Məhkəmə qərarları › İş №e-2-2(113)-108/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-108/2020

03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-108/2020 03.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı MMC-nın nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı MMC-nın Cavabdeh MMC-yə qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı” MMC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehə göstərilən xidmətlərə görə yaranmış 16000 manat məbləğində əsas borcun, həmin borc məbləğini ödəmədiyinə görə 4000 manat əldən çıxmış faydanın, eləcədə məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 20030 manat pulun Cavabdeh MMC-dən xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh –“xxxx”MMMC ilə aralarında “otel idarəetmə sisteminə xidmətlərin” göstərilməsinə dair xx.xx.2018-cü il tarixli, 30042018 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdehə məxsus 493 otaqdan ibarət “Türk Otelləri” kompleksinə otel idarəetmə sistemi üçün avadanlıqlar və proqramlar quraşdırılması, onların istifadə qaydaları öyrədilmiş, eləcədə bunla bağlı verilmiş digər sifarişlər tərəflərindən tam icra olunaraq cavabdehə kompleks xidmətlər göstərilmişdir. Həmçinin, göstərdikləri xidmətlər cavabdeh tərəfindən tam qəbul edilmiş və vaxtaşırı olaraq yeni sifarişlər vermişdir. Bununla bağlı, icra olunmuş xidmətlərin tam qəbul edilməsi barədə cavabdehlə aralarında üzləşmə aktları tərtib edilmiş və cavabdeh tərəfindən təsdiq edilmişdir. Lakin, aralarında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq göstərdikləri xidmətlərin haqqı cavabdeh tərəfindən müxtəlif bəhanələrlə yubadılaraq vaxtında odənilməmiş və buna görə də cavabdehin hal-hazırda onlara 16000 manat dəyərində əsas borcu yaranmışdır. Bununla bağlı, tərəflərindən dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş, eləcədə qəbul etdiyi xitmətlərin haqqını vaxtında və könüllü ödəməmişdir. Buna görə də, etdikləri bütün tələb və xəbərdarlıqlar məhəl qoymayan cavabdeh müxtəlif bəhanələrlə yaranmış borc məbləğini ödəməkdən yayınmış, bununla da müqavilə üzrə öhdəliklərini pozaraq aylıq xidmət haqlarını vaxtında ödəmədiyinə görə AR MM-nin 449.1ci maddəsinə əsasən cavabdehin onlara ödəməli olduğu 16000 manat pulu əsassız şəkildə özündə saxlamaqla onlara daha çox zərər vurmuşdur. Halbuki cavabdeh 16000 manat pulu onlara vaxtında ödəsəydi həmin puldan istifadə edərək 4000-5000 manat əlavə gəlir əldə edə bilərdilər. Lakin cavabdeh bu qanunsuz hərəkətləri ilə onlara olan borcu ödəməyərək əldə edəcəkləri gəlirdən onları məhrum etmişdir. Bu səbəbdən, gecikdirilmiş əsas borc məbləğinin üzərinə 4000 manat məbləğdə əldən çıxmış fayda kimi hesablanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nın nümayəndəsi, Vəkil iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, xx.xx.2018-ci il tarixli, S30042018 nömrəli müqavilənin ləğv edilməsi ilə bağlı hər hansı bir bildirişin daxil olmadığını bildirərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh MMC-nin nümayəndəsi X1 iddianı qəbul etməyərək, izahatında xx.xx.2018-ci il tarixli, S30042018 nömrəli müqavilənin ləğv edilməsi ilə bağlı bildirişin 2019-cu ilin yanvar ayında iddiaçıya göndərildiyini və bu əsasla tələbin rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli, S30042018 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC, Cavabdeh MMC-yə məxsus 493 otaqdan ibarət “Türk Otelləri” kompleksinə otel idarəetmə sistemi üçün avadanlıqlar və proqramlar quraşdırılması, onların istifadə qaydaları öyrədilmiş, eləcədə bunla bağlı verilmiş digər sifarişlər tərəflərindən tam icra olunaraq cavabdehə kompleks xidmətlər göstərilməsi barədə razılığa gəlmişlər Həmin müqavilənin 7.2-ci bəndinə əsasən servisin başlanma tarixi xx.xx.2018-ci ildir və aylıq 2000 manat ödəniş edilir, ilk servis ödənişi xx.xx.2018-ci il tarixində olunmalıdır. xx.xx.2019-cu il tarixli, 01012019 nömrəli, xx.xx.2019-cu il tarixli, 01022019 nömrəli, xx.xx.2019-cu il tarixli, 01032019 nömrəli, xx.xx.2019-cu il tarixli, 01042019 nömrəli, xx.xx.2019-cu il tarixli, 01052019 nömrəli, xx.xx.2019-cu il tarixli, 01062019 nömrəli, xx.xx.2019-cu il tarixli, 01072019 nömrəli, xx.xx.2019-cu il tarixli, 01082019 nömrəli tərəflər arasında imzalanmış aktlardan görünür ki, İddiaçı MMC firması, Cavabdeh MMC firmasının əlaqəli müqavilədə adı keçən otellərində xx xxxxxx 2018-ci il tarixindən xx xxxx 2019-cu il tarixədək olan dövrdə (hər ayın dövrü xidməti tam göstərilməklə) 1 aylıq servisin dəyəri 2000 manat olmaqla tam xidmətlər göstərilmiş, Cavabdeh MMC təhvil alan tərəf kimi, göstərilmiş xidmətlə bağlı hər hansı bir qüsur və çatışmamazlıq olmadığını təsdiq etdiyini, hər hansı bir irad və ya şikayətinin olmadığını bildirməklə, Cavabdeh MMC-nin direktoru Murat Aylar xx.xx.2018-ci il tarixindən başlayaraq xx xxxxxx 2019-cu il tarixədək olan 8 ay ərzində göstərilmiş xidmətlərə görə hər ay üçün 2000 manat ödənişi öhdəliyinə götürmüşdür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranın gecikdirməsi sayılır, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.2.2 və 445.7-ci maddələri). Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək görülmüş xidmətlərin qarşılığına görə əsas borc olan 16000 manat məbləğində pul ödənilməmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2018-ci il tarixli, S30042018 nömrəli müqavilənin ləğv edilməsi ilə bağlı bildirişin 2019-cu ilin yanvar ayında iddiaçıya göndərildiyini bildirsə də, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi müqavilənin ləğv edilməsi ilə bağlı bildirişin göndərildiyini bildirsə də, Cavabdeh MMC-nin direktoru Murat Alyar xx.xx.2018 – xx.xx.2019-cu il (8 ay) dövr üçün hər ayın əvvəli tərtib edilən üzləşmə aktlarını imzalayaraq, hər ay üçün 2000 manat borcun olduğunu etiraf etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsas borcun tələbi hissəsində əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, əsas borc məbləği ödənilmədiyinə görə əldən çıxmış fayda MM-nin 445.7-ci maddəsinə əsasən hər ay eyni olan 2000 manat borca görə hər ay üçün əldən çıxmış fayda 8,33 (2000:100x5:12) manat təşkil edir. İddianın dəqiqləşdirilməsi ərizəsi xx.xx.2019-cu il tarixdə imzalandığına görə hər ay üçün əldən çıxmış fayda fərqli olduğuna görə hər ay üzrə tərtib edilmiş aktda göstərilən öhdəliyin başlanacağı tarixdən xx.xx.2019-cu il tarixədək hesablanmalıdır. Belə ki, xx.xx.2018 - xx.xx.2018-ci il dövrü əhatə edən xx.xx.2019-cu il tarixli aktda öhdəliyin icrası xx.xx.2019-cu il tarixdə nəzərdə tutulduğuna görə 8 ay gecikməyə görə 66,64 (8,33x8) manat əldən çıxmış fayda təşkil edir, müvafiq olaraq xx.xx.2019-cu il tarixli akt üçün - 58,31 (8,33x7), xx.xx.2019-cu il tarixli akt üçün – 49,98 (8,33x6), xx.xx.2019-cu il tarixli akt üçün– 41,65 (8,33x5), xx.xx.2019-cu il tarixli akt üçün - 33,32 (8,33x4), xx.xx.2019-cu il tarixli akt üçün – 24,99 (8,33x3), xx.xx.2019-cu il tarixli akt üçün – 16,66 (8,33x2) və xx.xx.2019-cu il tarixli akt üçün - 8,33 manat olmaqla, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək əldən çıxmış fayda cəmi 299.88 manat təşkil edir. Odur ki, əldən çıxmış fayda tələbi hissəsində iddia qismən təmin edilərək həmin vəsait 299,88 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli, S30042018 nömrəli müqavilə üzrə yaranmış 16000 manat məbləğində əsas borc, həmin borc məbləğini ödəmədiyinə görə dəymiş zərər kimi (əldən çıxmış fayda) 299,88 manat, cəmi 16299,88 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, 20000 manat (100%) məbləğində olan iddia tələbinin yalnız 16299,88 manatın (81,49%) təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu da, ödənilmiş tələbin məbləğinə münasib olaraq qismən təmin edilməli və 24,44 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli, S30042018 nömrəli müqavilə üzrə yaranmış 16000 manat məbləğində əsas borc, əldən çıxmış fayda 299,88 manat və dövlət rüsumu kimi ödənilmiş 24,44 manat, cəmi 16324,32 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar