi. - "xxxx" ASC-yə məxsus texnikanın alıcıya təhvil verilməsi barədə 30 aprel 2020-ci il tarixli, 024 nömrəli aktda qeyd olunmuşdur ki, 04.03.2019-cu il tarixli 15/19 nömrəli satınalma müqaviləsi ilə 22.05.2019-cu il tarixdə bazaya daxil olmuş texnika (“New Holland TC 4.90”) "xxxx" ASC-nin 29.04.2020-ci il tarixli, 429/ü nömrəli Əmri əsasında saz, nizamlanmış və komplekt halda bazadan lizinq alan - xxxx oğluna təhvil verildi. - 14.01.2021-ci il tarixli, PLM-21/0016 saylı maliyyə arayışında qeyd olunmuşdur ki, cavabdeh xxxx oğlu İddiaçı ASC qarşısında 08 may 2020-ci il tarixli, KTA-KTT-20/0946 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi”nə əsasən 29.04.2021-ci il tarixə qədər 8782,51 manat əsas borc, 634,07 manat gecikdirilmiş günlərə görə cərimə borcu, o cümlədən 12313,16 manat məbləğində sığorta hadisəsi nəticəsində vurulmuş maddi ziyan və 69552 manat məbləğində lizinq obyektinin itirilmiş dəyəri olmaqla, ümumilikdə 91281,74 manat öhdəliyi vardır. - İddiaçı ASC tərəfindən verilmiş 18.04.2020-ci il tarixli KTA-KTT-20/0946 saylı X4 müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi barədə 17 may 2021-ci il tarixli, 004 nömrəli əmrində qeyd olunmuşdur ki, 1) İddiaçı ASC ilə xxxx oğlu arasında 18.04.2020-ci il tarixli KTA-KTT-20/0946 saylı X4 müqaviləsinin 14.2-ci bəndinə əsasən həmin müqavilə birtərəfli qaydada ləğv edilsin; 2) Lizinq obyekti “New Holland TC 4.90” markalı kombaynın mövcud bazar dəyərinə uyğun şəkildə satışı və ya təkrar lizinqi həyata keçirilsin; 3) Lizinq obyektinin satışından və ya təkrar lizinqindən əldə ediləcək pul vəsaiti müqavilənin ləğvi məlbəğinin ödənilməsinə yönəldilsin; 4) Lizinq obyektinin satışından və ya təkrar lizinqindən əldə ediləcək pul vəsaitinin həcmi müqavilənin ləğvi məbləğindən az olacaqsa bu fərqin ödənilməsi Q.N.xxxxdən tələb edilsin. - CPMİ seriyalı, 00219-20 nömrəli Sığorta şəhadətnaməsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan “New Holland TC 4.90” markalı kombayn taxılyığan 17.04.2020-ci il tarixdən 17.04.2025-ci il tarixədək dövr üzrə sığortalanmış, 5313 manat məbləğində sığorta haqqı ödənişi və 2898 manat hər bir itki və zərər üzrə şərtsiz azadolma nəzərdə tutulmuşdur. - "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan “New Holland TC 4.90” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı kombayn taxılyığanın təmir xərci ümumilikdə 49973,78 manat müəyyən edilmişdir. - "xxxx" ASC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış 25.08.2020-ci il tarixli, 0817/20 nömrəli məktubun surətində qeyd olunmuşdur ki, CPMİ 00219-20 saylı 17.04.2020-ci il tarixli sığorta müqaviləsi üzrə sığortalanmış, (Buraxılış ili 2019, Şassi/Zavod № 5********) “New Holland TC 4.90” markalı **-AB-*** d.q.n. taxılyığan kombaynın 24.05.2020-ci il tarixdə Biləsuvar rayonu ərazisində sığorta hadisəsi baş vermişdir. İddiaçı ASC ilə əldə edilən razılığa əsasən sözü gedən texnika rəsmi təmir müəssisəsi olan "xxxx" MMC-nin təmir müəssisəsinə yerləşdirilmiş və rəsmi servisin qüsur aktına əsasən, texnikaya dəymiş zərər məbləği 49973,78 manat həcmində müəyyən olunmuşdur. CPMİ 00219-20 saylı sığorta müqaviləsinin şərtlərinə əsasən, 3 (üç) faydalanan şəxs mövcuddur: texnikanı lizinqə götürən xxxx oğlu 20% həcmində, Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi 38,94% həcmində və "xxxx" ASC 41,06% həcmində faydalanan şəxs kimi qeyd olunmuşdur. Əlavə olaraq, sığorta müqaviləsinə və qanunvericiliyə əsasən, sığortaçının öhdəliyi sığorta hadisəsi haş verdikdə, sığorta predmetinə dəymiş zərərə uyğun olaraq, sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə ödənilməsindən ibarətdir. Tərəflərindən müqavilə üzrə hər üç faydalanan şəxslərə ayrılıqda məktub yazılmış və müəyyən edilmiş zərər məbləğindən müqavilə üzrə 2898 manat azadolma məbləği çıxılmaqla 47075,78 manat sığorta ödənişinin həyata keçirilməsinə "xxxx" ASC-nin hazır olduğu bildirilmiş və ödəniş təyinatı barədə məlumat istənilmişdir. Lakin əldə etdikləri məlumata görə, faydalanan şəxs qismində texnikanı lizinqə götürən xxxx oğlu sığorta ödənişinin təmir müəssisəsinə həyata keçirilməsinə razı deyildir. Belə olan halda faydalanan şəxs olaraq xxxx oğluna müvafiq hissədə (9415,16 manat məbləğində) sığorta ödənişinin pul şəklində həyata keçirilməsi üçün ödəniş təyinatı barədə yeni məktub ünvanlanmışdır. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib və təsdiq edilmiş 21.01.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, "xxxx" MMC-nin hesabına "xxxx" ASC tərəfindən 37660,62 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Köçürülmüş məbləğin təyinatı kimi “CPMİ0006/20 saylı akta əsasən sığorta ödənişi CPMİ 00219/20” qeyd olunmuşdur. - "xxxx" MMC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış 25.12.2020-ci il tarixli, 1705 nömrəli məktubda qeyd edilmişdir ki, 09.12.2020-ci il tarixli məktubunuza cavab olaraq bildirilir ki, qəzaya uğramış ********** şassi nömrəli “New Holland TC 4.90” markalı kombayn istismar vəziyyətinə qaytarıldıqdan sonra bazar tələbinə uyğun olaraq satış dəyərinin hesabatı aparılmışdır. Qəzanın fəsadları aradan qaldırıldıqdan sonra kombaynın qalıq bazarının müəyyənləşdirilməsi (kombaynın satış qiyməti – 182000 manat; buraxılış ili 2018; ümumi istismar müddəti (təqribən) – 20 il; orta illik amortizasiya dəyəri – 9100 manat; təmir üçün tələb olunan ehtiyat hissələrinin dəyəri – 37065 manat; təmir üçün sərf olunan adam saatı dəyər ifadəsində - 12060 manat; 2-ci kateqoriyalı texniki hərəkət vasitəsinin bazar tələbinə əsasən satış dəyəri – 140-150000 manat; zəmanətin qüvvədən düşməsi ilə məbləğin 15% dəyər itirməsi; kombaynın diaqonal üzrə zərbə alması) qeyd olunan şərtlər daxilində icra olunmuşdur. Qeyd olunanlara və aparılmış texniki araşdırmaların nəticələrinə istinadən bu qənaətə gəlinmişdir ki. ********* şassi nömrəli “New Holland TC 4.90” markalı kombaynın bərpa edildikdən sonra satış dəyəri ilkin dəyər qiymətindən 36-38% dəyər itirəcəyi güman edilir. - 12.02.2021-ci il tarixli, BD3 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 6 saylı vəkil bürosunun hesabına 150 manat pul vəsaiti köçürülmüşdür. - Biləsuvar Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərardad verilmiş şikayətə baxılması haqqında 24 iyun 2021-ci il tarixli, 3(022)-150/2021 saylı qərarından görünür ki, şikayətin təmin olunması, xxxx oğlunun barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İlər Nazirliyi Biləsuvar rayon polis şöbəsi Dövlət yol polisi bölməsinin 24 may 2020-ci il tarixli, TYP 008573 saylı qərarının ləğv edilməsi və xxxx oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inizbati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2021-ci il tarixli, 9/7659 saylı ekspert rəyindən görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı, “New Holland TC 4.90” markalı taxılbiçən kombaynın təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 43340 manat müəyyən edilir. - İddiaçı ASC 01.10.2020-ci il tarixli pretenziya qaydasında xəbərdarlıqla xxxx oğluna müraciət edərək, 16687,63 (on altı min altı yüz səksən yeddi manat altmış üç qəpik) manat məbləğində borcun ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zərurəti yaranacağını bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə xxxx oğlu arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. 30 aprel 2020-ci il tarixli, 024 nömrəli akt əsasında xxxx oğlu “New Holland TC 4.90” markalı kombaynı təhvil almışdır. 24 may 2020-ci il tarixində “New Holland TC 4.90” markalı taxılyığan kombaynın Biləsuvar rayonu ərazisində sığorta hadisəsi baş vermişdir. Bununla bağlı, Sığortaçı - "xxxx" ASC tərəfindən müvafiq sığorta araşdırması aparılmış və texnikaya texniki xidməti həyata keçirən "xxxx" MMC tərəfindən verilən qüsur aktına əsasən texnikaya 49973,78 manat məbləğində zərər dəydiyi müəyyən olunmuşdur. (17 dekabr 2021-ci il tarixli, 9/7659 saylı ekspert rəyi ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı, “New Holland TC 4.90” markalı taxılbiçən kombaynın təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 43340 manat müəyyən edilir) "xxxx" ASC tərəfindən kombayna dəymiş zərərin (hər bir itki və zərər üzrə şərtsiz azadolma məbləği olan 2898 manat çıxılmaqla) 47075,78 manat hissəsinin ödənişinə qərar verilmişdir. Kombayn götürülərək təmirə aparılmış, təmirdən sonra cavabdehə geri qaytarılmamış, iddiaçıda olmuşdur. Tərəflər arasında bağlanmış müqavilə lizinq verən tərəfindən 17 may 2021-ci il tarixdə birtərəfli qaydada ləğv edilərək, lizinq obyekti olan kombaynın mövcud bazar dəyərinə uyğun şəkildə təkrar lizinqinin həyata keçirilməsi qərara alınmışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Belə müqavilədən birini Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə ( lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyi borcludur. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləgv etmək hüququ vardır (Mülki Məcəllənin 748-1.12.4. maddəsi). Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri (748- 11-ci maddə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Lizinq verən” İddiaçı ASC ilə “Lizinq alan” xxxx oğlu arasında 18 aprel 2020-ci il tarixində KTA-KTT-20/0946 saylı Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X4 müqaviləsinin: 1.4 və 1.5-ci bəndlərinə əsasən lizinq obyektinin qiyməti 193200 manat, lizinq obyektinə tətbiq olunan subsidiya məbləği 75225,19 manat müəyyən edilmişdir. 2.2, 2.3, 2.3.1, 2.3.2, 2.3.3, 2.4, 2.5, 2.5.1, 2.5.2, 2.5.3 və 2.5.4-cü bəndlərinə əsasən Lizinq ödənişlərinin ümumi məbləği 132089,78 manat (Avans məbləği 38640 manat, Lizinq obyektinin qalıq dəyəri 79334,81 manat, Lizinq verənin mükafat məbləği 14114,97 manat, müqavilənin bağlanması ilə bağlı ödənişlərin ümumi məbləği 5502,4 manat, sığorta haqqı (birdəfəlik) 5313,40 manat, müqavilənin rəsmiləşdirilmə komissiyası 5 manat, Lizinq obyektinin qeydiyyat xərcləri 31 manat, GPS xərcləri 153,40 manat) müəyyən edilmişdir. 6.1-ci bəndinə əsasən Lizinq verən Lizinq alan tərəfindən seçilmiş və Lizinq müqaviləsinin 1.1-ci bəndində göstərilən lizinq obyektini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini liziııq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. 11.1-ci bəndinə əsasən Lizinq obyektinin sahiblik və istifadəyə verilməsinə görə Lizinq alan lizinq müqaviləsi və Lizinq ödənişlərinin qrafiki ilə müəyyən edilmiş qaydada və müddətlərdə Lizinq verənə lizinq və digər ödənişləri ödəməlidir. 14.1-ci bəndinə əsasən Lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntulara yol verildiyi hallarda Lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər: 14.1.1-ci bəndə əsasən Lizinq alan lizinq obyektinin vəziyyətini pisləşdirir, habelə onun xəbəri olmaqla və ya onun hərəkətsizliyi ilə lizinq obyektinin vəziyyəti üçüncü şəxslər tərəfindən pisləşdirilir; 14.1.2-ci bəndə əsasən Lizinq verən tərəfindən müəyyən edilmiş müddət ərzində Lizinq alan müqavilə şərtlərinin pozuntularını aradan qaldırılmayıb; 14.1.3-cü bəndə əsasən Lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş digər öhdəliklər həyata keçirilmədikdə. 14.5-ci bəndinə əsasən əgər lizinq obyektinin dəyəri Satıcıya ödənilməmişdən əvvəl və Lizinq verənə avans verildikdən sonra Lizinq verən və ya Lizinq alan birtərəfli qaydada lizinq müqaviləsini ləğv edirlərsə, Lizinq verən avansı Lizinq alana qaytarmalıdır. Müqavilənin ləğvi Lizinq alanın təşəbbüsü ilə olarsa, həmin avansdan Lizinq verənin lizinq müqaviləsinin icra edilməsi ilə bağlı bıitün xərclər, o cümlədən Lizinq obyektinin satıcının adına yenidən qeydiyyatı ilə bağlı xərclər, həmçinin alınmamış komissiya ödənişləri çıxılmalıdır. 14.2-ci bəndinə əsasən Lizinq verən Lizinq alana yazalı məlumat verməklə müqavilənin 14.1 -oi bəndində nəzərdə tutulmuş hallarda müqaviləni birtərəfli qaydada ləğv edə və lizinq obyektini mövcud bazar dəyərinə uyğun qiymətə sata və ya təkrar lizinqə verə bilər. Lizinq obyektinin satışından və ya təkrar lizinqındən əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğinin ödənilməsinə yönəldilir, lizinq obyektinin satışından və ya təkrar lizinqindəıı əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğindən azdırsa və ya lizinq obyektinin mövcud bazar dəyəri Lizinq alanın borc məbləğindən azdırsa, Lizinq verən Lizinq alandan bu fərqin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini, müqavilə şərtlərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, lizinq obyekti lizinq alanın istifadəsində 24 gün olmuş, daha sonra may ayında kombaynla bağlı sığorta hadisəsi baş verdikdən sonra kombayn "xxxx" ASCyə təhvil vermiş və həmin müddətdən sonra xxxx oğlu lizinq obyekti üzərində sahiblik və istifadə hüququnu həyata keçirə bilməmişdir. İddiaçı tərəfindən təqdim olunan qüsur aktına əsasən lizinq obyektinə 49973,78 manat məbləğində zərər dəydiyi müəyyən olunmuşdur. Eyni zamanda 2021-ci il tarixli, 9/7659 saylı ekspert rəyindən görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı, “New Holland TC 4.90” markalı taxılbiçən kombaynın təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 43340 manat müəyyən edilir. "xxxx" ASC tərəfindən kombayna dəymiş zərərin (hər bir itki və zərər üzrə şərtsiz azadolma məbləği olan 2898 manat çıxılmaqla) 47075,78 manat hissəsinin ödənişinə qərar verilmiş, həmin hissədən "xxxx" MMC-nin hesabına "xxxx" ASC tərəfindən 37660,62 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Qeyd olunduğu kimi, lizinq obyekti 24 gün müddətində lizinq alanın istifadəsində olsa da, lizinq alan tərəfindən 43989 manat (38640 manat ilkin ödəniş, 5313 manat sığorta haqqı, 5 manat müqavilənin rəsmiləşdirilməsi komissiyası, 31 manat lizinq obyektinin qeydiyyat xərcləri) və 2586 manat lizinq ödənişi də daxil olmaqla, ümumilikdə 46575 manat ödəniş həyata keçirilmişdir. İddiaçı isə lizinq müqaviləsini birtərəfli qaydada ləğv edərək, kombaynın təkrar lizinqinin həyata keçirilməsini qərara almışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehdən müqavilə üzrə 8782,51 manat əsas borc, 634,07 manat gecikdirilmiş günlərə görə cərimə borcu, 12313,16 manat məbləğində sığorta hadisəsi nəticəsində vurulmuş maddi ziyan, 69552 manat məbləğində lizinq obyektinin itirilmiş dəyərinin tutulmasına dair iddiası əsassızdır və iddia əsassız olduğundan təmin olunmamalıdır. İddia əsas hissədə rədd edildiyindən, 150 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin cavabdehdən tutulması hissəsində də təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-106/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-106/2022
01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver