Məhkəmə qərarları › İş №e-2-2(113)-1069/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1069/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1069/2025 24.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, iddia müddəti) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il xx.xx.2018-ci il tarixli 366-LD/18 nömrəli müqavilə üzrə 1 107,00 (bir min yüz yeddi manat 00 qəpik) manat gecikdirilmiş borcu və hesablanmış 1 410,50 (bir min dörd yüz on manat 50 qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz ) manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmışxx.xx.2018-ci il tarixli 366-LD/18 nömrəli müqaviləyə əsasən dəyərinin bir hissəsini əvvəlcədən, qalıq məbləğini isə müqavilələrin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə damazlıq heyvanlarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2018-ci il tarixli 366-LD/18 nömrəli müqavilə üzrə 1 107,00 (bir min yüz yeddi manat 00 qəpik) manat gecikdirilmiş borcu və hesablanmış 1 410,50 (bir min dörd yüz on manat 50 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 372.1-ci maddəsinə əsasən Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 373.2.-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. - 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. - 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia rədd edilməlidir.

10. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında xx.xx.2018-ci il tarixli 366-LD/18 nömrəli lizinq müqaviləsi imzalanmışdır.

11. Müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən açıqlaması Spesifikasiyada verilən damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə verir.

12. Müqavilənin 1.2-ci maddəsinə əsasən lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 2.440 manat ilkin ödəniş məbləğini əvvəlcədən lizinq verənə ödəyir, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 2.440 manat məbləği isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür.

13. Müqaviləyə 1 saylı Əlavə ilə müqavilənin Spesifikasiyası, 2 saylı Əlavə ilə müqavilənin 4.1-ci bəndinin ödəniş qrafiki təsdiq olunmuşdur.

14. Müqavilə, 01 və 02 saylı Əlavələr hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.

15. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 259 saylı aktdan müəyyən olunur ki, AT ********* və AT ********* birka nömrəli Simmenta cinsli damazlıq heyvanları "xxxx" ASC tərəfindən Cavabdeh təhvil verilmişdir.

16. Akt tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.

17. Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə göndərərək, iddia müddətinin keçdiyini və ona görə də, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə qeyd edir ki, lizinq obyektləri cavabdehə təhvil verilmiş və cavadehin də, həqiqətən ödənilməmiş borcu qalmışdır.

19. Bundan sonra Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirilməlidir.

20. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

21. Belə olan halda hazırki iş üzrə müəyyənləşdirilməli olan məsələ öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Tərəflər arasında bağlanmış lizinq müqaviləsində müqavilənin müddətinin müqavilə üzrə öhdəliklər tam yerinə yetirilənədək qüvvədə olması göstərilsə də, müqaviləyə əlavə edilmiş ödəniş qrafikindən göründüyü kimi, müqavilənin müddəti 2021-ci ilin sentyabr ayında başa çatmışdır. Bundan sonra isə cavabdeh tərəfindən ödəniş edilməmişdir. Cavabdeh tərəfindən son ödəniş xx.xx.2020-ci il tarixində edilmişdir. İddiaçı məhkəməyə isə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.

22. Məhkəmə qeyd edir ki, iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, lizinq müqaviləsində lizinq alanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdikdən sonra onun xitam olunacağının nəzərdə tutulmuş olması müqavilənin qeyri-müəyyən müddətə bağlanmış olması kimi qəbul edilə bilməz, çünkü müddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir, həmin maddəyə görə “müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər”. Bu baxımdan, hazırkı iddia üzrə iddia müddətinin axımı xx.xx.2021-ci ildən axımı başlamaqla, xx.xx.2024-cü il tarixdə bitmişdir.

23. Göründüyü kimi, qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti 3 ildən də, çox ötürülmüşdür.

24. İddiaçının Mülki Məcəllənin 373-cü maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia rədd edilməlidir.

25. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X1 Çingiz Kərim oğluna qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar