Məhkəmə qərarları › İş №e-2-2(113)-1079/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1079/2022

27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1079/2022 27.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh İddiaçı MMC-yə qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək AZF/SL/2018/22 saylı, 01.02.2018-ci il tarixli abunə müqaviləsinə əsasən təqdim edilmiş rabitə xidmətlərinə görə yaranmış 24,360.59 manat (iyirmi dörd min üç yüz altmış manat, əlli doqquz qəpik) məbləğində borcun, 11,130.00 (on bir min bir yüz otuz) manat məbləğində nömrələrdən imtina haqqının, cəmi 35,490.59 manat (otuz beş min dörd yüz doxsan manat əlli doqquz qəpik) məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, kiçik iddialara dair işlər üzrə ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. İddia ərizəsində iddiaçının cavabdehdən ödənilməsini tələb etdiyi pul vəsaitinin məbləği 35.490,59 manat təşkil edir. MPM-nin 284-4.1 və 284-4.1.2-ci maddələrinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar