Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1067/2025 21.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “X1” MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “X1” MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh “X1” MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 29562,80 manat, ödənişlərin gecikdirilməsi üçün yaranan cərimə məbləği 6040,12 manat və məhkəmə xərcləri üçün ödənilmiş olan 146 manat, cəmi 35748,92 manat borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X1” MMC ilə İddiaçı MMC arasında bağlanmış 26 aprel 2022-ci il tarixli 22-0070 saylı alqı-satqı müqaviləsi əsasında xx.xx.2022 tarixindən bu günədək müxtəlif saylı e-qaimələrə əsasən cəmi 206772,02 manat (ƏDV daxil) dəyərində mallar “X1” MMC-yə satılmış onlardan 9885,45 manat (ƏDV daxil) dəyərində mal-material e-qaimələrə əsasən geri qaytarılmış indiyə qədər isə cəmi 167323,77 manat (ƏDV daxil) ödəniş edilmiş və 29562,80 manat (ƏDV daxil) borc indiyədək ödənilməmişdir. Müqavilənin 5-ci maddəsinə əsasən malların dəyəri mallar təhvil verildikdən sonra 30 gün ərzində 100% ödənilməlidir. Bu günədək dəfələrlə yazılı və şifahi müraciətlərə baxmayaraq 29562,80 manat (ƏDV daxil) borc məbləği ödənilməmişdir. Eyni zamanda müqavilənin 8.4-cü maddəsinə əsasən “malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1%-i miqdarında (lakin malını dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir.” olduğunu nəzərə alaraq “X1” MMC vaxtında ödəmə etmədiyi üçün İddiaçı MMC-yə 6040,12 manat əlavə dəbbə pulu ödəməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Həziyev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə məhkəmədən qanunamüvafiq qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2023-cü ilin noyabr ayından direktor təyin edilmiş, ondan əvvəlki direktorun rəhbərliyi dövründə iddiaçı ilə bağlanmış hazırkı müqavilə üzrə malların cavabdehə təhvil verilib verilmədiyini müəyyən edə bilmədiyi üçün hazırkı borcun mövcud olub olmamasını bilmir. Lakin cərimə borcu ilə ümumiyyətlə razı deyildir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 22/0070 nömrəli alqı-satqı müqaviləsinə görə satıcı alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolunda göstərilən tərkibdə, həcmdə və texnixi göstəricilərə uyğun vəziyyətdə olan malları satır, alıcı isə həmin malı qəbul edir və bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini ödəməyi öz üzərinə götürür.
7. Müqavilənin 4.1-ci bəndinə görə malların təhvil verilməsi əmtəə-nəqliyyat qaiməsi, təhvil-təslim aktı və elektron qaimə üzrə həyata keçirilir.
8. Müqavilənin 5.1-ci bəndinə görə müqaviləyə əsasən malların hesab faktura və ya elektron qaimə ilə müəyyən edilmiş dəyəri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “qiymətlərin razılaşdırılması protokolu”nda göstərilən müddətdə və şərtlərdə alıcı tərəfindən köçürmə yolu ilə həyata keçirilir. Əgər “qiymətlərin razılaşdırılması protokolu” tərtib edilməzsə və ya nəzərdə tutulmazsa ödəniş müddəti mallar təhvil verildikdən sonra 30 gün müddətinə 100 % ödəniş həyata keçirilməlidir. Malların təhvil verilməsi hər mal üzrə həyata keçirilir.
9. Müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1%-i miqdarında (lakin malını dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir.
10. İddiaçıya məxsus internet vergi idarəsindəki kabinetdən çıxarışdan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 206772,02 manat məbləğində eletron qaimələr təqdim edilmişdir.
11. İş materiallarında olan iddiaçı və cavabdeh tərəfindən imzalanaraq möhürlənmiş təhvil-təslim aktlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 204660,3 manat məbləğində mal təhvil verilmişdir.
12. İddiaçıya məxsus hesabdan çıxarışa görə cavabdeh tərəfindən iddiaçıya cəmi 141799,8 manat ödəniş edilmişdir.
13. İddiaçıya məxsus ƏDV sub-uçot hesabından xx.xx.2024-cü il tarixli çıxarışa görə cavabdeh tərəfindən iddiaçıya 25523,97 manat ədv ödənişi edilmişdir.
14. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli maliyyə əməliyyatları cədvəlinə görə cavabdehin iddiaçıya qalıq borcu 29562,80 manat təşkil edir.
15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
19. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
23. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
25. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 206772,02 manat dəyərində mallar cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən iddiaçıya həmin malların müqabilində 141799,8 manat əsas borc üzrə, 25523,97 manat ƏDV üzrə ödəniş edilmiş, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 9885,45 manat dəyərində mallar geri qaytarılmış, qalıq 29562,80 manat borc hazırkı günədək iddiaçıya ödənilməmişdir.
27. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borc hissəsində təmin edilməli, cavabdehdən 29562,80 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
28. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqavilənin 8.4-cü bəndinə əsasən hesablanmış 6040,12 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
29. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
30. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
31. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
32. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 1300 manat məbləğində müəyyən edilməlidir.
33. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 29562,80 manat əsas borc, 1300 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 182,59 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 14,22 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “X1” MMC-dən 29562,80 manat əsas borc, 1300 manat dəbbə pulu, 182,59 manat dövlət rüsumu, ümumilikdə 31045,39 (otuz bir min qırx beş manat otuz doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 14,22 (on dörd manat iyirmi iki qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova