Məhkəmə qərarları › İş №e-2-2(113)-108/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-108/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-108/2021 01.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin vəkili X2 iştirakı ilə, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı beynəlxalq və daxili daşımalara görə yaranmış borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2015-ci il ərzində həyata keçirilmiş beynəlxalq daşımalara görə 7533092,97 ABŞ dolları, daxili daşımalara görə 2008376,91 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” QSC ilə Cavabdeh MMC arasında xx xxxxxx 2014-cü il tarixdə “hüq 1777” nömrəli dəmir yolu vasitəsi ilə daşınan yüklərin ekspedisiya olunması haqqında müqavilə imzalanmışdır. Müqavilənin məzmununa görə Cavabdeh MMC, “xxxx” QSC vasitəsi ilə daşınan yüklərə ekspedisiya xidmətləri göstərərək daşıma haqlarının yük sahiblərindən vaxtında alınmasını və sonuncuya ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh MMC tərəfindən müqavilə öhdəliyi tam icra edilməmişdir. Belə ki, 2015-ci il ərzində həyata keçirilmiş beynəlxalq daşımalara görə Cavabdeh MMC-nin 7533092,97 ABŞ dolları, daxili daşımalara görə isə 2008376,91 manat məbləğində borc öhdəliyi yaranmış, tələbin icrası üçün cavabdehə xx xxxxxx 2019cu il tarixdə xəbərdarlıq (pretenziya) məktubu göndərilmiş, lakin hal – hazıradək tələb təmin olunmamışdır. İddiaçının nümayəndəsi X1 iştirak etdiyi məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirərək izahatında göstərmişdir ki, “xxxx” QSC ilə Cavabdeh MMC arasında xx xxxxxx 2014-cü il tarixdə yüklərin ekspedisiyası barədə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən 2015-ci ildə həm beynəlxalq, həm də daxili daşımalar həyata keçirilmiş və beynəlxalq daşımalara görə 7533092,97 ABŞ dolları, daxili daşımalara görə 2008376,91 manat borc yaranmışdır. İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək izahatında göstərdi ki, müqavilənin 3.5-ci bəndinə əsasən tərəflər arasında qarşılıqlı üzləşmə aktları tərtib olunmuşdur, lakin, saxlama müddəti bitdiyinə görə həmin aktların və digər sənədlərin təqdim olunması mümkün deyildir. Lakin müqavilə üzrə ödəmələrin həyata keçirilməsi bağlı qəbzlərin bir hissəsi məhkəməyə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsi Vəkil iştirak etdiyi məhkəmə iclasında izahatında göstərmişdir ki, cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim olunmuşdur. Müqavilə 1 il müddətinə bağlanmış və müddət xx xxxxxx 2015-ci il tarixdə başa çatmışdır. İddiaçı tərəfindən məhkəməyə 4 ildən artıq müddət keçdikdən sonra müraciət olunmuş, yəni, iddia müddəti ötürülmüşdür. Buna görə də iş üzrə digər halların araşdırılmasına ehtiyac yoxdur və iddia rədd edilməlidir. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixdə “hüq 1777” nömrəli dəmir yolu vasitəsi ilə daşınan yüklərin ekspedisiya olunması haqqında müqavilənin surətindən görünür ki, ekspeditor Cavabdeh MMC “xxxx” QSC-nin 2015-ci fraxt ili üçün beynəlxalq yük daşımaları üzrə tarif siyasətinə əsasən Azərbaycan Respublikasının ərazisi ilə daşınan yüklərin hesablanmış daşıma haqlarının yük sahiblərindən vaxtında alınmasını və dəmir yoluna əvvəlcədən ödənilməsini üzərinə götürmüşdür və müqavilənin müddəti xx xxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2015-ci il tarixədək müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilmişdir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Buna görə də məhkəmə hesab edir ki, ilkin olaraq iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 850-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər həmin Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. - 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. - 857-ci maddəsinə əsasən daşıyıcı yükün çatdırılma yerinə gəlməsi barədə yük alana dərhal bildiriş verməlidir. - 854-cü maddəsinə əsasən yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixdə “hüq 1777” nömrəli dəmir yolu vasitəsi ilə daşınan yüklərin ekspedisiya olunması haqqında müqavilənin: - 2.2.5-ci bəndində qeyd olunmuşdur ki, “xxxx” QSC vasitəsilə daşınan yüklərin razılaşdırılması üçün ekspeditor Dəmir Yolunun internet sisteminə, marketinq və tarif şöbəsinin ünvanına ərizə – sifariş, daşımanın müddəti və s. məlumatlar ötürülməlidir. - 3.5-ci bəndində qeyd olunmuşdur ki, tərəflər hesabat ayında daşınan yükləri (vaqonların nömrələri, yüklərin adları və çəkiləri, göndərmələrin növləri, göndərən və təyinat stansiyalarını) qarşılıqlı üzləşdirərək akt tərtib edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Lakin iddiaçı tərəfindən məhkəməyə subyektiv hüququn pozulması ilə bağlı istər qanunvericilikdə (yükün çatdırılma yerinə gəlməsi barədə yük alana verilməli olan bildiriş, qaimə), istərsə də müqavilədə nəzərdə tutulmuş (internet sisteminə, marketinq və tarif şöbəsinin ünvanına ərizə – sifariş, daşımanın müddəti və s. məlumatlar ötürülməsi, qarşlılıqlı üzləşmə aktı və s.) hər hansı bir sənəd, əsasən də beynəlxalq daşımalara görə 7533092,97 ABŞ dolları, daxili daşımalara görə 2008376,91 manat məbləğində pul vəsaitinin hansı sənədlər əsasında ödənilməli olduğu ilə bağlı sübutlar təqdim olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, hazırkı idddia üzrə cavabdeh tərəfindən iddiaçının subyektiv hüququnun pozulması təqdim olunmuş sübutlarla təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. - 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixdə “hüq 1777” nömrəli dəmir yolu vasitəsi ilə daşınan yüklərin ekspedisiya olunması haqqında müqavilənin müddəti xx xxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2015-ci il tarixədək müəyyən olunduğundan iddia müddətinin axımı axımı xx xxxxxx 2016-cı ildən başlamış, xx xxxxxx 2019-cu il tarixdə isə bitmişdir. İddiaçı tərəfindən məhkəməyə xx xxxx 2020-ci il tarixdə, yəni, iddia müddəti bitdikdən 1 il 2 ay sonra müraciət olunmuş, yəni, iddia müddəti ötürülmüşdür. İddiaçı tərəfindən məhkəməyə iddia müddətinin bərpa olunması ilə bağlı ərizə verilmiş və onunla əsaslandırılmışdır ki, “xxxx” QSC tərəfindən kifayət qədər humanistlik göstərilərək borcun ödənilməsi üçün möhlət verilmiş, cavabdeh tərfindən borcun ödənilməsi ilə bağlı vədlər verilsə də, ödəniş aparılmamışdır. “xxxx” QSC həmin vədləri və tərəflər arasında mövcud olmuş işgüzar münasibətləri nəzərə alaraq iddia qaldırmamış və son nəticədə obyektiv səbəbdən iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Normanın məzmunundan göründüyü kimi, qanunvericilikdə iddia müddətinin ötürülməsi iddiaçının şəxsiyyəti ilə bağlı hallarla əlaqələndirildiyindən bu normanın yalnız fiziki şəxsə münasibətdə tətbiq olunması nəzərdə tutulmuşdur və hüquqi şəxs barəsində tətbiqi mümkün deyildir. Beləliklə, məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək və işin faktiki hallarını qeyd olunan hüquq normaları əsasında qiymətləndirərək belə nəticəyə gəlir ki, həm əsassız olduğuna, həm də iddia müddəti keçdiyinə görə iddia rədd edilməli, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı beynəlxalq və daxili daşımalara görə yaranmış borcun ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar