Məhkəmə qərarları › İş №e-2-2(113)-1061/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1061/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1061/2025 03.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi X1 qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı lizinq müqavilələrinə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixə xx.xx.2016-cı il tarixli 1031-L/16 nömrəli müqavilə üzrə 11382 (on bir min üç yüz səksən iki) manat gecikdirilmiş borcu və hesablanmış 4978,42 (dörd min doqquz yüz yetmiş səkkiz manat 42 qəpik) manat cərimə məbləğini və xx.xx.2015- ci il tarixli 254-GL/15nömrəli müqavilə üzrə 3096 (üç min doxsan altı) manat gecikdirilmiş borcu və hesablanmış 4291,87 (dörd min iki yüz doxsan bir manat 87 qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz ) manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinəödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 1031-L/16 nömrəli və xx.xx.2015-ci il tarixli 254- GL/15 nömrəli müqavilələrə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2016-cı il tarixli 1031-L/16 nömrəli müqavilə üzrə 11382 (on bir min üç yüz səksən iki) manat gecikdirilmiş borcu və hesablanmış 4978,42 (dörd min doqquz yüz yetmiş səkkiz manat 42 qəpik) manat cərimə məbləğini və xx.xx.2015-ci il tarixli 254- GL/15nömrəli müqavilə üzrə 3096 (üç min doxsan altı) manat gecikdirilmiş borcu və hesablanmış 4291,87 (dörd min iki yüz doxsan bir manat 87 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.

3. Cavabdeh iddiaya etiraz verərək,iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfə tələb etdiyi məbləğə uyğun avadanlıqları qiymətləndirməklə, həmin əmlakları geri qəbul etməyi cavabdeh olaraq, iddiaçıya 2020-ci ildə təklif şəklində bildirilmişdir. İddiaçı 2020-ci ildən etibarən edilmiş təklifə reaksiya verməmişdir. Eyni zamanda iddiaçı tərəf ona ödəniş edilməyən vaxtdan etibarən öz hüququnun pozulduğunu bilmiş, yaxud bilməli olduğundan Məhkəmədə hazırkı tələb ilə iddia qaldırmaq hüququ ilə əlaqədar müddəti buraxmışdır. İddiaçı tərəf müqavilə öhdəlikləri üzrə tələb irəli sürərkən, eyni zamanda əsassız varlanmaq niyyəti ilə həm də hüquqi yardımla bağlı 500 manat pul tələbi irəli sürmüşdür. Hansı ki, iddia ərizəsini imzalamış nümayəndə-vəkil iddiaçı tərəf ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işçi olması və ştat üzrə əmək haqqı aldığı bizə bildirilir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:

8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

10. Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2015-cı il tarixli 254-GL/15 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 8150 manat olan və aşağıda göstərilən kənd təsərrüfatı texnikalarını (Traktor Belarus-892) dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir.

11. xx.xx.2015-ci il tarixli 254-GL/15 saylı lizinq müqaviləsinə 2 saylı əlavə olan ödəniş qrafikinə əsasən lizinq alan tərəfindən texnika üçün 2015-cı ilin İV rübündən başlayaraq 2022-ci ilin İ rübünə qədər olan dövrdə ümumilikdə 8150 manat məbləğində lizinq ödənişləri edilməli idi.

12. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2015-cı il tarixli 254-GL/15 saylı lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh gecikdirilmiş borcu 3096 manat, cərimə borcu 4291.87 manat olmaqla cəmi borc 7387.87 manat təşkil edir.

13. 03.02.2012-ci il tarixli təhvil qəbul barədə aktlara əsasən 1 ədəd traktor və 1 ədəd kotan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh təhvil verilmişdir.

14. Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 1031-L/16 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 54200 manat olan və aşağıda göstərilən kənd təsərrüfatı texnikalarını (Traktor Belarus-1221) dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir.

15. xx.xx.2016-cı il tarixli 1031-L/16 saylı lizinq müqaviləsinə 2 saylı əlavə olan ödəniş qrafikinə əsasən lizinq alan tərəfindən texnika üçün 2015-cı ilin İV rübündən başlayaraq 2022-ci ilin İ rübünə qədər olan dövrdə ümumilikdə 8150 manat məbləğində lizinq ödənişləri edilməli idi.

16. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2016-cı il tarixli 1031-L/16 saylı lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh gecikdirilmiş borcu 15718 manat, cərimə borcu 4978.42 manat olmaqla cəmi borc 16360.42 manat təşkil edir.

17. 07.10.2016-ci il tarixli təhvil qəbul barədə aktlara əsasən 1 ədəd 2016-cı il buraxılışlı Belarus - 1221 markalı traktor "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh təhvil verilmişdir.

18. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehə lizinq müqaviləsi üzrə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

19. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. V. Tətbiq edilən hüquq:

20. AR Mülki Məcəlləsinin: - - 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

21. AR MPM-in: - 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

Vİ.Məhkəmənin mövqeyi:

22. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

23. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2015-cı il tarixli 254-GL/15 və xx.xx.2016-cı il tarixli 1031-L/16 saylı lizinq müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. "xxxx" ASC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, Cavabdeh lizinq ödənişlərini ödəniş qrafiklərinə uyğun olaraq həyata keçirməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh lizinq müqaviləsi üzrə cəmi 14478 (11382 manat + 3096 manat) manat məbləğində gecikdirilmiş əsas borcu yaranmışdır.

24. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə Cavabdeh lizinq ödənişləri üzrə 14478 manat məbləğində gecikdirilmiş əsas borcunun yarandığını, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən sözügedən lizinq müqaviləsi üzrə "xxxx" ASC-nin bütün hüquq və öhdəliklərinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilələr üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

25. Məhkəmə cavabdehin etiraz ərizəsində qeyd etdiyi dəlillərlə bağlı qeyd edir ki, hər iki müqavilə üzrə ödəniş qrafiklərinə əsasən sonuncu ödəniş tarixləri 2022-ci ilə təsadüf etdiyindən, və iddia ərizəsi iddiaçı tərəfindən 2024-cü ildə irəli sürüldüyündən hazırkı vəziyyətdə iddia müddətinin keçmsindən söhbət gedə bilməz. Həmçinin cavabdeh iddia ərizəsində qeyd etdiyi digər hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

26. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

27. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq xx.xx.2016-cı il tarixli 1031- L/16 saylı müqavilə üzrə dəbbə pulu 400 manat və xx.xx.2015-cı il tarixli 254-GL/15 saylı müqavilə üzrə dəbbə pulu 100 manat məbləğində müəyyən edilməlidir.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2016-cı il tarixli 1031-L/16 saylı lizinq müqaviləsi üzrə cəmi 11382 manat məbləğində əsas borc və 400 manat məbləğində dəbbə pulu (cərimə) və xx.xx.2015cı il tarixli 254-GL/15 saylı müqavilə üzrə 3096 manat məbləğində əsas borc və 100 manat tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.

29. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 134.93 manat təşkil edir.

30. Hazırkı halda iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 134.93 manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməlidir.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli 1031-L/16 saylı lizinq müqaviləsi üzrə cəmi 11382 manat məbləğində əsas borc və 400 manat məbləğində dəbbə pulu (cərimə) və xx.xx.2015cı il tarixli 254-GL/15 saylı müqavilə üzrə 3096 manat məbləğində əsas borc və 100 manat məbləğində dəbbə pulu, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz ) manat pul vəsaiti həmçinin iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 134.93 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar