Məhkəmə qərarları › İş №e-2-2(113)-10620/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-10620/2025

29.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-10620/2025 29.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçılar İddiaçı1 və Azərbaycan Memarlıq və İnşaat Universiteti Publik Hüquqi Şəxsinin Cavabdeh MMC-yə qarşı “satınalma müqaviləsinə xitam verilməsi və s.” tələblərinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçılar İddiaçı1 və Azərbaycan Memarlıq və İnşaat Universiteti Publik Hüquqi Şəxsi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli, xx.xx/2025 saylı “Mallar üzrə satınalma müqaviləsi”nin xitam verilmiş hesab edilməsi, iddiaçının anbarına boşaldılmış malların cavabdehin hesabına boşaldılaraq daşınması və Cavabdeh MMCdən iddiaçının xeyrinə 10 000 (on min) manat məbləğində maddi zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Çünki iddiaçılar tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Belə ki, iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.14-cü bəndlərinə (məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr) istinad edərək rüsum ödəməmişdir. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun: 2.2-ci bəndinə əsasən publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. 4.1-ci bəndinə əsasən publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır. 7.2-ci bəndinə əsasən publik hüquqi şəxsin əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşa bilər. 7.4-cü bəndinə əsasən publik hüquqi şəxslərə verilmiş müvafiq olaraq dövlət və bələdiyyə əmlakı onlar tərəfindən yalnız nizamnamədə müəyyən edilmiş məqsədlərə uyğun olaraq istifadə edilir. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.23-ci bəndinə əsasən büdcə təşkilatı dedikdə - maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlar başa düşülür. Yuxarıda qeyd olunanlardan görünür ki, publik hüquqi şəxs büdcə təşkilatı və bələdiyyə orqanı hesab olunmur. Eyni zamanda iddiaçılardan İddiaçı1 fiziki şəxsdir. Bundan başqa iş materiallarından görünür ki, iddia ərizəsinin cavabdehə çatdırılmasını təsdiq edən sənəd də iddia ərizəsinə əlavə olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.4 və 152.1.5-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə; müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Beləliklə, dövlət rüsumunun ödənilməsi barədə və iddia ərizəsinin cavabdehə çatdırılmasını təsdiq edən sənədlərin təqdim edilmədiyini nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269-cu maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçı1 və Azərbaycan Memarlıq və İnşaat Universiteti Publik Hüquqi Şəxsinin Cavabdeh MMC-yə qarşı “satınalma müqaviləsinə xitam verilməsi və s.” tələblərinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar