Məhkəmə qərarları › İş №e-2-2(113)-108/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-108/2024

17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-108/2024 17.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli A-SA-411/21 alğı-satqı müqaviləsinə əsasən cavabdehin qaytarmalı olduğu məbləğ – 115.000 ABŞ dolları, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2023-cü il tarixə uçot faiz dərəcəsi (8.75%) nəzərə alınmaqla ödəməli olduğu faiz 7.666,67 ABŞ dolları, ümumi qaytarılmalı olan məbləğ -122.666,67 ABŞ dolları, mediasiyanın keçirilməsinə xərclənmiş 400 yüz manat, o cümlədən ödənilmiş 98,53 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Rusiya Federasiyasının rezidenti Cavabdeh arasında xx.xx.2021-ci il tarixli A-SA-411/21 alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən, iddiaçı müqavilənin ümumi qiymətinin 50%-ni təşkil edən 115.000 ABŞ dolları məbləğində avans ödənişini cavabdehə ödəməyə, cavabdeh isə ödənişi qəbul etdikdən sonra müqavilənin predmeti olan “Lokomotiv-TEM 2” teplovozunun avansın ödənişindən sonra 15 gün ərzində iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2021-ci il tarixdə müqavilə şərtlərinə əsasən müqavilənin ümumi qiymətinin 50%-ni təşkil edən 115.000 ABŞ dolları məbləğində avansı cavabdehin hesabına köçürmüşdür. Müqavilə şərtlərinə (Müqavilənin 1 nömrəli Əlavəsinə) əsasən müqavilənin predmeti olan teplovozunun çatdırılması avans ödənişi edildikdən sonra 15 gün ərzində həyata keçirilməli olmasına baxmayaraq Cavabdeh tərəfindən həmin dövr üzrə çatdırılma həyata keçirilməmişdir. Eyni zamanda, vaxtilə Cavabdehin xahişi əsasında çatdırılma müddəti uzadılmış, lakin Cavabdeh tərəfindən teplovoz bu günə kimi təhvil verilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 və iddiaçının nümayəndəsi nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər.

4. Cavabdehə məhkəmə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, həmçinin də, iddiaya etiraz etməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.4-cü maddəsinə əsasən əsasən satıcı qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədikdə və alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya verildiyi və ya qabaqcadan ödədiyi məbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə satıcının alıcıdan qabaqcadan ödəniş məbləğini aldığı gündən həmin məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. - 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

9. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 8-ci bəndindən görünür ki, tərəflər qeyd edilən müqavilə üzrə yaranacaq mübahisələrin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən, Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilməsi barədə razılığa gəlmişlər.

11. Məhkəmə, iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

12. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd edilmiş alqı-satqı müqaviləsinin 1 saylı əlavəsindən də, göründüyü kimi, alqı-satqı müqaviləsinin predmetini dəyəri 230.000 ABŞ dolları olan Teplovoz TEM-2 təşkil etmişdir.

13. Qeyd edilmiş müqavilənin 1 saylı əlavəsindən görünür ki, tərəflər ilkin ödəmə məbləği 50 %, mal alıcıya təhvil verildiyi gündən 5 iş günü sonra isə qalan 50% pulun ödənilməsi və malların çatdırılma müddətinin də, ilkin ödəmə olduqdan sonra 15 təqvim günü ərzində olması barədə razılığa gəlmişlər.

14. İş materiallarına əlavə edilmiş Alfa-Bank tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, ******************** saylı hesab Cavabdeh-nin xarici valyutada olan hesablaşma hesabı, **********2310000460 saylı hesab isə, xarici valyutada olan tranzit hesabıdır.

15. İş materillarına əlavə edilmiş Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş qəbzdən görünür ki, 115.000 ABŞ dolları məbləğində pul xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən cavabdehin tranzit hesabına köçürülmüşdür.

16. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankına müraciət edilmiş və icra edilmiş 255OCT********** saylı köçürmə üzrə, benefisiarın (Cavabdeh) hesab nömrəsinin ******************** kimi düzəliş olunması haqqında qarşı tərəfə məktub (199 free format message) göndərilmişdir.

17. Göründüyü kimi, iddiaçı tərəfindən alınmalı olan malın dəyərinin 50%-i yəni, 115.000 ABŞ dolları məbləğində pul cavabdehin hesabına köçürülmüş, ancaq cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş Teplovoz TEM-2 iddiaçıya təhvil verilməmişdir.

18. Ona görə də, məhkəmə hesab edir ki, iddia 115.000 ABŞ dolları məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.

19. Məhkəmə iddianın Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2023-cü il tarixə uçot faiz dərəcəsi (8.75%) nəzərə alınmaqla tələb edilən 7.666,67 ABŞ dolları pulla bağlı aşağıdakıları qeyd edir.

20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur.

21. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir.

22. Hazırkı halda, isə iddiaçı tərəf cavabdehin onun vermiş olduğu puldan faydalanması halını sübut edə bilməmişdir və buna görə də iddia 7.666,67 ABŞ dolları məbləğində pulun tələb edilməsi hissəsində təmin edilə bilməz.

23. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən 400 manat məbləğində pul Bakı 15 saylı mediasiya təşkilatına ödənmişdir.

24. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehdən tutularaq iddiçıya verilməlidir.

25. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddianın təmin edilməsi hissəsinə mütənasib olaraq 85,5 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 115.000 (bir yüz on beş min) ABŞ dolları məbləğində pul Cavabdeh-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 85 (səksən beş) manat, 50 (əlli) qəpik məbləğində pul Cavabdeh-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar